25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Bakı-2015”in məşəli Oğuzda

Birinci Avropa Oyunlarının məşəli mayın 25-də qədim Oğuz diyarına gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumatab görə, məşəl estafetinin keçəcəyi Oğuz şəhərinin Heydər Əliyev prospektinə toplaşan minlərlə rayon sakini əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək böyük səbirsizliklə məşəlin rayona gəlişini gözləyiriblər.

Günorta saatlarında Ulu Öndərin adını daşıyan prospektdə birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Oyunların rəmzi qapısında Oğuz şəhərindəki 1 nömrəli tam orta məktəbin bədən tərbiyəsi müəllimi Rəfiqə Babayeva məşəli qəbul edib. Avropa Oyunlarının məşəlini növbə ilə bir-birinə ötürən 10 məşəlçi prospekt boyunca 2,3 kilometr məsafə qət edərək Olimpiya İdman Kompleksinin stadionuna gəliblər. Stadiona toplaşan minlərlə rayon sakini məşəl estafetinin iştirakçılarını sürəkli alqışlarla qarşılayıblar. Estafetin sonuncu iştirakçısı, idman ustası Araz Umarov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb.

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirilən videoçarx nümayiş etdirilib.

Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Olimpiya İdman Kompleksinə təhvil verilib.

Rayonun fəal gənci Aqil Məmmədli Avropa Oyunlarının məşəlinin Oğuz rayonuna gətirilməsindən duyduğu sevinci AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi çox böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu Oyunlara məhz Azərbaycanın ev sahibliyi etməsi beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən işlərə, o cümlədən idman sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. Oyunların məşəlinin rayonumuzda da alovlandırılması Oğuz sakinləri üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir”.

Oğuz şəhər 3 nömrəli məktəb-liseyin idman rəhbəri Tərlan Soltanov təəssüratlarını belə ifadə edib: “Azərbaycan möhtəşəm idman bayramı ərəfəsindədir. Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəmiz yenidən dünyanın diqqət mərkəzindədir. Bu Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizdə hökm sürən əmin-amanlığın, ictimai-siyasi sabitliyin, sosial–iqtisadi inkişafın göstəricisidir. Oyunların məşəlinin bölgələri qarış-qarış gəzməsi, rayon mərkəzlərində, şəhərlərdə keçirilən festivallar Azərbaycanı dünyaya tanıtmaq, eyni zamanda, gənclərimizdə idmana marağı artırmaq baxımından çox əhəmiyyətlidir. Sevinirəm ki, məşəlin keçdiyi rayonlar arasında böyüyüb boya-başa çatdığım Oğuz da var. Rayonumuzun sakinləri bu möhtəşəm tədbirə yüksək səviyyədə və böyük sevinclə hazırlaşıb. Biz oğuzlular ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən böyük qürur duyur və idmançılarımızın bu möhtəşəm yarışda Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanırıq”.

Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova deyib: “Azərbaycanın beynəlxalq aləmdə güclənən nüfuzu, dayanıqlı iqtisadiyyata malik olması, dünya standartlarına uyğun idman infrastrukturunun mövcudluğu, həmçinin ölkəmizin daim sülh, əmin-amanlıq kimi bəşəri dəyərlərin carçısı olması birinci Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinə şərait yaratdı. Oyunların başlanmasına artıq sayılı günlər qalır. Xalqımız Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük sevinc, coşqu və ruh yüksəkliyi ilə qarşılayır”.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq aləmdə təbliği baxımından önəmini vurğulayan rayon ziyalısı Yusif Rzayev bayram təntənəsindən aldığı xoş təəssüratı dilə gətirib: “Qoy avropalılar da, dünyanın digər xalqlarının nümayəndələri də gəlib görsünlər və inansınlar ki, Azərbaycan mədəni, iqtisadi və siyasi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrindən biridir, tolerant respublikadır. Onun isti qucağında bütün dost insanlara yer var”.

Birinci Avropa Oyunlarının məşəli Oğuz rayonundan Şəkiyə yola salınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30