29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Xarici futbol

XX mundialın iştirakçılar: ABŞ

19 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə ABŞ millisindən söhbət açacağıq.

TARİXƏ SƏYAHƏT

ABŞ-da futbol XIX əsrdə yaranıb. Şimali Amerikada millilər səviyyəsində ilk matç da elə ABŞ yığmasının iştirakı ilə keçirilib. 1885-ci il, noyabrın 28-də ABŞ yığması Nyu-Cersi ştatında Kanada millisi ilə üz-üzə gəlib. Matç kanadalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Təxminən 1 ildən sonra materikdə baş tutan ikinci oyunda tərəflər yenidən üz-üzə gəliblər və bu dəfə ABŞ rəqibindən qisas ala bilib - 3:2.

ABŞ millisi 1904-cü ildə Sent-Luisdə keçirilən olimpiadada qüvvəsini sınayıb. Sonradan amerikalılar 12 il ərzində oyun üzünə həsrət qalıblar. 

Komanda bu həsrətə 1916-cı ildə son qoyub. ABŞ Stokholmda İsveçlə üz-üzə gəlib və rəqibini 3:2 hesabı ilə məğlub edib.

1924-cü ilin mayında ABŞ millisi Parisdə keçirilən Olimpiya Oyunlarında qüvvəsini sınayıb. 20 il əvvəlki turnirdən fərqli olaraq bu dəfə yarışda 16 komanda mübarizə aparırdı. Komanda ilk oyununda Estoniya ilə qarşılaşdı və rəqibini həmin vaxtlar ölkə futbolunun ən istedadlı futbolçularından hesab olunan Streydenin yeganə qolu sayəsində məğlub etdi. Növbəti mərhələdə isə ABŞ-ı daha ciddi rəqib - Uruqvay gözləyirdi. Gözlənildiyi kimi matç Uruqvayın 3:0 hesablı qələbəsi ilə yekunlaşdı. Elə turnirin qalibi də Uruqvay yığması oldu. Cənubi amerikalıların aparızı üzvü, 8 qolla olimpiadanın ən yaxşı bombardiri olan Petrone ABŞ-ın qapısına 2 qol vurmaqla komandasının qələbəsində böyük pay sahibi oldu.

Növbəti olimpiadada isə ABŞ millisi tarixindəki ən ağır yenilgilərdən birini aldı. Belə ki, ABŞ sonradan turnirin gümüş mükafatını qazanacaq Argentina yığmasına 2:11 hesabı ilə uduzdu. Amma bu da komandanın tarixindəki ən ağır yenilgi deyil. Çünki ABŞ millisi 1948-ci ilin 6 avqustunda Osloda Norveçə 11 cavabsız qolla boyun əyib.

Komanda tarixindəki ən böyükhesablı qələbəni isə 2008-ci ilin 15 iyununda qazanıb. Həmin gün Barbadosu sınağa çəkən amerikalılar, rəqibini 8:0 hesabı ilə diz çökdürüb.

UĞURLAR

Uruqvayda keçirilən ilk dünya çempionatının iştirakçısı olan ABŞ millisi mundiallar tarixindəki ən böyük uğurunu da elə həmin turnirdə qazanıb. Komanda ilk dünya çempionatının bürünc medallarına sahib çıxıb.

1985-ci ildən etibarən KONKAKAF kubokunda mübarizə aparan ABŞ 5 dəfə (1991, 2002, 2005, 2007, 2013) yarışın qalibi olub. 1989, 1993, 1998, 2009 və 2011-ci illərdə KONKAKAF kubokunda finalda uduzan ABŞ yığması, 1996 və 2003-cü illərdə də komanda turnirin bürünc medallarına sahib çıxıb.

1999-cu ildə Meksikada keçirilən Konfederasiyalar Kubokunda bürünc medal qazanan ABŞ yığması 10 il sonra CAR-da keçirilən eyni turnirdə gümüş medallara sahib çıxıb.

