24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Xarici futbol

XX mundialın iştirakçıları: İTALİYA

37 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə 4 qat dünya çempionu - İtaliya millisindən söhbət açacağıq.

TARİXƏ SƏYAHƏT

Futbol İtaliyada 1880-cı illərindən populyarlaşıb. Lakin ilk illərdə ölkədə klub futbolu inkişaf edirdi. Ölkə yığmasından isə əsər-əlamət yox idi. Nəhayət, 1910-cu ildə İtaliya Futbol Federasiyası ölkə yığmasının yaradılması haqda qərar qəbul etdi. Həmin ilin 15 mayında İtaliya millisi tarixi ərzindəki ilk oyuna çıxdı. Yoldaşlıq matçında italyanların rəqibi Fransa idi. Milan stadionunda baş tutan görüş İtaliya yığmasının 6:2 hesablı qələbəsi ilə yekunlaşdı.

2 il sonra Stokholmda keçirilən Olimpiya Oyunlarında İtaliya yığması tarixi ərzindəki ilk turnirə qatıldı. Amma “siftə” uğurlu alınmadı. 26 yaşlı futbolçu Vittorio Poççonun baş məşqçisi olduğu “Skuadra Adzurra” olimpiadadakı ilk oyununda Finlandiyaya 2:3 hesabı ilə uduzaraq, mübarizəni elə ilk mərhələdəcə dayandırdı.

Ölkə futbolu tarixindəki ilk uğur 1928-ci ildə qazanılıb. Amsterdamda baş tutan Olimpiya Oyunlarında İtaliya millisi bürünc medallara sahib çıxıb. 1934-cü ildə isə komanda tarixində ilk dəfə qatıldığı və ev sahibliyi etdiyi dünya çempionatının qalibi olub.

YADDAQALAN UĞURLAR

İtaliya millisi dünyanın ən titulları komandasından biridir. Təkcə onu qeyd etmək kifayətdir ki, dünya çempionluğunun sayına görə “Skuadar Adzurra” yalnız Braziliyadan geri qalır. Komanda 1934, 1938, 1982 və 2006-cı illərdə dünya çempionu olub. 1970-cı və 1994-cü illərdə isə İtaliya yığması mundialın finalında meydanı məğlub qismində tərk edib. Özü də hər iki halda İtaliya millisi Braziliyaya uduzub. 1990-cı ildə ev sahibliyi etdiyi dünya çempionatında isə komanda tarixi ərzində dünya çempionatında yeganə bürünc medalını qazanıb.

Avropa çempionatlarının daimi iştirakçısı olan “Skuadra Adzurra” 1968-ci ildə ev sahibliyi etdiyi qitə birinciliyinin qalibi olub. Bundan başqa komanda 2 dəfə - 2000-ci ildə Belçika və Hollandiyanın, 2012-ci ildə isə Polşa və Ukraynanın birgə ev sahibliyi etdiyi Avropa çempionatlarının gümüş medallarına sahib çıxıb. 2000-ci ildə Fransaya uduzan italyanlar, son qitə birinciliyində də finalda İspaniya qarşısında aciz qalıb.

Konfederasiyalar Kubokunda isə İtaliya millisi bir dəfə mükafatçılar sırasına düşməyə müvəffəq olub. Ötən il Braziliyada təşkil olunan turnirdə Çezare Prandellinin yetirmələri bürünc medala sahib çıxıb.

Bundan başqa İtaliya millisi 1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunlarının qalibi olub. 1928-ci ildə Amsterdamda, 2004-cü ildə isə Afinada baş tutan olimpiadada “Skuadra Adzurra”nın qazancı bürünc medal olub.

MİLLİNİN REKORDÇULARU

İtaliya millisinin heyətində daim dünya səviyyəli ulduzlar çıxış edib. İndiki heyət də bu baxımdan istisna təşkil etmir. Hazırda komandanın əsas qapıçısı olan Canluici Buffon həm də yığmada ən çox oyun keçirən futbolçu ünvanına sahibdir. Cici 1997-ci ildən dəvət aldığı İtaliya millisində bu günə kimi 138 oyunda meydana çıxıb və bu görüşlərdə qapısında 113 qol görüb. Buffonun ən yaxın izləyicisi 2006-cı ildə komandayla birgə dünya çempionluğunu qazanan Fabio Kannavarodur. Veteran müdafiəçinin aktivində 136 oyun və 2 qol var. O, 1997-2010-cu illər aralığında yığmanın formasını geyib. İtaliya millisində ən çox oyun keçirən futbolçuların siyahısında üçüncü pillədə başqa bir əfsanə - Paolo Maldinin qərarlaşıb. Sabiq sol cinah müdafiəçisi 1988-2002-ci illər aralığında yığmada 126 oyuna çıxıb və 7 qol vurub.

