29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Saymon Kleq: “Prezident İlham Əliyevin Oyunların təşkilində böyük dəstəyi oldu”

"Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunların yekunları ilə bağlı "Azərtac"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: 

- "Bakı-2015" Birinci Avropa Oyunları artıq tarixə çevrildi. Otuz aylıq gərgin işin nəticəsi əməliyyatlara rəhbərlik edən bir şəxs kimi sizi nə dərəcədə qane edir?

- Mən "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı əldə etdiyimiz yüksək nailiyyətlərdən olduqca məmnunam. Bu, bizim gərgin əməyimizin möhtəşəm təcəssümüdür. Təbii ki, birinci Avropa Oyunlarının Əməliyyatlar Komitəsində çalışan bütün əməkdaşların böyük xidmətləri var. Dövlət və hökumət orqanlarının son 30 aydakı fəaliyyətini də qeyd etməliyəm. Hər kəs bu Oyunların peşəkarcasına təşkili üçün töhfəsini verdi.

Bildiyiniz kimi, Olimpiya, Asiya və ya Pan-Amerika Oyunlarına ev sahibliyi etmək üçün ən azı 7 il vaxt lazım gəlir. Lakin biz çox qısa zaman çərçivəsində böyük işin öhdəsindən gələ bildik. Təbii ki, bizə inanan rəhbərlik və yüksək səviyyəli əməkdaşlıq mövcud olmasaydı, belə bir nəhəng işin öhdəsindən gələ bilməzdik. 17 günlük fantastik idman bayramına nəzər saldıqda aydın şəkildə görünür ki, biz böyük uğura imza atdıq.

Prezident İlham Əliyevin Oyunların təşkilində böyük dəstəyi oldu. Cənab Prezident İlham Əliyev bizə inandı və onun köməyi olmasaydı, təbii ki, birinci Avropa Oyunları da tarixə çevrilməyəcək, bu cür möhtəşəm alınmayacaqdı. Prezident riski nəzərə aldı və 30 aylıq çox qısa zamanda belə bir peşəkarlıqla Oyunların həyata keçirilməsinə dəstək verdi.

Prezident İlham Əliyevin "Dostluq" ordenini təqdim etməyi mənim üçün böyük şərəf oldu. Xarici bir vətəndaşın əməyinin qiymətləndirilməsi olduqca əlamətdardır.

İlk Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətini də xüsusi qeyd etmək istərdim. Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük xidmətləri var. Onun yüksək peşəkarlığı, dərin zəkası nəticəsində bu Oyunlar həyata vəsiqə qazandı. Mən birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Möhtəşəm idman tədbirinə hazırlaşmaq üçün mənimlə yanaşı, Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov da çalışıb. Bir daha qeyd etməliyəm ki, BEGOC-da çalışan hər bir əməkdaş uğur hekayəmizin başlaması üçün əllərindən gələni etdilər. Birinci Avropa Oyunları idman coğrafiyasına adını yaza bildi və bu, bizim ən böyük uğurumuzdur.

- Oyunlara maraq gözlənildiyindən də böyük oldu. Deyə bilərsinizmi, Oyunları arenada nə qədər azarkeş izlədi, "Bakı-2015" neçə ölkədə yayımlandı və nə qədər tamaşaçı topladı?

- Oyunlara olan tamaşaçı marağını gördükdə fərəhləndim. 17 gün ərzindəki statistikaya nəzər salsaq, yarışları hər gün 80 faizdən çox tamaşaçının izlədiyini müşahidə etmiş olarıq. Bu, bizim üçün yüksək göstəricidir və inanılmaz nəticədir. Yayım işlərində də böyük miras qoymuş olduq. Oyunlar 145 ölkədə geniş işıqlandırıldı. Təkcə möhtəşəm açılış mərasimi 120 ölkədə canlı yayımlandı. Xarici ölkələrə, bütün dünyaya 1100 saatdan çox yayım təmin edildi. Ümumiyyətlə, Oyunları 823 milyona yaxın tamaşaçı auditoriyası izlədi. Bildiyiniz kimi, ilk Avropa Oyunlarının rəsmi internet səhifəsinə daxil olan istifadəçilərin sayında hər gün artım qeyd olunurdu. Hər gün təqribən 5-6 milyon insan yarışları məhz rəsmi internet səhifəsindən izləyirdi. Beynəlxalq olimpiya komitələrinin əməkdaşları, rəsmi şəxslər, tamaşaçılar – təxminən yarım milyona yaxın insan bütün yarış meydançalarındakı tədbirlərdə iştirak etdi.

- Yəqin ki, məlumatınız var: avropalı idmançılar, nümayəndə heyətlərinin rəhbərləri, idman mütəxəssisləri Bakıdan hansı təəssüratlarla ayrıldılar?

- İstər atletlər, istər beynəlxalq idman federasiyaları, beynəlxalq Olimpiya Komitələrinin nümayəndələri Azərbaycanın ev sahibliyi etdiyi yüksək səviyyəli birinci Avropa Oyunlarından danışırlar. İdmançılar Atletlər Kəndində, meydançalarda, Heydər Əliyev Beynəlxalq Aeroportunda onlara göstərilən xidmətdən xüsusi razılıq edirlər. Avropalılar Azərbaycandan böyük təəssüratlarla ayrılırlar. Azərbaycanlılar hər bir nailiyyətdən qürur hissi duyur və bu hissləri əcnəbilərə ötürə bilirlər. Bu yay Bakıda Avropa idman Oyunlarının tarixi yazıldı.

