19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Xarici futbol

Omar Momani: “Milan" futbol tarixinin ən yaxşı komandasıdır!”

Bu insanı üzdən tanımasaq da, futbol aləmində çox məşhurdur. Onun futbol mövzusunda çəkdiyi karikaturalar həmişə azarkeşlərə təbəssüm bəxş edir. Söhbət yazının başlığından da göründüyü kimi karikaturaçı rəssam Omar Momanidən gedir. İordaniyalı istedad yaxınlarda Rusiya mətbuatına geniş müsahibə verib, sənəti, özü digər mətləblərdən danışıb. Maraqlı olacağını nəzərə alıb həmin söhbəti ixtisarla təqdim edirik.

- Omar, karikaturalarınız dünyada özünüzdən daha məşhurdur. Qısaca olaraq, necə təqdim olunmağınızı istərdiniz?

- 34 yaşlı subay iordaniyalı. 6 ildir ki, futbol mövzüsunda karikaturalar çəkirəm. Əslində, özümü xoşbəxt insan sayıram. Yaxınlarda evlənmək istəyirəm.

- Futbolçuların şarjlarını çəkmək uşaqlıq arzun olub?

- Deməzdim. Uşaq vaxtı dəftərlərimdə boş yer tapmaq mümkün deyildi. Cizgi filmləri qəhrəmanlarının, əsasən də Mikki Maus, Tom və Cerrinin şəkillərini çəkməyi xoşlayırdım. Bir də dənizçi Popayın. Sonradan mənə komikslər hədiyyə etdilər. Ağ vərəqi həmin komikslərin üzərinə qoyub karandaşla konturlar cızaraq öz komikslərimi çəkməyə çalışırdım.

- Həmin komikslərin qəhrəmanları futbol oynayırdılar?

- Yox. Futbolla tanışlığım 1990-cı ilə təsadüf edir. İtaliyada mundial keçirilirdi. Orada çoxlu ulduz futbolçular var idi - Dieqo Maradona, Ruud Qullit, Salvatore Skilaççi, Lotar Matteus... Hamısı qeyri-adi futbolçular idi. Həmin vaxt Qullit və Karlos Valderramanın karikaturalarını çəkmişdim. Yəqin ki, onların qeyri-adi saç düzümünü xatırlayırsınız. Həmin karikaturalar futbol sahəsində ilk şəkillərim idi.

- O şəkilləri saxlayırsınız?

- Yadımda deyil, kiməsə hədiyyə verdim. O vaxtdan futbolun vurğunuyam. 90-cı illərdə “Milan"a azarkeşlik edirdim. “Milan" futbol tarixinin ən yaxşı komandasıdır! O vaxt heç ağlıma da gəlməzdim ki, 15-20 il sonra karikatura çəkməklə pul qazanacam.

- Bəs, 15-20 il əvvəl necə pul qazanırdınız?

- Özümü müxtəlif sahələrdə sınamışam. Amma həmişə yaradıcılığa olan həvəs məni sərbəst buraxmayıb. 1999-cu ildə proqramçı kurslarına yazıldım. Məqsədim kompüter oyunları üçün personajlar hazırlamaq idi. Universiteti bitirdikdən sonra İordaniyanın müxtəlif kompaniyalarında rəssam və animator kimi işləmişəm.

- Futbol sahəsinə gəlişiniz necə oldu?

- Yaratdığım qəhrəmanların heç biri uğur qazana bilmədi. Deməli, nəsə yeni bir şey axtarıb tapmaq lazım idi. Müxtəlif mövzularda karikaturalar hazırlamağa başladım. 2010-cu il dünya çempionatı zamanı isə futbolla bağlı karikaturalar çəkmək qərarına gəldim. CAR-dakı mundialda xeyli maraqlı hadisələr baş vermişdi və onları özüməməxsus yumor hissi ilə ağ vərəqə göçürməyə başladım. Maradonanın almanlar tərəfindən biabır olunduğunu misal çəkə bilərəm.

