28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycanda küsdürdülər, başqa ölkədə 6 ildə 6 maşın verdilər

Azərbaycan futbolunun canlı əfsanələrindən biri-Nazim Süleymanov 1983-2000-ci illəri əhatə edən futbolçu karyerası ərzində 386 oyun keçirib. Rəqib qapılarına 100 qol vurub. Rusiya çempionu olduğu “Alaniya”nın heyətində 142 oyuna 60 qol vurmaqla, komandanın tarixinə premyer liqada ən çox qol vuran futbolçu kimi düşüb.

Publika.Az “II taym” layihəsi çərçivəsində Şimali Osetiyanın fəxri vətəndaşlığı və “Şöhrət” ordeni ilə təltif olunan həmyerlimiz haqqında məlumat verəcək.

Sumqayıtlı balasının Mingəçevirdə peşəkarlığı

“Mən 1965-ci il fevralın 17-də Sumqayıt şəhərində anadan olmuşam. Uşaq yaşlarımdan məhəllə futbolu oynamağa başlamışam. Küçə futbolunda hamı məni yaxşı oynayan uşaq kimi öz komandasına götürürdü. Sumqayıtın “Kaspi” adlı bir komandası var idi. Əlbəttə, orada böyüklər oynayırdı. 11-12 yaşlarımda mən o klubda çıxış edən futbolçuların yanında ya qaçardım, ya da top  gətirərdim. Bir sözlə, futbolu çox sevdiyimdən həmişə Mehdi Hüseynzadə adına stadionda olardım. İllər ötdükcə oyunumu daha da təkmilləşdirirdim. Bir gün Azərbaycan çempionatı keçirilirdi. O zaman Sumqayıtın “Neftçi” cəmiyyəti vardı. Orada rəhmətlik Tofiq Rzayev baş məşqçi idi.  Təbii ki, orada yaxşı futbolçular az deyildi. Onlar məni öz klublarına dəvət etdilər, dedilər ki, yarışa gedirik, gəl bizim komandada oyna.  Məni komandaya götürdülər. 1980-ci ildə keçmiş Əli-Bayramlıda (indiki Şirvan)  final oyunu keçirilirdi.  Yerli komanda qalib gəldi, biz 2-ci yerlə kifayətləndik. Amma biz çempionatın final mərhələsinə vəsiqə qazandıq. Final mərhələsi isə  Ağdamda keçirilməli idi. Bu görüşün baş tutmasına isə 6-7 ay var idi. Qeyd edim ki, Əli-Bayramlıda keçirilən oyunda ehtiyat oyunçu idim.  Amma bu vaxt ərzində öz üzərimdə çox çalışdım.  Gündə iki dəfə məşq etməyə başladım. Çünki məqsədim Ağdamda keçiriləcək oyunda heyətə düşmək idi.

Öncə Bakının “Neftçi” komandasını məğlub etdik. Daha sonra  finaldakı rəqibimizi 3:1 hesabı ilə məğlub edib Azərbaycan çempionu olduq. Bu turnirdə əsas heyətin oyunçusu oldum. Bundan sonra Ali Məşqçilik Məktəbini təzə qurtarıb Mingəçevirin “Avtomobilist”inə baş məşqçi təyin olunmuş Şamil Heydərov bizdən 7-8 nəfəri öz komandasına baxışa dəvət etdi. Onların arasında mən də vardım. Futbolda ilk peşəkar addımımı “Avtomobilist” klubu ilə atdım. 1982-ci ilin yanvar ayı idi. 10-cu sinifdə oxuyurdum. Baxışdan keçdikdən sonra komanda 3 nəfəri - məni, İqor Şvilyazevi və Azad Mütəllimovu saxlasa da, yalnız mən komandada qaldım. Çünki nə Azad, nə də İqor Mingəçevirə getmək istəmədi. Onlar “Neftçi”yə çağrılmalarını gözlədilər. Mən isə məktəbdən sənədlərimi götürüb getdim. 10-cu sinifin III və IV rübünü Mingəçevirdə oxudum. Ustalardan ibarət komandada oynayıb, 60 manat maaş alırdım. Düzdür, ilk illər məni əsas heyətə götürməmişdilər, amma sonra komandada mənə ehtiyac duyub “11-liyə” aldılar. SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında oynayırdıq. II liqada oynamaq çox çətin idi, güclü rəqiblər var idi. Məcburən məni əsas heyətə saldılar, çox yaxşı təsir bağışladım. İlk oyunda 3 qol ötürməsi verib, 3 qol vurdum”.

