28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Tahir Süleymanov: "Nədi, indi də Sadıq Sadıqovun getməyini istəyirsən?"

Korner.az saytında Tahir Süleymanovla müsahibənin ikinci hissəsi yer alıb. Futbolxeber.az müsahibənin ikinci hissəsini təqdim edir:

QEYD: müsahibənin ilk hissəsini - http://www.futbolxeber.az/news/country/15835 

 Əksinə, APOEL və “Zestafoni” ilə oyunlarınızdan sonra məhz “Neftçi” haqqında deyirdilər bu sözləri. Açığı, eşitməmişəm ki... Nə deyirlər? Deyirlər ki, “Qarabağ” “Tvente”ylə oyunu aldı?

- Mətbuatın, ictimaiyyətin içindəsiz. Bu təzyiqlər “Qarabağ”a qarşı da olub, “Neftçi”yə qarşı da.

- Tam səmimi deyirəm, indiyədək nə mətbuatda, nə də ictimaiyyətdə bir nəfərdən də olsun, “Qarabağ”ın “Tvente”ylə oyunu aldığını eşitməmişəm.
- Tarix yazanlar zamanı qabaqlayan insanlar olublar həmişə. Və onları dərk etmək də hər adama nəsib olmayıb. Ona görə də çox az sayda insanlar bizə inandılar, hətta o uğurlu yolu keçməmişdən əvvəl inandılar. Şəxsən biz elə düşünürdük ki, o tarixi uğurdan sonra hamı ayağa qalxacaq və deyəcək ki, əl çəkin daha “Nefçi”dən, Azərbaycanda milyonlar qazanıb ortaya nəticə qoymayan əcnəbilərin edə bilmədiklərini bunlar etdilər. 

- Yox, bu sözləri deyənlər oldu. Amma razıyam ki, böyük çoxluq Avropa uğurunuza şübhəylə yanaşırdı və yanaşmaqdadı. 
- Həzm edə bilmədilər, Saleh.

- Mən də onu soruşuram ki, niyə bütün çirkin söhbətlərin içində həmişə “Neftçi” olub?
- Gəlin belə danışaq da... Dünyadakı mövcud siyasi durumu götürün. Öz xalqını gözəl yaşadan liderləri devirən İraq, Liviya xalqı nə vəziyyətdədi? Medianı, ictimai fikri ələ alıb bu ölkələri məhv edənlər hansı yolu tutub edirlər bunları? Və dərk etməyənlər bilmirlər ki, orda məqsəd demokratiya yox, nefti ələ keçirməkdi. 

- Yəni düşünürsüz ki, sizi daimi təzyiq və tənqid altında saxlayırdılar ki, “Neftçi”ni ələ keçirsinlər? Orda nefti, burda “Neftçi”ni?
- Ona görə deyirəm ki, rahat olsunlar, daha Tahir Süleymanov “Neftçi”də yoxdu. Bəlkə bundan sonra Tahirin yaxasından əl çəkib, ayına 50 min, 100 min alan, heç kimə faydası olmayan, vaxtı keçmiş, “təqaüdçü” əcnəbilərin yaxasından yapışarlar ki, niyə Azərbaycana gəlmisiz? Tahir süleymanovların qazandıqlarının bir faizini qazanmamısız, sizin Azərbaycanda nə işiniz var? Yoxam “Neftçi”də, rahat olsunlar.

- Amma bugünkü yoxluq gələcəkdə də olmayacağınız demək deyil, elədimi?
- Hər şey Allahın əlindədi. Biz futbol adamıyıq. Futbol adamı Azərbaycan futboluna lazım olanda biz də olacağıq. 

- Tahir bəy, neçə dəfə istefa verdiyiniz yadınızdadı?
- Mən istefa verməmişəm. 

- Amma dəfələrlə öz açıqlamanız olub ki, artıq istefa verirəm.
- Saleh, mən istefa verməmişəm. Bu 5 ildə... Sadıq Sadıqov qapıdan qovurdu, pəncərədən girirdilər, pəncərədən qovurdu, qapıdan girirdilər. Bu 5 ildə insan nə qədər təzyiq altında olar? İki-iki il yarım bundan əvvəl Sadıq Sadıqovun verdiyi bir sual yadıma düşür. Soruşdu ki, Tahir müəllim, sən bunlara nə eləmisən? Bunlar səni niyə istəmirlər? 

