28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”ın pley-off şansı: Bu, xəyal yox, artıq gerçəkdir!

Oktyabrın 23-də Azərbaycan futbolunda tarixi qələbə yaşandı. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin III turunda “Dnepr”lə Kiyevdəki oyunda zəfəri futbolsevərlərimizin çoxdandır həsrətində olduqları qələbəyə doyunca sevinmələrinə imkan yaratdı. Təbii ki, buna görə ilk növbədə baş məşqçi Qurban Qurbanova və onun komandasına xüsusi təşəkkür, böyük təbrik düşdü.

“Qarabağ”ı tarixində ilk dəfə Avroliqanın əsas mərhələsinə çıxaran makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem daha sonra ad günündə komandasının qrupda ilk qolunun, Azərbaycanın isə qrupda ilk qələbəsinin memarı oldu. Nəticədə 2 il öncə Avroliqanın qrup mərhələsində ilk təmsilçimiz olan “Neftçi”nin 3 xallıq rekordu yeniləndi.

Əslində, hələ “Dnepr”lə oyun öncəsi nəticəylə bağlı nikbin idim və bunu idman jurnalistləri arasında keçirilən sorğuda da ifadə etmişdim. Sadəcə, bir qədər ehtiyat edərək, səfərdə heç-heçəni, bu rəqiblə 2 oyuna 4 xalı proqnozlaşdırdım. “Qarabağ” “Dnepr”dən artıq 3 xalı aldı və bu gün Bakıda da qələbə qazanarsa, daha böyük tarix yazacaq. Bu halda isə qrupdan çıxmağa imkan verən 2-ci yerin taleyini böyük ölçüdə öz xeyrimizə həll etmiş olacağıq.

Bəli, turnir cədvəlində hazırkı vəziyyəti nəzərə alsaq, Azərbaycan çempionunun qrupdan çıxması artıq real görünür. İlk baxışdan nə qədər qəribə görünsə də, “Qarabağ” 1-ci yerə də iddiasını saxlayır. Çünki “Sent-Etyen”lə evdə gözlənilmədən xal itirən “İnter” Fransada məğlub olursa, Ağdam təmsilçisi ona çatacaq. Təbii ki, bunun üçün hazırda 4 xalı olan “Qarabağ”ın “Dnepr”i Tofiq Bəhramov adına Respublika stadionunda da yenməsi lazımdır. Bu halda Ukrayna klubu pley-off uğrunda mübarizədə sıradan çıxacaq və 2 vəsiqəyə 3 iddiaçı qalacaq.

“Qarabağ” son turadək “İnter”lə xalları bərabər olsa belə, ondan geridə olacaq. Çünki şəxsi oyundakı nəticə əsas götürüldüyündən, Milandakı məğlubiyyət Qurbanovun komandasını geri salır. Ancaq “İnter”lə Bakıdakı matçın qaldığını nəzərə alsaq, bu çatışmazlığı aradan qaldırmağa imkan var. Hər 3 oyununu qolsuz bərabərliklə başa vuran “Sent-Etyen”in “İnter”lə bu gün heç-heçə etməsi “Qarabağ” üçün məncə, ən arzuolunan nəticədir. Çünki bu halda hər 2 rəqibimiz xal itirəcək və fransızları artıq 3 xal qabaqlayan Ağdam klubu italyanlardan cəmi 1 xal geri qalacaq.

Bu isə deməkdir ki, “Qarabağ”a növbəti turda Fransada 1 xal da yetərlidir. Özü də heç-heçə məhsuldar olarsa, Azərbaycan klubu “Sent-Etyen”i də sıradan çıxaracaq. Çünki Bakıda 0:0 hesabı qeydə alınıb və deməli, Sent-Etyendə istənilən qollu bərabərlik Ağdam təmsilçisi şəxsi oyunlarda üstün edəcək. Bu halda isə son turda “İnter”ə uduzmamaq pley-offa vəsiqə qazanmaq demək olacaq.

“Qarabağ”ın qrup lideri kimi çıxaraq pley-offda münasib rəqiblə düşmək imkanı da öz əlindədir. Yəni Ukraynadan olduğu kimi, Fransadan da qalibiyyətlə qayıtmaq hər şeyi son tura saxlayacaq. Cari mövsümdə qeyri-sabit çıxış edən “İnter” Tofiq Bəhramov stadionunda yenilərsə, buna təəccüblənməyə dəyməz.

Son 2 ildə 2-ci dəfə qrup həyəcanını yaşasaq da, ilk cəhddə qələbəmiz olmadı. Ancaq bu dəfə vəziyyət tam fərqlidir. Əslində, qrup mərhələsinin püşkündə pley-off şansı bizim üçün xəyal kimi görünsə də, bu, artıq gerçəyə çevrilir. Azərbaycanın pley-offa gedən yolu isə bugünkü qələbədən keçir. Bunu qazanmaq ümidiylə...Uğurlar olsun!!!

Mehman SÜLEYMANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31