29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Öz boyundan 210 metr hündürə...

Kağızla otun bir-birilə kəsişə biləcəyi platformalarla bağlı rəngarəng siyahı hazırlayacaq qədər geniş məlumat sahibi deyiləm. Uzun-uzadı və lazımsız “ilkin mənbəyə dönüş ekskursiyası”na yollana bilərik: kağız ağacdan hazırlanır, ağac da torpaqda bitir, ot da və sair. Amma bunların futbolda da kəsişmə nöqtəsi var: kağız üzərində ətalətlə favorit göstərilənlərin yaşıl meydanlarda (otun üzərində) topun sürət ritminə və dinamikasına “əsir düşüb” başgicəllənməsinə (oxu: uğursuzluğa) mübtəla (oxu: düçar) olması...

“Yuventus” çoxları üçün favorit idi. Püşkatmadan dərhal sonra. “Monako”nun asan, primitiv futbol jarqonu ilə danışsaq, “bir ayaqla” keçiləcək rəqib olduğunu deyib İtaliya təmsilçisinin azarkeşlərini səmimiyyət faizi dəryada damla qədər olan, mahiyyətində daha çox paxıllıq və kinayə iynələri qabaran tonda təbrik edənlər də az deyildi. “Qoca Sinyora” bəlkə də elə bunun acığını çıxaraq kağız üzərindəki favoritliyinin yaşıl meydana birbaşa, olduğu kimi və asan yolla transformasiyasına imkan vermədi.

UEFA-nın pavilyonunda İtaliya-Fransa işbirliyinin istehsalı olan bu dramın hər iki hissəsində məni sözün yaxşı mənasında təəccübləndirən (bəlkə də sevindirən) bir məqam oldu: Alleqri “Monako”nu knyazlığın özündə məskən salanlardan pis tanımırmış. Addım-addım taktiki diskussiya-filan açmaq fikrim yoxdur, hər iki oyunda seçilən üslubun uğurlu olması faktı “Yuventus”un adının yazıldığı kağızı Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma toplarının içində xumarlandırır.

Razıyam, futbol da, futbola münasibət də dəyişib. Dünən, daha doğrusu, ötən gecə, oyundan dərhal sonra, emosiyaların tüğyan elədiyi vaxt facebook-da müdafiə futbolunun ecazı və təntənəsi iə bağlı yazdığım statusa münasibətdə də bunu sezməmək mümkünsüzdü. Dərhal alternativ çəkildi önə: baxımlı və baxımsız futbol. Mövqeyimi müdafiə etməyəcək qədər təslimçi ruhlu deyiləm, amma mənasız polemikanın da vaxt itkisi ilə maddiləşdirilməsinin əleyhinəyəm. Mənim düşüncəmə görə, müdafiə futbolu, yox, “Yuventus”un “Monako”ya qarşı oynadığı müdafiə futbolu baxımsız futbol nümunəsi deyildi. Burada fikirlər haçalana bilər, çünki nəyə və necə baxmaq bütün dövrlərdə və bütün məsələlərə münasibətdə aktualdır.

Mənimçün baxımsız müdafiə futbolu “özün oynamırsansa, rəqibə də oynamaq imkanı vermə” məqsədinə köklənən oyun tərzidir. “Monako” dünən istədiyi QƏDƏR oynadı. Amma “Yuventus”un istədiyi KİMİ oynadı. Həmin “qədər”lə “kimi”nin arasındakı zaman kəsiyində bir qədər hökmü, tale yazısı da vardı ki, “Qoca Sinyora” bəlkə də ixtiyarlığının qazandırdığı təcrübə hesabına gərdişi öz xeyrinə yönəldə bildi. Başqa sözlə, “Monako”ya münasibətdə dağıdıcılıq yox idi, fransızlar istədiyi qədər topa da sahib oldular, ötürmə də etdilər, ifrat kobudluqla da üzləşmədilər, lakin bir-iki kiçik istisna nəzərə alınmasa, qol vəziyyəti də yarada bilmədilər. Çünki “Yuventus” müdafiəni özünün müdafiəsində qurmuşdu, rəqibin hücumunun dağıdılmasında yox. Və futbol tanrısına and olsun ki, bunlar fərqli şeylərdir.

...Pirlo, bu gedişlə, deyəsən, adını futbol tarixinə təkcə vurduğu gözəl qollarla yox, həm də dirəyə dəyən topları ilə yazdıran ilk futbolçu olacaq. Son dünya çempionatında İngiltərə yığmasının qapıçısı Co Hartı az qala havalanmaq həddinə çatdıran Andrea dünən “Monako”nun Subaşiçinə də bəzən dirəyin himayəsinə sığınmağın lazım gəldiyini göstərdi...

“Yuventus” bu mövsüm Çempionlar Liqasında öz boyundan, ən azı, 210 metr hündürə tullanıb. Bu, təsadüfi məsafə deyil. Futbol meydançasının FIFA-nın tövsiyə etdiyi uzunluğu 105 metrdir. “Byankoneri” ÇL-də hələ minimum 2 oyun keçirəcək. 315 metri qət etmək arzusu ilə bu yazını bütün “Yuve”lilər üçün qaraladım...

Firuz ABDULLA, Futbolpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31