18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Xarici futbol

Tottinin 40 yaşına...

“CBC Sport”da dünən efirə gedən “Kalçomaniya”nın növbəti buraxılışında bu günlərdə 40 yaşını qeyd edən “Roma”nın əfsanəvi kapitanı Françesko Tottiyə də yer ayrılıb. Futbolxeber.az saytı Firuz Abdullanın yazdığı süjetin mətnini təqdim edir:

- Dünyada heç bir yaşayış məntəqəsi, ən azı, bir məsələdə Roma ilə müqayisə oluna bilməz: sinonimlər.

Roma həm “Əbədi şəhər”di, həm qladiator döyüşü. Həm bəşər tarixinin ən qüdrətli imperiyalarından birinin adaşıdı, həm də milyonlarla katolikin, heç olmasa, bircə dəfə xeyir-dua almağa ümid etdiyi Papanın məkanı.

Amma son illər, istər dırnaq işarəsi içində, istərsə də dırnaqsız – Roma çoxları üçün daha bir adla assosiasiya olunur: Françesko Totti!

Totti qladiatorların ən azadı, sonuncu Roma imperatoru, “Əbədi şəhər”in əbədi sakinidir.

Françesko həm də təkcə bir şəhərə, bir kluba və həmin klubun azarkeşlərinə münasibətdə yox, mənəvi dəyərlərin aşılandığı, vəfalı olmağın az qala sadəlövhlüklə eyniləşdirildiyi bir dünyada və dövrdə bütün bəşəriyyətə sədaqət nümunəsi göstərən şəxsiyyətdir.

Bu xitabımda Tottinin futbolçu kimi keçdiyi yolu, onun uğurlarını və uğursuzluqlarını, qələbələrini və məğlubiyyətlərini sadalamaq istəmirəm.

Ən azı, ona görə ki, Totti bütün uğurları və qüsurları ilə tarixin ən böyük romalılarından biridir.

O, müasir futbola təkcə zəmanənin futbolçusu kimi yanaşsaydı, titul və maddi sərvət baxımından indi sahib olduqlarının bəlkə də 100 qatını əldə edə bilərdi.

Amma Françesko hər atdığı addımda romalı və “Roma”lı kimi davranıb.

Onun davranışı həqiqətən də fədakarcasına sədaqət nümunəsidir.

Lap gənc yaşlarından dünya futbolunun nəhəng klublarının hədəfində olsa da, “Yeriyən Kolizey” doğma şəhərini tərk etmədi.

Daş düşdüyü yerdə ağır olar!

O, doğma “Roma”sı üçün nələr etməyib ki?! Başqa komandaların heyətində qazana biləcəyi kuboklardan, medallardan imtinadan savayı, “Roma” Françeskonu bəzən dəli olmaq həddinə çatdırıb.

Bu sevda onu rəqibinə tüpürməyə də vadar edib, İtaliyada hamının üfürə-üfürə qorumağa çalışdığı Pirlonu qəsdən zədələməyə də.

Vurduğu qoldan sonra məktəb şagirdi sevinci ilə meydanda selfi çəkmək də Tottinin Romaya olan qədim eşqinin müasir həyatda, yeni texnologiyalarda təcəllasıdır.

Çıxartdığı hər hoqqadan sonra da azarkeşin ona olan münasibəti dəyişməyib.

Françeskonun ədabazlığı hər addımda təbiidir.

Bunun üçün bir amil yetərlidir: Romada doğulmaq.

Çünki hər cür ədası ilə yanaşı, “Mən Romanın, Del Pyero bütün İtaliyanın imperatorudur”, - deyə səmimi, eqosuna üstün gələ bilən açıqlamalar verəcək qədər sadədir həm də Totti.

“Uşaqlıqda Papa ilə görüşə getmişdik. O qədər uşağın arasında Papa məhz mənim alnımdan öpdü. O vaxt güman etdim ki, bu, taleyin mənə xoş bir işarəsidir”.

Pontifiklə uşaqlıq xatirəsini belə xatırlayan Totti o illərdə ən məşhur romalılardan biri olacağına əmin ola bilməzdi.

Amma bütün romalılar kimi onun da həmişə dəqiq bildiyi bir həqiqət var: bütün yollar Romaya aparır.

Və bu gün biz heç tərəddüd emədən, əminliklə bunu deyə bilərik: nə qədər ki Totti var, Romada iki Papa olacaq!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30