20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Qapıçının benefisi...YAZI

“Fubol komanda oyunudur”. “Qələbəni bir nəfər qazana bilməz”. “Əldə olunan nəticədə kimisə xüsusi fərqləndirmək düzgün deyil”. Bu və bu səpkidən olan fikirləri müxtəlif oyunlara və nəticələrə münasibətdə çox eşitmiş, çox oxumuşuq. Amma bəzən elə qarşılaşmalar olur ki, hamı tərəfindən birmənalı qəbul edilən fikirlərlə tam razılaşmasan belə, müəyyən əks arqumentlər irəli sürmək məcburiyyəti qarşısında qalırsan. Bizi bu dəfə buna məcbur edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının İsveçrə komandasına qarşı oyundakı qapıçısı Tural Osmanov oldu. Cümləni uzatmaq bahasına olsa belə, Turalın məhz hansı oyunda yığmamızın qapısını qoruduğunu xüsusi qeyd etməyimiz təsadüfi deyil. Seçmə mərhələnin ilk oyununda Osmanov ehtiyatda, İsmayıl Muradov isə “ön xəttin son səngərində” idi. İsmayıl mövqeyini yaxşı qoruya bilməmişdi, belçikalıların vurduğu 3 qolun ikisi onun səhvinin nəticəsi idi. Bunu nəzərə alan baş məşqçi Mirbağır İsayev ikinci oyunda bu mövqedə dəyişiklik etdi. Zaman göstərdi ki, bu əvəzləmə oyunun müqəddəratını dəyişəcəkmiş.

Əslində, hər şey elə ilk oyundakı kimi pis başlamışdı. Əgər Belçika yığması ilə qarşılaşmanın 34-cü saniyəsində yığmamızı qoldan qapı çatı xilas etmişdisə, bu dəfə hakimin start fitindən cəmi 2 dəqiqə sonra Tural Osmanov bacarığını göstərməli oldu. Haris Samardzic çoxgedişli kombinasiyanın yekununda Turalla təkbətək çıxıb uzaq küncə təhlükəli zərbə endirdi. Osmanov topu və təhlükəni ayaqları ilə uzaqlaşdırdı. İlk dəqiqələrdəcə bu cür çətin vəziyyətdə baş çıxarmağı bacarması ilk dəfə beynəlxalq oyuna çıxan Turalda sanki əlavə özünəinam hissi yaratdı. 80 dəqiqədən bir qədər artıq müddət ərzində o, ən azı, 10 real qol vəziyyətində komandamızı xilas edə bildi. Baxmayaraq ki, Turalın ilk seyvindən düz 20 dəqiqə sonra elə həmin Haris Samardzic hesabı açdı. Amma bu epizodda da qapıçımızı günahlandırmaq olmazdı. Martin Liechtinin çox yaxın məsafədən vurduğu zərbədən sonra Osmanov topu təcrübəli qapıçılara xas ustalıqla qarşısına deyil, özündən sağ tərəfə doğru dəf etsə də, İsveçrə yığmasının 17 nömrəli oyunçusu müdafiəçilərimizin bir anlıq ləngliyindən istifadə edib qol vurdu.

İsveçrəlilər qolun sevinci doyunca yaşamamış tablodakı birlərin sayı ikiləşdi. Qara Qarayev sol cinahda rəqibin 3 futbolçusunu aldadaraq Kazım Birkana ötürmə verdi. O da bir qədər irəliləyərək topu Nicat Süleymanova doğru istiqamətləndirdi. İlk baxışdan elə göründü ki, Birkanın ötürməsi yaxşı alınmayıb və müdafiəçilər topu uzaqlaşdıracaq. Amma Nicat sona qədər oynayaraq rəqibi səhvə yol verməyə məcbur etdi və topu saxlamadan qapıya vurdu. Hesab bərabərləşdikdən sonra fasiləyə qədər komandalar bir qədər ehtiyatla oynamağa çalışdılar.

İkinci hissə başlayan kimi İsveçrə yığması irəli atılsa da, Tural Osmanov iki epizodda inamla oynayaraq rəqibin fərqlənməsinə imkan vermədi. Oyunun əvvəlindən sonuna qədər hücumameyilli 4-3-3 taktiki sxemi ilə çıxış edən yığmamız tədricən təşəbbüsü ələ almağa başladı. Final fitinə 11 dəqiqə qalmış Qara Qarayev sol cinahdan verilmiş ötürmədən sonra rəqibin bir müdafiəçisini keçdi və təxminən 20 metr məsafədən topu qapının uzaq küncünə göndərdi. Bundan sonra İsveçrə yığması bütün komanda irəli atılsa da, hesabı dəyişə bilmədi. Futbolçularımız isə, əksinə, daha iki real qol vəziyyətindən yararlana bilmədi. Bir epizodda buna Qara Qarayevlə Nicat Süleymanovun bir-birini anlamaması səbəb oldusa, digərində Ravil Yusifov təxminən 6-7 metr məsafədən topu qapının üstündən vurdu.

Beləliklə, yığmamızın növbəti mərhələyə vəsiqə qazanıb-qazanmaması son oyunda bəlli olacaq. Futbolçularımız Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq. Hazırda hər iki komandanın 3 xalı var. Vurulan və buraxılan qolların, həmçinin sarı vərəqələrin sayı hər iki komandada eynidir. Əgər oktyabrın 28-də keçiriləcək Bosniya və Herseqovina - Azərbaycan oyununda bu bərabərlik pozulmazsa, Əsasnaməyə görə, qalib 80 dəqiqənin sonunda dərhal təyin olunacaq penalti seriyasında müəyyənləşəcək.

Firuz ABDULLA, Futbolpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30