- "Bakı-2015"-in Azərbaycan, Avropa, bütövlükdə dünya idmanının inkişafına verdiyi töhfələr barədə nə deyə bilərsiniz?

- Əminliklə qeyd edə bilərəm ki, insanlarınız idmanın 20 növü üzrə keçirilən birinci Avropa Oyunları barədə geniş məlumat əldə etdilər. Tamaşaçılar meydançalarda və ya ekranlarda yarışları izləməklə qaydalar haqqında da geniş bilgi qazandılar. Ümid edirəm ki, bu, gənclərinizin idmana marağını daha da artıracaq.

Bu Oyunların dünya idmanına verdiyi töhfələr də olduqca yüksəkdir. Gələcəkdə yarışlara daha tanınmış idmançılar cəlb olunacaq. Birinci Avropa Oyunları dünyada geniş yayımlandı. Biz beynəlxalq qurumlardan müsbət fikirlər aldıq. İdman tarixində Avropa Oyunlarının xüsusi yeri var. İştirakçı 50 ölkədən 42-si medal qazandı. Bu, artıq Oyunların uğuru deməkdir. Bir daha qeyd edim ki, qitə idmançıları, tanınmış atletlər Oyunlara qatılmağı səbirsizliklə gözləyirlər. Bütün bunlar Avropa Oyunlarının uzunmüddətli olacağını deməyə əsas verir.

- Birinci Avropa Oyunlarında qazanılan təcrübə, yaradılan infrastruktur Sizcə, Azərbaycana gələcəkdə nə kimi üstünlüklər vəd edir?

- Fiziki miras baxımından beş yeni idman arenası istifadəyə verildi. Bir daha qeyd etmək istərdim ki, birinci Avropa Oyunlarına hazırlığın uğurlu nəticəsi olaraq artıq Azərbaycan gələcəkdə beynəlxalq idman tədbirlərini keçirmək üçün daha yaxşı mövqelərə çıxır. Bu mötəbər beynəlxalq idman yarışlarının təşkili üçün görülən işlər göz qabağındadır. Bakı Olimpiya Stadionu, üzgüçülük hovuzu və digər müasir tikililər, idman arenaları paytaxtınızın gələcəyi üçün zəngin mirasdır. Ən yeni texnologiyalarla təchiz edilən müasir gimnastika arenası tikilib. Su İdman Sarayı, BMX velosipedinin keçirilməsi üçün məkan, əsrarəngizliyi ilə göz oxşayır.

İnsan irsi baxımından 2 mindən çox istedadlı gənc BEGOC-un işlərinə cəlb edilmişdi. Təqribən 78 faizini azərbaycanlılar təşkil edən bu komandanın üzvləri olduqca bacarıqlı, yüksək təhsilli gənclərdir. Bu zəngin heyətlə, azərbaycanlı həmkarlarımızla birgə işimizi daha yüksək səviyyədə görməyə çalışdıq. Biz birinci Avropa Oyunlarının keçirilməsi ilə böyük bir irs qoymuş olduq. Beləliklə, ölkəniz xaricdən mütəxəssis cəlb etmədən, püxtələşmiş gəncləri ilə bu cür beynəlxalq tədbirə ev sahibliyi etmək bacarığına malik olacaq. Bu gənclər gələn il "Formula-1", 2017-ci ildə İslam Həmrəylik Oyunlarına və digər beynəlxalq yarışlara cəlb oluna bilər. Əlbəttə ki, miras olaraq könüllülərin fəaliyyətini xüsusi qeyd etməliyəm: 12 min 500 yüzdən çox könüllü arenalarda gülərüzlə Azərbaycanın adını ucaltmaq üçün əlindən gələni etdi, 5 mindən çox gənc isə açılış və bağlanış mərasimlərinin təşkili üçün əzmkarlıqla çalışdı.

- Son olaraq, bir sualımızı da qısaca cavablandırmağınızı xahiş edirik. Bakı-2015-in rəsmi media tərəfdaşı olan  "Azərtac"ın bu dövrdəki fəaliyyətini necə dəyərləndirərdiniz?

- "Azərtac" "Bakı-2015" ilk Avropa Oyunlarının rəsmi və əsas media tərəfdaşı oldu. Biz AZƏRTAC ilə birgə işləməkdən böyük həzz aldıq. Təbii ki, bizim mükəmməl tarix yazmağımızda  "Azərtac"ın özünəməxsus dəstəyi oldu.  "Azərtac" nəinki Azərbaycanda hətta, üzv olduğu beynəlxalq alyanslarda da Oyunların geniş təbliği üçün əlindən gələni etdi. "Azərtac"ın imkanlarından istifadə etməklə ölkə ilə yanaşı, bütün Avropada, regionda Oyunlarla bağlı ən son yenilikləri çatdırmaq olduqca vacib idi. Bu, bir növ Azərbaycanın nailiyyətlərinin dünyaya nümayiş etdirilməsi deməkdir. Siz bizim üçün mükəmməl tərəfdaş oldunuz. Sizin agentliyiniz, peşəkarlıqla çalışan əməkdaşlarınız olmasaydı, əlbəttə ki, ölkə rəhbərliyinin qarşımıza qoyduğu məqsədlərə nail ola bilməzdik.

"Bakı-2015" idman azarkeşlərinə beynəlxalq standartların ən yüksək səviyyəsi ilə təqdim olundu. Bu məsələdə bizim ən önəmli tərəfdaşlarımızdan biri olan "Azərtac" öz vəzifəsini layiqincə yerinə yetirə bildi.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31