20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Biz öz gücümüzə inanırıq”

Son iki turda məğlub olan “Simurq”, artıq növbəti oyunun hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin kapitanı İlkin Qırtımov və vitse-kapitanlardan Amil Ağacanov son oyunlar və ümumi çempionat haqqında sualları cavablandırıblar. Hər iki futbolçu Zaqatala təmsilçisinin bu mövsüm nəticə qazanacağına inandıqlarını və azarkeşlərdən sona qədər onları dəstəkləmələrini istəyiblər.

İlk öncə komandanın mövsümə hazırlıq səviyyəsi haqqında fikirlərinizi bilmək istərdik.

- (İ.Q.) Komandamız mövsümə çox yaxşı hazırlıq mərhələləri keçdi. Fikrimcə,  hazırda yalnız bir problemimiz var. O da hücum xətti ilə bağlıdır. Lukas Tresnak hələ tam komandaya uyğunlaşa bilməyib. Tək Draqan Çeranlada çox çətindir. Onu da “çox sağ olsunlar” dörd oyunluq cəzalandırıblar. Rəşad Eyyubov boşluğu doldurmağa çalışır. Ancaq  Draqansız komandaya çox çətindir. “Neftçi” və “Qəbələ” oyunlarıda bunu bir daha göstərdi. Təəssüf ki, məğlub olduq bu görüşlərdə. Ancaq qeyd edim ki, rəqib heç də əziyyət çəkib qol vurmadı. Öz səhvlərimizdən qapımızdan top buraxdıq. 

- (A.A.) Komandanın mövsümə ümumi hazırlığını yüksək dəyərləndirirəm. Sloveniyada və Avstriyada gözəl təlim-məşq toplanışları keçdik, güclü rəqiblərlə yoldaşlıq görüşləri keçirdik. Nəticədə çempionatada pis başlamadıq. İlk iki turda qapımızdan qol keçirmədən qalib gəldik. Ancaq çox təəssüf ki, son iki turda məğlubiyyətə uğradıq. “Neftçi” ilə oyunda hər kəs gördü ki, necə gözəl oyun nümayiş etdirdik. Ancaq idman şansı bizdən yana olmadı. “Qəbələ” məğlubiyyətindən isə hələ də özümüzə gələ bilməmişik. Çünki bu matçda qalib gəlmək üçün borclu idik. Uduzulası oyun deyildi. İnanıram ki, tezliklə bu qarşılaşmanı unudub, qarşıdakı matçlarda son iki turdakı səhvləri buraxmadan xallarımızı toplayacayıq.   

Qarşıda bizi hələ çətin və uzun marafon gözləyir. Sizcə sonda komandanın qarşıya qoyulan məqsədə çatmaq üçün gücü çata biləcək?

- (İ.Q.) İnanıram ki, çatacaq. İki oyunla çempionat qurtarmayıb. Qarşıdakı turlarda itirdiyimiz xalların əvəzini artıqlaması ilə çıxacayıq. Biz özümüzə inanırıq. İndi hər kəs “Simurq”un gücünü bilir və görür. Əvvəlki kimi deyil artıq. Bütün rəqiblər bizdən çəkinirlər. Bilirlər ki, asan rəqiblə qarşılaşmayacaqlar.

- (A.A.) Ümumi oyun səviyyəsinə baxanda ötən ilki “Simurq”dan güclüyük. Komandada hər kəs inanır ki, bu il nəticə verəcəyik və verməliyik də. Sonda turnir cədvəlinin ilk sıralarında olan komandalardan biri də biz olacayıq. Son dörd oyuna baxanda bunu aşkar görmək olar. Bizdə meydanda lider futbolçu yoxdur. Komanda futbolu oynayırıq. Hər kəs öz işin bilir. Belə olan halda hesab edirəm ki, həmişə nəticə olur. Çünki hamımız eyni məqsədə köklənmişik.

Hazırda Premyer Liqada çıxış edən rəqiblərinizi necə dəyərləndirirsiniz?   

- (A.A.) Ümumən baxdıqda çempionatda zəif rəqib yoxdur. Əgər əvvəl deyirdilər ki, “Araz Naxçıvan”, “Sumqayıt” bu mövsüm autsayderlər olacaq. Ancaq bu gün baxdığımızda, “Sumqayıt” turnir cədvəlinin lideridir. “Araz Naxçıvan” isə bütün rəqiblərlə başabaş mübarizə aparır. Bu səbəbdən bütün komandaların gücünü eyni dəyərləndirərdim. Düzdür “Qarabağ” heyətinə və oynadığı futbola görə seçilir. Hazırda Avroliqaya başları qatışdığından bütün güclərini çempionata verə bilmirlər. Ancaq bizim üçün rəqibin kimliyi önəmli deyil. Çıxıb öz oynumuzu oynayıb, nəticələrimizi qazanmalıyıq.

