19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

İdmançı, jurnalist, ictimai fəal: “İdman mətbuatında birləşmədən çox, parçalanma gedir”

Dünən Azərbaycanda Milli Mətbuatın yaradılmasının 145 illiyi qeyd olundu. Yubiley münasibəti ilə həmkarlarımızdan birinə tribuna verməmək qeyri-mümkün idi. Seçimimiz Natiq Nəsirov oldu ki, bunun da xüsusi səbəbləri var. Onu əksər idman jurnalistlərindən fərqləndirən cəhət universallığıdı. Keçmişdə eyni anda 3 idman növü ilə peşəkar səviyyədə məşğul olub. Dəfələrlə respublika səviyyəli müsabiqələrin mükafatçıları arasında yer alıb. Sonradan isə ictimai-siyasi sahədəki fəaliyyəti ilə tanınıb. 

Onu da vurğulayım ki, Natiqlə eyni məktəbdə oxumuşuq. Məndən 5 yaş böyük olan Nəsirov 10-cu sinifdə oxuyarkən armrestlinq üzrə böyüklər arasında respublika çempionu olmuşdu. Elə söhbətimizə də o illərdən başladıq.

“ADIMI SİYAHIYA SALMAQ ÜÇÜN NAZİRLİK MƏNDƏN 800 DOLLAR TƏLƏB ETDİ”

- Bilirəm ki, uşaqlıqdan peşəkar idmanla məşğul olmusan, hətta dəfələrlə respublika çempionatları və kuboklarının mükafatçısı da olmusan. Elə söhbətimizə lap əvvəldən başlayaq.

- İlk dəfə 10 yaşımda Şəmkirdə Respublikanın Əməkdar məşqçisi Mikayıl Sadıqovun rəhbərliyi altında sərbəst güləş məşqlərinə başlamışam. Həmin dövrdə Mikayıl müəllimin 2 tələbəsi - Saday İsmayılov və soyadını xatırlamadığım Nemət yeniyetmələr arasında dünya çempionu olmuşdu. Bu isə bütün uşaqlarda sərbəst güləşə xüsusi həvəs yaratmışdı. Regional turnirlərdə uğurla çıxış etsəm də, xaricdəki yarışlara qatıla bilmirdim. Ukraynanın Zaporojye şəhərində yeniyetmələr arasında beynəlxalq turnir keçirilirdi ki, bu yarışa “yeniyetmələrin kiçik Avropası” deyilirdi. Həmin dövrdə ölkədə vəziyyət istənilən kimi deyildi və şəxsi maliyyə imkanları da yox idi deyə digər turnirlər kimi, bu turnirə də gedə bilmədim. Mənim əvəzimə dəfələrlə müxtəlif yoxlama və müsabiqə görüşlərində məğlub etdiyim 2 nəfər  getdi və hər ikisi o turnirin finalında güləşdi. Təbii ki, bu, o yaşda olan birisi kimi çox pis təsir etmişdi və məşqi buraxdım. 1995-ci ildə Bakıya köçdükdən sonra Əhməd Cahangirovun rəhbərliyi altında “Neftçi İSM”də məşqləri bərpa etdim. Yeniyetmələr arasında ardıcıl 2 açıq Respublika turnirində qalib olduqdan sonra Əhməd müəllim məni həmin vaxt böyüklərdən ibarət yığmanın baş məşqçisi Yaqub müəllimə təqdim etdi. Yaqub müəllim bir neçə yoxlama görüşündən sonra yığmaya götürdü. Hər şey uğurla davam edirdi. Amma böyüklər arasında Respublika çempionatının 3 ya 4-cü görüşündə onurğa sütunundan zədə aldım və həkimlər güləşməyə icazə vermədilər. Bununla bərabər, bütün uşaqlar kimi hər yerdə qol güləşdirirdik. Doğrusu, belə bir idman növü üzrə yarışların keçirildiyini bilmirdim. Yaxın qohumum, hazırda “Xətai İdman Klubu”nun rəhbəri olan Qabil Sayadov bir gün dedi ki, bəs Azərbaycan çempionatı keçirilir, gedək iştirak edək - getdik. Orda bəlli oldu ki, çempionatın reqlamentinə uyğun olaraq, ancaq yaşı 21 və daha yuxarı idmançılar iştirak edə bilər. Mən də məcbur oldum təşkilatçıları aldadım (gülür). Dedim ki, bəs 25 yaşım var. Halbuki 15 yaşım var idi. Xarici görünüşüm onları aldatdı. Orda maraqlı bir hadisə baş verdi. İlk görüşdəcə məğlub oldum. Amma bu, sırf rəqibin hakimi özündən çıxarması səbəbindən baş verdi. Yarışların baş hakimi hal-hazırda Ağır Atletika Federasiyasının Hakimlər Kollegiyasında çalışan Azad müəllim Mustafayev idi. Rəqib 2 dəfə qaydalara riayət etmədiyi üçün - biləyi əydiyi və barmaqları gizlətdiyi üçün - xəbərdarlıq almışdı. 3-cü xəbərdarlıq isə yarışdan uzaqlaşdırılmaq demək idi. Bu dəfə isə rəqib daha ciddi qayda pozuntusuna yol verdi və mən gülümsəyərək qolumu boşladım ki, artıq 3-cü xəbərdarlıq veriləcək. Lakin Azad müəllimin səbri çatmadı, başını yelləyərək “ready go” komandasını verdi və məğlub oldum. Hər şey bundan sonra başladı (gülür). Gördüm ki, ordakılar məndən güclü deyillər. Ona görə də yarışın sonunadək gözlədim. Qaliblərin mükafatlandırılması zamanı özümü saxlaya bilmədim. Hər halda 15 yaşlı məktəbli yeniyetməydim. Möhkəm səslə etiraz etməyə başladım və dedim ki, siz məni bu yaşda ruhdan salırsızsa, bu idmanın inkişafını necə təsəvvür edirsiz? Federasiyanın o zamankı prezidenti Mehman Qanbayev bu sözü eşidəndə soruşdu ki, neçə yaşın var, dedim 15. Əsəbləşdi ki, bəs sən burda bir zədə alsaydın, bunun məsuliyyəti bizim üzərimizdə qalacaqdı. Çünki öz qoyduğumuz əsasnaməni pozmuşuq. Bu zaman başladım ki, bəs yalvarıram, xahiş edirəm sizdən icazə verin öz çəkimdə qalib olanla qol tutum. Orda olanlara da maraqlı oldu və etiraz etmədilər. Öz çəki dərəcəmdə - 70 kq və sonra isə 80 kq çəki dərəcələrinin qalibləri ilə bir neçə dəfə qol tutduq və hamısında qalib gəldim. Milli komandanın o dövrkü məşqçisi Elxan Nuxiyev ordaca məni götürdü və fərdi məşğul olmağa başladı. Bu çempionatdan sonra 2004-cü ilədək qatıldığım bütün Azərbaycan çempionatı və Kuboku yarışlarında mükafatçılar sırasında yer alırdım. İlk dəfə armrestlinq üzrə böyüklər arasında Azərbaycan çempionu olanda 10-cu sinifdə oxuyurdum.

