16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Səməd Qurbanov: “Gənclərə inanmaq lazımdı” (Müsahibə)

“MİLLİNİ PROSİNEÇKIYƏ HƏVALƏ ETMƏKLƏ AFFA RƏHBƏRLİYİ DÜZGÜN QƏRAR QƏBUL ETDİ”

Veteran futbolçu Səməd Qurbanov Futbolxeber.az saytına müsahibə verib.

- Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan qurulmuş milli komandamızın oyunlarını canlı izlədiniz. Komandamızın turnirdəki çıxışı haqda nə deyə bilərsiniz?

- Komandamız turnirdə yaxşı çıxış etdi. 18 kollektiv arasında beşinci yeri tutmaq uğurlu nəticədir. Millimiz inamlı çıxışı ilə futbol ictimaiyyətini, azarkeşləri sevindirdi. Mən uşaqların oyunundan həzz aldım. Oyunla yanaşı özlərini aparmaları, davranış qaydaları ilə də xoş təsir bağışladılar. Millimiz hər oyunda əzmkarlıq nümayiş etdirdi. Əvvəlki illərdən fərqli olaraq, hiss olunurdu ki komanda meydana qələbə üçün çıxır. Rəqibin kimliyindən asılı olmayaraq, futbolçular heç kimdən çəkinmirdilər.

- Komandamız daha yaxşı nəticəyə imza ata bilərdi?

- Daha yaxşı yer tutmağımız mümkün idi. Ardıcıl 2 qələbədən sonra düşünürdüm ki, finala çıxacağıq. Amma bu futboldur. Heç nəyi əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Sankt-Peterburq komandasına heç nədən uduzduq. Halbuki həmin oyuna qələbə qazansaydıq, nəticə daha yaxşı olardı. Lakin uşaqlar sınmadılar, sonda özlərində güc taparaq turniri qələbə ilə başa vurdular.

- Siz də daxil olmaqla, bir neçə veteran futbolçu Sankt-Peterburqda millimizin oyunlarını canlı izlədi. Bu amil futbolçularımızın oyununa təsir göstərir?

- Veteranların bu cür turnirlərə göndərilməsini müsbət amil hesab edirəm. Halbuki əvvəl belə şey yox idi. Artıq gənclər haqda daha çox informasiyaya malikik, onların oyunlarına canlı tamaşa edib, nəyə qadir olduqlarını gözümüzlə görürük. Yaradılan bu şəraitə görə AFFA rəhbərliyinə, assosiasiyanın prezidenti Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova, həmçinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluna minnətdarlıq edirəm. Veteranların komandanın yanında olması uşaqlara da təsir edir. Onların məsuliyyəti bir qədər də artır. Biz də bacardıqca onlara dəstək veririk. Oyunlardan, məşqlərdən sonra çatışmayan cəhətləri, səhvləri onlara izah edirik. Bir balaca bizim də köməyimiz dəyir. Futbol kollektiv oyundur. Komandada nə qədər birlik çox olsa, uğur qazanmaq da daha asan olar.

- Belə turnirlərdə iştirak gənc futbolçuların gələcək inkişafında nə dərəcədə faydalı olur?

- Turnirdə çox güclü komandalar yarışırdı. Yaponiya, Koreya Respublikası, Belarus kimi komandalarla qarşılaşmaq futbolçularımıza çox faydalıdır. Onlar bu cür oyunlarda inkişaf edirlər, təcrübə toplayırlar. Belə turnirlərdə qazanıaln təcrübənin rolu əvəzsizdir.

- 2020-ci ildə Bakıda Avropa çempionatının oyunları keçiriləcək. Məqsəd millimizin qitə birinciliyində oynamasıdır. Bu gənclərlə yığmamız həmnin yarışda iştiraka ümid edə bilər?

- Mən daha əvvəl 17 yaşlılarla birgə Belçikada da olmuşdum. Orada da uşaqlar gözəl oyunla diqqət çəkdilər. Hər iki komandanın heyətində istedadlı uşaqlar var. Onlara inanmaq lazımdı. Premyer Liqada çıxış edən klublar qorxmadan həmin gənclərə şans verməlidirlər. Ya da 1 oyunda pis çıxış edən kimi futbolçunun üstündən xətt çəkmək olmaz. Gənclərə inanmaq lazımdı. Klublar legionerlərə daha çox güvənirlər. Halbuki gənclərə şans verməklə onları Azərbaycan futboluna qazandırmaq olar. İstər Belçikada, istərsə də Sankt-Peterburqda yığmalarımızın oyunundan zövq aldım. Əsas odur ki, gənclər vuruşurlar.

- Gənclərdən kimləri fərqləndirə bilərsiz?

- Sankt-Peterburqda izlədiyimiz komandada yaxşı futbolçuların sayı kifayət qədərdi. Bu baxımdan Emin Zamanovu, Mahir Mədətovu, Elnur Cəfərovu, Roman Hüseynovu fərqləndirmək olar. Müdafiə xəttində də gələcəyi parlaq olan uşaqlar var. U-17-dən Qara Qarayevin adını çəkə bilmərəm. Bir sözlə, istedadlar çoxdu. İndiki məqamda bu uşaqları sındırmaq olmaz. 4-5 ilə onlar güclü futbolçuya çevriləcəklər. Həmin vaxt artıq hazır futbolçu olacaqlar. Əsas odur ki, futbolu ağılla oynayırlar, futbolçu dərrakələri var. Özləri özlərini də qorumalıdırlar. Düşünməməlidirlər ki, bu gün yaxşı oynayırsam, deməli sabah da belə olacaq. Xeyr, dayanmaq olmaz. Gecə-gündüz məşq etmək lazımdı. Yalnız bu halda irəli getmək mümkündür.

- Bir müddət əvvəl milli komandamızın baş məşqçi postunda dəyişiklik oldu. Berti Foqtsu Robert Prosineçki əvəzlədi. Sizcə xorvat məşqçi millimizi çətin vəziyyətdən çıxara biləcək?

- Mənə elə gəlir ki, dəyişiklik olacaq. Düzdür, futbolçuların özlərindən də çox şey asılıdır. Millini Prosineçkiyə həvalə etməklə AFFA rəhbərliyi düzgün qərar qəbul etdi. O, futbolumuza köməklik edəcək. Bu gün Azərbaycan futbolu inkişafdadır. İstedadlı gənclər var. Əminəm ki, tezliklə əsas yığmamız da qazandığı nəticələrlə bizləri sevindirəcək. Mən gördüyümü deyirəm: Azərbaycanda futbolun inkişafı üçün hər cür şərait var.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30