24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Oğuz Çətin: “Hədəfimiz çempionluq yanaşı, kuboku da qazanmaqdır”

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız əvvəlcə Ərzurumda, daha sonra Sloveniyada təlim-məşq toplanışında oldu. “Xəzər Lənkəran” çempionata nə dərəcədə hazırdı?

- Heç bir komanda mövsümün startına yüzdə yüz hazır ola bilməz və olmamalı da. Biz istədiyimiz şəkildə, plana uyğun hazırlıq keçdik. Eləcə də heyətimizdə xeyli dəyişiklik oldu. Mövsümə yeni oyun anlayışı ilə hazırlaşdıq. Futbolçuların yüksək formada olması üçün çalışdıq. Yeni gələnlərin sistemə alışması vaxt aparır. Bunun üçün də yoxlama oyunlarına ehtiyac var. Həmin qarşılaşmalarda da komanda yaxşı təsir bağışladı. “Xəzər Lənkəran”ı çempionata təxminən 80 faiz hazır saymaq olar.

- Ötən mövsüm həm Mustafa Dənizlinin, həm də sizin dönəminizdə “Xəzər Lənkəran”ın əsas problemlərindən biri yerli oyunçuların azlığı idi. Komandanın artıq bu problemi tam həll etdiyini söyləmək olar?

- Yerli oyunçular çox mühüm əhəmiyyətə malikdirlər. Komandanın sözün əsl mənasında komanda olmasında, ruh yüksəkliyində yerli futbolçular böyük önəm daşıyırlar. Bu səbəbdən də heyətdəki yerli oyunçuların həm sayı, həm səviyyəsi artmalı idi. Sizin də dediyiniz kimi, ötən mövsüm bu baxımdan ciddi sıxıntılarımız oldu. Lakin mövsümlərarası fasilədə bu problemi həll edə bildik. Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Aleksandr Şemonayev kimi yüksəksəviyyəli futbolçuları heyətə qatdıq. Eləcə də legionerlərlə gücləndik. Bu mövsüm meydanda tam fərqli “Xəzər Lənkəran” olacaq. Daha inamlı, nə və nəyə oynadığını bilən komanda görəcəksiniz.

- Heyət xeyli güclənsə də, qapıçı problemi hələ də həllini tapmayıb...

- Bu məsələ ilə bağlı ciddi şəkildə məşğuluq. Reqlamentə görə, meydana 5 yerli oyunçuyla çıxmalıyıq ki, onlardan da biri 21 yaşında olmalıdır. Bu səbəbdən Orxan Sadıqlı üzərində ciddi şəkildə çalışırıq. Ona inanırıq. Limitə görə öncəliyimiz Orxandı. Bu gün üçün də komandanın əsas qapıçısı Sadıqovdu. Lakin əcnəbi qapıçı mütləq transfer etməliyik. Tələmirik, seçimimizi aparırıq. Doğru bir qərar qəbul edərək, istədiyimiz qapıçını heyətə qatacağıq.

- Mətbuatda komandanın 2 əcnəbi qapıçı arasında seçim edəcəyi deyilir...

- Bu xəbəblərin hardan qaynaqlandığını bilmirəm. Bəlkə də menecerlər bunda maraqlıdırlar. Amma mən sizə deyim ki, bizim siyahımızda təkcə 2 qapıçı yer almır, siyahımızda xeyli futbolçunun adı var. Ən layiqli namizədi də seçəcəyik. Elə qapıçı transfer etmək istəyirik ki, daim komandaya dəstək olsun. Yeri gələndə ehtiyatda qalsın, yeri gələndə meydana çıxsın.

- Yeni mövsüm üçün “Xəzər Lənkəran”ın əsas hədəfi nə olacaq: nə olursa olsun çempionluq, yoxsa ilk “üçlüy”ə düşmək?

- “Xəzər Lənkəran” Azərbaycanın əsas futbol bölgələrindən birini təmsil edir. Bu komanda daim böyük hədəflər uğrunda yarışıb, çempionluq, kuboku qazanmaq və avrokuboklarda oynamaq üçün mübarizə aparıb. Təbii ki bizim əsas hədəfimiz çempionluqdur. İstəyirik ki, son tura kimi çempionluq uğrunda mübarizə aparan, çempionluqdan qopmayan, sona kimi qızıl medal şansını saxlayan komanda quraq. Çempionluqla yanaşı, kuboku qazanmağı da hədəfləyirik. Bunları bacarsaq, avtomatik avrokuboklarda yarışacağıq.

- Premyer Liqada qarşılaşacağınız AZAL-ın “İnter”ə qarşı keçirdiyi oyunu izlədiniz. Rəqib haqda nə düşünürsünüz?

- Ötən mövsümlə müqayisədə AZAL-ın heyəti xeyli dəyişib. Bu səbəbdən də rəqibin oyununu izləmək qərarına gəldim. Heyətdəki futbolçular, oyun sistemlərini öyrənmək istəyirdim. Baxdıq, lazımı qeydləri apardıq. Amma istənilən halda ilk oyun həmişə çətin olur. İlk matçdakı rəqibi zəif və ya güclü adlandırmaq düzgün deyil. Qarşıda bizi çətin oyun gözləyir. Biz də iddialıyıq və çalışacağıq ki, ilk oyunda uğur qazanaq. Bu tip komandaları məğlub etməliyik. Məqsədimiz mövsümə qələbəylə başlamaqdır. Bunun asan olmayacağını da bilirik.

- Matçın fasiləsində milli komandamızın məşqçisi Mahmud Qurbanovla söhbət edirdiniz. Sirr deyilsə, söhbətinizin movzusu nə idi?

- Qarşıda Azərbaycan millisinin önəmli oyunları var. Bizim futbolçuların bəziləri də həmin görüşlərdə Azərbaycan millisinin heyətində yer alacaqlar. Mahmud Qurbanovla daha əvvəldən sözləşmişdik ki, stadionda görüşək. Görüşdük, “Xəzər Lənkəran”dakı milli üzvləri barədə danışdıq. Komandanın baş məşqçisiyəm və hazırda futbolçularımın hansı durumda olduğunu məndən yaxşı heç kim bilməz bilməz.

- Əvvəlki illərdə millinin baş məşqçisi Berti Foqtsla klub məşqçiləri arasında fikir ayrılığı yaranırdı. Foqtsun milli üzvlərini qaydalara uyğun deyil, oyunlardan 10-15 gündən əvvəl yığmanın düşərgəsinə çağırması birmənalı qarşılanmırdı. Sizin bu məsələyə münasibətiniz necədir?

- Burda fərdi istəklər önəm kəsb etmir. Söhbət Azərbaycan millisindən gedir. Hər birimizin də vəzifəsi milliyə yardım etməkdir. Biz - klub məşqçiləri futbolçularımızı elə vəziyyətə gətirməliyik ki, onlar yığmanın düşərgəsinə tam hazır vəziyyətdə yollansınlar. Düzdür, uzun müddətli toplanışlar klubun da əleyhinə işləyə bilər. Bildiyim qədəri ilə avqustda və sentyabrda toplanışlar olacaq. Amma yenı deyirəm ki, bizim işimiz milliyə dəstək olmaqdı. Pessimist olmağa dəyməz. Əsas olan Azərbaycan millisinin uğur qazanmasıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30