25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Tarixdə 8-ci, bizim üçün ilk mundial LAYİHƏ

Bu gün Kolumbiyada futzal üzrə növbəti dünya çempionatına start veriləcək. Oktyabrın 2-ə kimi davam edəcək mundialın iştirakçıları arasında ilk dəfə olaraq Azərbaycan millisi də var.

7 MUNDİAL, 2 ÇEMPİON

Bu, futzal üzrə sayca 8-ci dünya çempionatı olacaq. İlk dəfə mundial 1989-cu ildə keçirilib. Hollandiyada baş tutan yarışın finalında ev sahibləri Braziliyaya 1:4 hesabı ilə uduzublar. Braziliya millisi növbəti 2 dünya çempionatının da qalibi olub. “Sambaçılar” 1992-ci ildə Honk Konqda finalda ABŞ-ı (4:1), 1996-cı ildə isə İspaniyada həlledici qarşılaşmada meydan sahiblərini (6:4) məğlub ediblər.

4 il sonra Qvatemalada İspaniya yığması braziliyalıların hegemonluğuna son qoymağı bacarıb. Gərgin görüşdə Braziliyanı 4:3 hesabı ilə üstələyən İspaniya yığması Braziliyadan sonra dünya çempionu olmağı bacaran ilk və hələlik sonuncu milli kimi kimi tarixə düşüb. 2004-cü ildə Çin Taypeyində baş tutan mundialda yenə qalib ispanlar olub. Pirneylilər finalda İtaliyanı 2:1 hesabı ilə məğlub ediblər. 2008 və 2012-ci ildə keçirlən son 2 dünya çempionatında yenidən Braziliya yığması qarşısıalınmaz olub. 2008-ci ildə ev sahibliyi etdiyi dünya çempinatında Braziliya penaltilərdə ispanları 4:3 hesabı ilə məğlub edib. 4 il əvvəl Tailandda keçirilən dünya çempionatında da Braziliya və İspaniya finalı baş tutub. Bu dəfə sambaçılar əlavə vaxtda vurduqları qolla 3:2 hesablı qələbə qazanıblar. Göründüyü kimi, bu günədək baş tutan 7 dünya çempionatından 5-də Braziliya, 2-də İspaniya qalib olub.

KOLUMBİYA NECƏ QALİB OLDU?

Dünya çempionatını keçirmək üçün öncədən 6 ölkə namizədliyini irəli sürmüşdü. Bunlar İspaniya, İran, Fransa, Puerto-Riko, Çexiya və Kolumbiya idi. Lakin sonradan Çexiya və Kolumbiya istisna olmaqla, digər 4 ölkə namizədliyi geri götürdü. Nəhayət, 2013-cü il mayın 28-də FIFA-nın İcraiyyə Komitəsi mundialın Kolumbiyada keçiriləcəyini bəyan etdi.

3 ŞƏHƏR, 3 ARENA

Kolumbiyada keçiriləcək mundialın oyunları 3 şəhərdə - Kali, Bukamaranqa və Medelində baş tutacaq.

Kalidəki “Kolizeo El Pueblo” arenası tamaşaçı tutumuna görə oyunları qəbul edəcək arenalar arasında ən böyüyüdür. 18 min tamaşaçı tutumu olan arenada mundialın açılış matçı - Kolumbiya - Portuqaliya görüşü keçiriləcək. Final və III yer uğrunda matçlar da bu arenada baş tutacaq.

Bukaramanqadakı “Kolizeo Bisentenario”nun tamaşaçı tutumu 7 mindir.

3 arena arasında tamaşaçı tutumuna görə ən kiçiyi “Kolizeo İvan de Beodut”dur. Azərbaycan yığması qrup mərhələsindəki hər 3 oyununu məhz 6 min tutumu olan bu arenada keçirəcək.

23 MİLLİNİN MUNDİALA GEDƏN YOLU

Ev sahibi Kolumbiya istisna olmaqla, digər 23 komanda dünya çempionatına vəsiqəni seçmə mərhələdə uğur qazanmaqla əldə edib.