“Neftçi”dən dəvət və pislik

“Kazbek Tuayev “Neftçi”yə baş məşqçi gələndən sonra bizim komandadan da bir neçə gənci kluba dəvət etdi (1983-cü il). Mənimlə birgə Yaşar Vahabzadə, Camaləddin Əliyev (qapıcı) də vardı. 1983-cü ildən 1990-cı ilə qədər “Neftçi”nin şərəfini qorudum (177oyun – 27qol)”.

- 1990-cı ildə sizi “Neftçi”də saxlamaq istəmədilər. Səbəbi nə idi?

-1989-cu il mövsüm başa çatanda “Neftçi” rəhbərliyi futbolçulara müqavilə təklif etdi. Bir çox futbolçular bağlasa da, mən və Novruz Əzimov müqaviləni istirahətdən qayıdandan sonra bağlayacağımızı dedik. Onlar da müzakirələrdən sonra razılaşdılar.  Məzuniyyətə getdik, qayıtdıqdan sonra isə qəzetlərdə oxuyuruq ki, Novruz Əzimov və Nazim Süleymanov komandadan xaric olunublar. Təəssüflər olsun ki, bizə “siz komandaya lazım deyilsiniz” dedilər. 

1990-cı ildə “Neftçi” SSRİ çempionatının I dəstəsində oynayırdı. Klub rəhbərliyinə bildirdik ki, “Neftçi”də oynamaq istəyirik,  bizi niyə çıxardırsız?

Bildirdilər ki, siz komandaya lazım deyilsiniz. “Neftçi”dən getmək istəmirdik.  Bizə böyük təzyiq göstərdilər. Üzərimizə başqa sözlər də qoydular. Növbəti dəfə yaxınlaşıb xahiş etdik ki, bizə şans verilsin. Dedik ki, azərbaycanlıyıq, “Neftçi”də də oynamayandan sonra hara getməliyik?  Novruz məndən 5 yaş böyük olduğu üçün onu bağışlamadılar. Mənə isə özümü sübut etmək üçün iki ay möhlət verdilər.

1990-cı ilin yanvar hadisələri idi, biz isə təlim-məşq toplanışında idik. Həmin vaxt “Qalatasaray”la heç-heçə (2:2) oynadıq.

İclasa Quran gətirdi-“Sən futbolçu deyilsən” dedilər

Təlim-məşq toplanışından sonra mənə dedilər ki, müqaviləni imzalamaq lazımdı. Oynamaq istədiyimdən müqaviləni sevə-sevə imzaladım. Həmin ili Vəli Qasımov 12 top, mən 6 top vurmuşdum. I dövrə başa çatandan sonra futbolçularla bir yerə yığılıb söhbət edirdik. Mənə bildirdilər ki, Nazim səni komandadan çıxardırlar. Səbəbini demədilər. Bu zaman Politexnik İnstitunda 5-ci kursda oxuyurdum.