- Doğrudan, nə eləmişdiz?
- Onda Sadıq müəllimə cavabım bu oldu ki, darıxmayın, hər ildən sonra özünüz görəcəksiz. Bir çempionluq, iki çempionluq, üç çempionluq, kubok, kubok, Avroliqanın qrupu və s. Sadıq Sadıqov-Tahir Süleymanov tandemini parçalamaq istəyirdilər. Guya kimsə “Neftçi”dən Tahir Süleymanova “get” dedimi? Yox. İndi yoxam “Neftçi”də, rahat olsunlar. İndiyədək demirdim bu sözü, indi deyəcəm: təki o milyon qazananlar bizim göstərdiyimiz tarixi şouların heç olmasa 10 faizini qazansınlar. 

- Deyirsiz ki, mən istefa verməmişəm, ancaq bir neçə dəfə özünüzün dilinizdən bu sözləri eşitmişik: “istefa verirəm”, “artıq “Netçi” ilə yolları ayırırıq” və s. Yəni istefa verilər bir dəfə və gedilər. Siz isə bir neçə dəfə istefa verirəm desəz də, qalıb işləyirdiz. İstefa idi bu, yoxsa kiməsə, nəyəsə üsyan? Yəni təzyiq altında deyirdiz, sonra vaz keçirdiz istefa verməkdən?
- Niyə vaz keçirdim ki? 

- Amma klubda qalıb işləyirdiz.
- Uğurların davamı üçün işləyirdim də, pis edirdim?

- “İstefa verirəm” – deyən adam “çemodanını” yığıb getməlidi; ən geci ertəsi gün. Bu sözü deyən adamın aylarla işini davam etdirməsi, kobud çıxsa da, nə dərəcədə məntiqəuyğundu?
- Hansı məntiqə uyğundu ki, mətbuat bu qədər uğur qazanan adamın istefasını qəbul edənlər 10 ildi heç nə qazanmayan adamların...

- (iradın mətbuata olacağını duyur və dərhal qabaqlayıram) Tahir bəy, sizin istefanızı mətbuat istəmirdi, nə də mətbuat istefa qəbul etmək səlahiyyətinə sahib deyil, klubun prezidenti məşğuldu bu işlə. 
- Mətbuatda çalışan, Azərbaycana, Azərbaycan futboluna qulluq edən dəyərli jurnalistlərə minnətdaram. Onların mənəvi dəstəyi olmasaydı, bəlkə də, heç bu 5 ili də işləyə bilməzdik. Amma bunu da etiraf etmək lazımdı ki, ictimaiyyətdə bilərək ortaya atılan əsassız fikirlərin yayılmasında bəzi mətbuat orqanlarından istifadə elədilər. Bunu siz də bilirsiz.

- Kənardan istifadə etdilər, yoxsa klubun daxilindən?
- Kənardan, əlbəttə ki. Klubun daxilində nə problem ola bilərdi ki? Bu gün də yoxdu, sabah da olmayacaq.

- Siz deyirsiz yoxdu, ancaq dünənə qədər Güloğlan Cabbarovla Böyükağa Hacıyevin “söz atışması” davam edirdi və hətta müəyyən çərçivələri də aşırdı. 
- “Neftçi” o uğurları komanda şəklində qazanmışdı və Güloğlan Cabbarovla Böyükağa Hacıyev də o komandanın üzvləri idi. “Neftçi”ni parçalamaq istəyənlər çoxdu. Çünki “Neftçi” Azərbaycan futbolunun flaqmanıdı. 1937-ci ildə yaradılıb, taleyi belədi, yəni bəlkə də, “davam edir 37”. “Neftçi” Azərbaycanın “Real”ıdı, “Barselona”sıdı, “Bavariya”sıdı, “Mançester Yunayted”idi. Bir nömrəli klubun hər zaman diqqət mərkəzində olması normaldı. Bəlkə də hansısa klubdakı “fil” görünmür, amma “Neftçi”dəki “milçək” bir anda “fil”ə çevrilə bilər. Buna da normal yanaşıram. “Neftçi” ölkə futbolunun tarixidi. Buna görə elə şeylərə təmkinlə yanaşmaq lazımdı... Bir daha, təbəssümlə bildirirəm: rahat olsunlar, Tahir Süleymanov “Neftçi”də yoxdu artıq.

