29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Aleksey Dreyev: “Bizim üçün həlledici an Rusiyaya uduzmağımız oldu”

42-cü Ümumdünya Şahmat Olimpiadasının son günündə kişilərdən ibarət əsas milli komandamızın kapitanı Aleksey Dreyevin iştirakı ilə mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, Dreyev ilk öncə yığmamızın mötəbər yarışdakı çıxışını dəyərləndirib:

- Turnirdən öncə daha böyük nəticələrə ümid edirdik. Təəssüf ki, istəyimiz alınmadı. Halbuki optimal formadaydıq. Psixoloji cəhətdən də mübarizəyə, təzyiqə hazır idik. Evdə oynamaq hər zaman çətindir, məsuliyyət tələb edir. Olimpiadaya pis başlamamışdıq. Hesab edirəm ki, bizim üçün həlledici an Rusiyaya uduzmağımız oldu. Həmin qarşılaşmada məğlub olmaq nəinki qızıl, hətta medal qazanmaq şansımızı itirdik. Bundan sonra hansısa uğurlu nəticə qazanmaq çətin idi.

- Rusiyaya məğlubiyyətin səbəbini nədə görürsünüz?

- Rusiya güclü komandadır. Biz həmin gün rəqibdən zəif görünürdük. Oyun istədiyimiz kimi alınmadı. Şəhriyar Məmmədyarov qələbə qazana bilərdi. Lakin bu qələbə ümumi nəticədə heç nəyi dəyişməyəcəkdi. Hindistanla görüşə qədər komandadan ciddi narazılığım yox idi. Uğursuzluğa görə kimisə günahlandırmaq istəmirəm. Oyunçuların hamısı əlindən gələni edirdi.

- Arkadi Naydiç ardıcıl 2 görüşdə məğlub olsa da, ona yenidən şans verdiniz...

- Anlayıram. Şahmatda ehtiyat oyunçular skamyası uzun olmur. Cəmi 1 ehtiyyat qüvvə olur. Hər zaman çalışıram ki, məğlubiyyətdən sonra şahmatçıya istirahət verim. Ona güvənirdim. Düzdür, bu gün qələbə qazandı. Amma böyük ölçüdə bu qələbənin ciddi mənası yoxdur. Heyətdə hamının oyununun alındığını söyləmək çətindir. Uğursuzluğun subyektiv səbəbləri də var. Razıyam ki, Naydiç hamıdan pis oynadı. Bu, faktdır. Əslində, uğursuzluğa görə bütün suallara mən cavab verməli deyiləm. Komandanın məşqçisi də var.

- Komandamız ilk məğubiyyəti istirahət günündən öncə Hindistan yığmasından aldı. Növbəti turda isə gözlənilmədən Yunanıstanla heç-heçə etdi. İstirahət günündə komanda gücünü bərpa edə bilmədi, yoxsa rəqib qiymətləndirilmədi?

- Rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Çünki Yunanıstan yaxşı komandadır. Naydiç həmin matçda uduzsa da, komandanı məğlubiyyətdən Eltac xilas etdi. Səfərli 2 dəfə ən sonda komandanın yekun nəticəsini müəyyənləşdirib. 1 dəfə heç-heçə oynamışıq, 1 dəfə isə qələbə qazanmışıq. Lakin dünən o uduzdu və yekunda İngiltərə ilə görüşdə məğlub olduq. Problemin lövhələrdən qaynaqlandığını deməzdim

- Teymur Rəcəbov ideal formadan uzaq idi. Onun uğurlu çıxış edə bilməməsi komandamızın ümumi nəticəsinə nə dərəcədə təsir göstərdi?

- Şahmatçıları ayrı-ayrılıqda qiymətləndirmək istəməzdim. Günahı kiminsə üstünə atmaq fikrində deyiləm. Teymura ümidlərim böyük idi. Yarışa yaxşı hazırlaşsa da, oyun praktikasının azlığı özünü göstərdi. Motivasiya baxımından da onun vəziyyəti yaxşı idi. Teymur Rəcəbovun çıxışının çox pis alındığını deməzdim.

- İlk turda aparıcı komandalar liderlərinə istirahət verdiyi halda, Şəhriyar Məmmədyarov 10 tur ərzində mübarizə apardı. Sona yaxın onda yorğunluq hiss olunurdu. Hətta Sergey Karyakinlə görüşdə qələbə qazana bilməməsini də yorğunluqla əlaqələndirmək olar.

- Razıyam, yorğuluq hiss olunurdu. Şəhriyar Karyakinə qalib gələ bilərdi. Onun 10 tur fasiləsiz mübarizə aparmasında qeyri-adi heç nə yoxdur. Əvvəldən planımız belə idi ki, Şəhriyar və Teymur fasiləsiz çıxış edəcəklər. Müəyyən çətinliklərimiz oldu. Şəhriyarın gücü sona kimi çatdı, əla oynadı. Olimpiadada reytinqini artırdı.

- Uğur qazanmağınız üçün komandaya hər cür şərait yaradılmışdı. Bu halda məqsədə çatmaq üçün nə çatışmadı?

- Həqiqətən də federasiya rəhbərliyi şahmatçıların hazırlığı üçün hər cür şərait yaratmışdı. Təlim-məşq toplanışlarının yüksək səviyyəli təşkilinə maksimum güc qoyulmuşdu. Bunun nəticəsidir ki, qızlardan ibarət əsas yığma möhtəşəm oynadı. Bir çox sürprizlərə imza atdı. Onlar özlərini yaxşı tərəfdən göstərdilər.

Bizim uğursuzluğumuza gəlincə, lazımi nəticəni qazanmaq üçün maksimum stabillik lazımdır. Komanda yarışlarında əsas məqsəd uduzmamaqdır.

- Növbəti olimpiadada eyni səhvlərin təkrarlanmaması nəyi yaxşılaşdırmaq lazımdır?

- Növbəti olimpiadanın hazırlığına bu yarışın bağlanış mərasimindən dərhal sonra başlamaq lazımdır. Əlimizdən gələni etməliyik ki, növbəti dəfə daha yaxşı nəticələr qazanaq.

- Azərbaycan yığmasındakı fəaliyyətinizi davam etdirəcəksiniz?

- Müqavilənin müddəti olimpiadadan sonra bitir. Adətən belə nəticədən sonra yeni müqavilə təklif etmirlər (gülür). Təklif olsa, məmuniyyətlə razılıq verərəm.

- İkinci komandamızda yer alan Qədir Hüseynov olimpiadada inamlı çıxışla yadda qaldı. Onu gələcəkdə əsas yığmada görə bilərik?

- Bu sual məşqçiyə aiddir. Fikrimcə, Qədir əla şahmatçıdır. Onunla dəfələrlə oynamışam. Bütün görüşlərimiz heç-heçə bitib.

- Sonda ürək sözlərinizi eşitmək istərdik.

- Olimpiadanın gedişində çox adam bizə dəstək oldu. Ölkə rəhbərliyi şahmatçılara böyük diqqət və qayğı ilə yanaşır. İdman və gənclər nazirliyi, Şahmat Federasiyası idmançıların uğur qazanması üçün hər xırda detala xüsusi fikir verirdi. Komanda adından hər kəsə minnətdaram. Azarkeşlərin ümidlərini doğrultmadığımız üçün üzr istəməliyəm. Amma inanın ki, komandada yer alan hər kəs əlindən gələni etdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31