17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Elxan Məmmədov, bizdə o versleijenlərdən, leonlardan, neustadterlərdən N qədərdi! ARAŞDIRMA - YAZI

Dünən AFFA-nın rəsmi saytı xəbər yaydı ki, AZAL, “Sumqayıt” və “İnter”in ardınca “Neftçi”, “Rəvan” və “Qarabağ” da tezliklə ağ günə çıxacaq. Artıq bu komandalarda da AFFA tərəfindən təyin olunan idman direktorları fəaliyyət göstərəcək. Bu günə kimi idman direktoru olmadan min bir əziyyətə qatlaşan klublar daha bu sahədə çətinlik çəkməyəcəklər. Təyinatlar həm AFFA, həm də klublar üçün xeyirli olsun.

Amma düzünü demək (yazmaq) lazımdısa, AFFA-nın bu sərsəm qərarının yalnız 1 adı var - BİABIRÇILIQ! Axı, AFFA klubların işinə necə qarışa bilər? Belə çıxır ki, sabah AFFA-nın kefi istəsə klublara baş məşqçi də təyin edəcək?! Bu qərar birbaşa klubların işinə qarışmaqdı. AFFA-nın nə ixtiyarı var ki, “Neftçi”yə, “İnter”ə idman direktoru təyin etsin? Anlamadığım odur ki, İcraiyyə Komitəsinin üzvləri bu qərara necə “hə” deyiblər? Dünyanın heç bir ökəsində belə bir praktika yoxdur və inanmıram ki, nə vaxtsa da ola.

Fevralın 1-dən AZAL və “Sumqayıt”da AFFA-nın “kadr”ları iş başındadırlar. Görəsən, bu 2 ay ərzində onlar nə ediblər?

Yaxşı, tutaq ki İcraiyyə Komitəsi klubların müstəqilliyinə tüpürərək belə qərar qəbul etdi. Olmazdı ki, həmin post yerli mütəxəssislərə etibar edilsin? Axı, hazırda Azərbaycanda xeyli sayda işsiz mütəxəssis var: Ağasəlim Mircavadov, Nazim Süleymanov, Vəli Qasımov, Vaqif Sadıqov, Şahin Diniyev. Nəyə görə bu idman direktorları məhz Almaniya və ya Hollandiyadan gətirilməlidi?

Ən qəribəsi isə odur ki, AFFA-nın bu “kadr”ları elə də tanınmış mütəxəssilər (əgər onlara mütəxəssis demək mümkündürsə) deyillər.

“Neftçi”yə təyin olunan Jan Versleijen. Tam adı Johannes Martinus Maria Versleijendi, 58 yaşı var. 27 yaşından məşqçiliyə başlayıb. 24 ildə (1984-cü ildən 1990-cı ilə kimi işsiz qalıb) 18 yerdə çalışıb. Hollandiyadan vurub, Yaponiyadan çıxıb, Səudiyyə Ərəbistanına gedib, sorağı BƏƏ-dən gəlib. Bununla kifayətlənməyib, əvvəlcə Avstraliyaya, sonra da CAR-a üzv tutub və indi gəlib çıxıb Azərbaycana. Burdan sonra hara gedəcək...Bir sözlə, Versleijenə bir quş.

Keçək “Rəvan”ın bəxtinə düşən alman Peter Neustadterə. 48 yaşlı keçmiş müdafiəçi Qazaxıstanda anadan olub. Futbolda ilk addımlarını isə ÇSKA-nın gənclər komandasında atıb. Vaxtı ilə “Zenit, “Kayrat”, “Dnepr”, “Tavriya”, “Spartak” (Vladiqafqaz), eləcə də Almaniyanın “Karlsrue”, “Çemnitzer” və “Maynts” klublarında çıxış edib. 1996-cı ildə 3 dəfə Qazaxıstan yığmasının formasını geyib. Məşqçi kimi 5 il “Maynts”ın ikinci komandasında, daha sonra isə (2012-ci ildən) “TuS Koblents” adlı, regionla liqada mübarizə aparan klubda çalışıb. Özünüz deyin, bu adam “Rəvan”a nə xeyir verə bilər? Əgər, düz-əməlli mütəxəssis olsaydı almanlar demirəm, heç olmasa qazaxlar ondan yararlanardılar.

“Qarabağ”ın bəxtinə düşən Con Van Leon da digərlərindən seçilmir. O, yalnız futbolçu karyerasına görə öyünə bilər, vəssəlam. Belə ki, hollandiyalı 49 yaşlı sabiq hücumçu karyerası ərzində “Ayaks”, “Feyenoord” kimi klublarda, hətta Hollandiya millisində (5 il ərzində 7 oyun və 1 qol) oynayıb. Gəl ki, məşqçi kimi heç bir uğur qazanmayıb. 2 il “Utrext”in gənclər komandasında çalışıb. Daha 5 il də bu klubda məşqçi kimi fəaliyyət göstərib. 2007-ci ildən də bu yana işsizdir. Əvvəla, Leon güclü mütəxəssis olsaydı son 7 ildə işsiz qalmazdı. Digər tərəfdən də güclü kadrı axı hollandlar niyə bizə versinlər? Elə özləri bacarığından istifadə edərlər də.

“Sumqayıt”lı Frank Bernhardın hansı bacarığına görə AFFA-nın diqqətini çəkməsi də maraq doğurur. 44 yaşı var, MƏŞQÇİ KİMİ ÇIXDIĞI OYUNLARIN 52, 91 FAİZİNDƏ YENİLGİ ACISI DADIB!

Amma “İnter”li Spittler Torsteninə baxanda bayaqdan haqqında danışdıqlarımız “toya getməlidirlər”. Torstenin haqda internetdə məlumat tapmaq belə müşkül məsələdir. “Wikipedia”da onun haqqında yalnız 1 cümləyə rats gəldik: “Mozambikdə çalışıb”. İndi gəl, Elxan Məmmədov qədər optimist ol ki, bu adamlar Azərbaycan futbolunu ağ günə çıxaracaqlar. Ay-hay!

Bu təyinatlar yalnız kimlərəsə maddi cəhətdən sərfəlidir, vəssəlam. Yenə də əminliklə deyirəm ki, bu şəxslər Azərbaycan futbolu üçün heç Ağasəlim Mircavadov, Nazim Süleymanov, Vəli Qasımov, Vaqif Sadıqov, Şahin Diniyevin etdiklərini də edə bilməyəcəklər!

Şahin ZÜLFÜQAROV

P.S. Başlıqda “niyə məhz Elxan Məmmədov” deyə sual verə bilərsiniz. Axı qərarı qəbul edən baş katib yox, AFFA İcraiyyə Komitəsidir. Bəli, qərarı İcraiyyə Komitəsi qəbul edib, amma tam əminəm ki haqqında söz açdığımız kardların hamısı Elxan Məmmədovun tapıntılarıdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30