- (sözünü kəsirəm) Tahir bəy, siz o ismarışı artıq 3-4 dəfə göndərdiz, təkrarçılıq olacaq. 
- İsmarış deyil bu. Qoy gəlsinlər bizim qazandıqlarımızı təkrarlasınlar. Mən sevinərəm buna.

- Mən isə bu sözlərinizi səmimi qəbul etmirəm. Çünki hər kəsin içində bir MƏN duyğusu var ki, o duyğu rəqibinin onun yerində olmasına imkan verməz.
- Xeyr, hər bir insana aid deyil o. Bayaq da dedim, tarix yazan, irəlini görə bilən insanları dərk etmək çox çətindi. Şəxsən mən daha böyük uğur qazanılmasını istəyərəm. Niyə də olmasın? Olmayacaqsa, dəyişikliklər olmalıdı. Bunda da medianın üzərinə pay düşür. 

- Tahir bəy, “Neftçi”də uğursuzluğa görə, məşqçi göndərilir, baş məşqçi göndərilir, klubun hüquqşünası göndərilir, vitse-prezident göndərilir və sair...
- (sözümü kəsir) Bir dəqiqə, bir dəqiqə. Dəqiqləşdirək.

- (“göndərilmək” sözünə etiraz etdiyi bəllidi) Yaxşı, istefa verir, göndərilir, gedir deyək.
- (qarşısındakı stəkanı göstərir) Xahiş edirəm, bu stəkandakı çaydı. Kofe olsaydı, kofe deyərdik. Güloğlan Cabbarov çoxdan çıxıb klubdan, Tahir Süleymanov “Koper”lə oyundan sonra... Məlum, bilirsiz ki...

- ...Sonuncu istefasını vermişdi...
- “Sonuncu istefasını vermişdi” yox, getmişdi. Saleh, Allah eləsin, hamı bizim qazandığımızı qazansın, sonra getsin. İki dəfə “bəsdi” deyib getmək istəmişəm: bir dəfə Avroliqanın qrupuna düşəndə, bir dəfə də “qızıl dubl” edəndə. Bunun da müəyyən səbəbləri var idi. 

- Mən bayaqkı yarımçıq qalan sualıma qayıdıram. Uğursuzluğa görə neçə nəfər getdi, göndərildi klubdan, bircə klubun prezidentindən başqa. Şairanə desək,

Hamı günahkardı “Neftçi”də ancaq,
Bir tək Sadıqovun günahı yoxdu?

- Sadıqovun bir günahı varsa, o da bu uğurlarda pay sahibi olmasıdı. 

- Amma digər “payçılar” gediblər.
- Nolar ki? 

- Uğurlarda sizi özünə şərik edirdisə, bəs niyə uğursuzluqlarda özünü sizə şərik etmədi?
- Saleh, bir az əvvəl dediyim fikirlərin bu sualla təsdiqlədin. Nədi, indi də Sadıq Sadıqovun getməyini istəyirsən? Darıxmayın, narahat olmayın, o da gedər. 

- (gülərək) Yox, çox “narahatıq”, mütləq getməlidi.
- Görürsüz nələr müzakirə olunur? Bəlkə sual verəsiz ki, bu uğurluarın müqabilində Sadıq Sadıqov, Tahir Süleymanov niyə getməlidi klubdan? Hə-ə-ə... Mən  bir daha əmin oldum ki, bəli, “Neftçi”yə olan münasibət budu. Vəssalam. İki dəfə iki – dörddü, Saleh. Sadıq Sadıqov olmasaydı, nə Tahir Süleymanov o uğurları qazanardı, nə Güloğlan Cabbarov, nə Böyükağa Hacıyev, nə də başqaları.

- Tahir bəy, madam ki, uğurlarda pay sahibi idiz hamınız, niyə uğursuzluqda da hamı pay sahibi olmur? Sadıqovun uğursuzluqda heçmi payı yox idi?
- “Neftçi” rəhbərliyi olaraq heç vaxt məsuliyyətdən qaçmamışıq! O klub rəhbərlərindən olmamışıq ki, hər uğursuzluqda “bizlik nə var ki, baş məşqçilikdi hər şey” – deyib gündə bir baş məşqçi dəyişək. Özü də milyonlar qazanan baş məşqçiləri.