Mundialda ən çox komanda ilə təmsil olunan qitə Avropadır. Köhnə qitənin 7 millisi Kolumbiyada mübarizə aparacaq. Həmin komandalar 22 oktyabr (2015-ci il) - 13 aprel (2016-cı il) tarixlərində baş tutan seçmə mərhələdən sonra istəyinə çatıblar. Avropanı mundialda Azərbaycanla yanaşı, İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya və Ukrayna təmsil edir.

Asiya dünya çempionatında 5 komanda ilə təmsil olunacaq ki, bu siyahı Asiya Kubokunun nəticələrinə əsasən məlum olub. 10-21 fevral tarixlərində Özbəkistanda keçirilən Asiya Kubokunda ilk 5 yeri tutan komandalar - İran, Özbəkistan, Tailand, Vyetnam, Avstraliya mundialda iştirak hüququ qazanıblar.

8-14 may tarixlərində Kosta-Rikada baş tutan KONKAKAF kubokunda ilk “dördlüy”ə düşən kollektivlər də çempionata vəsiqə əldə ediblər. KONKAKAF-ı mundialda Kosta-Rika, Kuba, Panama və Qvatemala təmsil edir.

5-13 fevral tarixlərində KONMEBOL-un seçmə mərhələsi keçirilib. Paraqvayda baş tutan yarışda meydan sahibləri ilə yanaşı, Braziliya və Argentina da dünya çempionatına yüksəlmək hüququ verən yer tutub.

Afrika da dünya çempionatında 3 yığma ilə təmsil olunacaq. Qara qitədə mundialın iştirakçıları 15-24 aprel tarixlərində CAR-da keçirilən Afrika Kubokunda müəyyənləşib. Çempion Mərakeş, finalçı Misir və üçüncü olan Mozambik dünya çempionatına vəsiqə əldə ediblər.

Okeaniya Futbol Konfederasiyası ilə mundialda 1 yığma ilə təmsil olunur. Həmin komanda 8-13 tarixlərində keçirilən Okeaniya çempionatında məlum olub. Ficidə baş tutan yarışın qalibi Solomon adaları olub.

QRUPLARIN TƏRKİBİ

“A” qrupu: Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama

“B” qrupu: Tailand, Rusiya, Kuba, Misir

“C” qrupu: Paraqvay, İtaliya, Vyetnam, Qvatemela

“D” qrupu: Ukrayna, Braziliya, Mozambik, Avstraliya

“E” qrupu: Argentina, Qazaxıstan, Solomon adaları, Kosta-Rika

“F” qrupu: İran, İspaniya, Mərakeş, AZƏRBAYCAN

MİLLİMİZ ÜÇÜN 3 QİTƏNİN ÇEMPİONLARI

Püşkün millimiz üçün uğursuz olduğu birmənalıdır. Çünki yığmamızın rəqiblərindən İspaniya Avropa, İran Asiya, Mərakeş isə Afrika çempionudur.

İspanlar son qitə çempionatının finalında Rusiyanı 7:3, iranlılar Özbəkistanı 2:1, Mərakeş isə Misiri 3:2 hesabı ilə məğlub ediblər.

Millimiz kimi İspaniya və İran da dünya reytinqində ilk “10-luq”da yer alır.

Yeganə müsbət məqam kimi təqvimi göstərmək olar. Belə ki, millimiz ilk oyunda Mərakeşlə baş tutacaq. Bu oyun sentyabrın 12-də, yerli vaxtla 18:00-da start götürəcək. İkinci matçda yığmamız Avropa çempionları ilə üz-üzə gələcək. İspaniya ilə oyunda sentyabrın 15-də baş tutacaq. Qrupdakı son oyununda yığmamızın rəqibi İran olacaq. Həlledici qarşılaşma 18 sentyabrda keçiriləcək.

40 HAKİM

Kolumbiyada keçiriləcək dünya çempionatında 40 hakim iş başında olacaq.