- (İ.Q.) 90 dəqiqə oynanılmadan heç bir oyun udulmur. Son oynumuzda bunun sübutu oldu. Bizim üçün zəif rəqib yoxdur. Hər bir komandaya eyni səviyyədə yanaşırıq və bir şey bilirik ki, hər tur bizim üçün finaldır. Mütləq qalib gəlməliyik.

Bizi qarşıda “Qarabağ”la çətin səfər oyunu gözləyir. Bu qarşılaşma haqqında nə deyərdiz?

- (İ.Q.) “Qarabağ”ın bu həftə Avroliqada oyunları var. Bu görüşdən üç gün sonra bizlə görüşə çıxacaqlar. Təbii ki, gözləmək olar ki, bu onların oyunlarına təsir göstərəcək. Ancaq buna arxayın olmalı deyilk. Rəqibi yaxşı analiz edib, qalib gəlməyə çalışacayıq.

- (A.A.) Bütün rəqiblərimizə eyni səvviyədə baxırıq və eyni güclə hazırlaşırıq. Ümid edirəm ki, iki ardıcıl məğlubiyyətdən sonra dönüş edə biləcəyik. Səfərə yalnız qələbə üçün çıxacayıq. Komandada hər kəs bunu yaxşı bilir və bir neçə gündə də yaxşı hazırlaşıb, səhvlərimiz aradan qaldırmağa çalışacayıq.

Son iki məğlubiyyətdən sonra xüsusən azarkeşlər məşqçilər heyətini və futbolçuları qınamağa başladı. Sosial şəbəkələrdə xoşagəlməz fikirlər səsləndirdilər. Bununla bağlı komandanın kapitanının və vitse-kapitanın fikirlərini nədir?

- (İ.Q.) Həmin azarkeşlər arasında olan ağsaqqallar yəqin “Simurq”un əvvəlki vaxtlarını unudublar. Komanda hər gələnə-gedənə məğlub olurdu. İndi isə güclü komandamız var. Hər bir rəqib bizimlə hesablaşmalı olur. Heç kəs bizlə oyunda asanlıqla xal qazanmır. Belə çıxır ki, qalib gələndə yaxşıyıq, məğlub olanda pis. Bu futboldur. Kim istəyər ki, uduzsun. Hər oyunda bizi dəstəkələməyə yaşlısı, cavanı, uşağı gəlir. Hətta əlil arabasında belə gəlib bizi qələbəyə səsləyən azarkeşlərimiz var. Hansı futbolçu istəyər ki, onların qabağında meydanı başıaşağı tərk eləsin. Özləri də oyun vaxtdı o qədər əziyyət çəkirlər. Əgər bizə dəstək olmaq istəyirlərsə, sona qədər yanımızda olsunlar. Heç kəs əziyyət çəkmədən də, pul qazanmır. Qazandığımızdanda həmişə ehtiyacı olanlara kömək edirik. O fikirləri bildirənlər də, bunu yaxşı bilir. Bunu hər hansı uşaq yazsaydı, heç fikir belə verməzdik. Ağsaqqal aranı sakitləşdirməkdən, vəziyyəti düzəltməkdən, əksinə o, bu barədə fikir səsləndir. Hörmət etdiyimiz adamdan belə bir hərəkət görəndə bizə çox pis təsir göstərir.  

- (A.A.) Yaxşı gündə adamın yanında dostu da olur, düşməni də. Hər kəsi pis gündə tanımaq olur. İki oyun qalib gələndə rəhbərlikdən başqa heç kəs gəlib çox sağ ol demədi. Ancaq məğlub olan kimi həm məşqçini qınayırlar, həm də futbolçuları. Özlərini ağsaqqal hesab edənlər ağızlarına gələni deyirlər, yazırlar. Biz onlardan hər bir zaman yanımızda olmağını istəyirik. “Simurq” Zaqatalanı təmsil edir. Zaqatala adı üçün meydanda mübarizə aparırıq. Hər bir zamanda istəyirik ki, yaxşı nəticələrlə onları sevindirək. Futbolda həmişə qalib gəlmək olmur. Futbolçuda insandır. Səhv buraxır və bunun da nəticəsində bəzi matçlarda istədiyimiz nəticəni qazana bilmirik. Çətin günümüzdə bizlə olun. Heç kəs evinə bu komandada haram pul aparmır. Qazandığımız pullarla neçə dəfələrlə zaqatalalıların sağlamlıqlarını bərpa etmək üçün yardım etmişik. Biz həmin futbolçularıq. Futbolda heç kəs rahat pul qazanmır. Məğlub olanda biz də pis oluruq. Kim istəməz ki, gözəl nəticələrlə valideynlərini, yaxınlarını, komandanın rəhbərliyini, siz azarkeşləri sevindirsin. 


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30