- Eyhamı “Xəzər Lənkəran”a vurursuz.
- Xahiş edirəm... Mən klub adı çəkmirəm...

-  İndi də çəkməyib, nə vaxt çəkəcəksiz?
- Görünən kəndə bələdçi lazım deyil. Söhbət “Xəzər Lənkəran”dan getmir, Azərbaycan futbolundakı durumdan gedir.

- Azərbaycan futbolunda baş məşqçilərinə milyonları “Xəzər Lənkəran”dan başqa kim verib ki? “İnter”mi verib, “Qəbələ”mi verib?
- Birinci Gedenin adını çəkməsəm, ictimaiyyətdə qeyri-obyektiv görünə bilərəm. 

- Milyonmu alırdı Gede?
- Bir dəqiqə, üzr istəyirəm. Gede, Toşak, Dənizli, Adams, Pantiç... (barmaqlarını qatlayır saydıqca) Kömək eləyin mənə. 

- Ən sanballıları dediz, demək olar ki.
- Kömək eləyin mənə. Şefer... Bir az da kömək eləyin. Syomin. 

-  Starkov.
- Kömək eləyin.

- Və sair və ilaxır.
- Suala cavab verdim? Bunlar günahkardı, amma klub rəhbərləri günahkar deyil. Bircə “Neftçi”dən başqa!

- Məgər “Neftçi” 5 il ərzində az dəyişib baş məşqçilərini?
- Kimi dəyişib ki? Gede gedib, Arif Əsədov gəlib; bu gün də klubdadı. Böyükağa Hacıyev olub, bir də qısa müddətdə Nazim Süleymanov çalışıb.

- Tərlan Əhmədov da olub.
- Tərlan Əhmədov köməkçi məşqçi olub və Böyükağa müəllim səhhətində problem yaşayanda komandanı 10-11 tur meydana çıxarıb. Bir də Avropa oyunununa. Çox sevindiricidi ki, “Neftçi”nin şinelindən Tərlan Əhmədov, Arif Əsədov kimi məşqçilərimiz çıxıblar – özü də çempion kimi.

- Yəni, doğrudanmı düşünürsüz ki, Tərlan Əhmədov, Arif Əsədov nə vaxtsa məşqçi ola biləcək? Doğrudanmı Azərbaycan futbolunun gələcəyi onların əlində olacaq? Tam səmimi deyirəm, mən istəmirəm bunu. 
- Onlar artıq məşqçidilər. Siz sevməyin. İnşallah, toşaklar, syominlər, adamslar Azərbaycan futbolunu qaldırarlar. 

- Bilirsizmi niyə istəmirəm? Çünki bu insanlarda cəsarət görmürəm. Çünki bu insanların ürəklərində nə Qurban Qurbanovun, nə də Böyükağa Hacıyevin ürəyindəki təpəri görürəm. Çünki bu insanlarda Qurbanovun, Hacıyevin futbol savadını görmürəm. Bunları görmürəmsə, mən niyə futbolumun gələcəyini onlara etibar edim ki?
- Beş il bundan əvvəl bizim də bacarığımızı çox adam bilmirdi. Mən o şəxslərlə çalışmışam. Hamısının müəyyən bacarığı var. Təbii ki, hər bir şəxs öz üzərində çalışmalıdı. Azərbaycanlı futbol adamlarına hörmətlə yanaşmaq lazımdı...

- Yaxşı, razıyam, hörmətlə yanaşmalıyıq, amma sizə bir fakt deyəcəm...
- (sözümü kəsir) Üzr istəyirəm, fikrimi tamamlayım. Bu adamlar nə meşənin içində araq içirlər, nə küçənin ortasında velosiped sürüb vaxt öldürürlər, nə də həmin əcnəbilərin tələb etdiklərini tələb edirlər klub rəhbərliyindən.

- Tahir bəy, bu artıq rasizmdi.
- Mən millətimi, xalqımı sevirəm!

- Amma xalqını, millətini sevmək qeyrilərinə nifrət bəsləmək deyil.
- Biz ayağa qalxmalıyıq ki, bu adamlara niyə milyonlar verilir?! Bunu mən Tahir Süleymanov çəkinmədən deyirəm! Siz isə deyirsiz ki, Tahir bəy, siz getdiz, bəs Sadıq Sadıqov nə vaxt gedəcək? Qrupa vəsiqə qazanmaq tarixdi və bu tarixdə yenə də azərbaycanlı Böyükağa Hacıyevin, Qurban Qurbanovun, Tərlan Əhmədovun, Bəxtiyar Musayevin və sairin adı var. 

