20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti Xəzərdən başlandı

Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud ilə görüşüblər.

Bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasim Azərbaycan rəqsləri ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib: “Gələn ay Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin həyatında çox əlamətdar hadisədir. İlk növbədə, İslam Həmrəyliyi İdman Federasiyasına və onun prezidenti cənab Abdullah bin Mosaad bin Əbdüləzizə və Federasiyanın bütün üzvlərinə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərara görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Biz cənab prezident, Sizin və rəhbərlik etdiyiniz Federasiyanın dəstəyini həmişə hiss etmişik və şadam ki, Siz bizimlə bərabər bugünkü mərasimdə iştirak edirsiniz. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. Eyni zamanda, bu, bizim üçün böyük məsuliyyətdir və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq.

Fürsətdən istifadə edərək, IV İslam Həmrəyliyi Oyunlarının hazırlanmasında xüsusi rol oynayan Təşkilat Komitəsinə, onun bütün üzvlərinə və Komitənin sədri Mehriban Əliyevaya da təşəkkürümü bildirmək istəyirəm.

Bir aydan bir qədər sonra 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq. Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Qeyd etdiyim kimi, bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır.

Azərbaycan idman sahəsində də böyük uğurlar əldə edib. Bizim müasir idman infrastrukturumuz istənilən beynəlxalq mötəbər yarışı keçirməyə imkan yaradır. Bakıda ən müasir idman qurğuları istifadəyə verilib. Eyni zamanda, bizim digər şəhərlərdə 40-dan çox müasir Olimpiya İdman kompleksi fəaliyyət göstərir və bu, özlüyündə idmana olan marağı artırır. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Biz görkəmli idmançılarımızla fəxr edirik. Bizim artıq bir çox Olimpiya çempionumuz var. Azərbaycan mötəbər beynəlxalq idman yarışlarında daim yüksək nəticələr göstərir. İki il əvvəl Bakıda keçirilmiş birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə layiq görülmüşlər. Təsəvvür edin, bütün Avropa ölkələrinin iştirakı ilə keçirilmiş Oyunlarda Azərbaycan komandası ikinci yerə layiq görülmüşdür. Keçən il Rio Olimpiya Oyunlarının nəticələri göstərdi ki, bu qələbə təsadüfi deyildir. Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanmışdır və medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Baxın, cəmi 25 il müstəqil ölkə kimi yaşayan Azərbaycan medalların sayına görə iki yüz ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz yeddinci yerə layiq görüldük. Rio Olimpiya Oyunlarında Azərbaycan müsəlman ölkələri arasında birinci yerdə idi. Bu, bizi sevindirir və ruhlandırır. Bu, gənc, müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarımızın vətənpərvərliyini göstərir. Hər dəfə bayrağımız beynəlxalq yarışlarda qaldırılanda hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir.

Əziz dostlar, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun”.

Sonra Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud çıxış edib.

Daha sonra mərasim bədii hissə ilə davam edib.

Ustad xanəndələr Alim Qasımovun və Fərqanə Qasımovanın ifasında Azərbaycan və dünya musiqisinin şah əsəri olan muğam təqdim edilib.

Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub.

Bakıdan olan uşaq iki nüfuzlu idmançının - taekvando üzrə dünya çempionatının ikiqat mükafatçısı Rəşad Əhmədov və Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnikin müşayiəti ilə Xəzər dənizinin sahillərindən birlik rəmzi olan suyu bütün Azərbaycana paylamaq üçün toplayıb.

Sonra uşaqlar səhnəyə daxil olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim edib.

Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq.

Beləliklə, səyahət başlayıb. “Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən olan idmançıları Oyunlarda salamlayacaqlar.

Sonda möhtəşəm atəşfəşanlıq olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30