25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Şahin Diniyev: “Məşqçilər Komitəsinin işi milliyə oyunçu təklif etmək deyil”

Milli komandamızın sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Artıq 1 həftədir Antalyadasız. Bu müddətdə əksər komandaların oyunlarını izləmisiz. Ümumi olaraq klubların hazırki durumu barədə nə deyə bilərsiz?

-Antalyada Premyer Liqanın 6 klubu təlim-məşq toplanışındadır. Onların hamısının çıxışlarını izləyirik. Eləcə də 17 və 16 yaşadək futbolçulardan ibarət milli komandamızın çıxışını yaxından təqib edirik. Ayrı-ayrı dəyərləndirməyə gəldikdə, “Qarabağ”ın “Split”lə oyununa baxdıq. Ağdam klubu meydana optimal heyətlə çıxmamışdı. Təlim-məşq toplanışının və yoldaşlıq oyunlarının faydası çoxdur. Burada baş məşqçi istədiyi futbolçunu istənilən mövqedə sınaya bilir. “Xəzər Lənkəran”ın oyununa bu gün baxacağıq. Ayın 23-də isə “Qəbələ”nin “Kuban”la matçına tamaşa edəcəyik.  “Simurq”, “İnter”, “Qarabağ” pis təsir bağışlamırlar. Böyük dəyişikliklər olmasa da, müsbətə doğru irəliləyiş var. Ümumiyyətlə, əksər klublarımızın burada olması, güclü rəqiblərlə yoxlama görüşü keçirməsi müsbət məqamdı. Daha əvvəlki kimi kimlə gəldi oynamırıq. “Neftçi”yə gəldikdə isə dünən bu komandanın “Elazığspor”la matçına baxdıq. “Neftçi” qarışıq heyətlə oynadı. Aydın məsələdir ki, baş məşqçi təlim-məşq toplanışında əlinin altında olan bütün futbolçuları sınamaq istəyir. Fiziki cəhətdən normal səviyyəyə gəlib çatıblar. Taktiki cəhətdən komandanın daha yaxşı vəziyyətə gətirilməsi, heyətin qurulması, oyunun alınması üçün isə işlər davam edəcək. Hesaba görə yox, amma oyuna görə “Neftçi” rəqibdən üstün idi.

- “Elazığspor”la oyunda “Neftçi”nin start heyətində 6 gənc yerli futbolçu meydana çıxmışdı. Onların çıxışını bəyəndiniz?

- Start heyətində 6 gənc futbolçunun meydana çıxması müsbət və sevindirici məqamdı. “Neftçi” həmişə milli komanda üçün futbolçu hazırlayıb. Bu baxımdan “Neftçi” və “Qarabağ” Azərbaycanda öndə gedir. Gənclər belə oyunlarda təcrübə qazanırlar. Güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, yaxşı futbolçu kimi formalaşa bilsinlər. Ciddi səhvlər olmadı. Kollektivə uyğunlaşıblar. Amma təcrübə başqa şeydi. Oynadıqca bu da düzələcək.

- Milli komandamızın baş məşqçisi Robert Prosineçki ilə eyni oteldə qalırsız və buna görə də mütəmadi olaraq görüşürsüz. Maraqlıdır, söhbətlər zamanı hansı məsələləri müzakirə edirsiz?

- Hər gün fikir mübadiləsi aparırıq. Hər məşqçinin futbola öz baxışı var. Məşqçilər Komitəsinin işi milliyə oyunçu təklif etmək deyil. Nə də Prosineçkinin işinə müdaxilə etmək fikrimiz var. Hansı köməyə ehtiyacı varsa, biz hazırıq. O nə istəyirsə, dərhal həmin məlumatları təqdim edirik. Hər birimizin bir istəyi var - futbolumuz inkişaf etsin. Uğur da, uğursuzluq da hamımızındır. Dünən oteldə 20 yanvar faciəsini də birgə qeyd etdik. Xarici məşqçilərin dərdimizə şərik çıxması müsbət haldır. Xoş gündə də, matəmdə də biryerdəyik.

- Burada olduğunuz müddətdə klubların düşərgəsinə də baş çəkdiniz. Baş məşqçilərlə görüşünüz zamanı Premyer Liqadakı legior limitini də müzakirə etmisiz. Klublar limitlə bağlı hansı təklif irəli sürüblər?

- 6 klubun da rəhbərliyi və baş məşqçiləri ilə görüşdük. Biz sadəcə onlara qulaq asmışıq. Heç bir fikrə münasibət bildirməmişik. Sadəcə dinləmişik. Yaxşı təklifləri özümüz üçün qeyd etmişik. Hər klub istədiyi təklifi irəli sürüb. Əsas məsələ odur ki, Azərbaycan futbolunu irəli aparmaq üçün nə etmək lazımdı. 2020-ci ildə uğur qazanmaq üçün qarşıdakı 5-6 ildə futbolumuzda ciddi dəyişikliklər olmalıdı.

- Legioner limiti ilə bağlı klubların təklifi necədir?

- Biz görüşlər zamanı təkcə limit məsələsini müzakirə etməmişik. Hər klub öz istədiyi təklifi irəli sürüb. Onlar arasında səmərəliləri də var, Azərbaycan səviyyəsində real olmayanı da. Hazırda böyük sistem, proekt üzərində çalışırıq. İstəyirik ki, burada hər şey əhatə olunsun: uşaq futbolu, milli, klublar və s. Ortaq məxrəcə gəlmək lazımdır. Amma klubun inkişafı üçün onlar təkcə özlərini yox, ümumən futbolumuzun inkişafını düşünməlidirlər.

- Yəqin ki klublar limitin artırılmasının tərəfdarıdırlar...

- Təkliflər müxtəlifdir. Burada söhbət limitin azaldılıb və ya çoxaldılmasından getmir. Başqa problemlər də çoxdu. Nəyisə dəyişmək asandı. Amma elə etmək lazımdır ki, düzgün qərar verilsin. Seçəcəyimiz sistem daimi olmalıdır. Çalışmalıyıq ki, səhvə yol verməyək. Legionerlərin sayının azaldılmasının tərəfdarı olanlar da var. Bu, bizim üçün də gözlənilməzdir. Elə xarici məşqçi var ki, yerlilərin sayının artırılmasının tərəfdarıdır.

- Nəzərdə tutulan dəyişikliklərin Premyer Liqanın yeni mövsümündən etibarən tətbiq olunacağını gözləmək olar?

-  Bizim vəzifəmiz bütün fikirləri ümumiləşdirib, rəhbərliyə təqdim etməkdir. Yekun qərarı isə AFFA rəhbərliyi verəcək. Çalışırıq ki, qəbul olunacaq qərar bütün tərəflərə sərf edən olsun. Lakin dediyim kimi, bu məsələdə son nöqtəni AFFA rəhbərliyi qoyacaq.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30