29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Federasiya prezidenti: “Yığma mundiala 99 faiz hazırdı” LAYİHƏ

“Dünya çempionatına cəmi bir həftə qalıb. Artıq hazırlığın son həftəsi gedir”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.  

Axundov qeyd edib ki, dünya çempionatına hazırlaşan futzal millimiz Kolumbiya ilə saat fərqinə görə son günlər gecəyarısı məşq edir: “Təlim-məşq toplanışın əvvəlki mərhələsində məşqlər səhər və axşam saatlarında olurdusa, son günlərdə komanda artıq gecəyarısı hazırlaşırlar. Məşqləri gecə saat 1-ə, 2-yə keçirmişik. Bu da Kolumbiyayla saat fərqinə görədir. Uyğunlaşma ilə bağlı problem yaşamamaq üçün bu üsuldan yararlanmağa məcburuq”.

Federasiya prezidenti Özbəkistana qarşı keçirilən yoxlama oyunundan da söz açıb: “Hazırlıq çərçivəsində Özbəkistanla yoldaşlıq görüşlərimiz oldu. Belə oyunlarda nəticə vacib olmasa da, komanda həm oyun planında, həm də nəticə baxımından ümidverici çıxış etdi. Bir sözlə, yığma mundiala 99 faiz hazırdı”.

Zaur bəy millimizin rəqiblərlə müqayisədə az oyun keçirməsi fikri ilə razıdır: “Bilirsiz ki, yığmada məşqçi dəyişikliyi oldu. Buna görə də komanda gec yığışdı. Peresin qəfil qərarı bizə böyük problemlər yaratdı. Rəqiblər öz yoldaşlıq oyunlarını üç-dörd ay əvvəldən planlaşdırmışdı. Peres isə bizə elə o vaxt, mayın sonunda gedəcəyini dedi. Yeni məşqçi tapana kimi bir qədər vaxt getdi. Düşünmürəm ki, oyun təcrübəsinin azlığı problem yaratsın. Həm də səfərə çıxana kimi yığma daha oyun keçirəcək. Sentyabrın 1-də və 3-də futzal klublarının oyunçuları ilə iki görüş planlaşdırılıb. “Klublar yığması” ilə oyunlarda çatışmazlıqları aradan qaldırmaq mümkündür”.

Zaur Axundov yığmamızın yeni baş məşqçisi haqda da fikirlərini açıqlayıb: “12 ildi futzaldayam. Xeyli məşqçiylə çalışmışam. Hər məşqçinin öz taktiki özəlliyi, oyun fəlsəfəsi var. Alesionun vaxtında yığma başqa taktikayla oynayırdı, Peresin dövründə bir ayrı cür taktika ilə. Peşəkar futzalçı müəyyən zaman kəsiyində bu fərqliliyə alışır. Miltinyonun oyun fəlsəfəsi də çox maraqlıdı. O, müdafiə taktikasını bəyənmir. Hücumda oynamağa, rəngarəng həmlələr sayəsində rəqib qapısına yol tapmağa, ev tapşırıqlarına üstünlük verən mütəxəssisdi. Ondakı bu özünəinam məni təəccübləndirmir. Çünki Miltinyo dünyagörüşlü, təcrübəli məşqçidi və nə etdiyini yaxşı bilir. Məni sevindirən odur ki, futzalçılar Miltinyonun nə istədiyini qavrayır və göstərişlərini icra etməyə can atır. Mən kapitan Rizvan Fərzəliyevlə, komandanın digər aparıcı üzvləriylə fərdi söhbət etmişəm, hamı məşqçidən razıdır. İnşallah, ümidlərimiz Kolumbiyada doğrular. Braziliyalıyla bir illik, yəni mayın sonuna qədər nəzərdə tutulan müqaviləmiz var. Dünya çempionatından sonra UEFA kubokunun oyunları olacaq. Gələn ilin martında Avropa çempionatının seçmə oyunları olacaq. Bu yarışlara da Miltinyonun məşqçiliyi altında qatılacağıq. Onu da qeyd edim ki, Avropa çempionatını Azərbaycanda təşkil etmək istəyirik, bu istiqamətdə işlər görürük. Bunun üçün ölkəmizdə hər cür şərait var”.

Federasiya rəhbəri bu günlərdə AFFA rəhbərliyinin yığma üzvləriylə görüşündən də danışıb: “AFFA prezidenti Rövnəq Abdullayevin, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun komandanı qəbul etməsi yaxşı oldu. Bunun səfər ərəfəsində futzalçılara müsbət təsir göstərəcəyini düşünürəm. Rövnəq müəllim komanda üzvlərinə tövsiyyələrini çatdırdı. Onun, elə mənim də minimum tələbimiz yığmanın qrupu çıxmasıdı. Yəni minimum tapşırıq pley-offa adlamaqdı. Düzdür, qrupumuz çox ağırdı. Dünya, Asiya, Afrika çempionlarıyla yarışacağıq. Halbuki, Rusiyanın, Qazaxıstanın qrupu daha yüngül, rəqibləri münasibdir”.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31