- Tərlan Əhmədov və Arif Əsədovla bağlı mən də fikrimi deyim, o mövzunu qapadaq, çünki növbəti suallarım da var. Mən bu adamların Azərbaycan futboluna faydalı olacaqlarına inanmıram. Çünki qorxaqdılar. Heç vaxt inana bilmərəm ki, Tərlan Əhmədov “Koper”ə qarşı səfərdə üç müdafiəçi ilə, hücum futbolu oynadan.
- Dünən-srağagün həmin Tərlan deyildi Muntyanunun komandasına qarşı Kərim Diniyevlə, Elton Yaqublu ilə cəsarətli futbol oynatmadımı? 

- Hansı cəsarətdən danışırsız? Hər iki komandanın praqmatik oyunu idi.
- Onda bizim futbola baxışımız fərqlidi.

- O ki qaldı Muntyanuya, onunla bağlı fikrimi də demişəm: bu adamı bu kluba niyə, hansı uğuruna, hansı göstəricisinə görə gətirdiklərini bir nəfər mənə izah etsin! 
- Ay sağ ol. Onda deməli, tahir süleymanovlar, tərlan əhmədovlar yox, fantastik məbləğ müqabilində Azərbaycana gətirilib heç bir nəticə qazanmayanlardan danışmaq lazımdı. Azərbaycan futboluna yuxarıdan-aşağı baxırlar... Baxa bilməzlər daha! Azərbaycanın futbol adamlarıdı komandalarını qrupa keçirən. Nə vaxta qədər futbol ictimaiyyətimiz öz futbol adamlarımıza layiqli dəstəyi verməyəcəklər...

- Tahir bəy, mən sizə konkret sual verirəm: siz Tərlan Əhmədovun, Arif Əsədovun “Koper”ə qarşı hücum futbolu oynadacağına, üç müdafiəçi ilə oynayacağına inanırsız, inanmırsız?
- (uzun pauzadan sonra) Mövzudan bir qədər yayındıq, Tərlan Əhmədov “Neftçi”nin tarixi uğurunda pay sahibi olub - məşqçilər korpusunda yer almaqla. 

- Niyə məhz onun ayağında olan İsrail faciəsini də demirsiz?
- Niyə “Zestafoni”ni demirsiz? “Neftçi” rəhbərliyinin böyüklüyü onda idi ki, yaxamızı kənara çəkmədik. İsraildəki oyundan sonra qərarlar qəbul olundu ki, bunu da xatırlayırsınız, hər halda. Gəlin belə danışaq da... Mən istəmirəm daha “Neftçi”ni müzakirə... Özünüz də dediz, mən “Neftçi”də yoxam artıq. “Partizan”la oyundan əvvəl “Bakcell Arena”nın üzümüzə bağlanması “Neftçi”nin günahı idi? Bolqarlarla oyunda gördüz meydançanın nə vəziyyətdə olduğunu. “Neftçi”nin günahı yox idi ki, cavab oyununu “Qarabağ” kimi səfərdə keçirmədi. Heç kim analiz etmir ki, “Neftçi” pley-offa qədər səfər oyunlarında 7 top vurub və bunun da əsas səbəbi meydançaların ideal olması idi. “Ev”dəki oyunlarda isə...

- ...Tahir bəy, biz “Neftçi”nin pley-offdakı uğursuzluğuna görə meydança amilini də səbəb kimi göstərmişik. Hətta “Tofiq Bəhramov”un direktorunu da danışdırmışıq, o da sizi günahlandırıb. Deyib ki, sizə oyundan əvvəl o qazonda futbolun mümkünsüz olduğunu deyib.
- Harda oynamalıydıq?!

- Bunu məndən niyə soruşursuz ki? Niyə elxan məmmədovlardan, rövnəq abdullayevlərdən soruşmursuz ki, niyə hər dəqiqə “stadionlarımız artır” deyə-deyə qulaqlarımızı qabar eləyirsiz, niyə milləti aldadırsız?
- Siz verin bu sualları. Demirsiz ki, Sadıq Sadıqov nə vaxt gedəcək? Bu sualları da qoyun da ortaya. 