Ən çox avropalı hakimlərə dəvət göndərilib. Köhnə qitənin 10, KONMEBOL-un 9, Asiyanın 8, KONKAKAF-ın 6, Afrikanın 5, Okeaniyanın isə 2 referisi mundialda ədaləti qoruyacaq.

Hakimlərin tam siyahısı:

Mark Birkett - İngiltərə

Ondrey Çernı - Çexiya

Kamil Çetin - Türkiyə

Eduardo Fernandes - Portuqaliya

Fernando Qutierrez - İspaniya

Alessandor Malfer - İtaliya

Sedrik Pelisser - Fransa

Boqdan Soresku - Rumıniya

Saşa Tomiç - Xorvatiya

Lemal Paskal - Belçika

Kristian Espindola - Çili

Yuri Qarsiya - Kolumbiya

Henri Qutierrez - Boliviya

Xose Fernandes - Ekvador

Xose Malaqa - Peru

Elvis Pena - Paraqvay

Daniel Rodriges - Uruqvay

Dario Santamariya - Argentina

Cian Telles - Braziliya

Hamis El Şamsi - BƏƏ

Vahid Arzpeyma - İran

Nurdin Bukuyev - Qırğızıstan

Kris Kolley - Avstraliya

Tomoxiro Kozaki - Yaponiya

Lyu Cinkyao - Çin

Rey Ritaqa - Filippin

Kuok Truonq - Vyetnam

Serxio Kabrera - Kuba

Ronni Kastro - Kosta-Rika

Corc Flores - Salvador

Karlos Qonsales - Qvatemala

Fransisko Rivera - Meksika

Lans Van Heytsm - ABŞ

Adalbert Diuf - Seneqal

Teodor Eyebe - Kamerun

Mohamed Hassan - Misir

Xalid Xniç - Mərakeş

Xose Katemo - Anqola

Reks Kamisu - Solomon adaları

Kris Sinkleir - Yeni Zelandiya

BİZDƏ İTV, DÜNYADA İSƏ...

Bu gün start götürəcək dünya çempionatı ölkəmizdə İTV kanalında canlı yayımlanacaq. Hələlik İctimai kanalın hansı oyunları yayımlayacağı tam dəqiqləşməsə də, millimizin matçlarının nümayiş olunacağı şübhəsizdir.

Ümumilikdə, 38 kanal mundialın görüşlərini yayımlayacaq. Tamaşaçılar Türkiyədən “ShowTV”, Rusiyadan isə “Матч ТВ” vasitəsi ilə mundiala baxa bilərlər.

Mundialın oyunlarını yayımlayacaq kanalların tam siyahısı aşağıkı kimidir:

Argentina - Televison Publica Argentina, TyC Sports

Asiya - Fox Sports Asia

Avstraliya - SBS, Fox Sports

AZƏRBAYCAN - İTV

Braziliya - “Globo (yalnız Braziliyanın oyunlarını), SporTV

Boliviya - Tigo Sports

Karib hövzəsi - DirecTV

Mərkəzi Amerika - SKY Centroamarica

Kolumbiya - Caracol Television, RCN Television

Kuba - Tele Rebelde

Avropa - Eurosport

Qvatemala - Radio y Television de Guatemala

İran - IRIB Varzeş

İtaliya - RAI

Qazaxıstan - KAZsport

Meksika - SKY Mexico, Televisa

MENA ölkələri - beIN Sports

Okeaniya - SBS

Paraqvay - Paraguay TV, Tigo Sports

Polşa - Polsat

Portuqaliya - RTP

Rusiya - Матч ТВ

Cənubi Amerika - DirecTV

İspaniya - Mega

Tailand - BBTV

Türkiyə - Show TV

Ukrayna - Украина

Uruqvay - VTV Uruguay

ABŞ - Fox Sports, Telemundo Deportes

Özbəkistan - SportUZ

Vyetnam - VTV

Hazırladı: İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30