20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Xarici futbol

Tottinin vida məktubu

27 il əvvəl Romadakı mənzilimizin qapısı döyüldü. Anam Fiorella açdı qapını. Kandarda mənim futbol taleyimi dəyişə biləcək şəxslər dayanmışdı. Özlərini futbol meneceri kimi təqdim etdilər. “Roma”dan deyildilər. Geyimləri qırmız-qara rəngdə idi. Məni “Milan”a aparmaq istəyirdilər. Nəyin bahasına olursa-olsun. Sizcə, anam əllərinin qəti jestinin müşayiəti ilə nə cavab verdi?!

***

Romalı oğlan uşaqlarının iki variantı var: sən ya qırmızı-sarı, ya da bəyaz-mavi olmalısan.. Sən ya “Roma”lısan, ya da “Latsio”lu. Amma bizim ailəmizin bir seçimi vardı.

Babam Canlukanı xatırlamıram. O, dünyasını dəyişəndə mən çox balaca idim. Amma o bizim üçün çox qiymətli bir hədiyyəni miras qoyub: “Roma”nın böyük fanatı olub, bu sevgini atama ötürüb, o isə bu hissləri mənimlə və qardaşımla bölüşüb. “Roma” bizim üçün hər zaman futbol klubundan daha böyük dəyər olub. “Roma” ailəmizin bir hissəsidir, bizim qanımızda, qəlbimizdədir. Televiziyada oyunlara o qədər də tez-tez baxa bilmirdik. 80-ci illərdə hətta Romada da futbol reportajlarının sayı çox deyildi. 7 yaşım olanda atam bilet aldı. “Canavar”ları canlı, “Olimpiko” stadionunda görəcəyim gün gəlib çatmışdı.

İndi gözlərimi yumub o hissləri xatırlayıram. O rənglər, o şüarlar. Petardaların qoxusu. “Roma” azarkeşlərindən ibarət dənizin tən ortasına düşmüşdüm. İçimdə qəfildən sanki nəsə alışdı. O anları dəqiq təsvir edə bilmirəm. Bellissimo! Bu yerdə yalnız bu kəlmə keçərlidir.

Bizim yaşadığımız San-Covanni rayonunda çətin ki, kimsə məni əlimdə, ya da ayağımda top olmadan görə biləydi. Hər yerdə oynayırdıq – daş döşənmiş dar küçələrdə, ensiz dalanlarda, kilsənin qarşısında. Artıq o zamanlarda mən futbolu sadəcə sevmirdim. Ambisiyalarım vardı. Futbolçu karyerası barədə düşünürdüm. Beləcə, gənclərdən ibarət komandalarda oynamağa başladım. Otağımın divarlarını “Roma”nın kapitanı Cannininin posterləri və onun şəkillərinin olduğu qəzet parçaları ilə bəzəmişdim. O, bizim üçün ikona, simvol idi. Və romalı sadə oğlan idi. Eynən bizim kimi...

***

13 yaşım olanda qapımızı döydülər.

“Milan”a çağırırdılar. Böyük italyan klubunda oynamaq üçün şansım vardı. Nəyi seçərdim?

Amma təbii ki, seçimi mən etmədim.

Boss anam idi. O elə indi də bossdur. Həmişə oğullarının qayğısına qalırdı. Bəzən bütün italyan analar kimi həddindən artıq çox qalırdı qeydimizə. İstədiyim qədər çox gəzməyimə də icazə vermirdi. Yalnız ona görə ki, nigaran qalırdı: birdən xoşagəlməz nəsə baş verər...

- Yox. Yox, - qonaqlara belə dedi. – Çox təəssüf. Yox...

Bu, son idi. Mənim ilk transferimə boss qadağa qoymuşdu.

İstirahət günlərində atam məni və qardaşımı oyunlarımıza aparırdı. Lakin bazar ertəsindən cümə gününə qədər hər şeyə anam rəhbərlik edirdi.

“Milan”ın təklifindən imtina etmək cəsarətli addım idi. Axı ailəmiz yaxşı pul qazanmaq, dirçəlmək şansına malik ola bilərdi.

