28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”ın və millimizin üzvü: “Futbola başlamamışdan qabaq fəhlə işləmişəm”

“Qarabağ”ın və milli komandanın üzvü Qara Qarayevin "Qafqazinfo"ya müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Dünya çempionatında iştirak edəcək ABŞ yığması ilə qarşılaşdız. Doğrudur, Amerika üzərində qələbə gözlənilməsə də, normal mübarizə gözlənilirdi lakin istənilən nəticə əldə olunmadı. Bu oyun barədə nə deyə bilərsən?

- Mövsümün axırı idi. Milli çempionat bitdikdən sonra  Amerikaya təlim-məşq toplanışına yollandıq. Uşaqlarada fiziki yox, hardasa psixoloji yorğunluq sezilirdi. Çünki milli çempionat başa çatdıqdan sonra yenidən təlim-məşq toplanışına girmək bir qədər psixoloji gərginlik yaradır. Ancaq bununla belə biz Amerikaya uduzmağa getməmişdik. Əsas məqsədimiz rəqibi tanımaq idi. Görək, rəqib hansı gücə malikdir. Çünki  Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə qarşılaşacağıq və mənə elə gəlir ki, bu iki milli hardasa bir-birinə bənzəyir. Buna görə də düşünürəm ki, Amerika ilə oyun rəqibin gücünə bələd olmaq və kəşfiyyat xarakteri daşıyırdı. Bu bizim üçün önəmli olan bir matç deyildi. Sadəcə olaraq oyun praktikamızı artırdıq. Onsuz bəlli məsələdir ki, Amerika bizdən güclü kollektivə malikdir. Dünya çempionatında iştirak edən bir ölkə ilə yoldaşlıq görüşü keçirmək yaxşı təcrübə deməkdir. Bu oyunda bir çox yeni futbolçular heyətə qatıldı. Baş məşqçi də bir sıra taktiki gedişatlara əl atdı və komandanı yoxladı. Hər bir komandaya qarşı oynayanda qələbə üçün meydana çıxırıq. Ancaq alınmayanda alınmır. Amerika dünya çempionatına yollanır. Onlar üçün də öz meydanlarında uduzmaq çox ağır bir zərbə olardı. Düzdür, ola bilər ki, zəif çıxış etdik, ancaq  çox şey öyrəndik.

- Bu yaxınlarda məşhur aktyor və “Bakılı oğlanlar” klubunun keçmiş üzvü Bəhram Bağırzadə ABŞ-a qarşı keçirilən oyunla bağlı fikrilərini deyib və millinin üzvlərini sərt tənqid edib. Sizi 90 dəqiqə ərzində meydanda qaçmamaqla və oyunu yola verməklə təqsirləndirib. Hətta göstərdiyniz oyunlarla  neft çıxaran fəhlələrin haqqlarına girdiyini, onların zəhmətlərini yerə vurduğunuzu deyib.

- Birinci növbədə onu vurğulayım ki, mənim Bəhram müəllimə çox böyük hörmətim var.  Ümumiyyətlə, ölkəmizə bu və ya digər şəkildə xeyir verəcək insanlara hörmətim sonsuzdur. Çünki daim ölkənin tanınması üçün çalışırlar, zəhmət çəkirlər. Amma bir reallıq var ki, bu gün milli komanda da oynayan futbolçular seçilmiş insanlardır. Hazırda Azərbaycanda 8-9 milyon insan varsa, onların arasında 40-50 nəfər yaxşı futbolçu ya var, ya da yoxdur. Bəhram müəllim bu sözü ümumi olaraq bütü futbolçulara ünvanlayıb lakin mən bunu öz üzərimə götürmürəm. Çünki mənim necə prinsipdə işlədiyimi hamı bilir. Çalışmışam ki, hər zaman aldığım maaşın haqqını verim. Bu həm çıxış etdiyim klubda belə olub, həm də ki, milli komandada. Mən futbola başlamamışdan qabaq fəhlə işləmişəm. Futbol oynamaq bizdə allah tərəfindən verilən istedadır.  Mən neftçilərin əməklərini yerə vurmaq istəmirəm. Ölkənin iqtisadiyyatında önəmli pay sahibləri olan insanlardır. Onların çəkdikləri əziyyətə, qışda, yayda, boranda, istidə tökdükləri tərə deyəcək sözümüz yoxdur. Ancaq bu gün hər hansı bir neftçini gətirib futbol oynatdıra bilmərsiniz. Bunun əksi isə real ola bilər. Hər hansı bir futbolçunu neft çıxarmağa göndərsən bunu bacara bilər. Ən böyük fərqimiz məncə, elə burdadır. Onların futbol oynamaq bacarıqları olsaydı, bizim yerimizdə olardılar və oynayardılar. Ona görə də məsələni bu cür müqayisə etmək və bu cür yanaşmaq düzgün deyil. Əgər bir neftçi gəlib futbol oynaya bilsə, millinin şərəfini qoruya bilsə, o zaman bu müqayisə düzgün olar.  Milliyə çağrılmışıqsa, deməli, biz bu sahədə başqalarından fərqliyik və istedalıyıq. Ola bilər gələcək oyunlarda mən milliyə çağrılmayım. Demək ki, artıq milliyə layiq deyiləm və ona xeyir verə bilməyəcəm. Mən heç kimlə konfliktə girən insan deyiləm və heç kimlə də mübahisə etmək fikrim yoxdur. Amma ümumi danışılanda hardasa, mənim də payıma nəsə çatır. Ona görə də mən öz haqqımı qorumaq üçün belə fikirləşirəm. Yenə deyirəm əgər bir nəfər neftçi çıxıb Amerikaya qarşı 90 dəqiqə oynasa, onda razılaşacam ki, bizi təhqir və ya tənqid edin, ancaq bu mümkün deyil.

