28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Kalço dərsi YAZI

Futbol tarixində mayda baş tutan və yaddaşlardan silinməyən oyunlar çoxdur. Bu dəfə İtalya futbolunu azarkeşi kimi həmin tarixi oyunlardan birinin hekayəsini (təhlilini) xatırlatmaq istədim.

Söhbət 2000/2001 mövsümündə baş tutan və “Milan”ın 6:0 hesabıyla qələbə qazandığı “Derbi della Madonnina”dan gedir. Hər 2 klub həmin mövsümü yaxşı keçirmirdi və ÇL-ə son vəsiqə uğrunda “Parma”yla qızğın mübarizə gedirdi. Mövsümün sonunda bu mübarizədən “Parma” qalib ayrılacaqdı. Amma yazının mövzusu o deyil.

Odur ki, qayıdaq Milan derbisinə. Mövsümün gedişində baş məşqçi postunda Alberto Zakkeronini əvəzləyən Çezare Maldini “Milan”ın start heyətinə etdiyi “cərrahi” müdaxilələrlə tarixi qələbənin təməlini qoymuşdu.

O, təcrübəli Oliver Birhoffu ehtiyatda saxlayaraq, həmin gün bəlkə də həyatının matçını keçirəcək, elə də məşhur olmayan Canni Komandinini meydana buraxdı. Həmin matçda məhz Komandini “Milan”ın hücum xəttində əvəzolunmaz Şevçenkoyla tandem təşkil etməliydi.

Ata Maldininin “Milan”da etdiyi daha bir önəmli dəyişiklik hücum etməyi sevən braziliyalı sol cinah müdafiəçisi Serjinyonu müdafiənin yox, yarımmüdafiənin cinahında oynatmağı idi.

İlk 20 dəqiqə Maldininin dəyişikliklərdə səhvə yol vermədiyini sübuta yetirdi. “Milan”ın vurduğu ilk 2 qol bir-birinin bənzəri idi. Serjinyo sol cinahdan ötürmə (ikinci qolda asma) edir və hər 2 halda hücumu Komandini qolla tamamlayır. Maraqlıdır ki, bu, Komandinin “Milan”ın heyətində “A” seriyasında vurduğu ilk və sonuncu qollar idi.

“İnter”in elə də böyük təcrübəyə malik olmayan məşqçisi Marko Tardelli oyunun axarını dəyişmək üçün nə isə etməliydi. O çıxış yolunu ilk hissədə “axsamağ”a başlayan dayaq yarımmüdafiəçisi Farinosu əvəzləməkdə gördü. Maraq üçün qeyd edim ki, 1 il əvvəl Farinos “Valensiya” ilə ÇL finalına kimi irəliləmişdi. Tardelli fasilədə daha bir dayaq yarımmüdafiəçisi, xüsusi təqdimata ehtiyacı olmayan Luici Di Byacconu daha sonralar “Milan”da böyük uğurlar qazanacaq Klarens Zeedorfla əvəzlədi.

“Onurğa”da edilən dəyişikliklərdən sonra ikinci hissədə “İnter” qapısında daha 4 qol görəcəkdi. Cuntinin cərimə zərbəsindən birbaşa qapıya göndərdiyi topdan sonra nəhayət ki, fərqlənmək növbəsi Şevanın idi. Təbii ki, “Milan”ın 6 qol vurduğu oyunda Şevanın fərqlənməməsi sürpriz olardı. Oyunu elə də yaxşı keçirməsə də, ukraynalı forvad dubl etdi. Halbuki fərqlənənə qədər Şevçenko oyun ərzində topa 7-8 dəfə toxunmuşdu.

Əvvəlcə oyunun qəhrəmanlarından biri Serjinyo, ənənəvi olaraq sol cinahdan keçidini qapı qarşısına asmayla tamamlayır. Şevaya bu asmanı qola çevirmək qalırdı. Burda bir məsələni də qeyd etmək yerinə düşər ki, bu oyun Serjinyoyla qarşı-qarşıya mübarizə aparan Xavyer Zanettinin karyerası ərzində keçirdiyi ən bərbad görüşlərdən biri kimi yadda qalıb. Oyunda vurulan 6 qoldan 4-ü məhz argentinalının cavabdeh olduğu cinahdan gələn ötürmələrlə vurulur.

“Milan”ın matçda vurduğu beşinci qolda isə 20-ci əsrin ən güclü baş məşqçilərindən biri olan Valeri Lobanovskinin izi hiss olunurdu. Keçmiş “Dinamo”çular- Kaxaber Kaladze YENƏ sol cinahdan Şevaya ötürmə edir və 5:0!

Oyunda son nöqtəni isə qəhrəman Serjinyo qoyur. Hər halda, həmin gün braziliyalnın fərqlənməməsi bəlkə də ədalətsizlik olardı.

Hesab 0:6 olsa da, həmin gün “İnter”in müdafiə xəttində çıxış edən futbolçuların hamısı əfsanəlrə idi. Matteo Ferrari heç, amma Dario Şimiç və xüsusilə Loran Blanın necə müdafiəçi olduğu o illəri xatırlayanların yaddaşındadır. Xüsusən Blan. Fransız 90-cı illərdə müdafiə anlamında əsl etalon idi. Sadəcə olaraq məşqçi elastik 3-5-2 düzülüşüylə bacarmır və cinahlara cavabdeh olan Qreşkoyla, Zanetti oyunu faciəvi şəkildə keçirirlər. Dayaq yarımmüdafiəçiləri də həmçinin. Belə olan halda qapıçı Sebastyan Freydə günah axtarmaq da olmur. “İnter”in həmin gün hücumunu təşkil edən Vyeri ilə Rekoba oyunu sadəcə seyr etmək məcburiyyətində qalırlar. Artıq üstündən 15 ilə yaxın müddət keçsə də, İtalyan futbolunu izləməyi sevən və tarixini araşdıran hər kəs bu oyunu dünənki kimi xatırlayır.

Elzamin HACIYEV

P.S. Şəkil isə sizi çaşdırmasın. Bu şəkil hekayəsini danışdığım oyundan deyil. Sadəcə, çox bəyəndiyim üçün məhz bu şəkli seçdim. Bu şəkil 2004/05 mövsümündə ÇL-in 1/4 final mərhələsinin cavab oyunu zamanı çəkilib. Həmin oyun yarıda dayandırılıb və “İnter”ə texniki məğlubiyyət verilib. İlk oyunu 2:0 hesabıyla qazanan “Milan”, ikinci oyunun 72-ci dəqiqəsinə kimi Şevanın yeganə qoluyla 1:0 öndə idi... Burda dayanaq. Çünki yarımçıq dayandırlan Milan derbisi artıq ayrı bir hekayədir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31