18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Bakı-2015” Avropa Oyunlarının məşəli Mingəçevirə gətirildi

Mayın 22-də Mingəçevir şəhərində “Bakı-2015” Avropa Oyunlarının məşəli alovlandırılıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, əllərində Azərbaycanın üçrəngli bayrağı və gül dəstələrini tutan minlərlə şəhər sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəlini Mingəçevirə gətirən estafet iştirakçılarını qarşılayıb.

“Kür” Elektron Avadanlıqları Zavodunun qarşısında quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli sambo üzrə dünya çempionatının bürünc medalçısı Ayaz Umudəliyev qəbul edib. Sonra yürüşə start verilib. Beynəlxalq yarışlarda böyük uğurlar qazanan idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev prospekti, N.Nərimanov, S.Vurğun küçələrindən keçməklə Heydər Əliyev meydanına gəliblər.

Avarçəkmə üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası Xəqani Mikayılov səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.

Qarşılanma mərasimində çıxış edənlər vurğulayıblar ki, respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də idmana xüsusi diqqət və qayğı göstərilir. İlk Avropa Oyunları Bakı ilə yanaşı, Mingəçevir şəhərində də keçiriləcək. Mingəçevirdə bu yarışların təşkili üçün müasir infrastruktur yaradılıb. Təməli 1964-cü ildə qoyulan və Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan “Kür” Olimpiya Tədris Mərkəzi ölkəmizdə su idmanının inkişafında xüsusi əhəmiyyətə malikdir. Bu şəhərdə yarışlar 3 gün keçiriləcək və 350 nəfər idmançı medallar uğrunda mübarizə aparacaq. Ümumilikdə, 12 baydarka (kişilər və qadınlar arasında) və üç kanoe sprinti yarışları (yalnız kişilər arasında) təşkil olunacaq. Son bir ildə şəhərdə görülən hazırlıq işləri əminliklə deməyə əsas verir ki, Mingəçevir iyun ayında keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.

Ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlarından biri də bu mötəbər idman tədbirinə ev sahibliyi etməsidir. Bu sözləri AZƏRTAC-a müsahibəsində avarçəkmə üzrə ikiqat Azərbaycan çempionu Xəqani Mikayılov deyib. O qeyd edib ki, Azərbaycanda düzgün idman siyasətinin reallaşdırılması nəticəsində ilk Avropa Oyunları məhz ölkəmizdə keçirilir. Bu cür möhtəşəm tədbirlərə ev sahibliyi etmək heç də hər ölkəyə nəsib olmur. Azərbaycan Avropanın tarixinə ilk Oyunlara ev sahibliyi edən ölkə kimi düşəcək ki, bu da respublikamızın idman sahəsində qazandığı nailiyyətlərlə, yaradılan infrastrukturla, iqtisadi inkişafla bağlıdır. Əminəm ki, idmançılarımız bu yarışlarda da qələbə qazanacaqlar”.

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərilib.

Məşəl yürüşünü izləyən şəhər sakinlərinin bir neçəsi ürək sözlərini AZƏRTAC-la bölüşüb. Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir şöbəsinin koordinatoru Tural Kərimov deyib: “Birinci Avropa Oyunlarının şəhərimizdə keçirilən məşəl yürüşünü izləmək mənə də qismət oldu. Ailə üzvlərimlə birgə məşəlin və çırağın yandırılması prosesini izlədik və bizdə xoş təəssürat yaratdı. “Bakı-2015” Avropa Oyunları tarixi hadisə olacaq və Azərbaycan bir daha dünyaya göstərəcək ki, gənc müstəqil dövlət olmasına baxmayaraq, ən inkişaf etmiş ölkələrin belə öhdəsindən gələ bilməyəcəyi işi uğurla həyata keçirir. Ölkəmiz təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda, idman sahəsində də yeni-yeni uğurlara imza atır. İlk Avropa Oyunlarının paytaxtla yanaşı, Mingəçevirdə də keçirilməsi bunun məntiqi nəticəsidir”.

Estafet iştirakçılarını qarşılayanlar arasında olan Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov: “Birinci Avropa Oyunlarının məşəlinin şəhərimizə gəlişi insanlarda böyük ruh yüksəkliyinə səbəb oldu. İnanıram ki, Mingəçevirdə keçiriləcək yarışlarda Azərbaycanı təmsil edən idmançılar bizi qələbələri ilə sevindirəcəklər”.

Məşəlin qarşılanma mərasimindən sonra Alov festivalı keçirilib, atəşfəşanlıq olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30