23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

Ukraynanın möhtəşəm qələbəsinə sözardı YAZI

Uzun illər SSRİ-nin tərkibində yaşadığımızdan bugünkü gündə də ölkəmizdə Ukrayna və Rusiya millisinin kifayət qədər azarkeşi var. Çox uzağa getməyə ehtiyac yoxdu. Elə atamı nümunə göstərə bilərəm. 1994-cü ildən etibarən mənə futbolu sevdirən atam bugünkü gündə də Kiyev "Dinamo"sunun və Ukrayna yığmasının çılğın azarkeşidir. Uşaq vaxtından yaddaşımda Ukrayna millisinin və Kiyev "Dinamo"sunun o qədər unudulmaz oyunu var ki...Amma ÇL-in yarımfinalında, "Dinamo" və "Bavariya" arasındakı 3:3-lük oyun bugünkü gündə də gözlərimin önündədir. Kiyevlilərin 3:1-lik üstünlüyü əldən verməsi, Şovkovskinin demək olar ki mərkəzdən qol buraxması atamı necə əsəbləşdirmişdisə, 2 gün özünə gələ bilməmişdi. Amma ondan fərqli olaraq, həmin vaxt mənim ukaynalılara qarşı zərrə qədər də marağım yox idi. Yalnız Andrey Şevçenkonun "Milan"a gəlişi mənə Ukrayna yığmasını, ümumilikdə Ukrayna futbolunu sevdirdi.

Mənim üçün Rusiya futbolu daha cəlbedici olub. Nə qədər qəribə olsa da, 90-cı illərin ortalarından Moskva "Dinamo"sunun azarkeşiyəm. Qəribə sözünü ona görə yazdım ki, Moskvaya ilk səfərimdə hətta ruslar belə "Dinamo" sevgimi təəccüblə qarşılaşmışdılar. "Ağ-göylər" "ment"lərin komandası kimi tanındığından moskvalılar tərəfindən o qədər də sevilmirlər. Onların təəccübləri belə "Dinamo" həvəskarı olmağıma zərər gətirə bilmədi. Rusiya paytaxtında yaşadığım 1 il ərzində dəfələrlə "Dinamo"nun "Ximki" stadionunda keçirdiyi oyunları canlı olaraq stadiondan izlədim. Amma indiki "Dinamo" əvvəlki komandadan fərqlənir. Bu günün "Dinamo"su pulu ilə güc qazanır. Amma o vaxtkı "Dinamo" Teryoxin kimi əfsanə, Smetanin, Toçilin kimi ortabab futbolçulardan qurulmuş bir kollektiv idi. Moskvadakı günləri xatırlayarkən, 1 haşiyəyə də çıxım ki "Ximki"də dəfələrlə "Dinamo"nun oyununa tamaşa etməyimə baxmayaraq, 1 dəfə də olsun ruslar məni özləri ilə "Lujniki"yə aparmadılar. "Qara"lar "Spartak"la oyuna gedə bilməz". Əslində dərimin rəngi elə də qara deyildi. Lakin azərbaycanlı olduğuma görə mənə də "qara" damğası vurulmuşdu.

Bu yazını yazmaqda məqsədim nə "Dinamo"nun tarixini vərəqləmək, nə də Moskvadakı həyatımdan bəhs etməkdi. Yazının qəhrəmanı Ukrayna millisidir. Dünən Ukrayna millisi qəhrəmanlıq etdi. Sözün həqiqi mənasında. Püşkatmadan sonra çoxları ukraynalıları "dəfn etmişdi". Amma Ukrayna millisi bütün dünyaya sübut etdi ki, futbolda ad-san, pul, nüfuz - bunların heç biri böyük rol oynamır. Xüsusən də play-off matçlarında. Slavyanlar ikinci hissədəki möhtəşəm oyunu ilə Fransanı meydandan sildi. Möhtəşəm qələbə sayəsində komanda mundiala bir addım da yaxınlaşdı. Bəlkə də çoxları Ukraynadansa, Fransanın mundialda oynamasını daha ədalətli hesab edir. Ən azından Fransanın heyətindəki ulduzlara görə. Riberi, Benzema, Jiru kimi ulduzları hər bir futbolsevər mundialda görmək istər. Amma istəməklə iş bitmir.

Yazının əvvəlində də dediyim kimi ölkəmizdə Ukrayna millisinin kifayət qədər azarkeşi var. Ukrayna Azərbaycanda təkcə sarışın gözəlləri ilə deyil, həm də Lobanovski, Şevçenko, Rebrov, Şovkovskiyə görə tanınır.

Ukrayna 2:0-lıq üstünlüyü cavab oyununda da qoruyacaqmı? Bu suala birmənalı olaraq "hə", ya da "yox" cavabı vermək çox çətindir. İndi futbolsevərləri başqa məqam narahat edir. Görəsən, bir neçə il əvvəl İrlandiya kimi Ukraynanın da haqqı tapdalanmacaqmı? UEFA prezidentinin Mişel Platini olması insanları bədbinliyə sövq edir. Amma inanaq ki bütün bu bədbinliklər elə ehtimal olaraq qalacaq. Qoy, kim güclüdürsə, o da mundiala yollansın. Ən əsas da futbol qazansın. Amma həmin gün əksər azərbaycanlılar kimi mən də Ukraynanın qələbəsini arzulayacağam. Ən azından atama görə.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30