Anam mənim üçün bir örnək oldu. Anladım ki, dünyada hər şeydən vacib - evdir.

Cəmi bir neçə həftə sonra “Roma”ya keçidimlə bağlı təklif aldım. Qırmızı-sarı formanı geyindim.

Anam bilirdi!.. Karyeram ərzində mənə o qədər kömək edib ki! Bəli, o məni qorudu (hələ də bunu edir) - amma bunu edərkən öz gücünü əsirgəməyib. İlk illər onun üçün çox çətin idi. Bunu bilirəm...

Məni məşqlərə aparırdı. Hasarın o üzündə gözləyirdi. İki, üç, bəzən dörd saat. Yağışda, qarda. Fərqi yoxdur.

Ö gözləyirdi ki, mən arzumu gerçəkləşdirim.

***

“Olimpiko”da “Roma”nın heyətində debüt edəcəyimi oyundan 90 dəqiqə əvvəl bildim. Bizi Triqoriyadakı bazamızdan stadiona aparan avtobusa əyləşdim və həyəcanım artmağa başladı. Gecə çox rahat yatmışdım, amma indi bütün dincliyimi itirmişdim.

“Roma” fanatları fərqlidir, başqaları kimi deyil. Əgər bu komandanın heyətində meydana çıxırsansa, tribunalar səndən çox şey gözləyir. Nəyəsə layiq olduğunu dərhal göstərməlisən. Heç kim sənə səhv etmək fürsəti verməyəcək.

İlk dəfə meydana çıxanda böyük qürur hissi keçirdim. Axı öz evim, öz babam, öz ailəm üçün oynayırdım.

25 il ötüb. Bütün bu illər ərzində həmin təzyiq itməyib. Amma bu təzyiq - imtiyaz, əlavə üstünlükdür!

Əlbəttə, səhvlərim də olub. 12 il əvvəl Madrid “Real”ına keçmək barədə düşünmüşəm. Uğurlu, bəlkə də dünyanın ən güclü komandası sənə təklif göndərəndə özündən asılı olmayaraq tərəddüd etməyə başlayırsan. Dəyişikliklər barədə düşünürsən. “Roma”nın prezidenti ilə də müzakirə apardım. Amma yekunda hər şeyi ailəmlə etdiyim söhbət müəyyənləşdirdi. O söhbətdə bir daha mənə xatırlatdılar: Ev – hər şey deməkdir!

39 ildir ki, Roma mənim evim, 25 ildir ki, “Roma” futbol evimdir. Skudettonu qazananda da, Çempionlar Liqasında oynayanda da bacardığımın ən maksimumunu etməyə çalışmışam ki, klubumun rənglərini şərəflə təmsil edə bilim. Ümidvaram ki, mənimlə fəxr etmək üçün əsasınız olub...

Kimsə deyə bilər ki, mən vərdişlərə bağlı adamam. Hətta valideynlərimin evindən də həyat yoldaşım İlari ilə nişanlanandan sonra ayrıldım. Düşünürəm ki, “Roma”nı tərk etdikdən sonra nədən ötrü darıxacağam? Gündəlik xırda-xuruş işlər, öyrəncəli olduğum nizam qaydaları, saatlarla sürən məşqlər, paltardəyişmə otağındakı laqqırtı üçünmü?! Məncə, hər şeydən çox komanda yoldaşlarımla birgə hər səhər bazada içdiyim kofedən ötrü qəribsəyəcəm. Bəlkə də bir gün kluba artıq futbolçu kimi yox, başqa statusda qayıtsam, bu dediklərim yenə əvvəlki kimi olacaq.

Bəzən insanlar soruşur ki, niyə bütün ömrünü Romada keçirirsən?

Roma sevdiyim ailəm, dostlarımdır.

Roma dəniz, dağlar, abidələrdir.

Roma, əlbəttə ki, romalılardır.

Roma qırmızı və sarı rənglərdir.

Roma mənim üçün bir dünyadır.

Bu klub və şəhər mənim həyatımdır.

Əbədilik...

Tərcümə etdi: Firuz ABDULLA 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30