20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Böyükağa Hacıyev: “Bu xəbərlərin hamısı "anekdot”dur” (Müsahibə)

“Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin müsahibəsi

- Milli komandamızın qarşıdakı oyunları ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Açıq danışmaq lazımdır: bir-birindən güclü iki rəqiblə oynayacağıq. Istər İtaliya, istərsə də Xorvatiya çox çətin rəqiblərdir. Bunu gizlətmək lazım deyil. Gəlin, özümüzü aldatmayaq. Nəzərə alaq ki, əvvəlki heyətlərlə müqayisədə, millimizin indiki heyəti çox zəifdir. Mənə elə gəlir ki, komandaya yetərli oyunçular dəvət almayıblar.

- Yəqin ki, daha çox Mahir Şükürovla Vaqif Cavadovun yığmadan kənarda qalmasını nəzərdə tutursunuz.

- Mən o gün "Xəzər TV”dəki verilişdə də qeyd elədim. Yadınızdan çıxmayıbsa, ötən tsikldə Mahir Şimali İrlandiyaya qarşı oyunda çox yaxşı çıxış etdi, cərimə zərbəsindən də qol vurdu, Cavadov isə Rusiya yığmasına hər iki seçmə matçda qol vuran yeganə futbolçumuzdur. Bu gün isə hər ikisi milli komandaya çağırılmırlar! Heç cür başa düşə bilmirəm. Onların millidən kənar qalmalarının səbəbi nədir, bilmirəm.

- Şükürovu tərifləyirsiniz. Sizin rəhbərliyiniz altında "Neftçi”də də oynayıb. Bəs nəyə görə onu komandada saxlamadınız?

- Bilirsiniz necədir? Mahir millidə oynadığı kimi heç vaxt klubda oynamayıb. Onun üçün daha vacib olan milli komanda idi. Bu, Mahirin oyunlarından aşkar görünürdü.

- Buna görə saxlamadınız "Neftçi”də?

- Yox, "Neftçi”də gəncləşdirmə siyasət başladı. Mahiri heç kim pisləyə bilməz. Çox yaxşı yarımmüdafiəçidir, xüsusən də sağ cinahda. Amma yenə deyirəm: "Neftçi”də üstünlük gənclərə verilməyə başladı və Azərbaycan futboluna Məqsəd İsayev kimi istedadlı oyunçunu qazandırdıq. Mahiri komandada saxlasaydıq, Məqsəd üzə çıxmayacaqdı. Özünüz də gördünüz ki, o, Avropadan belə, bütün oyunlarda artıq komandanın əsas oyunçusu olmuşdu.

- Yaxşı, yayda Vaqif Cavadov klub axtara-axtara qalmışdı, onu niyə götürmədiniz "Neftçi”yə?

- O vaxt Vaqif bizə heç bir müraciət etməmişdi. Bundan başqa, bəlkə də müqavilə istəyi bizim maliyyə şərtləri ilə üst-üstə düşməsin.

- Bir baş məşqçi kimi futbolçunu özünüz seçməlisiniz, yoxsa oyunçu Sizə müraciət etməlidir?

- Əvvəla, Vaqif bizə qədər "İnter”də oynayırdı və yaddan çıxarmayın ki, Kaxanın ("İnter”in baş məşqçisi Kaxaber Tsxadadzeni nəzərdə tutur-red) ayrı futbol fəlsəfəsi var, Böyükağa Hacıyevin ayrı. Vaqifin bizim komandaya uyğunlaşmağına bir xeyli vaxt lazım idi. Bu zamanı da biz ona verə bilməzdik.

- "Neftçi”dən gedəndən sonra Sizin milli komandaya baş məşqçi təyin olunacağınız deyilirdi.

- Yox, bu xəbərlərin hamısı "anekdot”dur.

- Təklif olsa, qəbul edərsiniz?

- Milli komanda hər bir azərbaycanlının şərəf yeridir. Bu, çox böyük məsuliyyət deməkdir. Bir şeyi unutmayaq: klubda yalnız klub prezidenti qarşısında, milli komandada isə birbaşa millət, xalq, ölkə prezidentinin qarşısında məsuliyyət daşıyırsan.

- Siz bu məsuliyyətə hazırsınız?

- Buna mən cavab versəm, deyəcəklər ki, Böyükağa özünü tərifləyir. Özümdən gecə-gündüz danışa bilərəm, ancaq xalqın gözü tərəzidir. Mənim bu illər ərzində işimə baxın, özünüz müəyyənləşdirin. Siz bir nəticəyə gələ bilərsiniz: mən milli komandada bacararam, ya yox.

- Deməli, dəvət etsələr, razılaşarsınız...

- Yox, mən o sözü demədim axı. Foqts müəllimin də mərhələnin axırına kimi müqaviləsi var.

- Siz bu tsikldə millidən hansı nətcəni gözləyirsiniz?

- Qardaşım, mən o gün də dedim, yenə təkrar edirəm: Berti Foqts 7 ildə hələ bir düz-əməlli heyət formalaşdıra bilməyib. Onun heç ilk "11-lik”də oynayacaq futbolçuları konkret bilinmir kimlərdir. Ancaq Böyükağa Hacıyevin son 3 ildə verdiyi nəticələrə baxın. Sadəcə, fərq ondadır ki, mənim soyadım Hacıyevdir, azərbaycanlıyam, Foqts əcnəbidir. Gərək, olardım xarici soyadda əcnəbi vətəndaş. Onda deyərdilər ki, vallah, bundan yoxdur.

- Keçək "Neftçi”yə. Sizin yerinizi tutan Arif Əsədov haqda fikriniz maraqlıdır.

- Nə deyə bilərəm? Mən Arifə yalnız uğurlar arzulayıram. "Neftçi” mənim üçün doğma klubdur. İnanıram ki, Arif Əsədov məndən sonra komandadakı ənənələri qoruyub-saxlayacaq.

- Elnur Məmmədovun vitse-prezident təyin olunmağına münasibətiniz necədir?

- Bu, artıq idarəçilikdir. Elnur Məmmədov "Neftçi”yə elə bir "canavar”dan sonra gəlib ki, işi gərək, ən azı Tahir Süleymanov qədər bilsin. Elnur elə işləməlidir ki, Süleymanovun yoxluğu hiss olunmasın.

- Elnur Məmmədov Elxan Məmmədovun kadrıdır. Sizcə, baş katib bununla "Neftçi”yə nəzarəti öz əlinə keçirməyib?

- Mən Elxan Məmmədovun nə fikirləşdiyini deyə bilmərəm. Bunu onun özündən soruşun. Ancaq bu komanda nə Böyükağa Hacıyevindir, nə Elxan Məmmədovun, nə Sadıq Sadıqovun, nə də Tahir Süleymanovun. "Neftçi” xalqın komandasıdır.

- Nikolas Kanales son açıqlamasında bildirib ki, indiki "Neftçi” daha fərqli futbol oynayır.

- Bütün Azərbaycan bilir ki, bu gün artıq "Neftçi” Böyükağa Hacıyev dönəmindən fərqli olaraq, başqa futbol oynayır. Müsbət, ya mənfidir: bunu mən deyə bilmərəm. (sportnet.az)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30