29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Şəhriyar Məmmədyarov: "Azərbaycanda keçirilən turnirlərdə oyunum alınmır"

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda keçirilən Qran-Pri turnirinin 2-ci turundan sonra suallara cavab verib.

- Svidlerə məğlubiyyət gözlənilməz oldu...

- İkinci turda belə məğlubiyyəti heç ağlıma gətirmirdim. Üstünlük hiss olunurdu. Qələbə qazanmaq istəyirdim və buna inanırdım. Sadəcə ardıcıl səhvlərə yol verdim. Elə səhvlər etdim ki, partiyaya nəzarət etmək mümkün olmadı. Maraqlı debütlə başladım. Açılışdan qazandığım üstünlüyü sona çatdıra bilmədim. Təəssüf edirəm. Ümumiyyətlə, hiss edirəm mənə doğma ölkəmdə oynamaq çox çətindir. Başqa şəhərlərdə keçirilən turnirlərdə daha yaxşı çıxış edirəm.

- Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirə turnirində də oyunun alınmadı...

- Şəmkirdə oynaya bilmədim. İndi Bakıdakı Qran-Prinin ikinci turunda uduzdum. Belə nəticələr məni kədərləndirir. Əlbəttə, hər şey irəlidədir. Amma oyun belə nəticəylə başa çatmalı deyildi.

- Adətən məğlubiyyətdən sonra biz daha aqressiv Şəhriyarı görürük...

- Svidlerlə oyunda uduzmamalıydım. Həmin üstünlüyü saxlasaydım indi tam başqa suallar verilirdi. Növbəti oyunlarda nə olacağını söyləmək çətindir. Əgər Qran-Pridə yer tutmaq istəyiriksə gərək daha yaxşı oynayaq. Doğma ölkəmdə olanda təzyiq hiss edirəm. Dostlar, yaxınlar bizi izləyir. Hamı yaxşı nəticə gözləyir. Bir qədər adamı sıxır. Etiraf edirəm ki, oyunum Azərbaycanda keçirilən turnirlərdə alınmır.

- 2-ci turda az qala partiyaya gecikirdin. Niyə oteldən gec çıxdın?

- Qran-Pridəki şərait yüksək səviyyədədir. Bütün təşkilatçılara çox sağ ol deyirəm. Otelimiz turnirin keçirildiyi Mədəniyyət Mərkəzinə çox yaxındır. 10 dəqiqə əvvəl çıxsan piyada rahat çatmaq olar. İşıqforda gözlədim. 2 dəqiqədən sonra yolu keçdim və piyada gələndə gördüm ki, artıq 1-2 dəqiqə qalıb. Yaxşı ki, çatdım. Amma belə uduzmaqdansa elə partiyaya gecikmək yaxşıdır.

- Qran-Pri turnirində güclü şahmatçılar çoxdur. Aşkar favorit kimdi?

- Favorit təkdir. Karuana. O çox mükəmməl oyun sərgiləyir. Son turnirlərə nəzər salın. Ardıcıl keçirilən yarışlarda gözəl oyun göstərir. Hətta reytinqləri artırır. Karuana yüksək hazırlıqla bütün turnirlərdə favoritdir. Fikrimcə Qran-Prinin əsas favoriti odur. İki şahmatçı iddiaçılar turnirinə yollanacaq. Biri yəqin Karuana olacaq. Digərini müəyyənləşdirmək lazım gələcək.

- Azərbaycan şahmatçılarını qarşıda iki çətin yarış gözləyir. 2015-ci ildə Bakıda Dünya Kuboku, 2016-cı ildə isə şahmat olimpiadası keçiriləcək. Bu yarışlarda sizdən maksimum nəticə gözləyəcəklər...

- Azərbaycan artıq şahmatın mərkəzinə çevrilib. Yəni, davamlı olaraq mötəbər yarışlar keçiririk. Bunun sayəsində şahmatçılar daha da inkişaf edir. Dünya Kuboku və olimpiada bizim üçün çox vacibdir. Şahmat olimpiadasında təşkilatçı ölkə kimi bir neçə komandayla təmsil olunacayıq. Orada gənclər də oynamaq imkanı qazanacaq. Azərbaycan şahmatçıları məsuliyyəti başa düşür. Son olimpiadada mükafatçılar sırasında yer almağa çox yaxın olduq. Sonda itirilən xallar nəticəmizə təsir etdi.

- Ermənistan komandasının olimpiadada iştirak edib-etməyəcəyi məlum deyil. Azərbaycanda çıxış etmək onların nəticəsinə təsir edə bilər?

- Şahmatda da harada oynamaq vacibdir. Ermənistan millisinin burada çıxış etməsi çətin olacaq. Təhlükəsizlik baxımından problem yoxdur. Biz hər cür şərait yaradacayıq. Sadəcə onlar üçün burada komfortlu olmaya bilər. Yekun qərarı özləri verəcək. Güclü heyətə malikdirlər. Biz təşkilatçı ölkə kimi hamını qəbul etməyə hazırıq. Fikrimcə Bakıdakı olimpiada tarixdə keçirilən ən yaxşı şahmat turnirlərindən biri olacaq.

- Fikrincə Ermənistan yığmasının qərarı necə olacaq?

- Mən belə düşünürəm ki, onlar Bakıda keçirilən olimpiadada iştirak etməyəcək. Çünki, burada mübarizə aparmaq istəməyəcəklər. Gözləyək, görək necə olacaq. Mənim fikrim belədir.

Bakı Qran-Prinin mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31