Klubun iclası olmalıydı. İclasa evdən bir Quran gətirdim. Dedim ki, mənim arxamca danışan adamlar əlini bu Qurana basıb desin ki, doğurdan da Nazim bu sözləri deyib, belə edib və biz bunu istəmirik. İclasda məşqçi heyətindən Ruslan Abdullayev, Şamil Heydərov komandanın rəisi Çingiz İsmayılov vardı. Onlarla söhbət edirdik, fikrimi bildirdim onlara da. Dedim ki, futbolçu zəif oynayarsa, onu əsas heyətə qoymurlar, ya da onun maaşını kəsirlər. Zəif oynayıramsa, ikinci məşqçi var, fərdi məşq keçib hazırlasın. Mən komandada oynamaq istəyirəm. Onlar mənə dedi:“Sən nizamlı-intizamlı, tərbiyəli birisən. Amma bura futbol komandasıdır, bura futbolçu lazımdır. Sən futbolçu deyilsən!”.

Dedim ki, komandada ən çox topu Vəli Qasımov vurub. Ona da ən azı 3-4 qol ötürməsini mən vermişəm. Həmçinin, 6 qol da özüm vurmuşam. Komandanın ikinci bombardiriyəm. Dedilər ki, “yox ey, sən futbolçu deyilsən”.

Bu sözlər mənə çox pis təsir etdi. Bundan sonra mənim “Neftçi”də qalmağım mümkün deyildi. Dərhal getmək üçün ərizəmi yazdım. I dövrədən sonra komandadan ayrıldım.

- Ortada maşın söhbəti də olub axı…

- Sonradan mənə qarşı edilən bu pisliklərin səbəbini tapdım. “Neftçi”də hər kəsə maşın verilmişdi, təkcə mənə verilməmişdi. Yəqin ki, onun dərdi idi.

- Dediniz ki, kaş özüm ərizə yazmazdım. Niyə?

- Elə o söhbətin üstünə gəlirəm…  Məni komandadan xaric etdilər, dedilər ki, getməlisən Gəncədə oynamağa.  “Neftçi”dən dedilər 6 ay Gəncədə oyna, sonra baxarıq. Dedim ki, məni “komandirovka”ya göndərirsiniz? Bu nə deməkdir? Razılaşmadım.

Pisliklər onu futboldan küsdürmədi

 “Kiyev “Dinamo”sunun, Moskva “Spartak”ının baş məşqçilərinin- Valeri Lobanovski və Oleq Romantsevin telefonlarını tapıb, onlarla əlaqə saxladım. Dedim istəyirəm gələm, məni yoxlayasınız. Düzdür, o zaman Xarkovun “Metallist”  komandası özü məni heyətində görmək istəyirdi. Amma mənim iddialarım, hədəfim böyük idi.

Hər ikisi mənə  “gəl” dedi. Hətta Lobanovski mənə bildirdi ki, nə vaxt, hansı reyslə gələcəyini xəbər et, səni aeroportda qarşılayaq. Romantsev isə Tarasovkada yerimin hazır olduğunu bildirdi.

Kiyevə getməməyimin səbəbi o idi ki, ukraynalılar fiziki cəhətdən hazırlıqlı, güc futboluna üstünlük verirdilər. “Spartak”da isə texnikalı futbolçular cəmləşmişdi. Mənə uyğun olduğu üçün Moskvaya getdim. Birinci məşqdən sonra Oleq Romantsev dedi ki, nə istəyirsən?  Dedim nə etmişəm ki, nə də istəyim? Qalmağa yer və yeməyimi verin, vəssalam. Oynayandan sonra nəyə qadir olaramsa, ona uyğun müqavilə bağlayarıq. Tarasovkada klubun bazasında qalırdım.

Səhəri gün bir məşqə çıxdım. Sonra Romantsev məni otağına dəvət etdi, bildirdi ki, məşq kifayətdir, get sənədlərini gətir. Bakıya qayıtdım ki, sənədlərimi götürüm.