İtaliya millisində ən çox qol vuran futbolçu Luici Rivadır. 1965-1973-cü illər aralığında o, meydana çıxdığı 42 oyunda 35 qol vurub. Əfsanəvi Cuzeppe Meatsanın (1930-1939-cu illər) aktivində 33 qol var. O, bu nəticəyə 53 görüşdə imza atıb. İlk “üçlüy”ü isə Silvio Piola qapayır. 1935-1952-ci illər aralığında İtaliya millisinin uğurları üçün tər tökən bu futbolçu 34 oyunda 30 qol vurub. Onun millidəki göstərici hər oyuna 0,88 qoldur ki, bu da ən yüksək göstərici hesab olunur.

İtaliya yığmasının heyətində ən çox qol vuran futbolçuların siyahısında həmçinin Roberto Bacco (1988-2004-cü illər, 27 qol, 56 oyun), Alessandro Del Pyero (1995-2008-ci illər, 27 qol, 91 oyun), Alessandro Altobelli (1981-1989-cü illər, 25 qol, 61 oyun), Filippo İnzagi (1997-2007-ci illər, 25 qol, 57 oyun), Adolfo Balonçeri (1920-1933-cü illər, 25 qol, 47 oyun), Françesko Qraçiani (1975-1982-ci illər, 23 qol, 64 oyun), Kristian Vyeri (1997-2005-ci illər, 23 qol, 49 oyun) və Alessandro Matsolanın (1963-1974-cü illər, 22 qol, 70 oyun) adı var.

“SKUADRA ARZURRA” MUNDİLLARDA

Braziliyada baş tutacaq dünya çempionatı İtaliya millisi üçün sayca 18-ci olacaq. Komanda yalnız 2 dəfə - 1930-cu ildə Uruqvayda və 1958-ci ildə İsveçdə keçirilən mundialdan kənarda qalıb. Qatıldığı ilk iki dünya çempionatının qalibi olan İtaliya yığması, iştirak etdiyi növbəti 4 yarışda mübarizəni qrup mərhələsində dayandırıb. 1970-ci ildə finala kimi irəliləyən “Skuadra Adzurra” 4 il sonra yenə play-offa adlaya bilməyib. 74-cü ildən sonra komanda 2 dəfə çempion, 1 dəfə ikinci, 1 dəfə üçüncü, 1 dəfə dördüncü olub, 2 dəfə mübarizəni 1/8, 1 dəfə isə 1/4 finalda dayandırıb. İtaliya yığması sonuncu mundialda gözlənilmədən turnirlə qrup mərhələsində vidalaşıb. Ümumilikdə, mundiallar tarixində İtaliya yığması 83 matça çıxıb. Bu oyunların 45-də qələbə qazanıb, 21 dəfə heç-heçə edib və 17 dəfə meydanı məğlub qismində tərk edib. Vurduğu 130 qolun qarşılığında öz qapısında 78 qol görüb.

ÇƏTİN PÜŞK VƏ TƏQVİM

Püşkdən öncə dördüncü səbətdə yer alan İtaliya yığması yekunda D qrupunda qərarlaşdı. Püşk zamanı İtaliyanın bəxtinin gətirmədiyini əminliklə söyləmək olar. Belə ki, “Skuadra Adzurra” İngiltərə, Uruqvay və Kosta-Rika ilə eyni qrupda yer alıb.

Püşk kimi təqvimi də ideal adlandırmaq olmaz. Çünki komanda mundialdakı ilk matçında AVRO-2012-də mübarizədən kənarlaşdırdığı İngiltərə millisi ilə üz-üzə gələcək. Bu oyun iyunun 14-də baş tutacaq. İyunun 20-də ikinci tur çərçivəsində Kosta-Rikanı sınağa çəkəcək italyanlar, son matçında da Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək. Bu matç iyunun 24-ü, “Arena das Dunas”da baş tutacaq

ONLARIN MUNDİALA GEDƏCƏKLƏRİ DƏQİQDİR

Canluici Buffon, Salvatore Siriqu, Corco Kyellini, Leonardo Bonuççi, Andrea Barzaqli, Andrea Pirlo, İnyatsio Abate, Klaudio Markizio, Daniele De Rossi, Rikardo Montolivo, Tiaqo Motta, Antonio Kandreva və Mario Balotellinin qarşıdakı dünya çempionatına yollanacağını əminliklə söyləmək olar. Çezare Prandelli onsuz da yığmada ciddi dəyişiklik etməməsi ilə seçilir. Hazırda yığmanın əsasını təşkil edənlərdən yalnız 1 futbolçu - Antonio Kandreva AVRO-2012-də çıxış etməyib. Bu futbolçu Konfedarasiyalar Kubokunda İtaliya millisinin ən yaxşı bombardiri olmaqla, millinin daimi üzvləri siyahısına adını yazdırdı.

ZƏİF NÖQTƏLƏR

Əslində, İtaliya kimi komandanın heyətində zəif mövqe axtarmaq mənasız olardı. Çünki nəhəng komandaların demək olar ki, hər mövqeyinə eynisəviyyəli minimum 2 futbolçu olur. İtaliya yığmasının zəif nöqtəsi dedikdə isə, məhz 2 güclü futbolçunun olmadığı eyni mövqeləri nəzərdə tuturuq.

