19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Foqts nə edir, düz edir!.. YAZI

“O HƏRƏKƏTİ ALMANİYA DEMİRƏM, RUSİYADA EDƏ BİLƏRDİ?”

Milli komandamız Avro-2016-nın seçmə mərhələsindəki ilk oyununda Bolqarıstana uduzdu - 1:2. Özü də Bakıda, millinin tarixi ərzində heç vaxt uduzmadığı “Ulduzlar arenası”nda. Heç vaxt uduzmadığı deyəndə, əslində, bir az gülməli çıxır. Guya milli orada neçə oyun keçirib ki...

90 (hakimin ümumilikdə əlavə etdiyi 5 dəqiqə də nəzərə alınmaqla) dəqiqə göstərdi ki, bu rəqiblə oynamaq olar. Hətta bolqarları İslandiyanın Türkiyəni saldığı günə də salmaq olardı. Sadəcə, bir qədər cəsarətli olmaq lazım idi, vəssəlam. Rüfət Dadaşov, Ufuk Budak - boş söhbətlərdi. Bolqarıstan millisini elə bu sınıq-salxaq yığmayla da udmaq olardı. Foqts bir qədər cəsarətli olsaydı.
Oyundan qabaq bəziləri Bolqarıstanı şişirdib, dağın başına qoymuşdu. Kimə gəlirsiz? Biz Stoiçkovlu, Leçkovlu Bolqarıstan millisi görmüşük. Bu yığma onun yanında nədir ki? İndiki heyətdə heç Berbatov səviyyəsində futbolçu yoxdur. Onlar reytinqdə 72-ci, biz də 73-cü, çıx, ud.

Amma bacarmadılar. Niyə, nöşün? Bax, bunun səbəbləri çoxdur. Əslində elə də səbəb yoxdur. “Olanımız budur”, deyib keçmək olardı. Lakin “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə düşməsi (2 il əvvəl də “Neftçi”nin) burada fikiləri haçalandırır. Foqts deyir ki, mənim sərəncamımda 4 braziliyalı yoxdur. Razıyam. Amma sənin də sərəncamında legionerlər var. İndi o bizim günahımızdır ki, sən milliyə Reynaldo, Riçard Almeyda, Çumbinyo səviyyəsində futbolçular yox, Nazarov (adamın üstündə Allah var. Nazarov bu gün pis oynamadı. Hətta bir “durnoy” qol da vurdu), Dadaşov, Budak kimi heç kimə lazım olmadığı 10 metrdən bilinən futbolçular cəlb etmisən?

Bu oyun göstərdi ki, bizim Avro-2016-ya nəinki getməyimiz, heç iddia etməyimiz belə əsassızdır. Biz ən yaxşı halda, bu qrupda dördüncü ola bilərik. Amma adamın Norveçi geridə qoyacağımıza da inanmağı gəlmir. Foqts deyir ki, növbəti oyunlarda uğur qazanmağa çalışacağıq. Öz meydanında Bolqarıstana uduzan komanda səfərdə Xorvatiya və İtaliyanı məğlub edə bilər? Elə təkcə bu cavabı Foqtsun bizi axmaq yerinə qoyduğunu göstərir. Görəsən, AFFA rəsmiləri Foqtsa necə inanırlar? Həqiqətənmi Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov millimizin bu qrupda üçüncü yeri tuta biləcəyinə inanır?

Mənasız oyun, məğlubiyyət bir yana, Foqts sonda da günə öz damğasını vura bildi. Mətbuat konfransında Rüfət Dadaşovla bağlı sualı bəyənməyən (hər halda gedişi belə düşünməyə əsas verir) Foqts, təcrüməçinin dediklərini Azərbaycan dilinə çevirməsini belə gözləməyərək, jurnalislərin önündən qaçdı. Bəli, qaçdı. Daha ağır suallarından gələcəyindən qorxurdu. Amma nahaq yerə belə düşünürdü. Çünki Mikayıl Nərimanoğlu artıq bir neçə dəfə “sonuncu sualdı” xəbərdarlığını etmişdi. Əslində, Foqts zalda əyləşən jurnalistlərə hörmətsizlik etmədi. Foqts ilk növbədə Azərbaycan millisinə, daha sonra isə Mikayıl Nərimanoğlu və Aydın Rüstəmova hörmətsizlik etdi. Əslində, günahkar AFFA-dı. Foqtsun bu qədər “irəli getməsinin” günahkarı məhz onlardı. Almanın nazıyla o qədər oynayıblar ki, o da artıq həddini aşıb. Foqts o hərəkəti Almaniya demirəm, Rusiyada edə bilərdi? Ay-hay.

Sonda dərk edə bilmədiyim bir məqamı da qeyd edim. Görəsən, mətbuat konfransı nə üçün təşkil olunur? Mən bildiyim qədəri ilə normal hallarda mətbuat önünə çıxan şəxs ona verilən bütün sualları cavablandırmalıdır. Amma Mikayıl bəy bütün sualları verməyə imkan yaratmır. Nəyə görə? Sual çoxdu? Olsun da. Məşqçinin işi nədir? Sualları cavablandırmaq, cavablandırsın da. Əgər, Foqts sualları cavablandırmayacaqsa, niyə çıxır mətbuat önünə? Nəyə görə mənim, ya bir başqasının əli havada qalmalıdı? Foqts ayda N qədər maaş alır (sağlığına qismət), əziyyət çəkib mətbuat konfransında da 5 dəqiqə artıq otursun. Yoxsa, əksər sualları milli ilə birgə səfərə gedən jurnalistlər verməlidi? Getməyənlərə olmaz?     

Foqts nə edir, elə düz edir. Sizə (bizə yox ha) bu da azdı.

  

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30