4 Aprel 2020, Şənbə
UEFA: Çempionatlar yekunlaşdırılsın
PFL gülüş gününü belə xatırlatdı
FİDE reytinqi: Şəhriyar gerilədi
Qabbyadini koronavirusa qalib gəldi

Xarici futbol

XX mundialın iştirakçıları: ARGENTİNA

29 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə 2 qat dünya çempionu - Argentina millisindən söhbət açacağıq.

TARİXƏ SƏYAHƏT

Argentinada futbol XIX əsrin son illərində məşhurlaşıb. XX əsrin ilk ilində isə ölkə yığması təsis edilib. Argentina millisi tarixindəki ilk oyununu Uruqvaya qarşı keçirib. Amma bu oyunun dəqiq tarixi və nəticəsi hələ də müzakirə mövzusudur. Bəzi mənbələrə görə, Argentinanın səfərdə Uruqvaya qarşı keçirdiyi oyun 1901-ci il, mayın 16-da baş tutub və qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Digər mənbələrdə isə Argentinanın Uruqvayla 1902-cı il, iyulun 20-də üz-üzə gəldiyi və matçı 6:0 hesabı ilə qazandığı qeyd olunur. Hansı məlumatın daha dəqiq olduğunu söyləmək çətindir. Amma bir fakt dəqiqdir ki, Argentina millisi tarixindəki ilk matçında Uruqvayı səfərdə məğlub edib.

1928-ci ilə kimi Argentina millisi yalnız Cənubi Amerikanın daxilində yoxlama oyunlarına çıxırdı. Komanda ilk dəfə olaraq 1928-ci ildə, digər qitədən olan komandayla üz-üzə gəldi. Lissabonda Portuqalinın qonağı olan argentinalılar 90 dəqiqə boyunca rəqibin müqavimətini qıra bilmədi - 0:0.

Ölkə futboluna Argentina Futbol Assosiasiyası nəzarət edir. Bu qurum 1912-ci ildən FİFA-nın, 1916-cı ildən isə KONMEBOL-un üzvüdür.

Komanda tarixi ərzindəki ən böyük qələbəsini Ekvador üzərində qazanıb. 1942-ci il, yanvarın 22-də Uruqvayın Montevideo şəhərində baş tutan matçda Argentina yığması rəqibin qapısından 12 cavabsız top keçirib.

Komandanın tarixindəki ən ağır yenilgi 5 top fərqlə uduzmasıdır. Belə hal 4 dəfə yaşanıb. Argentina 1959-ci il, dekabrın 16-da Uruqvaya, 1993-ci ilin 5 sentyabrında Kolumbiyaya 0:5 hesabı ilə uduzub.

1958-ci il, iyunun 15-də İsveçin Helsinborq şəhərində Çexiya, 2009-cu ilin 1 aprelində La-Pasda Boliviya yığması Argentinanı 6:1 hesabı ilə diz çökdürüb.

UĞURLAR

Argentina millisi dünyanın ən titullu komandalarından hesab olunur. Komanda ən böyük uğurlarını dünya çempionatında qazanıb. Belə ki, argentinalılar 2 dəfə - 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb. Bundan başqa komanda 2 dəfə də (1930 və 1990) dünya çempionatının finalında uduzub.

1992-ci ildə Argentina millisi Konfederasiyalar Kubokunun qazanıb. 2005-ci ildə Almaniyada baş tutan turnirdə isə argentinalıların qazancı gümüş medal olub.

Tarixi ərzində 31 dəfə Amerika kubokunda mübarizə aparan Argentina yığması, 14 dəfə - 1921, 1925, 1927, 1929, 1937, 1941, 1945, 1946, 1947, 1955, 1957, 1959, 1991 və 1993-cü illərdə Amerika qitəsinin ən güclüsü adını qazanıb.

2004-cü ildə Afinada, 4 il sonra Pekində baş tutan Olimpiya Oyunlarında Argentina millisi çempion olub. 1928-ci ildə Amsterdamda, 1996-cı ildə Atlantada baş tutan olimpiadada isə Argentina millisi finalda məğlubiyyət acısı yaşayıb.

MİLLİNİN REKORDÇULARI

Argentina millisinin tarixi ərzində ən çox oyun keçirən futbolçu Xavyer Zanettidir. O, 1994-2011-ci illərdə yığmada 145 matçda forma geyib və 5 qol vurub. Digər müdafiəçi Roberto Ayalanın aktivində isə 115 oyun var. O, 1994-2007-ci illər aralığında millidə 7 dəfə qol sevinci yaşayıb. Argentina millisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında isə ilk “üçlüy”ü hazırda Madrid “Atletiko”sunu çalışdıran Dieqo Simone tamamlayır. Simone 1988-2002-ci illərdə 106 oyunda meydana çıxıb və 11 qol vurub.

