20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Balıq başdan iylənir

Ölkəmiz günü-gündən inkişaf edir, Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir. Bu sözləri AzTV-də, İTV-də tez-tez eşidirik. Ölkəmiz inkişaf edir, razıyıq. Amma təəssüflər olsun ki, cəmiyyətimiz bu inkişafdan dala qalır. Yəni, ölkənin inkişafı ilə cəmiyyətin inkişafı, insanların düşüncə tərzi üst-üstə düşmür. Əgər, bu gün Azərbaycan gəncliyi oxuduğu şeir, yoxsa meyxana dediyi anlaşılmayan Üzeyirə pərəstiş edirsə, əvəzində dahi sənətkarlara qulaq asanlara “geridəqalmış” adı verirsə, deməli cəmiyyətin intelektual səviyyəsi çox aşağıdır. Əgər, “davay, do svidaniya” hit-paradlara düşürsə, deməli, bu cəmiyyətin musiqi zövqü korlanıb. Həm də ki, Aygün Kazımova Azərbaycanın xalq artisti, Elza Seyidcahan isə əməkdar artistidirsə, deməli... 

Kiməsə qəribə gələ bilər, amma mən Azərbaycan gəncliyinin real səviyyəsini basabas avtobuslarda görürəm. Anası, hətta nənəsi yaşında qadınlara, əliuşaqlılara yer verməyən zəmanə uşağı, gözünü yumub, özünü yatmış vəziyyətdə göstərir. Bir qədər açıq-saçıq geyinmiş qadını görəndə isə ona yer verib, sonradan başının üstünü kəsdirərək, açıqda qalmış yerlərinə gözünü dikirsə, bu millətin gələcəyi təhlükə altındadır. Bəlkə kimsə, “vəziyyət o qədər də acınacaqlı deyil”, ya da “meşə çaqqalsız olmaz” deyirsə, zəhmət çəkib, bizdə çaqqalların sayının niyə bu qədər çox olmasının səbəbini izah etsin.

Eyni hal futbolumuzda da yaşanır. Millimizin göstərdiyi nəticələrlə futbolçularımızın qazancı tərs mütənasib təşkil edirdi. Yox, kiminsə pulunu saymaq fikrində deyilik. Halalı olsun. Amma futbolçusu ildə 100 minlərlə pul qazanan ölkənin yığması dünya reytinqində 120-ci yerdə olmamalı, hər il İsveçrədə, Almaniyada, Dubayda hazırlıq keçən komanda dünya sıralamasında Tanzaniya, Surinam, Tacikistan, Mozambik, Niger, Benin, Uqanda kimi ölkələrdən geridə qalmamalıdır!

Foqts milli komandamızın baş məşqçisi təyin olunarkən “Teryer”in karyerasına yaxından bələd olanlar bunu uğursuz seçim adlandırdılar. Həqiqətən də Şotlandiya, Nigeriya kimi futbolçu bolluğu olan ölkələrdə uğur qazana bilməyən birisinin futbolçu sarıdan korluq çəkən Azərbaycanda möcüzə etməsi qeyri-real idi. Hazırki mənzərə həmin vaxt bu seçimə müsbət yanaşmayanların haqlı olduğunu göstərdi. Amma hərdən adama elə gəlir ki, millinin uğursuzluğu bu ölkədə yalnız azarkeşləri, düzü-düz yazan jurnalistləri və işsiz məşqçiləri narahat edir. Çünki Elxan Məmmədovun dediyi ilə oturub-duran mətbuat nümayəndələri hər uğursuzluğa bir don geyindirirlər. Hazırda bekar olmayan məşqçilər də “nəyə görə kiminləsə üz-göz olmalıyam” prinsipini əsas tutaraq, Foqtsu “neprav” çıxarmırlar. AFFA rəhbərliyindən isə danışmağa dəyməz. Əgər, Rövnəq Abdullayev çıxıb, Azərbaycan millisini 120-ci yerə yuvarlayan birinin işindən razı olduğunu deyirsə, deməli...

Millinin mənafeyini düşünənlər, Foqtsun heyətlə bağlı düzgün seçim etmədiyini bildirənlər xüsusən almanın ölkəmizdə az vaxt keçirməsindən şikayətlənirlər. Həqiqətən də doğru fikirdi. Əgər, Foqts tutaq ki, Asif Məmmədovun, Cavid İmamverdiyevin, nə bilim Şəhriyar Əliyevin oyununu görmürsə, onu necə yığmaya çağıra bilər? (O artıq başqa söhbətin mövzusudur ki, Cihan Özkara və Əli Gökdəmir, ümumiyyətlə oynamaya-oynamaya milliyə dəvət alırlar - Ş.Z.). Amma burada bir nüans var. İstənilən əcnəbi məşqçi hansısa ölkənin yığması ilə müqavilə imzalayarkən onun çalışdığı ölkədə il ərzində neçə gün keçirəcəyi haqda bənd olur. Təəssüf ki, daim peşəkarlıqdan dəm vuran AFFA rəsmiləri Foqtsun müqaviləsindəki həmin bəndi açıqlamırlar. Şəxsən, mən hesab edirəm ki, Foqts müqavilə şərtini yerinə yetirir. Yəni ki, o ölkəmizdə tutalım 2 ay ərzində 15 gün keçirirsə, deməli onun müqaviləsində qeyd olunub ki, Foqts 60 gündən 4-də 1-ini burada olmalıdı. Bu zaman Foqtsa nə düşüb ki, Azərbaycanda daha artıq qalsın? Günah Foqtsda yox, onunla həmin müqaviləni imzalayandadır. Deməli...

Buna görə Foqtsu qınamağa dəyməz. Onun yerində olsaydım, mən də elə edərdim. Tutaq ki, mənim işlidiyim müəssisə ilə bağladığım əmək müqaviləsində qeyd olunubsa ki, ayda 5 gün işə gəlsəm, ayın sonunda 300 manat alacağam, bu zaman başıma hava gəlməyib ki, 7 və ya 15 gün işləyim. Elə 5 gün işləyərəm də. Onsuz da artıq da işləsəm də, həmin pulu alacağam. İndi Foqts da ağlını itirməyib ki, Azərbaycanda artıq vaxt itirsin. Müqavilədə göstərilən müddətdə Azərbaycanda olur və pulunu alır.

Uzun sözün qısası, hər şeyi Foqtsun üstünə atmaq düz deyil. Futbolumuzun inkişafı üçün təkcə Foqtsu Almaniyaya, ya da Elxan Məmmədovu “Natavan” Biznes Mərkəzinə geri göndərmək yetərli deyil.

...Balıq başından iylənir.

Şahin ZÜLFÜQAROV, “Het-trik news”  qəzeti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30