Bundan başqa, amerikalılar 1992-ci ildə Səudiyyə Ərəbistanında baş tutan “Kral Fəhda kuboku”nda da üçüncü yeri tutub.

REKORDÇULAR

ABŞ millisinin tarixi ərzində ən çox oyun keçirən futbolçu Kobi Consdur. O, 1992-2004-cü illər aralığında yığmada 164 matça çıxıb və 15 qol vurub. 2000-ci ildən yığmaya dəvət alan və hələ də millidəki çıxışını davam etdirən Lendon Donovan yığmada 154 oyuna çıxıb və 57 qol vurub. Böyük ehtimalla, Donovan tezliklə ABŞ yığmasında ən çox oyun keçirən futbolçu adına sahib çıxacaq. Amerikanın heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ilk “üçlüy”ü isə Marselo Balboa qapayır. O, 1988-2000-ci illərdə 126 matçda millinin şərəfini qoruyub və 13 dəfə rəqib qapılarına yol tapıb.

Hələlik millidə oyun sayına görə ikinci olan Lendon Donovan, ən yaxşı bombardirlərin siyahısında liderdir. Donovan millidə 57 qol vurub. Millidəki çıxışını davam etdirən digər futbolçu Klint Dempsi isə 102 oyunda 36 qol vurmağa müvəffəq olub.  1990-2000-ci illərdə yığmanın heyətində 107 matçda forma geyən Erik Vinalda isə 34 dəfə fərqlənib.

ABŞ MİLLİSİ MUNDİLLARDA

Braziliyadakı dünya çempionatı ABŞ millisinin tarixindəki 10-cu mundial olacaq. İlk mundialda keçirdiyi 3 oyunun ikisində qalib gələn ABŞ yığması, növbəti dünya çempionatında mübarizəni elə ilk oyunda dayandırıb.

1950, 1990, 1998 və 2006-cı illərdə keçirilən dünya çempionatlarında turnirlə elə qrup mərhələsində vidalaşan amerikalılar, 1994-cü ildə ev sahibliyi etdiyi turniri, eləcə də son dünya çempionatını 1/8 finalda yekunlaşdırıb. Komanda Uruqvaydakı dünya çempionatından sonra mundiallar tarixindəki ən böyük uğurunu 2002-ci ildə qazanıb. Belə ki, Yaponiya və Cənubi Koreyanın birgə ev sahibliyi etdiyi yarışda amerikalılar 1/4 finala kimi irəliləməyi bacarıb.

Ümumilikdə mundiallar tarixində ABŞ yığması 29 oyuna çıxıb. Bu oyunların 7-də qalib gəlib, 17-də uduzan amerikalılar 5 dəfə də meydandan heç-heçə ilə ayrılıb. Komanda vurduğu 32 qolun qarşılığında öz qapısında 56 top görüb.

PÜŞK VƏ TƏQVİM

Püşkatmadan öncə ABŞ yığması üçüncü səbətdə yer alırdı. Püşkan amerikalılar üçün uğursuz keçdiyi şübhəsizdir. Belə ki, Klinsmanın komandası Almaniya, Portuqaliya və Qana millisi ilə eyni qrupda yer alıb. Almaniya və Portuqaliyanın gücü hər kəsə bəllidir. Qana yığması isə hələ 4 il əvvəlki mundialda özünə hörmət qazanıb. Odur ki, ABŞ millisinin bu qrupdan play-offa yüksəlməsi heç də asan olmayacaq.

ABŞ yığması turnirdəki ilk oyununu Qanaya qarşı keçirəcək. “Arena das Dunas”da ba tutacaq görüş iyunun 16-da keçiriləcək. İyunun 22-də isə Şimali Amerika təmsilçisi Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyun “Amazoniya”da baş tutacaq. Qrupdakı son oyununu isə ABŞ Almaniya millisinə qarşı keçirəcək. 26 iyunda baş tutacaq matç, “Arena Pernambuku”da baş tutacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31