Yığmanın tarixi ərzində ən çox qol vuran Qabriel Batistutadır. O, 1991-2002-ci illər aralığında meydana çıxdığı 78 oyunda 56 qol vurub. 2005-ci ildən bu günə kimi yığmanın şərəfini qoruyan Lionel Messi 84 oyunda 34 qol vurub. 1995-2007-ci illər aralığında forma geydiyi 64 matçda rəqib qapılarına 35 dəfə yol tapıb. Dieqo Maradona yığmada 34, Luis Artime 24, Leopoldo Luke və Daniel Passarella 22, Herminio Masantonio, Joze Sanfilippo, Qonzalo Hiquaín və Serxio Aqüero isə 21 dəfə fərqləniblər.

ARGENTİNA YIĞMASI MUNDİLLARDA

Braziliyada keçiriləcək mundial Argentina yığması üçün sayca 16-cı olacaq. Komanda ilk dünya çempionatında gümüş medalla kifayətlənib. Finala kimi 4 oyununda hamısında qələbə qazanana argentinalılar, həlledici qarşılaşmada Uruqvaya uduzub. Növbəti mundialda mübarizəni elə ilk mərhələdə dayandıran Argentina, 1938, 50 cə 54-cü illərdə baş tutan yarışlardan kənarda qalıb. 1958 və 1962-ci illərdə mübarizəni qrup mərhələsində dayandıran cənubi amerikalılar, 1966-cı ildə turnirlə 1/4 finalda vidalaşıblar. Elə Almaniya və CAR-da keçirilən son 2 dünya çempionatında Argentina yığması mübarizəni 1/4 finalda dayandırıb. Ümumilikdə mundiallar tarixində argentinalılar 70 oyuna çıxıblar. Bu matçların 37-də qələbə qazanan komanda 13 dəfə meydandan heç-heçə, 20 dəfə isə yenilgi ilə ayrılıb. Vurduğu 123 qolun qarşılığında komanda qapısında 80 qol vurub.  

PÜŞK VƏ TƏQVİM

Püşkatmadan öncə 1-ci səbətdə yer alan Argentina millisi nəticələrə əsasən F qrupunda qərarlaşıb. Komandanın rəqiblərini isə uğurlu saymaq olar. Çünki qrupda Argentinadan başqa, heç bir favorit komanda yoxdur. Cənubi Amerika təmsilçisi Bosniya və Hersoqovina, İran və Nigeriya yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Argentina millisi turnirdəki ilk oyununu Bosniya və Hersoqovina yığmasına qarşı keçiriləcək. Bu matç iyunun 15-də, məşhur “Marakana” stadionunda baş tutacaq. İyunun 21-də Argentina yığması İranla üz-üzə gələcək. Bu matç “Mineyran”da keçiriləcək. Qrupdakı son oyunda isə Argetina, Nigeriya ilə görüşəcək. İyunun 24-də keçiriləcək bu oyun “Beyra-Rio”da keçiriləcək.

ONLAR MUNDİALA GEDƏCƏKLƏRİ DƏQİQDİR

Romero, Qaray, Sabaleta, Kampanyaro, F.Fernandes, Roxo, Maskerano, Rodriges, Di Mariya, Baneqa, Bilya, Messi, Hiquain, Aquero. Qeyri-adi olay baş verməyəcəyi halda, bu 14 futbolçunun Braziliyaya yollanacağına şübhə yoxdur. 

Xose Pekermanın rəhbərliyi altında inamlı, bəzən möhtəşəm futbol sərgiləyən Argentina yığması, onun gedişindən sonra əzəmətini itirdi. Basile, Marona və Batistanın fəaliyyəti dövründə yığma, komandadan çox, ayır-ayrı futbolçulardan asılı olan kollektivə çevrilmişdi. Məhz bu səbəbdən də 2011-ci ildə yığma Alexandro Sabelyuya həvalə olundu.

Onun rəhbərliyi altında komanda seçmə mərhələnin qalibi oldu. Komanda tsikl ərzində yalnız 2 dəfə meydanı məğlub qismində tərk etdi. Seçmə mərhələnin ilk oyununda Argentina Venesuelaya, heç bir əhəmiyyət kəsb etməyən son matçda isə Uruqvaya uduzdu. Sabelyu müdafiəyə böyük diqqət ayıran, eləcə də minimum dərəcədə risqi sevən məçqçidir.

ZƏİF NÖQTƏLƏR

Problem №1 - yarımmüdafiəçin mərkəzi. Əgər, məşqçilər korpusu bu problemi tezliklə həll etməsə, Argentina millisi turnirdə istədiyini qazana bilməyəcək. Maskerano və Di Mariya spesifik futbolçulardı. Amma meydanın mərkəzində həm yaxşı ötürmə verməyi, həm də müdafiəyə kömək etməyi bacaran futbolçuya ehtiyac var. Kobud dildə desək, komandaya yeni Veron lazımdı. Hazırda isə Argentina millisində belə futbolçu yoxdur. Sabelya bu mövqedə Qaqanı sınayır. O, olmadığı hallarda isə meydana Baneqa çıxır. Amma adıçəkilən futbolçular Almaniya, İspaniya kimi güclü komandalarla oyunda böyük problemlə üzləşəcəklər.

