20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ehtiyatlı olun: Hafiz Məmmədovun etdikləri burnunuzdan gələr...

Hafiz Məmmədov haqda bu gün demək olar ki hamı danışır, hamı yazır. Onu yaxından tanıyan da, tanımayan da. Vəziyyətin nə yerdə olduğunu bilən də, bilməyən də. Hər kəs istədiyini yazmaqda azaddı. Burası aydındı. Amma yazanda da gərək nə yazdığını biləsən.

Əvvəla, kiminsə pis gününə sevinmək kişilikdən deyil. Atalarımız əbəs yerə “yıxılana balta vurmazlar” deməyiblər.

Bu gün mətbuatda Hafiz Məmmədov haqda yazılanların 90 faizi yalandı. Müəyyən sıxıntıyla hər bir insan üzləşə bilər. Bunda qeyri-adi nəsə yoxdur. Amma kiminsə çətin gününü bayrama çevirmək qeyri-adilikdi. “Bakı”nın bazası satışa çıxır”, “Bakı” dağılır”, “Bakı” dağıldı”, rəsmi, qeyri-rəsmi və s. tipli xəbərlər yazmaq nəyə, kimə gərəkdi?

Jurnalistikadan danışan bəziləri xəbərin sonuna RƏSMİ artırıb, özlərini gülünc vəziyyətinə salırlar. Halbuki jurnalistika fakultəsinin 1-ci kurs tələbəsi belə rahat şəkildə rəsmi xəbərlə, qeyri-rəsmi xəbərin fərqini izah edə bilər. Kiminsə səhvini tutmaq mənə qalmayıb. Amma insaf da yaxşı şeydi, bəylər.

Lap tutaq ki, bu gün “Bakı” dağıldı. Nə olacaq ki? Nə qazanacaqsınız? Bundan kimsə qazanc götürəcək? Əsla!

Əksinə, xeyli insan itirmiş olacaq. Yüzdən artıq insan iş yerini, yüzlərlə gənc futbolçu isə gələcəyini itirəcək. Ən böyük zərbə də Azərbaycan futboluna dəyəcək.

Azərbaycanda tək-tük adam futbola öz cibindən pul xərcləyir. Başqa vaxtı çoxları “Azərbaycan futboluna yaxın duran yoxdu” deyirlər. Özünüz fikirləşin, Hafiz Məmmədov haqda yazılanları, ona qarşı edilənləri görən kimsə Azərbaycan futboluna yaxın durar?

Hafiz Məmmədov çox adama çörək verib, həm rəsmi, həm də qeyri-rəsmi. Hafiz Məmmədovun sayəsində neçə-neçə insan ölkədən kənara çıxıb. Hafiz Məmmədovun qəbuluna düşmək, onunla 3 dəqiqə belə söhbət etmək üçün saatlarını, günlərini qurban verənlər, indi onu vurmağa cəhd edirlər. Özüm cəhd edirlər yazdım, çünki o cür ikiüzlü insanlar heç vaxt Hafiz Məmmədovu vura bilməzlər. Ən azından göydə Allah var. Tanrı hər şeyi görür. Pis günün də ömrü az olur. Yıxılana balta vurmayın, çünki o balta bir gün öz başınıza dəyə bilər.

Hafiz Məmmədovu görəndə qabağına qaçıb, onunla ikiəlli görüşənlər indi sosial şəbəkələrdə “şir”ə dönüb, ona ləqəbi ilə müraciət edirlər...Vay o günə ki, sizə ləqəbinizlə müraciət edələr...

...Və sonda. “Bakı”nın bəzi futbolçuları mətbuata verdikləri açıqlamada “məşqə gəlməyə pulumuz yoxdu” deyiblər. Bu, Azərbaycan futbolçusununun əsl simasıdır (Təbii ki, istisnalar da var. Bu, hər futbolçuya aid deyil-S.Z.). “Yuventus” “B” seriyasına düşəndə Buffon, Del Pyero kimi əfsanələr komandadan getmədilər. Elə vaxtı ilə “Bakı”nı çalışdırmış Bülənt Qorxmaz illər öncə “Fənərbaxça”dan aldığı təklifi geri çevirmişdi. Çünki əfsanələr üçün pul heç vaxt birinci sırada olmayıb. Həyatda puldan da böyük dəyərlər var. Pula görə bu gün “Bakı” ilə məşqə çıxmayıb, 1 komandaya söz verib, digəri ilə müqavilə imzalayanlar heç vaxt Buffonun, Del Pyeronun, Qorxmazın atılmış dırnağı da olmayacaq. Siz heç vaxt əfsanə olmayacaqsız. Bunu unutmayın. Çünki pul insana yox, insan pula hökm etməlidir.

Sahib ZEYNALOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30