29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: “Rəhbərlik də, baş məşqçi də uğursuzluğa baxmayaraq, bizə dəstək oldular”

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rəşad Sadiqov “Qəbələ” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ”ni 3:0 hesabı ilə darmadağın etdiniz. Qarşılaşma haqda nə deyə bilərsən?
- Oyuna yaxşı hazırlaşmışdıq. “Araz Naxçıvan”la görüşümüz məlum səbəblərdən baş tutmadı. Buna görə də artıq 2 həftə idi ki, “Qəbələ” ilə oyuna hazırlaşırdıq. Var gücümüzü meydanda qoyduq. Yaxşı oynayıb, layiqli qələbə qazandıq

- Buna qədər də “Xəzər Lənkəran” yaxşı oyun sərgiləsə də, 3 xal qazana bilmirdi. Bu dəfə nə dəyişdi ki, komanda rahat şəkildə qələbə qazandı?

- Bir az futbolda bəxt amili də rol oynayır. “Neftçi” ilə oyunda qələbə qazana bilərdik. Lakin son anlarda qapımızda qol gördük. Eləcə də əvvəlki oyunlarda yaxşı oynasaq da, qələbə qazana bilmirdik. “Qəbələ” ilə matçda qollar tez gəldi. 3 xal qazanmağımızda bu amilin də rolu oldu.

- “Xəzər Lənkəran” həm də müəyyən fasilədən sonra qapısında qol görmədən qələbə qazandı. Eşitdiyimizə görə, baş məşqçi Oğuz Çətin məşqlərdə müdafiə xətti ilə ayrıca çalışıb...

- Həqiqətən də elədir. Baş məşqçi arxa xətt oyunçuları ilə son günlər ayrıca çalışırdı. Bu çalışma öz bəhrəsini verdi.

- Demək olar ki, “Araz Naxçıvan”la oyun baş tutmadığından “Xəzər Lənkəran” bu matça daha yaxşı şəkildə hazırlaşdı?

- Oyun praktikası baxımından müəyyən çətinliklər ola bilərdi. Çünki 2 həftə idi ki, oyun keçirmirdik. Düzdür, əvəzedicilərlə yoxlama oyununda üz-üzə gəlsək də, bu, rəsmi oyunun yerini tuta bilməz. Amma hazırlıq baxımından hər şey yüksək səviyyədə idi.

- Bu oyuna qədər komanda əhval-ruhiyyə necə idi?

- Oyuna rahat hazırlaşırdıq. Üzərimizdə hər hansı basqı yox idi. Çünki rəhbərlik də, baş məşqçi də son oyunlardakı xal itkisinə baxmayaraq, bizə dəstək oldular, üzərimizə gəlmədilər. Bunun da bəhrəsini gördük.

- “Xəzər Lənkəran”ın son oyunlarında meydanda ən yaxşılardan biri də sənsən. Həm “Neftçi”, həm də “Qəbələ” ilə matçları Robert Prosineçki də izləyirdi. Bu məqam oyununa təsir göstərir?

- Millidə oynamaq hər futbolçunun arzusudur. Mən də yenidən millinin şərəfini qorumaq istəyirəm. Foqtsun vaxtında milliyə mütəmadi olaraq çağırılmırdım. Bunun səbəblərini də bilmirəm. Amma gedənin arxasınca danışmazlar. O, müdafiəyə meyilli futbola üstünlük verirdi.

- Amma Prosineçki hücum futboluna üstünlük verir...

- Bilirəm. İnanıram ki, yeni baş məşqçi məni milliyə çağıracaq. Mən də əlimdən gələni edib, yığmaya layiq olduğunu göstərməyə çalışacağam.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31