- ...

- Əvvəlcə həmin şəkilləri dostlarıma göstərdim. Xeyli gülmüş və çox bəyənmişdilər. Məsləhət gördülər ki, bu işi davam etdirim. Karikaturaları İordaniyada nəşr olunan bir neçə qəzetə göndərdim. Əksəriyyəti şəkilləri dərc etmək əvəzinə mənə məsləhət verdilər: “Futbol nəyinə lazımdır? Bu ağılsızlıqdır! Ondansa, siyasətçilərin karikaturalarını çək". Hətta qəzetlərdən birinin rəhbərliyi onlar vasitəsilə özümü reklam etmək istədiyimi düşünərək, məndən şəkillərin dərc olunması üçün pul da istəmişdi.

- Məgər İordaniyada futbol populyar deyil?

- Bizdə ən çox İngiltərə və İspaniya çempionatlarını izləyirlər. İordaniyada idman çox “kasıb"dır. Bu üzdən insanları idman yox, başqa sahələr maraqlandırır. Öz nəşrlərimizin mənə biganə münasibətinə görə həvəsdən düşmədim. Sosial şəbəkələrdə şəkilləri paylaşdım, xarici saytlara göndərdim. Bir qədər sonra goal.com-dan əməkdaşlıq təklifi gəldi. Mourinyonun təlxək obrazında karikaturasını çəkdim və goal.com-a göndərdim. Bu, mənim böyük futbol ailəsinə doğru atdığım ilk addım idi.

- İlk karikaturalarına oxucuların münasibəti necə oldu?

- Əvvəlcə özümdə elə bir təsəvvür yaranmışdı ki, hamı mənə qarşıdır. Başladığım işi atmaq istəyirdim. Pessimizmə qapıldığım bir vaxtda saytın baş redaktoru mənə zəng etdi və dedi: “Messi və Ronaldoya bax, onları milyonlar sevir. Həm də milyonlarla insan onlara nifrət edir. Ancaq onlar heç nə olmamış kimi, yeni-yeni zirvələr fəth edirlər. Onlar kimi ol və səni də uğur gözləyir".

- Baş redaktorun sözlərinin təsiri oldu?

- Bəli. Qollarımı çırmayıb işə başladım.

- Karikatura qəhrəmanlarının səninlə əlaqə saxladığı hal olub?

- Braziliyadakı dünya çempionatına aid bir şəkil çəkmişdim - Didye Droqba filin, Samuel Eto'O isə şirin üstündə mündiala yollanırdı. Hər ikisi həmin karikaturanı şəxsi səhifəsində paylaşmış, haqqımda xeyli xoş sözlər yazmışdılar. Bir dəfə də karikaturasını çəkdiyimə görə Yaya Ture əlimi sıxıb.

- Bəs, futbol ulduzlarından sənə hədə-qorxu gələn ya şəkli saytdan yığışdırmağını tələb edənlər necə?

- Yox. Hamı karikaturaya yumor hissi ilə yanaşmağı bacarır. Təkcə, Mişel Platinidən başqa. Onunla məzuniyyət vaxtı Dubayda görüşdüm, bir qədər söhbət etdik. Tez qələm, kağız götürüb şarjını çəkdim. “Bu nə zibildir?" deyə, etiraz etdi. Bəlkə də yumoruma yumorla cavab vermək istəmişdi.

- Bir şəklin hazırlanmasına qədər vaxtın gedir?

- İlk vaxtlar ideya baxımından əziyyət çəkirdim. Təcrübə artdıqca bu problem aradan qalxdı. Əvvəlcə redaksiya ilə şəklin süjetini müzakirə edir, sonra isə karandaşla konturları cızıram. Ardınca rəngləmə və şəklin fotoşopda abıra salınması prosesi gedir. Orta hesabla 1 şəklin tam hazır olmasına 3 saat vaxt lazım olur.

- Daha çox hansı mövzulara müraciət edirsən?