- Yeni transferiniz Danial Diasla bağlı nə deyə bilərsən?

- Açığını deyim, hazırda futboldan bir qədər uzağam. Çünki biz tətildəyik və məşqlərə bir qədər ara vermişik.Ona görə baş verən yenilikləri yaxından izləyə bilmirəm. Daniel Diasın bir-iki oyun epizodlarına baxmışam.Tam olaraq məlumatım yoxdur. Ancaq eşitdiyimə görə, çox istedadlı və qol duyumu olan bir futbolçudur. İnşallah komandamız üçün xeyirli olar.

- Uzun müddət gündəmdə olan məsələlərdən biri də komanda yoldaşın Reynaldonun milliləşdirilməsi ilə bağlı oldu. Bəziləri bu fikri dəstəklədilər, digərləri isə qarşı çıxdılar. Sən bu məsələ ilə bağlı nə deyə bilərsən?

- Mən legioner futbolçunun milliləşdirilməsinin əlehinəyəm. Çünki milliləşən legioner hər hansı bir azərbaycanlının yolunu bağlayır. Həmin mövqeyə artıq bir azərbaycanlı futbolçu gedə bilməyəcək. Qoy hər hansı bir legionerdən 4-5 qat zəif olan azərbaycanlı futbolçu millinin şərəfini qorusun nəyinki qeyri-azərbaycanlı. Çünki səhərisi gün biz uğur qazananda deyəcəklər ki, legionerlərin xeyrinə udursuz.

-  Hazırda başqa klublardan transfer təklifləri gəlirmi?

- Xarici klublardan real bir təklif almamışam ancaq adını çəkmək istəmədiyim üç yerli klub var ki, məni heyətinə qatmaq istəyir. “Qarabağ”da qalmaq mənim üçün daha vacibdir. Çünki bu kluba olan sayğım, sevgim icazə verməz ki, başqa komanda ilə razılaşım. Həm də “Qarabağ” mənim gələcəyim üçün bir tramplindir. Profesional futbolçu karyerama burda başlamışam.

- Transfer təkliflərini özün qəbul edirsən, ya bizim futbolçular üçün yad olan menecerlə çalışırsan?

- Yox, menecerim yoxdur. Ancaq menecerin olması bir futbolçu üçün çox böyük üstünlükdür. Bu gün mənim klubda bir problemim yaşanarsa, onu mən həll etməli deyiləm. Menecerim bu işlə məşğul olmalıdır. Çünki elə incə nüanslar, qanunlar var ki, biz futbolçular onun yarısını bilsək də, yarısını bilmirik. Ancaq menecer bunun hamısını bilir və futbolçunun haqqlarını qorumağı bacarır.Mən hazırda yaxşı bir menecerlə çalışmaq istərəm. Elə biri olsun ki, məni xarici klublara tanıtsın və onlarla aramda əlaqə yaratsın. Yoxsa Azərbaycan daxilində buna on qədər də ehtiyac yoxdur. Özümüz də bir yerli klubdan, digərinə transfer ola bilirik. Bizim ən böyük problemimiz UEFA kontraktı bağlamamaqdan irəli gəlir. Biz ancaq ölkə daxili müqavilələr bağlayırıq.

- Səncə, futbolçularımızda menecerlə çalışmamaq adəti nədən irəlin gəlir?

- Bizdə ilk növbədə bu sistem oturmalıdır. Bəzən olurdu ki, xarici ölkələrdə oyunlara çıxanda soruşurdular ki, meneceriniz var? Biz deyəndə ki, yoxdur, onlar gülürdülər. Menecerlərin özləri tapmalıdırlar bizləri ki, mən filan futbolçu ilə əməkdaşlıq etmək, müqavilə bağlamaq istəyirəm. Bizdə isə özümüz kimlərisə axtarırıq ki, sən allah kömək et bizə xaricə çıxa bilək. Bu baxımdan çox ehtiyacımız var.

- Bəs sizə belə təkliflər necə gəlir. Klub rəhbərliyi qəbul edir bu təklifləri, ya necə?

- Bilənlər də bilir ki, biz İngiltərə ilə oynayandan sonra “Arsenal”dan mənə təklif gəlmişdi. Lakin bu barədə 5 aydan sonra xəbər tutmuşam. Görüşən adamlar sırf mənimlə görüşməyiblər. Kimdənsə, məlumat alıblar barəmdə sonra da arada soyuqluq yaranıb və məsələ bu cür başlamamış bitib. Ancaq həmin vaxt menecerim olsaydı, vəziyyət bəlkə də fərqli olacaqdı.

- Bir neçə gündən sonra Braziliyada dünya çempionatı start götürəcək. Bu çempionatın daha maraqlı və gərgin keçəcəyi gözlənilir. Sən bu dəfəki çempionatdan nə gözləyirsən və favoritin hansı milli komandadır?

- Mən bu mundialı böyük səbirsizliklə gözləyirəm. Çünki avrokuboklar qabağı mənim üçün əla bir təcrübə olacaq belə bir çempionata baxmaq. Oyunlardan özüm üçün nəsə əldə edə bilərəm, futbolçuların performanslarından nələrsə götürə bilərəm.  O ki, qaldı favoritimə mən İspaniyanın yenə güclü olduğu fikrindəyəm. Ancaq Braziliya yığmasından da nəticə gözləməyə dəyər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31