- Tahir bəy, bizim gücümüz yazmağa çatır ki, onu da dəfələrlə yazmışıq.
- “Qarabağ”ın bəxti onda gətirdi ki, cavab oyununu səfərdə - ideal meydançada oynadı. “Tofiq Bəhramov”un qazonu yaxşı olsaydı, “Partizan”la oyunda Flavinyo qapıçı ilə üzbəüz qaldığı epizodda yüz faiz qol vurardı. Nfroun ötürməsini saxlamaq istədi, qazon yaxşı deyildi, alınmadı. Kaş indi stadiona döşənən o qazon bizim “Partizan”la oyunumuzdan əvvəl döşənəydi. 

- Bayaq yarımçıq qalan bir suala da qayıtmalıyam. Azərbaycanlı məşqçilərə hörmət olunmalıdı, okey, razıyam. Ancaq sizə bir epizod deyəcəm və azərbaycanlı məşqçiyə konkret olaraq “Neftçi” tərəfindən hansı səviyyədə hörmət olunduğunu görəcəksiz. Naxçıvanda superkubok oyunu keçirilir, “Neftçi” uduzur və oyundan sonra Sadıq Sadıqov açıqlama verir ki, Tərlan Əhmədovu istefaya göndərdik. Mətbuat konfransında bu məsələni Əhmədovdan soruşuruq, o isə deyir ki, bu xəbəri sizdən eşidirəm. Budu yerli məşqçiyə hörmət?
 - (uzun pauzadan sonra) Mənə elə gəlir ki, bu artıq səmimi yanaşma deyil, Saleh...

- Kimin tərəfindən? Mənim, yoxsa keçmiş klubunuzun?
- Açıq deyirəm... Bir daha vurğulayıram, davam edir 37.

- Kimin tərəfindən, Tahir bəy? Mənim, yoxsa klubun?
- İctimai fikri yönləndirib, “Neftçi”ni İraqa, Suriyaya, Liviyaya döndərmək istəyirlər.

- (gülərək) Hə, parçalamaq istəyirik “Neftçi”ni.
- Artıq parçalanır, demək olar ki. 5 ildi bunun üzərində iş aparırlar. 

- Amma siz mənim sualıma cavab vermədiz.
- Sualınıza cavabım odu ki, Tərlan Əhmədov bu gün baş məşqçi işləyir və onun işləməyində...

- ...Sadıq Sadıqovun rolu var.
- Sadıq Sadıqovun və “Neftçi”nin əməyi var. Birmənalıdı bu! Mən də sizə sual verirəm ki, Azərbaycan futbolunun yerli məşqçilərə hörməti budu ki, çempion olan Arif Əsədov 5 il idi işsiz qalmışdı?

- Bunun günahı məndədi? Bunun günahı...
- ...Mən gözləyirdim ki, bu sualları verəcəksən. Verilişə dəvətliyəm, gecikirəm, gedək daha...

- Xahiş edirəm, son sual. Bunu da cavablandırın, gedək. Qurban Qurbanov bu gün “Qarabağ”dan ayrılsa, 5 il demirəm, heç 5 ay da demirəm, 5 gün işsiz qalar?
- Gəl nəzəriyyə ilə danışmayaq. Birincisi, mən Qurban Qurbanovun “Qarabağ”dan ayılmasını istəmirəm. 

- Konkret cavab verin: 5 gün işsiz qalar?
- ...

- Qalmaz! Bax ona görə də, Arif Əsədovun 5 il işsiz qalması mənim günahım deyil, öz günahıdı! 
- Azərbaycan futbolunun günahıdı. 

- Azərbaycan futbolunun günahı bilirsizmi nədədi? Ondadı ki, bu adamlar ayrıldıqları kluba yenidən nə vaxtsa qayıdacaqlarına əmindilər. Ona görə də öz üzərlərində işləmirlər, artırmırlar. Çünki bilirlər ki, gedib qapılarını döyəcəksiz. “Neftçi” döyməyəcəksə, “Sumqayıt” döyəcək, o da döyməyəcəksə, AZAL döyəcək. 
- Son 4 mövsümdə çempion olan baş məşqçilərin adlarını deyirəm: Arif Əsədov, Böyükağa Hacıyev və Qurban Qurbanov. Sualının cavabı budu. Getdik!
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31