- Əsasən İngiltərə və İspaniya çempionatlarına. Birinci Avropada ən populyar çempionatdı. İkinci isə... Orada Messi və Ronaldo oynayır. Daha sonra Bundesliqa və A Seriyası gəlir.

- Ən çox populyarlıq qazanan karikaturan hansıdır?

- Bir neçə il əvvəl “Çelsi" Çempionlar Liqasının yarımfinalında “Barselona"ya qalib gəlmişdi. Onda bir karikatura çəkmişdim. Deməli, “Barselona" futbolçuları rəqibin qapısını top atəşinə tuturlar, lakin onların hamısı qapının qarşısında dayanan göy rəngli avtobusa dəyir. Bu karikatura dünyanın müxtəlif ölkələrində yüzlərlə saytda dərc olundu. Həmin şəkil bu gün də aktuallığını və populyarlığını itirməyib. Hə, bir də Balotellinin donuzla olan şəkli. Marionun şarjlarını çəkməkdən ləzzət alıram.

- Bəs, Messi Ronaldonun?

- Ronaldonun karikaturasını çəkmək çətindir. Messinin şəklini çəkəndə cizgi filmi qəhrəmanı küçük Snuppi yadıma düşür. Ona görə Leo şəkillərimdə həmişə balaca görünür.

- Omar, həftə ərzində neçə karikatura çəkirsən?

- Hər gün 1. Bazar günü də daxil.

- Bu işdən savayı başqa qazanc mənbəyin var?

- İordaniya şirkətdərindən birinin saytına nəzarət edirəm. Bir də kiçik bir animasiya studiyası qurmuşam. Orada bütün ideyalarımı həyata keçirmək imkanlarım var. Hərdən fərdlərin sifarişi ilə karikaturalar da çəkirəm.

- Dövlətlisən?

- Sadaladığım işlərin demək olar ki, hamısı mənə yeni qazanc gətirir. Xeyr, dövlətli deyiləm. Dövlətli futbolçulardır. Mən isə təminatlıyam. Aylıq qazancım normal yaşamağa bəs edir. Avtomobilim də o qədər bahalı deyil. 2012-ci il istehsalı olan “Şevrole" sürürəm.

- İlk dəfə pul qarşılığında çəkdiyin şəkil yadındadır?

- Bu, çoxdan olub. Hələ məktəbdə oxuyanda çəkdiyim şəkilləri satırdım. Bu, mənə az da olsa qazanc gətirirdi. Həmin pullar kinoya getməyə, müxtəlif şirniyyatlar almağa bəs edirdi.

- Momani imzasıyla şəklin qiyməti qədərdir?

- Hamısı eyni deyil. Daha çox topdan sifarişlər götürməyi xoşlayıram. Tək-tək sifarişlər də olur. Qiymətlər işin çətinliyinə uyğun olaraq dəyişir. Əgər indi özünüzün karikaturasını çəkməyi sifariş etsəniz, sizdən 100 avro alaram.

- Bir müddət əvvəlyoutube"da kanalınızı açdınız. Orada futbol mövzusunda müxtəlif animasiya filmlərini izləmək mümkündür...

- Animasiya filmləri insanlarda həmişə maraqla qarşılanıb. Əgər sponsor tapa bilsəm, bu işi daha da genişləndirəcəm.

- Özünüzü məşhur hesab edirsiniz?

- Bəli. Özümü ulduz yox, məhz məşhur insan hesab edirəm. Eynən tanınmış həkim və ya diktor kimi. Sadə bir insanam, çəkdiyim şəkillər bütün dünyada məşhurdur, lakin üzdən məni tanıyanlar çox azdır. Bu, məni zərrə qədər də narahat etmir. Omar Momani çəkdiyi şəkillərlə populyarlıq qazanıb. Şəxsi həyatım kiməsə maraqlı deyil. Ulduzlar isə... Onların nə yediyi, nə geyindiyi, necə yaşadıqları belə insanları maraqlandırır.

Mənbə: “Het-trik news”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30