16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Yaxşı kollektiv yaratmağa çalışırıq"

17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilmiş UEFA-nın inkişaf mini-turniri ilə bağlı təəssüratlarınız necədir?

- Bizim üçün önəmli turnir idi. Çünki ilin əvvəlində plan tərtib edilərkən, üç turnirdə iştirak edəcəyimizi bilirdik. Qarşımıza məqsəd qoymuşduq ki, turnirlərin hamısında yaxşı çıxış edək. Düzdür, Rusiyada keçirilən turnirdə qalib ola bilmədik. Sarayevodakı yarışda isə Rusiyada baş verənləri unudub məqsədimizə çatmaq istəyirdik. Nəticə ortadadır. Avqust ayında daha bir turnirə qatılacağıq. Həmin yarışın da qalibi olmaq istəyirik. Əsas məqsədimiz isə Avropa çempionatının ilkin təsnifat mərhələsini adlamaqdır. Yenə deyirəm, komandanı görmək, problemləri aydınlaşdırmaq üçün turnir bizim üçün əhəmiyyətli idi.

- Nəticə aydındır. Bəs komanda necə, istədiyiniz oyunu nümayiş etdirə bildimi?

- Komandada böyük dəyişikliklər edilib. Həm heyət, həm də oyun baxımından. Toplanışlar zamanı futbolçuları fərqli mövqelərdə sınayırıq. Bunu da məqsədimizə çatmaq üçün edirik. Oyun planında dəyişiklik varmı? UEFA-nın nümayəndəsi bizi turnirdə gördü. O, dedi ki, sizin oyununuzu ötən ilin iyununda görmüşdüm, həmin komanda necə olur ki, bu səviyyəyə yüksəlir?! Çox böyük dəyişikliklər olduğunu dedi. Əsas odur ki, futbolçularda istək var. İstək olan yerdə nəticə qazanmaq da mümkündür. Məşqçi korpusu olaraq sevinirik ki, komandada böyük istək var, onları oyunlara kökləyə bilirik. Turnirdə belə tələb var idi ki, heyətdəki hər bir futbolçu turnir əzində minimum 80 dəqiqə mübarizə aparmalıdır. Bu isə bütün futbolçuları meydanda sona qədər görməyimə şərait yaratdı. Düzdür, 1-2 futbolçumuz zədələndi. Ancaq gələcəkdə onlardan da hansı mövqelərdə istifadə edəcəyimizi özümüz üçün müəyyənləşdirdik.

Oyunlara gəldikdə, Bosniya və Herseqovina yığması bəlkə də bizdən bu cür çıxış gözləmirdi. Çünki bosniyalılar qadın futbolunda heç də zəiflərdən hesab edilmir. İlk dəqiqələrdən oyunu meydanın rəqibə aid hissəsində qurmağa çalışdıq. Tapşırıq belə olmuşdu. Komanda istədiyimi artıqlaması ilə yerinə yetirdi. Artıq 6-cı dəqiqədə rəqib qapısından 2 top keçirmişdik. Makedoniya ilə oyunda bir qədər zəif çıxış etdik. Səbəbinə gəldikdə, heyətdə edilən dəyişikliklər sözünü dedi. Qələbə qazansaq da, istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Monteneqro ilə matç isə böyük əhəmiyyət daşıyırdı. Qələbə qazanacağımız təqdirdə, qalib olacaqdıq. Bunu da bacardıq. Bu uğurun əldə edilməyində əməyi olan hər kəsə təşəkkür edirəm.

- Məhsuldarlıqla yanaşı, komanda 3 oyunda cəmi 1 top buraxıb. Hücum və müdafiə xəttində yer alanların tapşırıqları layiqincə yerinə yetirdiklərini vurğulamaq olarmı?

- Ən çox qol vuran və ən az top buraxan komanda olduq. Buraxdığımız qolda da kobud səhvə yol verdik. Amma biz komandanı konkret mövqelərə görə dəyərləndirmirik. Ümumiyyətlə, biz komanda yox, kollektiv yaratmağa çalışırıq. Komandanın qısa müddət ərzində də yaratmaq mümkündür. Amma yaxşı kollektiv formalaşdırmaq asan deyil. Tam olmasa da, kollektivin özəyini yaratmışıq.

- Gücləndirməyə ehtiyac duyduğunuz mövqelər varmı?

- Turnirdə keçirdiyimiz 3 oyun ərzində cəmi bir qol buraxsaq da, müdafiəni gücləndirməyə ehtiyac var. Hücumda da 1-2 dəyişiklik edəcəyik. Bu dəyişiklik komanda daxilində olacaq. Son turnirdə bəzi futbolçuları, belə demək mümkünsə, yenidən kəşf elədik. Həmin futbolçuları başqa mövqelərdə oynatmağı düşünürük. Liqaları da izləyirik. Oyunu ilə diqqətimizi cəlb edən futbolçu olsa, komandaya cəlb edəcəyik. Oktyabrda keçiriləcək seçmə mərhələnin oyunlarına yollanacaq 20 futbolçunun hamısı ən yüksək hazırlıq səviyyəsinə çatmalıdır. Buna çatmaq üçün işlərimizi davam etdiririk.

- Qalib olduqdan sonra yəqin ki, komandada özünəinam hissi də artıb...

- Rusiyadakı turnir bizim üçün yaxşı yekunlaşmamışdı. Nəticədə qızların bəzisində psixoloji hazırlıq baxımından problem yaranmışdı. Ona görə də ilk işimiz komandanı birinci oyuna kökləmək oldu. Qələbə qazanmaq istəyirdik. Bunu bacarsaydıq, növbəti oyunlara köklənmək rahat olacaqdı. Elə də alındı. Qələbə ilə başlayıb, qələbə ilə də bitirdik.

- Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərlə bağlı hansı məlumatlar toplamısınız?

- Bu istiqamətdə işlər görülür. Rəqiblərimizin qarşılaşdığı komandaların federasiyaları ilə əlaqə saxlanılır ki, disklər əldə edilsin. Disklər gəldikdən sonra təhlillər aparacağıq. Düzdür, videogörüntülər bəzən aldadıcı olur. Ona görə də istəyirik ki, məşqçilər korpusundan kimsə rəqiblərimizin oyununu izləsin. Qrupumuzda çətin komandalar yer alıb. Amma futbolda mümkün olmayan şey yoxdur. Bunu komanda şəklində sübut etməyə çalışacağıq.

- Avqustda daha bir turnirə qatılacağınızı dediniz. Həmin turnir harda keçiriləcək?

- Yenə UEFA-nın inkişaf mini-turniri olacaq. Estoniyada keçiriləcək yarışa meydan sahibləri ilə yanaşı Türkiyə və Farer adaları yığmaları qatılacaq. Məqədimiz yenə qalib olmaqdır. Bu, seçmə mərhələ öncəsi ən yaxşı toplanışımız olacaq. Turnirə hazırlıq isə Qəbələdə keçiriləcək. Çalışacağıq ki, fiziki baxımdan futbolçuları pik nöqtəyə çatdıraq. Çünki turnirdən sonra fiziki hazırlıqla məşğul olmağa vaxtımız olmayacaq. Qəbələdəki 8 günlük hazırlıqdan sonra Estoniyaya yollanacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30