29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Avropa Oyunlarının məşəli Balakəndə

Birinci Avropa Oyunlarının məşəli ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzib dolaşmaqda davam edir. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərindəki Atəşgah məbədində alovlandırılan və bu günədək Azərbaycanın 40-a yaxın şəhər və rayonundan keçən məşəl estafetinin növbəti ünvanı ölkənin şimal-qərb qapısı Balakən rayonu olub.

Mayın 23-də minlərlə balakənli məşəl estafetinin sevincini yaşamaq üçün günorta saatlarından başlayaraq şəhərin Heydər Əliyev prospektinə toplaşmışıb. Prospekt boyunca düzülən balakənlilər əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək böyük səbirsizliklə birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyiriblər.

Nəhayət yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Xoçbar Xalayev alqış sədaları altında Balakən şəhərinin girişində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra məşəl estafeti şəhərin mərkəzinə - Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkına doğru istiqamət götürüb. 10 məşəlçi Heydər Əliyev prospekti ilə hərəkət edərək, məşəli növbə ilə bir-birinə ötürməklə 2700 metrdən artıq məsafə qət ediblər. Estafetin sonuncu iştirakçısı - yunan-Roma güləşi üzrə gənclər arasında Avropa və dünya birinciliklərinin mükafatçısı, beşqat Azərbaycan çempionu Hacımurad Çopsiyev parkın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. Parka toplaşan minlərlə balakənli bu hadisəni böyük coşqu və sürəkli alqışlarla qarşılayıblar.

Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Bayram tədbirinin iştirakçıları Bakı şəhərindəki Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı böyük maraqla izləyiblər.

Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Məşəl estafetinin təəssüratını AZƏRTAC-ın müxbiri ilə bölüşən rayonun fəal gənci, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev ürək sözlərini belə ifadə edib: “Bu gün minlərlə balakənlinin alqış sədaları altında birinci Avropa Oyunlarının məşəli rayonumuza gətirildi. Məşəlin alovlandırılması anını həyəcansız izləmək olmurdu. Biz gənclər məşəl estafetinin tarixi anlarını doğma Balakənimizdə yaşadığımız üçün özümüzü xoşbəxt sanırıq. Mən çox fərəhlənirəm ki, birinci Avropa Oyunlarında Balakənin iki gənc idmançısı da ölkəmizin idman şərəfini qoruyacaq. Arzum budur ki, yarışlarda Azərbaycanımızın üçrəngli, ay-ulduzlu bayrağı ucalsın, dövlət himnimiz səslənsin. Çünki ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları gənc və yeniyetmələrin vətənpərvərlik hisslərini daha da artıracaq və bu tarixi günlər onların yaddaşlarında uzun müddət qalacaq”.

Ölkəmizi diyar-diyar gəzib dolaşan birinci Avropa Oyunlarının məşəlinin Balakən rayonunda da alovlanmasından qürur hissi keçirdiyini bildirən rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov son illər Balakəndə də idmanın inkişafına xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Bu qayğının nəticəsidir ki, son illər Balakəndə Rəsul Çunayev, Oluxan Musayev, Murad Bazarov, İqbal Hacızadə, Hacımurad Bağmanov, Hacımurad Çopsiyev kimi tanınmış idmançılar yetişib. Bu idmançılar Olimpiya Oyunlarında, dünya və Avropa birinciliklərində dəfələrlə Azərbaycan bayrağını ucaldıblar.

Rayon ağsaqqalı, şair Ramazan Xutra isə öz təəssüratlarını belə ifadə edib: “Avropa Oyunlarının məşəlinin Balakənə gətirilməsi tolerantlıq mühitində yaşayan rayonumuz üçün unudulmaz bir hadisədir. Birinci Avropa Oyunlarının məşəli alovlandıqca ulu öndər Heydər Əliyevin söylədiyi bu sözlər yadıma düşdü: “Azərbaycan dünyaya günəş kimi doğacaq!”. Bəli, bir müddət sonra Azərbaycan şəhər və rayonlarımızda alovlanan məşəlin nuruna bürünərək dünyanı sülhə səsləyən idman bayramına ev sahibliyi edəcək”.

Rayon ağsaqqalı fikrini tamamlayaraq deyib: “Birinci Avropa Oyunları kimi idman yarışının Azərbaycanda keçirilməsi ölkəmizin bu cür möhtəşəm tədbirlərə ev sahibliyi edə biləcək qədər qüdrətli olmasından xəbər verir. Şübhə etmirəm ki, Azərbaycan bundan sonra da hələ neçə-neçə beynəlxalq yarışlara ev sahibliyi edəcək”.

Rayon təhsil şöbəsinin məsləhətçisi Cavanşir Alqayev birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib: “Birinci Avropa Oyunlarının məşəlinin rayonumuza gətiriləcəyi günü səbirsizliklə gözləyirdik. Bir azərbaycanlı olaraq qürur duyuram ki, ilk dəfə keçiriləcək bu Oyunlara Azərbaycan ev sahibliyi edəcək. Bu, tarixi bir uğurdur. Bugünkü təntənə ölkəmizin gücündən, qüdrətindən, ölkədaxili sabitlikdən və iqtisadi yüksəlişdən xəbər verir. Bu məşəl bütün Avropanı sülhə, ədalətə və qardaşlığa çağırır. Çox xoşbəxtəm ki, mən də belə tarixi anların şahidiyəm”.

Birinci Avropa Oyunlarının məşəli Balakəndən Zaqatala rayonuna yola salınıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31