Amma mənim Moskaya gedişim, “Spartak”da məşqə çıxmağım Bakıda rezonans doğurmuşdu, xüsusi ilə də “Neftçi”də. Onlar düşünürdülər ki, necə ola bilər, I dəstədə çıxış edən “Neftçi”yə lazım olmayan futbolçu “Spartak” kimi bir kluba gedir…  “Neftçi” bildirdi ki, müqavilən var, buraxmırıq. Mənə dedilər ki, biz səni Gəncəyə göndəmişik, sən hara gedirsən?  Bildirdim ki, sizə lazım deyiləm, buraxın gedim. Futbol oynamalıyam, gedirəm Moskvaya. Nə isə… İcazə vermirdilər. Elə buna görə deyirəm ki, kaş yazmazdım ərizəni. O ərizə mənə problemlər yaratdı. Onlar özləri məni çıxartsaydılar sənədlərimi rahat götürə bilərdim.

Mənim də vəzifədə olan qohumum yox idi, “Neftçi”nin prezidenti Aydın İbrahimov da məni Moskvaya buraxmırdı, deyirdi get Gəncədə oyna.

Mərkəzi komitənin o vaxtki katibi Fuad Musayev idi. O, həm də  “Neftçi”nin kuratoru idi.  Getdim  Fuad Musayevin qəbuluna, ona hər şeyi danışdım. O da götürüb zəng elədi Aydın İbrahimova. Fuad müəllim ona ağzına gələni dedi və mənə də bildirdi ki, get sənədlərini götür. Gəldim Aydın İbrahimovun yanına ki, sənədlərimi götürüm. Necə Fuad müəllim ona ağzına gələni demişdi o da mənə dedi. Bir sözlə, sənədlərimi vermədi. Sənədsiz Moskvaya getdim. “Spartak”da 3-4 həftə məşq etdim. Amma bu dəfə gördüm ki, Romantsevin münasibəti mənə qarşı soyuqdur.  Sənədləri götürmək üçün yenə Bakıya qayıtdım. Bu da mənim vaxtımı alırdı. Növbəti dəfə yenə Fuad Musayevin qəbulunda oldum. O  mənə indi niyə gəldiyimi soruşanda dedim ki, Aydın İbrahimov sənədlərimi vermədi. Bu dəfə də Fuad Musayev Aydın İbrahimova zəng etdi, ağzına gələni dedi. Getdim sənədlərimin dalınca. Bu dəfə də Aydın İbrahimov mənə ağzına gələni dedi və sənədlərimi stolun üstünə atdı”.

“Spartak” onun üçün “Neftçi”yə 20 min rubl ödəyir

“Məni futboldan küsdürmək üçün “Neftçi” transfer vərəqimi göndərmirdi. Mövsümün sonuna 3 tur qalmış vərəqə üçün 20 min rubl pul istədilər. “Spartak” pulu keçirdi və son üç oyunu əvəzedici heyətdə oynayaraq 3 top vurdum. Valeri Karpin sağda, mən isə hücumun solunda oynayırdıq. Mövsüm sona çatdı. "Spartak" İspaniyaya təlim-məşq toplanışına gedirdi. 1991-ci ilin yanvar ayında ikitərəfli oyunda ora yollanacaq heyəti seçdilər. Adımı siyahıda görməyəndə bu, mənə pis təsir etdi. Mən əvəzedici heyətə gəlməmişdim”.

Vladiqafqaz həyatı

“Həmin gün Valeri Qazzayev məni evinə dəvət etdi. O mənə Vladiqafqaz “Spartak”ının  (“Alaniya”) yüksək liqaya çıxdığını, orada yaxşı kollektiv yaratdığını dedi və komandasına dəvət etdi. Qazzayevdən bir-iki gün vaxt istədim. Həmin vaxt Vəli Qasımov da bu komandanın heyətində baxışda idi. Ona zəng edib məsləhət aldım. Mənə Vladiqafqaz klubunu təriflədi. Bir gün sonra təyyarə ilə yollandım Vladiqafqaza. Təəssüflər olsun ki, Vəli ilə birgə oynamaq qismət olmadı. O, Bakıya əşyalarını gətirməyə gedəndə onu Rusiyaya buraxmadılar. Təlim-məşq toplanışından sonra Valeri Qazzayev mənə “birinci oyundur, yerlilər oynasa, daha yaxşı olar” dedi. Mən də əsəbləşdim. Qatara minib Sumqayıta gəldim.

