29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

Almanların ala-yarımçıq işi...

Şair dostum Adil Cəmillə “Ədəbiyyat qəzeti”ndəki kabinetində oturub ordan-burdan söhbət edirdik. Yaxınlarda qəzetin baş redaktor müavini təyin edilən bu dəyərli alim və istedadlı insanla söhbətdə ədəbiyyatımızın problemlərindən, bizi əhatə edən cəmiyyətin dərdi-sərindən danışdıq. Təbii ki, Braziliyada keçirilən futbol üzrə dünya çempionatına da toxunduq. Onsuz olarmı heç? Bir aydır ki, bütün söhbətlərin ucu gedib futbola dirənir. Futbolla nəfəs alan da, ömründə bir oyuna düz-əməlli baxmayan da dünya çempionatında baş verənlərdən danışır...

Payızda 60 yaşını qeyd edəcəyimiz Adil Cəmilin uşaq vaxtı Kəlbəcərdə yaxşı futbol oynadığını, bir dəfə top qovanda ayağının sındığını bilirdim. Futbolla bağlı söhbətimizin şirin yerində dostuma dedim ki, şair, Almaniya millisinə biabırçı şəkildə uduzan Braziliyaya sözlə təsəlli ver. Təpədən-dırnağa istedad olan Adil Cəmil maraqlı söz işlətdi. Şair dostum dedi ki, gördün dünyada sözdən qüdrətli təsəlli yoxdu? Almanlara uduzandan sonra Braziliya yığmasının, onun fanatlarının dərdinə top da dərman ola bilmədi, əlacları sözə qaldı...

Doğru sözə nə deyəsən? Braziliyalılar topla bütün dünyanın başını aldatmağa adət etmişdilər. Ulduzları öz yerində, ən zəif futbolçularını da xarici ölkələrə “transfer bombası” adı ilə sırıyırdılar. Camaat da elə bilirdi ki, Braziliyada doğulanların elə hamısı ulduz futbolçudu. Nə bilim, bəlkə də Braziliyanı başqa ölkələrdə aldanmış milyonlarla futbol azarkeşinin ahı, qarğışı tutdu. Bəlkə də...

Yıxılana öz meydanında 7 top vuran çox olar, indi biriləri Skolaridən tutmuş masajçıya qədər Braziliya millisində çalışan hər kəsi yıxıb-sürüyür. Amma əminəm ki, çoxları elə Braziliya yığmasının çempion olmasını arzulayırdı. Elə mən də...

Almanlar meydan sahiblərinin belini qırmaqla Braziliyada keçirilən Dünya Çempionatının dadını-duzunu qaçırdılar. Almaniya millisindən onsuz da heç xoşum gəlmirdi, bu əməllərinə görə lap gözümdən düşdülər. Mənim almanlarla başqa haqq-hesabım var. İkinci Dünya savaşındakı ala-yarımçıq işlərinə görə özləri də əziyyət çəkdilər, başqa dövlətlər də. Elə götürək Azərbaycanı, Almaniya istehsallı avtomobillərə minmək üçün az qala 60 il gözləmədikmi?

Bu gün bütün dünya onlarla barışsa da, Berti Foqtsa görə mənim Almaniya yığmasına münasibətim dəyişməyib. İki Almaniya bir ola, yenə dəyişməyəcək. Vallah-billah, Braziliya bir yana, bu çempionatda ən böyük zərbə bəlkə də elə bizə dəydi. Bəs necə? Sabah Maltanın, Farer adalarının yarımhəvəskar yığmalarına qalib gəlməyəndə Berti Foqts üzə duracaq. Deyəcək ki, siz nə qəribə millətsiniz, Braziliya öz yerində biabırçı hesabla uduzur, siz məndən qələbə tələb edirsiz. Elə bilirsiniz deməyəcək?

Deyəcək! Braziliyalılara fikriniz getməsin, alman Berti hər məğlubiyyətin, məzmunsuz oyunun ardından əməlinə haqq qazandıranda bizə heç söz də təsəlli ola bilməyəcək.

Baxmayaraq ki, sözdən böyük təsəlli yoxdur... 

Etibar Cəbrayıloğlu, “Het-trik news” qəzeti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31