28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

“Bakı” AFFA-nın arzusunu gözündə qoydu... YAZI

...NAMİQ ƏLƏSGƏROVA, VADİM ABDULLAYEVƏ XƏRCLƏNƏN PULLARI KİM QAYTARACAQ?

Son zamanlar “Bakı” klubunda baş verən proseslər hər kəsə məlumdu. İstənilən yerdə Azərbaycan futbolundan söhbət gedirsə, əvvəl-axır mövzu gəlib çıxır “Bakı”nın üstünə. Bu duruma sevinən də var, məyus olanda. Hafiz Məmmədovun etdiklərini unudub, “Bakı”nın indiki durumunda göbək atan da var, sözün həqiqi mənasında bu vəziyyətə ürəyi yananda. Kim nə edir, nə yazır, özü bilər. Hər halda hər kəsin öz vicdanı var və bir gün hər birimiz etdiklərimizə görə cavab verəcəyik. Bu dünyada da olmasa, o dünyada...

Maraqlı olan başqa məqamdı. Azərbaycan futbolçusunun (əvvəldən birdəfəlik qeyd edim ki, “Azərbaycan futbolçusu” haqda yazacaqlarım bütün futbolçulara aid deyil) hansı xüsusiyyətə malik olduğunu bilirik. Əslində dünyanın hər bir yerində belədir. Futbolçu pulu sevir. Futbolçunun yeganə qarınağrısı puldu. Pulunu ver, lap belinə min, çap. Bunu çox gözəl bilirik. Amma hərdən düşünürəm ki dünyada pulu ən çox sevən elə bizim futbolçulardı. Adicə bir nümunə çəkək. Dünyanın əksər ölkəsində klubuna sadiqliyi ilə ad çıxaran futbolçular var. Belələrinin sayı çoxdur. İndi bir-bir ad çəkib, sizi yormaq istəmirəm. Gəl ki, Azərbaycanda elə futbolçu varmı? Uzaqbaşı kimsə, əvvəlcə futbolçu, indi isə məşqçi kimi “Qarabağ”a xidmət göstərən Müşfiq Hüseynovun (qısa müddətli Rusiya karyerasını nəzərə almasaq) adını çəkə bilər. Müstəqillik dönəmində yetişən futbolçulardan isə Rəşad Sadıqovun adını çəkmək olar. Düzdür, Rəşad da bir neçə klubun şərəfini qoruyub. Lakin millinin kapitanı istər “Neftçi”yə, istərsə də hazırda çıxış etdiyi “Qarabağ”a daim sadiqlik nümayiş etdirib. Varmı başqası? Hansı futbolçunun karyerasına baxırsan, ildə 1 klub dəyişib.

Son zamanlar “Bakı”da baş verən proseslər növbəti dəfə Azərbaycan futbolçusunun simasını çılpaqlığıyla ortaya qoydu. Çox gözəl başa düşürəm, futbolçu maaşını tələb edir, bu onun haqqıdır. O da ailə dolandırır. Necə deyərlər, böyük başın böyük də dərdi olur. Amma səmimi olmaq lazımdı. Bu gün hansısa milli üzvü çıxıb, “pulum olmadığım üçün məşqə gələ bilmirəm” deməklə həm özünü gülünc vəziyyətə qoyur, həm də azarkeşlərin gözündən düşür. Çünki azarkeş çox gözəl anlayır ki, həmin futbolçu üçün 5-10 manat benzin pulunu tapmaq problem deyil. Ya da bir başqası bu gün çıxıb “bu dəqiqə biz pulu yox, karyeramızı düşünməliyik. Bu, bizim üçün əla şansdır” deyib, sabah başqa klubla müqavilə imzalayırsa, buna nə ad vermək olar? Ən azından bir simanız olsun. Açıq-aşkar deyin ki, “pulumuzu vermirlər, gedirik”. Bu halda ən azından deyəcəklər ki, “sözün düzünü deyir”. Azarkeş də sizə “ikiüzlü” deməyəcək.

Bəlkə də təcrübəli futbolçuları bir o qədər qınaya bilmərik. Ailələri, övladları var. Onları dolandırmalıdırlar. Bəs gənclərə nə olub? Namiq Ələsgərov “Bakı”nı atıb “Qarabağ”a, Vadim Abdullayev isə “Simurq”a üz tutur. Bu gəncləri axı “Bakı” yetişdirib. Namiq Ələsgərovu klubun məşqçiləri səhv etmirəmsə, 4-5 il əvvəldən Qusardan tapıb, üzə çıxarıblar. 14-15 yaşından etibarən “Bakı” ona maaş ödəyib. Qaldığı evə aylıq kirayə haqqı verib. İndi isə Namiq bütün bunlara tüpürərək, komandadan gedir. AFFA isə bir-bir “Bakı”nın futbolçularına “azad agent” statusu verir. Yaxşı, milli üzvlərini anladıq. Yığmanın mənafeyini düşünüb, onların digər klubuna keçidinə şərait yaradırsız. Bəs digərləri? Namiq Ələsgərova, Vadim Abdullayevə xərclənən pullar hara getdi? Bunun qarşılığını kim verəcək? İllərdir adıçəkilən futbolçuların yetişdirilməsi üçün xərclənən vəsait necə oldu? Belə çıxır ki, “Bakı” o futbolçuları yetişdirib ki, bu gün faydasını “Qarabağ”, “Simurq” və ya bir başqa klub görsün?

AFFA-nın niyə belə etdiyi aydındı. Onlar (konkretləşdirsək bir şəxs) klubu ələ keçirmək, hazıra nazır çıxmaq istəyirlər. Elə futbolçuların komandanı tərk etməsi üçün də belə “şərait” yaradılması planın tərkib hissəsidir. Amma pis günün ömrü az olur. Artıq “Bakı”nın vəziyyəti düzəlir. İndi necə olacaq? Hafiz Məmmədovun həmin futbolçulara xərclədiyi pulları kim qaytaracaq? Klub prezidenti “futbolçuların pulunu verirəm, qayıtsınlar kluba” desə?

Sahib ZEYNALOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31