- Qazzayevlə problemləriniz buradan başlayır?

- Xeyr, bu başlanğıc deyildi.

Sonra Qazzayevlə telefon əlaqəmiz oldu, o, mənə oynayacağımı dedi, qayıtdım yenidən Vladiqafqaza. Bir çox oyunlar keçirdim. “Metallist”ə  2:0 uduzduğumuz oyundan sonra Qazzayev dedi ki, gedirəm Moskva “Dinamo”suna.  Qaldım çıxılmaz vəziyyətdə,  baş məşqçi klubu tərk edir, Vladiqafqazda heç kimi tanımıram, məni də o dəvət edib. Mənim nə evimi verir, nə maşınımı,  nə də pulumu  və gedir Moskvaya. Düzdür, o getsə də evi də, maşını da verdilər.

1991-ci ildə SSRİ dağıldı, 1992-ci ildə Rusiya çempionatı başladı, biz Rusiya çempionatında çempion olduq, bir dəfə də II yeri tutduq. Çempionlar kubokunda, UEFA kubokunda iştirak etdik. 6 il Vladiqafqazda yaşadım şəhərin fəxri vətəndaşı oldum.

8 il “Neftçi”də oynadım mənə maşın vermədilər, 6 ildə “Alaniya”da mənə  6 maşın verdilər. Mən istəmirdim, özləri verirdilər. Ev də aldım, Şimali Osetiyanın “Şöhrət” ordeni ilə təltif olundum”. 

Ölkəsində institutdan qovuldu - Şimali Ositiyada bərpa edildi

“O zamanlar  Politexnik İnstitundakı təhsilim yarımçıq qalmışdı. Məni institutdan qovmuşdular. İnstituta getdim ki, “zaçotlar”ımı verim. Müəllimlərə dedim ki, əvvəl “Neftçi”nin oyunçusu idim, yazırdız. İndi də gəlmişəm ki, özüm verim imatahanlarımı. Razı olmadılar. İnstitutdan xaric eləmişdilər məni.  Vladiqafqazda klub rəhbərliyinə bununla bağlı problem danışdım. Kosta Xetaqurov adına Universitetin hüquq fakultəsinə  qəbul etdilər məni”.

“Borussiya”ya, “Liverpul”a qarşı oynadı…

“1995-ci ildə Rusiya çempionu olmaqla bərabər, çempionatın bombardiri oldum. Çempionlar Liqasında Dortmund "Borussia"sına, "Liverpul"a, "Qlazqo Reyncers"ə qarşı oynadıq. Növbəti il də biz çempion olmalı idik. Lakin "qızıl oyun"da 2-1 hesabı ilə məğlub olmağımız hər şeyi korladı. 

1996-cı ildə  müqaviləm başa çatdı. Bundan sonra  mənimlə müqaviləni uzatmaq istəmirdilər.  Həmin ilin sonlarında Osetiyada mənə dedilər ki, “gəl səni futboldan yola salaq, təntənəli şəkildə vidalaşaq”. Mən isə razılaşmadım. Dedim futbol oynamaq istəyirəm. Dedilər  neynirsən, ali təhsilin var, hüquqşünassan.  Osetiyada qal, işə düzəl. Osetiya xalqı da səni sevir, qal burda işlə. Mən isə razılaşmadım”.

Şimali Osetiyanın prezidenti: “Xalq Nazim Süleymanovu sevirsə…”

“O zaman30 yaşım var idi. Çempion olduq, hamıya  maşın verirdilər. “Çeşka 180” 1995-ci ildə yeni çıxmışdı. Qazzayev “Şöhrət” ordeninə təqdim olunanların siyahısını rəhbərliyə aparıb. Orda mənim adım olmayıb. O dövrdə də Şimali Osetiyanın prezidenti Hacımurad Qatsalov idi. O siyahıya baxıb və deyib ki, xalq Nazim Süleymanovu sevirsə, biz ona “Şöhrət” ordeni verməyə bilmərik. Beləliklə prezident mənim adımı “Şöhrət” ordeni alanların siyahısına özü əlavə edib”.

