29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Arif Əsədov: “Kanales formaya düşsün, problemlərimiz həll olunacaq” (Müsahibə)

“Neftçi”nin baş məşqçisi Arif Əsədov “Qaradağ-Lökbatan”a qarşı baş tutan yoxlama oyunundan (4:1) sonra Futbolxeber.az saytına müsahibə verib.

- Əvvəlcə elə “Qaradağ-Lökbatan”a qarşı baş tutan yoxlama matçı barədə fikirlərinizi bildirərdiniz.

- Bu oyunu yorğunluq fonunda keçirdik. Çünki komanda gündə 2 dəfə məşq edir. Oyuna gəldikdə, bu gün çempionatda meydanda çox vaxt keçirməyən futbolçulara da şans verdik. Belə oyunlar praktika baxımından sərfəlidi. 10-a yaxın futbolçumuz müxtəlif milli komandaların düşərgəsindir. Əsas heyətə düşə bilməyənlər üçün bu qarşılaşma bir şans idi. İlk hissədən razı qaldım. Amma ikinci hissədə komandada bir qədər boşalma oldu. Qol epizodlarımız olsa da, istifadə edə bilmirdik. Əsas odur ki, gənclərə bu gün oynamaq imkanı yaratdıq.

- Həmin gəncləri Premyer Liqa matçlarında da görə biləcəyik?

- Bu, indidən çətindir. Çünki milldəki futbolçularımız geri döndükdən sonra heyətimiz genişlənəcək. Amma biz bu gəncləri qazanmaq fikrindəyik. Onlar əsas komanda ilə birgə məşqlərə qatılırlar. Çalışırıq ki, əsas komandada ab-havaya, atmosferə öyrəşə bilsinlər. Gənclərə inanırıq.

- Mirkamil Haşımovun əsas heyətə düşmək şansı nə dərəcədədir?

- Onun da zamana ehtiyacı var. Çünki “Neftçi” elə bir komandadır ki, burada gəncləri yavaş-yavaş qazanırıq. Elə yoxlama oyunlarında da 15-20 dəqiqə şans veririk ki, özlərini göstərmək imkanı qazansınlar. Mirkamil yaxşı futbolçudur. İnanıram ki, gələcəkdə “Neftçi”yə böyük fayda verəcək.

- Yoxlama matçında əsas heyətdə 7 legionerə, 4 yerli futbolçuya şans verdiniz. Təbii ki, çempionatda bu cür “11-lik”lə meydana çıxmağınız qeyri-mümkündür. Limiti nəzər almamağınız nə ilə bağlıdır: məcburiyyətdən bu atdımı atdınız, yoxsa...?

- Bu gün əsas o idi ki, hamını iş başında görək. Yoxlama oyunları sərfəlidir. Çünki burada limit tətbiq edilmir. Keçən çempionatda meydana 8 legioner çıxa bilərdisə, bu gün həmin rəqəm 6-dı. Bu da bizə bir qədər çətinlik yaradır. Denis Silvaya bu gün şans verdim. Hansı ki, çempionatda tez-tez meydana çıxa bilmir. Bundan başqa, Kanales əvvəldən sona kimi oynadı. Onun da formaya düşməsi üçün zamana ehtiyac var.

- Start heyətində 3 hücumçuya şans vermişdiniz. Eyni sistemdən çempionatda da istifadə etməyiniz mümkündür?

- Yoldaşlıq görüşündə müxtəlif variantlardan istifadə edirik. Mən baş məşqçi postuna təyinat alanda artıq çempionay gedirdi. Özü də 3 tur ərzində çempionluğa iddialı komandalarla qarşılaşdıq. Həmin görüşlərdə yeni taktiki gedişlər edib, eksperimentlər apara bilməzdik. Amma yoxlama oyunlarında müəyyən taktiki dəyişikliklər edirik. Çalışırıq ki, komanda üçün ən düzgün variantdan istifadə edək.

- Razısız ki, “Neftçi”nin hücum xəttində hələ də boşluqlar var? Çünki özünüz də qol epizodlarının boşa verilməsindən gileyləndiniz.

- Düzdür, şansları qaçırdıq. Amma əsas odur ki, həmin epizodları yaradırıq. Kanalesin qol vurmasını çox istəyirdik. Çox şükür ki, sonda da olsa, ardıcıl 2 qol vurdu. Zaman keçdikcə o formaya düşəcək və problemlərimiz həll olacaq.

- Komandanız iki penalti vurmaq hüququ qazandı. Heç biri qola çevrilmədi və hər penaltini bir oyunçu yerinə yetirdi. Ümumiyyətlə, bu gün “Neftçi”nin əsas penalti vuranı kimdi?

- Hazırda Kanalesdi. Penaltiləri onun yerinə yetirməsini düşünürük. Amma bu gün ilk penaltini Kanales qaçırdığından, ikinci dəfə zərbəni Ruslan yerinə yetirdi. O da şansını boşa verdi. Gələcəkdə bunun üzərində işləyəcəyik.

- Flavinyonun son durumu necədir?

- “Qarabağ”a qarşı baş tutan son çempionat oyununda Flavinyo zədəli halda meydana çıxdı. Həmin matçdan sonra həkimlər məsləhət bildi ki, Flavinyoya 2 həftəlik istirahət lazımdır. O, məşqsiz zədəsini bərpa etməlidir. Həmin müddət ayın 10-da bitir. Bu tarixdən etibarən isə Flavinyo yüngül məşqlərə başlayacaq.

- Son zamanlar Bruno Bertuççi bir qədər inamsız təsir bağışlayır. Həmin mövqedə artıq Elnur Allahverdiyev çıxış edir və o, işinin öhdəsindən heç də pis gəlmir. Düşünmək olar ki, Bertuççi ilə qış fasiləsində vidalaşacaqsınız?

- Flavinyo kimi Bertuççi də zədəlidir. Hazırda o bərpa kursu keçir. Zədəsini bərpa etdikdən sonra isə yenidən komanda ilə birgə olacaq. Hazırda Bertuççinin gedişi gündəmdə deyil. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31