20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Basketbol

Bu komandanı qorumaq lazımdır! YAZI

17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatındakı çıxışını başa vurdu. Çoxlarının gözlədiyi, bəzilərinin isə arzuladığı kimi yığmamız qrupda qaldı. Etiraf etmək lazımdır ki, bu nəticə gözlənilən idi. Hər nə qədər “yağmayıb, guruldasaq da”, reallıq budur ki, bu gün U-17 millimizin nəinki Avropa çempionatında medal qazanması, heç ən güclü 8 yığma arasına yüksəlməsi belə möcüzəyə bərabərdir. Əvvəla, qitə birinciliyində Avropanın ən güclü kollektivləri mübarizə aparır. Üstəlik, bu günə qədər Azərbaycan millisi heç vaxt Avropa çempionatında oynamamışdı. Elit raundda qələbə, qol üzünə həsrət idik. Amma ev sahibliyi etdiyimiz Avropa çempionatında nəinki qol vurub, xal qazandıq, üstəlik, Şotlandiya yığması üzərində qələbəyə də nail olduq. Hər kəsin fikrinə hörmətlə yanaşsaq da, qeyd etməliyik ki, bu, böyük uğurdur. FIFA reytinqində “ilk yüzlük”də belə olmayan bir ölkə üçün Avropa çempionatında 4 xal toplamaq əla nəticədir. 

Özü də bu komanda ilk oyununda Portuqaliyaya 0:5 hesabı ilə uduzmuşdu. Amma yenə də özündə güc tapmağı bacardı. Portuqaliya ilə görüşdən sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov bütün məsuliyyəti öz üzərinə götürərək, futbolçularını tənqidlərdən qorumağa çalışdı. Bu, böyüklük nümunəsi idi. Bu günə qədər neçə azərbaycanlı məşqçidən “mənim haqqımda nə istəyirsiz yazın, yetər ki futbolçularıma toxunmayın” cümləsini eşitmişik? Bəli, Təbriz Həsənovun işini çox yaxşı görür. Çoxları onu tənqid etsə də, Futbolxeber.az saytı olaraq daim Həsənovun düzgün yolda olduğunu düşünmüşük. Belçika və Şotlaniya ilə oyunlar da zənnimizdə yanılmadığımızı göstərdi. Bəzilərinin “o, məşqçi deyil” dediyi Həsənovu yanvarda, Sankt-Peterburqda ilk dəfə yaxından tanıdım. Digər məşqçilər inciməsin, amma Yaşar Vahabzadədən sonra yığmalarda işinə bu qədər ciddi yanaşan məşqçi görməmişdim. Azarkeş meydandan kənarda olanları görmür. Amma biz çox şeyi görürük, bilirik. Ölkə xaricində turnirdə olan yığmanın baş məşqçisinin gecə saat 3-də “gəzməkdən” gəldiyini də, səhərə qədər restoranda “vaxt keçirdiyini” də görmüşük. Amma Təbriz Həsənovda bunların heç biri yoxdur. O, 24 saat yalnız işini düşünür. Bu, mədhiyyə deyil, gördüyümüzü, bildiyimizi yazırıq. Siz bu gün gənclərə, nisbətən yaşda özündən kiçik olan məşqçilərə ağıl öyrədən “təcrübəlilər”ə də çox inanmayın. Onların məsuliyyətin altına girməkdən necə qorxduqlarını Şahin Diniyevin istefasından sonra yığmamıza yaxın durmayarkən görmüşük...Amma Təbriz Həsənov məsuliyyətdən qorxmadı, ağır yükü çiyinlərinə götürdü və yığdığı 4 xalla bu çətin sınaqdan alnıaçıq çıxdı.

Portuqaliya ilə oyundan sonra yığmamızın çalışdırıcısı türkiyəli futbolçuları yığmaya cəlb etdiyinə görə sərt şəkildə tənqid olunurdu. Bir az səmimi olaq, yerli futbolçu tapıldı, Təbriz Həsənov onu yığmaya götürmədi? Əminliklə deyirik, üstəlik türkiyəli qardaşlarımız demişkən, altına da imzamızı atırıq: Bu gün U-17-nin formasını geyən türkiyəlilərin əksəri, ən azı əsas heyət üzvlərindən olan Hüseyin Seyliqli və Mətin Gülər Azərbaycan millisinin formasını heç də yerlilərdən az məsuliyyətlə daşımırlar. Azərbaycanı öz Vətənləri bilirlər.

Gəlin, diqqət yetirək və müqayisə aparaq.

Bəzilərinin ağız büzdüyü Mətin Gülər “Türkiyədən təklif gəlsə belə, fikrimi dəyişmərəm deyir”. Hüseyin Seyliqli zədəli ola-ola Avropa çempionatında Azərbaycan yığmasının uğuru üçün “bir ayağımla da olsa, oynamağa hazıram” söyləyir. Üstəlik, daim müsahibələrində bu iki futbolçu heç vaxt “Azərbaycan xalqını” deyil, “xalqımızı sevindirməyə çalışırıq” deyirlər. Amma təəssüflər olsun ki, bu gün yığmada elə azərbaycanlı futbolçu var ki, 2 il əvvələ kimi “Azərbaycanı yox, Almaniya millisini seçirəm” deyirdi. Sonra isə “qarşıdan Avropa çempionatı gəlir, ona görə də hələlik Azərbaycan millisinin formasını geyməyə razıyam” söyləyirdi. Elə yerli futbolçu var ki, klubundan “aldığı” tapşırığa əsasən, təlim-məşq toplanışında özünü qorumaq üçün 5 gün “zədəliyəm” deyib, amma 2 gün sonra Premyer Liqada komandasının heyətində 90 dəqiqə meydanda olub. Siz deyin, bu futbolçudan hansılar Azərbaycan yığmasının formasını geyməyə daha layiqdir?.. Ayrı-seçkilik etməyək, azərbaycanlı da olsa, türkiyəli də olsa, bu komandada oynayanların hər biri bizim futbolçumuz, bizim gələcəyimizdir.

Sankt-Peterburqdan qayıtdıqdan sonra da yazmışdıq, bir daha təkrar edirik - bugünkü U-17 yığması böyük potensiala malikdir. Futbolçulu, məşqçili, həkimli, inzibatçılı - komanda saat mexanizmi kimi çalışır. Bu komandanı qorumaq lazımdır. Ən azı gələcəkdə utanılası yox, fəxr ediləsi yığmamızın olmasını istəyiriksə...Gəlin, şəxsi prinsiplərimizi, mənafeyimizi bir kənara qoyaq. Bu gənclər bizim futbolumuzun gələcəyidirlər.

İbrahim, FUTBOLXEBER.AZ

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30