25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

İlham Zəkiyev 36 yaşında

Bu gün azərbaycanlı cüdoçu İlham Zəkiyev üçün əlamətdar gündür. Futbolxeber.az-ın məlumatına görə, 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası, "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyev" Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl çinar" mükafatları laureatı olan tanınmış idmançımızın 36 yaşı tamam olur.

İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıtdakı 5 saylı orta məktəbin məzunudur. O, 5 yaşından etibarən cüdo ilə məşğul olmağa başlayıb. Zəkiyev çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışmada qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur. İlham Zəkiyev 1998-ci ildə Moskvada keçirilən Yeniyetmələr Olimpiadasına qatılmaq üçün yarışa hazırlaşsa da, hərbi xidmətə yollanır.

Hərbi xidmətə yollanmazdan əvvəlki son yarışı 1998-ci ildə olur və o, burada ölkə kubokunu qazanır. Həmin ilin iyul ayında İlham Zəkiyev Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə yollanır. İlham öz xidmətini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Füzuli rayonunda yerinə yetirir. Fiziki cəhətdən güclü olmasına görə o, digər yoldaşlarından seçilirdi. Məsuliyyətli və fiziki cəhətdən dözümlü olan İlhamı kəşfiyyatçı təyin edirlər. İlham bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlir. 1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində yaralanır. Güllə onun başına dəyir, sol gicgahından girərək sağ gicgahından çıxır. Aldığı yaradan sonra İlham 5 gün komada olur.

Komadan çıxdıqdan sonra məlum olur ki, İlham görmə qabiliyyətini tamamilə itirib. Həkimlər hətta belə bir ölümcül yaradan sonra onun sağ qalmasını möcüzə sayırdılar. Bütün göstərilən səylərə baxmayaraq, İlhamın görmə qabiliyyətini qaytarmaq mümkün olmur. İlham Zəkiyev Birinci dərəcəli Qarabağ əlili kimi evə dönür.

2002-ci ildə o, Gənclər və İdman Naziri Əbülfəz Qarayev ilə görüşür, nazir İlhamın Moskvaya gedərək orada müalicə almasına köməklik edir. Lakin rusiyalı həkimlər belə ağır zədə almış insanlara görmə qabiliyyətini qaytarmağa müasir elmin hələlik qadir olmadığını bildirirlər. Moskvadan Azərbaycana qayıdan İlham yenidən Gənclər və İdman Nazirliyinə müraciət edərək hansı idman növü ilə məşğul olaraq yarışmalara çıxa biləcəyi barədə sorğu göndərir. Burada ona paralimpiya üzrə cüdo yarışlarında iştirak etməyi təklif edirlər.

2002-ci ildə etibarən İlham yenidən öz əvvəlki məşqçisinin başçılığı altında məşqlərə başlayır. O, Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi Olan İnsanların 2-ci Dünya Oyunlarında iştirak etmək istəyirdi. Bu yarışın əhəmiyyəti həm də onda idi ki, burada iştirak etməklə İlham 2004-cü il Paralimpiya oyunlarına lisenziya qazana bilərdi. Bu yarış görmə qabiliyyətini itirdikdən bəri İlhamın ilk yarışı idi, həm də onun hazırlıq səviyyəsi də əvvəlki kimi yüksək deyildi. Buna baxmayaraq İlham yarışda uğurla iştirak etdi və Afinada keçirilən Paralimpiya oyunlarına vəsiqə qazandı. O, həmin Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən yeganə cüdoçu idi. Onun ilk qarşılaşması Kvebekdəki yarışda məğlub olduğu Kuba idmançısına qarşı idi. Bu dəfəki qarşılaşmada İlham öz rəqibini 1 dəqiqə 40 saniyə davam edən döyüşdə üstələyərək yarımfinala yüksəlir. Yarımfinalda o, İspaniyadan olan idmançını 37 saniyə ərzində məğlub edir. Finalda isə Böyük Britaniyadan olan cüdoçunu ippon fəndi işlədərk 1 dəqiqə 2 saniyə ərzində məğlubiyyətə uğradaraq Paralimpiya Oyunlarının qalibi olur. Bir ildən sonra Niderlandda keçirilən Avropa Çempionatında da qalib gələrək Avropa çempionu olur. 2006-cı ildə Fransada keçirilən Dünya Çempionatında bürünc medal qazanır. 2007-ci ildə Bakıda keçirilən Avropa Çempionatında İlham yenidən qələbə qazanır. Bundan başqa o, Braziliyada keçirilən Gözdən Əlillərin Dünya Oyunlarında da qızıl medal qazanır.

2008-ci ildə İlham Zəkiyev özünün ikinci Paralimpiya Oyunlarında iştirak edir. Çininın paytaxtı Pekində keçirilən bu yarışda İlham 100 kq-dan artıq çəki dərəcəsində iştirak edirdi. İlk olaraq fransalı idmançı Julyen Turinlə qarşılaşan İlham ona 5 saniyə ərzində tam üstünlük ilə (ippon) qalib gəlir. İlham yarımfinalda da Cənubi Koreyadan olan idmançıya tam üstünlük ilə qalib gəlir. Finalda yerli Çin cüdoçusu da məğlub edərək Azərbaycan tarixində ilk dəfə Paralimpiya Oyunlarında ikiqat Çempion adını qazanıb.

2013-cü ildə Macarıstanda Avropa çempionu olan Zəkiyev, ötən yay Bakıda baş tutan I Avropa Oyunlarında da qalib olub.

Futbolxeber.az saytı səbəbkarı ad günü münasibəti ilə təbrik edir. Tanınmış idmançımıza uzun ömür, can sağlığı və daha böyük uğurlar arzulayırıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30