- Qazzayevin sizə qarşı kinli olmasının səbəb nə idi, Osetiyada sizin nüfuzunuzun onun nüfuzunu üstələməsi?

- Bir gün Qazzayev bir nəfər vasitəsilə BaxvaTedeyevlə mənim  “Dinamo”da oynamağım üçün təklif göndərdi. Mən getmədim. Hətta həmin adama dedim ki, Vladiqafqazda məni evsiz, maşınsız qoyub gedən adam orada mənə nə edəcək. Dediklərimi Qazzayevə çatdırıb. O da küsüb məndən. Məni Vladfiqafqazda stadiona toplaşan 35 min azarkeş alqışlayırdı, sevirdi, ona görə getmədim. Amma BaxvaTedeyev getdi. Getsəydim, Moskvada da özümə şərait yaradardım. Ancaq o zamanlar mənim bir fikrim var idi, o da futbol oynamaq idi. 

- Deyilənlərə görə, Qazzayev sizi ehtiyatda saxlayanda azarkeşlər bir ağızdan “Sulyanı meydana burax” qışqırırmış.

- Bəli, belə hadisələr çox olub. Stadiondakı azarkeşlər arasında azərbaycanlılar yox idi. Hamısı osetinlər idi. Onlar mənim qohumlarım deyildi ki...

Moskva “Dinamo”su ilə qarşılaşnda da azarkeşlər mənim ünvanıma müsbət,  Qazzayevin ünvanına mənfi ifadələr səsləndirirdilər.  Mənə çox böyük dəstək olurdular. Çünki Qazzayev komandanı qoyub getmişdi. Amma sonra Qazzayev yenidən qayıtdı ora.

- Bəs indi Qazzayevlə münasibətlər necədir?

- İndi normal, salamlaşıb, görüşürük.

- Deyilənlərə görə, Vladiqafqazda azarkeşlər sizi çiyinlərində evinizə qədər aparırmış...

- Düzdür, belə hallar da baş verib. Hər halda, oradakı azarkeşlərə özümü sevdirə bilmişdim ki, belə hallar yaşanırdı.

Millidəki karyerası

Azərbyacan müstəqillik əldə edəndən sonra hər bir ölkənin öz milli komandası yarandı. Fuad Musayev də AFFA-nın  prezidenti seçildi. Bu dövrdə da Rusiya Futbol Federasiyasından Rusiya millisində oynamağım üçün dəvət göndərmişdilər. Amma mən öz millimizi seçdim, burada oynamağı sevə-sevə qəbul etdim. Millinin ilk qolunun müəllifi də mənəm, I kapitanı da mən olmuşam. 

Soçidə məşqçi kimi meydana çıxır

“Vladiqafqazdan əşyalarımı yığışdırıb Soçiyə gəldim. Burada ev və maşın aldım. Sonra Ali Məşqçilik məktəbində oxumağa başladım. 1997-ci ilin yanvarında Moskvada keçirilən "Birlik kuboku" turnirinə baxmağa getmişdim. Həmin il Azərbaycanı orda "Kəpəz" təmsil edirdi. Oyunları izləyərkən "Jemçujina"nın baş məşqçisi ilə qarşılaşdıq. O məni komandaya dəvət etdi və bildirdi ki, maddi cəhətdən problemləri var. Məşqçilik məktəbində oxuyurdum, çatışmayan təkcə  futbol idi. Ona görə də razılaşdım. 4 ay Soçidə pulsuz oynadım. Sonra sponsorlar tapıldı və hər şey qaydasına düşdü. İki il “Jemçujina”nın heyətində Rusiya Premyer liqasında oynadım. Karyerama da orada son qoydum. İlk məşqçi fəaliyyətim də orada oldu. Hazırda Soçidə  yaşayıram. Övladlarım da Rusiya vətəndaşıdır”.