Qapıçı. Son illər komandanın “1 nömrə”si olan Romero, klubunda elə də parlaq təsir bağışlamır. Bundan əlavə, Serxio demək olar ki, yığmadakı hər oyununda səhvlə yadda qalır. Seçmə mərhələdə Argentinanın qapısında gördüyü qolların yarısında birbaşa Romeronun “əməyi” var.

Sabelanın başqa namizədləri sınaqdan çıxarmaq şansı isə yoxdur. Maryan Anduxaranın işləri yolunda getmir, Aqustin Orionun isə beynəlxalaq təcrübəsi yoxdur.

Müdafiənin sol cinahı. Bu mövqedə Markos Roxa çıxış edir. Amma onun əsas çatışmazlığı stabilliyin olmamasıdır. Nəzərə almaq lazımdır ki, son 2 mundialla Argentina millisi məhz cinahdan buraxdığı qol sayəsində vidalaşıb. Deməli, problem göründüyü qədər kiçik deyil.

ƏN ÇƏTİN SEÇİM

Karlos Tevez. Məsələyə obyektiv tərəfdən yanaşdıqda, məlum olur ki Karlosa hazırda yığmanın böyük ehtiyacı var. O, mərkəzdəki boşluğu rahat şəkildə doldura bilər. Tevezin texnikası, meydanı görmə qabiliyyəti, eləcə də xarakteri lazımı qədərdi. Amma onun millidən kənarda qalması heç də idman prinsipləriylə bağlı deyil. Karlosun həm federasiya rəhbərliyi ilə, həm də Messi ilə münasibəti yaxşı deyil. Bundan başqa, futbolçunun ərköyünlüyünü də unutmaq olmaz. Tevezin hücum xəttində yer alan futbolçularla rəqabət aparması çətin görünür. Meydanın mərkəzində isə futbolçu özü oynamaq istəməz. Bunları nəzərə alaraq, Sabelyanın Tevezi mundiala aparmayacağını proqnozlaşdırmaq olar.

Xavyer Zanetti. Bu, 41 yaşlı futbolçunun möhtəşəm karyerası üçün əla final oldu. Böyük təcrübə, yüksəksəviyyəli peşəkarlıq, özünəinam, azarkeşlərin dəstəyi - bütün bunlar Zanettinin lehinə olan amillərdi. Amma... əsas problem yaş məsələsidir. Sabelyanın bu məqama diqqət yetirməməsi inandırıcı deyil. O da var ki, Zanetti lazımı olan anda, 20-30 dəqiqə müdafiədə rahat şəkildə komandasına faydalı ola bilər.

Esteban Kambyasso. Kambyassonun hazırki durumu 12 il əvvəl Roberto Bacconun üzləşdiyi vəziyyətlə oxşardır. Həmin vaxt Trapattoni “Mən hər şeyi görürəm, düşünürəm” fikri ilə azarkeşləri rahatlaşdırsa da, Bacconu mundiala aparmamışdı. Böyük ehtimalla, elə Esteban da mundialı azarkeş kimi izləyəcək. Halbuki fors-major vəziyyətlərdə Kambyasso əsas heyət üzvlərini lazımı səviyyədə əvəzləyə bilər.

DAHA 4 İL GÖZLƏYİN!

Mauro İkardi. Bu futbolçunu böyük gələcək gözlədiyi şübhəsizdir. Amma indiki məqamda onun Messi, Aquero və ya İquaini əsas heyətdən kənarlaşdırması qeyri-mümkündür. Mauronun ən böyük çatışmayan cəhəti təcrübəsinin azlığıdır. Bu səbəbdən də İkardi DÇ-2014-ü televizor vasitəsi ilə izləmək məcburiyyətindədir. Gənc futbolçu yalnız 1 halda Braziliyaya yollanmağa ümid edə bilər. Əgər, Lavezzi cidi zədə alıb, turnirdən kənarda qalsa.

Xuan İturbe. Böyük istedada sahib olmasına baxmayaraq, bu futbolçunun Avropadakı karyerası hələ ki istədiyi səviyyədə alınmır. Yığmanın əsas heyətində möhkəmlənməsi üçün İturbe hələ çox çalışmalıdır.

Erik Lamela. Onun gələcəkdə yığmanın aparıcı üzvlərindən biri olacağı şübhəsizdir. Hazırda isə onun yığmaya yolunu bağlayan bir çox səbəb var: təcrübə azlığı, stabil çıxış etməməsi, “Tottenhem”in əsas heyətindən kənarda qalması. Bütün bunlara görə, Sabelyanın risqə getməsi çətindir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30