20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Tuyqun Nadirov: “Komitənin hüququ çatır ki, PFL prezidentinə öz iradını bildirsin”

Klublar Komitəsinin sədri seçilən “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov iclas başa çatdıqdan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Sədri seçildiyiniz Klublar Komitəsinin ilk iclası barədə nə deyə bilərsiniz?

- Klub rəsmiləri sədr vəzifəsini mənə həvalə etdilər. Görünür, bu, uzun klubda çalışmağımdan, onlara olan münasibətimizdən irəli gəlir. “Xəzər Lənkəran” tərəfi olaraq bir neçə təklifimiz oldu ki, həmin təkliflər də klubların maraqlarını müdafiə edirdi. Bu amilin də seçimdə rol oynadığını düşünürəm. Səsvermənin nəticəsinə əsasən sədr mən seçildim. Bununla həm də üzərimə böyük məsuliyyət qoydular. Bu gün müəyyən müzakirələr aparıldı. İlk növbədə qurumun əsasnaməsi mükəmməl şəkildə olmalıdır. Düzdür, artıq İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş əsasnamə var, amma müəyyən dəyişiklərin olacağı qaçılmazıdır. Bu da öz növbəsində Klublar Komitəsinin sözünün keçərli olmasına xidmət edəcək. Digər məsələ komitə ilə Peşəkar Futbol Liqasının münasibətlərinə aydınlıq gətirilməsidir. Klublar Komitəsi AFFA-nın bir komitəsi kimi fəaliyyət göstərir. Buna görə də fəaliyyətimiz həm AFFA-nın, həm də digər beynəlxalq ali futbol qurumlarının əsasnamələri ilə ziddiyət yaratmamalıdır. Artıq Azərbaycan klublarının maraqlarını əks etdirən bir komitəyik.

Bu gün iclasda səsləndirilən məsələlərdən biri oyunların yayımı ilə bağlıydı. Yayım məsələsi peşəkar səviyyədə həyata keçirilməlidir ki, nə azarkeşlər, nə də klublar əziyyət çəksinlər. Bunun konkret mexanizmi olmalıdır. Eyni zamanda klub da bundan gəlir əldə etməlidir. Məsələn, Premyer Liqası klubları ilə Topaz arasındakı münasibətlər bura daxildir. Söhbət çempionatın adından yox, Topaz-ın mərc oyunları zamanı klubların adlarından istifadə etməsindən gedir. Buna görə də klublara öndəniş edilməlidir. Digər diqqətçəkən sahə uşaq futbolu ilə bağlıdır. Klublar küllü miqdarda pul xərcləyib, futbolçu yetişdirirlər, amma oyunçu 17-18 yaşında çox asan şəkildə başqa kluba keçir. Bu da klublarda futbolçu yetişdirməyə marağı azaldır. Bu sahədə də vahid mexanizm hazırlanmalıdır. Klublarda bir neçə - peşəkar, həvəskar müqavilələr olur. Nəticədə klub futbolçunun tam mülkiyyət sahibi ola bilmir. Nəticədə futbolçu çətinlik çəkmədən klubunu dəyişə bilir. Əlbəttə, bu məsələ uşaq futbolunun inkişafına mənfi təsir göstərir. Bu hadisə bütün klublarımızın başına gəlib. Hakimlərin oyunları idarə etməsi ilə bağlı da fikirlər səsləndirildi.

- Növbəti iclasın tarixi müəyyənləşib?

- Dekabrın sonuna qədər növbəti iclasımız keçiriləcək. Transfer pəncərəsi açılana qədər həmin məsələlər həllini tapmalıdır. Amma ayda bir dəfə iclasımızın keçiriləcəyi dəqiqdir.

- Bu görüşü AFFA təşkil etmişdi. Bəs növbəti görüşü hansısa klub, yoxsa yenə də assosiasiya təşkil edəcək?

- Klublar Komitəsi İcraiyyə Komitəsinin qərarı əsasında yaradılıb və  AFFA-nın bir qurumudur. Klubların maraqlarına xidmət edirik. Ayın sonuna qədər baş tutacaq növbəti iclas da AFFA-da deyil, otellərdən birində keçiriləcək. Təşkilati xərcləri də assosiasiya çəkəcək. Fikir verdinizsə, komitədə klubların icraçı nümayəndələri təmsil olunub. Komitənin qəbul edəcəyi qərar üzvlərdən birinin iştirakı ilə İcraiyyə Komitəsinin iclasına çıxarılacaq və çalışılacaq ki, qəbul edilsin, hüquqi status alsın.  

- Amma komitənin qərarı tövsiyə xarakterlidir. İcraiyyə Komitəsinin iclasında qəbul edilməyə də bilər...

- Müzakirəyə çıxarılacaq. Orada yer alan insanlar futbolumuzun inkişafına məsuliyyət daşıyan insanlardır. Əgər təklif olsa ki, bu işi görməklə gəlir əldə edəcəyik, sözsüz onlar buna narazılıq etməyəcəklər. Klublar hakimlərin idarəçiliyindən ciddi şəkildə narazılıq etsələr, Klublar Komitəsinİn həmin komitənin sədrini iclasına dəvət edib, hesabat tələb edəcək. Klublar Komitəsinin belə hüququ da var. Bir məsələni də qeyd edim ki, burda söhbət bir klubun haqqının tapdalanmasından yox, kütləvilikdən gedir.

- AFFA-nən baş katibi Elxan Məmmədov da müsahibəsində “Xəzər Lənkəran” - “Neftçi” oyununun yayımlanmamasından narazılığını dilə gətirdi. Komitə gələcəkdə bu cür oyunlarda rəqib azarkeşin iştirak etməməsi ilə bağlı İntizam Komitəsinin qərarının aradal qaldırılması kimi məsələləri müvafiq qurumlar qarşısında qaldıra biləcəkmi?

- Söhbət tək “Xəzər Lənkəran”ın mənafeyindən getmir. Burada ümumi məsələlər var. Onlar həllini tapmalıdır. Təbii ki, qeyd etdiyiniz tipli məsələlər , eləcə də hakimliyin səviyyəsi, bilet satışı, oyunların keçirildiyi meydançaların vəziyyəsi və s. müzakirə olunacaq. 

- Namizədliyiniz yekdilliklə qəbul edildi?

- Yekdilliklə deyil, səs çoxluğu ilə seçildim. Səsvermə anonim keçirildi. Hər bir klub nümayəndəsi özündən başqa digər 8 namizədin adını yaza bilərdi.

- Klublar Komitəsinin yaradılması ilə PFL-nin səlahiyyəti azalmır ki?

- PFL-in görməli olduğu konkret işlər var: yarışların təşkili, futbolçuların qeydiyyatı və s. Klublar Komitəsi isə İcraiyyə Komitəsinə hansısa bir məsələni təqdim etmək, eləcə də AFFA-nın hansısa komitəsinin işinə qiymətin verilməsi kimi vəzifələri var. Biz texniki məsələlərə baxmırıq. Hansısa hakimin oyuna təyin edilib-edilməməsinin Klublar Komitəsinə aidiyyatı yoxdur. Əlbəttə, sabah hansısa oyunun təşkilində problem yaranarsa komitənin hüququ çatır ki, PFL prezidentinə öz iradını və ya şikayətini bildirsin. Bu da futbolumuzun inkişafına xidmət edir. Biz PFL-in funksiyalarını azaltmır və ya əlindən almırıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30