Qısa bir epizod - “İndi də danışanda tüklərim biz-biz olur”

“2003-cü ildə mən Vladiqafqaza getdim.O zaman Hazırda “Xəzər Lənkəran”da işləyən Emin Quliyev “Alaniya”da oynayırdı. AFFA-dan məni məşqçi-seleksioner kimi göndərdilər ki, gedim onun problemini həll edim. O zaman Baxva Tedeyevi “Alaniya”ya yeni baş məşqçi qoymuşdular. Oradakılarla görüşdüm. Səhv etmirəmsə, onların “Torpeda” ilə matçı vardı. Biz matçı tanışlarla bir kənarda oturub izləyirdik. Bir də stadiondan elan etdilər ki, Stanislav Çerçesov stadiondadır. Daha sonra elan etdilər ki, respublikanın prezidenti də buradadır. Hamı əl çalırdı. 5-10 dəqiqə keçəndən sonra elan etdilər  ki, “Azərbaycan milli komandasının selleksioner məşqçisi, bizim sevimlimiz, 1995-ci ildə çempion olmuş, Osetiyanın “Şöhrət” ordenini  almış Nazim Süleymanov da stadiondadır”. Bu zaman bütün stadion  ayağa qalxaraq məni alqışlayırdı. Hamının gözü məni VİP lojada axtarırdı. İndi də danışanda tüklərim biz-biz olur... Mən də azarkeşlərin arasında oturmuşam, Çerçesov və prezident VİP-də oturmuşdu. Sonra elan etdilər ki, Nazim VİP-də yox, azarkeşlərin arasında oturub. O hadisə məni çox qürürlandırmışdı”.

İdmandankənar söhbət

- Şahin Diniyevdən müsahibə götürərkən o bizə bildirmişdi ki, o vaxtkı Azərbaycan millisinin üzvləri arasında ən pis səs özündə və Jıdkovda idi. Ən yaxşı səsin isə sizdə və Novruz Əzimovda olduğunu bildirmişdi.  Sizin yaxşı muğam səsinizin olduğunu demişdi...

- (Gülür) Yox, elə də yaxşı səsimin olduğunu deməzdim. Amma hər bir azərbaycanlı muğamı sevməlidir. Mən də muğamı sevirəm.

 - Hobbiniz varmı?

 - Xeyr, elə bir hobbim yoxdur. Boş vaxtlarımı ailəmə, övladlarıma sərf edirəm.

- Yoldaşınızla necə tanış oldunuz?

- Ailəmin məsləhəti ilə tanımışam. Böyüklərin sözü bizim üçün qanun idi. 1991-ci ildə ailə qurduq. 3 oğlum var.

-Yoldaşınız üçün yeni bir şəhər, ölkəsindən uzaq bir məkan... Narazılıq etmirdi?

- Qətiyyən. Mən həmişə işimlə bağlı məşqlərdə olurdum, tez çıxıb, gec qayıdırdım. Bu əziyyətə dözdü. Sağ olsun ki, mənə hər zaman dəstək oldu. Sizin sayt vasitəsilə ona da öz təşəkkürümü bildirirəm.

- Övladlarınızdan heç biri yolunuzu davam etdirmir?

- Böyük oğulum- Naim Süleymanov Qərb Universitetinin 4-cü kursunda təhsil alır. Bu il ali təhsili başa vurur. Ortancıl oğlum- Tamerlan Bədən Tərbiyəsi Akademiyasının 2-ci kursunda, kiçik oğlum da 10-cu sinifdə oxuyur. 

Tamerlan özü üçün idmanla məşğul olub. Amma peşəkar idmanda deyil. Mən də bunu hörmətlə qarşılayıram, seçim onlarındır. Amma bir valideyn olaraq onlarla dost kimi söhbət etməyi bacarmalısan. Bu zaman övladına düzgün yol göstərə bilərsən.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31