Sağ cinah müdafiəçisi. Son illər bu mövqedə daim İnyatsio Abate çıxış edib. Onun əsas rəqibi isə Kristian Madco olub. Amma ikinci hazırda “Napoli”nin heyətində uğursuzluğa düçar olub. Bu səbəbdən də problem Abatenin layiqli əvəzləyicisinin olmamağındadır.

Sol cinah müdafiəçisi mövqeyində Prandelli son iki ildə bir neçə futbolçunu sınaqdan keçirib: Antonelli, De Şilyo, Paskual, Santon, Krişito. Lakin son oyunlar sağ cinah kimi solda da “Milan”lı müdafiəçinin, yəni De Şilyonun çıxış edəcəyini göstərir.

İkinci hücumçu mövqeyində kimi oynatmalı? Bu sual artıq 3 ildir ki, Prandellini düşündür. Amma heç cür Mario Balotellinin yanında oynamaq üçün layiqli namizəd tapılmır. Antonio Kassano artıq yığmaya dəvət almır, Cuzeppe Rossi ciddi zədə alıb, Pablo Osvaldo heç cür SuperMario ilə istənilən səviyyədə anlaşa bilmir, Alessio Çerçi isə heç cür tam olaraq baş məşqçinin etimadını qazana bilmir.

Prandellinin beynindəki digər sual isə üçüncü qapıçı ilə bağlıdər. Buffonun “1 nömrə”, Siqirunun isə onun əvəzləyici olduğu məlumdur. Mundiala yollanacaq üçüncü qapıçının Morqan De Sanktis olacağı ehtimal edilsə də, “Roma”nın qolkiperi milliyə qayıtmaqdan imtina etdi. Federiko Marketti isə “Latsio”da uğursuz mövsüm keçirir. Ola bilər ki, Prandelli gənc Mattia Perinə dəvət göndərsin.

ƏN ÇƏTİN SEÇİM

Alberto Cilardinyo, yoxsa Mattia Destro? Böyük ehtimalla, bu iki futbolçudan yalnız biri mundiala yollanacaq. Bəs onlardan hansına üstünlük verməli? Prandellinin işi həqiqətən də çətindir. Cilardinyonun seçmə mərhələdəki faydalı çıxışını danmaq insafsızlıq olardı. Amma o da var ki, Destro zədədən sonra olduqca inamlı təsir bağışlayır.

Françesko Totti milliyə qayıtmalıdır? Bu, yazın ən gərgin intriqasıdır. Real yanaşsaq, “İmparetor”un mundiala yollanmaq şansı 10 faizdən artıq deyil. Amma İtaliya mətbuatı Tottinin DÇ-ya yollanacağı barədə xəbərləri mütəmadi olaraq, özü də əminliklə yazır. Əslində, indidən bu haqda dəqiq söz demək çətindir.

DAHA 4 İL GÖZLƏYİN!

Domeniko Berardi. “Sassuola”nın şərəfini qoruyan gənc vunderkind fantastik mövsüm keçirir. Amma yaşının və təcrübəsinin azlığı onun Braziliyaya gedən yolunu bağlayır.

Corcinyo Frello. Bu siyahıda ad yer alan 2 futbolçu var ki, onların mundiala getmək şanslarının sıfıra bərabər olduğunu demək yalnışlıqdı. Həmin iki oyunçudan biri məhz Frellodur. Prandelli onun adını mundial iştirakçıları arasında daxil edə bilər. Amma bir şərtlə ki, əsas heyət futbolçularından kimsə zədələnsin. “Napoli”nin üzvünün əsas üstünlüyü isə bir yox, bir neçə mövqedə oynaya bilməsidir.

Stefan Əl-Şəravi. Mundiala yollanmaq şansı hələ də qalan digər futbolçu məhz “Milan”ın gənc ulduzudur. 1 il əvvəl bütün İtaliya Balotelli-Əl-Şəravi tandemindən ağızdolusu danışırdı. Amma Stefanın arzuolunmaz zədəsi bütün planları pozdu. Martın ortalarında sıraya dönən gənc futbolçu bərpa dövrünü uğurla başa vurub. Amma hələ də əvvəlki formasını tam bərpa etməyib. Oyun praktikasından əziyyət çəkməsi də Əl-Şəravinin əleyhinədir.

Lorenso İnsinye. Gec-tez Lorenso “Napoli”nin əsas heyət üzvünə çevriləcək. Bundan sonra onu millidə də mütəmadi olaraq görəcəyik.

Marko Verratti. PSJ-nin şərəfini qoruyan futbolçu da uğurlu mövsüm keçirir. Amma onun payızdan sonra yığmanın daimi üzvünə çevriləcəyini söyləmək olar. Andrea Pirlo DÇ-dan sonra yığmadan gedəcək. Tiaqo Mottanın da millidən gedəcəyini nəzərə alsaq, Verratti AVRO-2016-ya ümid edə bilər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30