Boksla isə güləşə icazə verilməyəndən sonra məşğul olmağa başladım. İlk olaraq Şamil Əlimzanovun yanında başladım. Şamil müəllim fiziki hazırlığımı gördükdən sonra böyüklərə məsləhət gördü. Məmməd Eyvazovlu milli komandada məşqlərə başlamışdım. Yeniyetmə vaxtından ən azı gənclər arasında yarışırdım. Güləşdə də, armrestlinqdə də, boksda da.

- Erkən yaşlarda bu cür nailiyyətlər qazanmağın yaşıdların arasında qısqanclıq yaratmırdı ki?

- Xeyr, əksinə, ətrafımda olan həmyaşıdlarıma bir növ stimul olurdu. Sadəcə özüm müəyyən haqsızlıqlarla üzləşirdim deyə artıq çox soyuyurdum. Armrestlinq üzrə ölkə çempionu olduqdan sonra öz çəkimin 1 nömrəsi kimi Dehli və Qahirədəki dünya çempionatlarına, Budapeştdəki Avropa çempionatına getmək  üçün o zamankı Gənclər, İdman və Turizm Nazirliyindən müəyyən məbləğ istəyirdilər. Halbuki yarışlarda iştirakım Federasiya tərəfindən təsdiqlənmişdi. Dəfələrlə nazirliyə gedib xahiş etsəm də, xeyri olmadı. Son nöqtə isə Rusiyada olan yarış ərəfəsində oldu. Öz səfər xərclərimi qarşılayacağımı bildirsəm də, adımı siyahıya salmaq üçün məndən 800 dollar pul istədilər. Belə hallar istər-istəməz adamı soyudurdu. Artıq məktəbi bitirmişdim. Ona görə yavaş-yavaş idmandan uzaqlaşdım. Sonuncu dəfə armrestlinq üzrə 2004-cü ildə keçirilən Azərbaycan çempionatında yarışdım. Finala çıxdım və burada şimal bölgəmizdən olan Tengiz adlı idmançıya uduzdum. O, tam layiqli qələbə qazandı və bundan sonra artıq peşəkar idmanla vidalaşdım. Bir yandan da təskinlik tapdım ki, artıq bu çəkidə lider var və bundan sonra idmandan rahat gedə bilərəm.

“ƏHMƏD MÜƏLLİM İNDİYƏ KİMİ “SƏN MƏNİ OLİMPİYA ÇEMPİONU MƏŞQÇİSİ ADINDAN MƏHRUM ELƏDİN” DEYİR”

- Belə başa düşdüm ki, idmandan ayrılmağına təkcə haqsızlıqlar yox, həm də o vaxtkı şəraitsizlik səbəb oldu. Sonradan ölkə rəhbərliyi tərəfindən idmana olan qayğını, Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında nəticə qazanan idmançılara yaradılan şəraiti görəndə karyeranı erkən başa vurmağına görə çox təəssüfləndin?

- Vaxtı ilə birgə məşq etdiyim, sonradan uğurlu nəticələr qazanan idmançılarla söhbətləşəndə təbii ki, müəyyən qədər təəssüflənirəm. Ancaq istənilən halda heç nəyə görə peşman deyiləm. Çünki təhsilə həmişə daha çox üstünlük verirdim. Həmin vaxt maddi imkan olsaydı, dünya və Avropa çempionatlarında, olimpiadada nəticə qazana bilərdim. “Neftçi”də məşqçim olan Əhməd müəllimlə indi də nə zaman qarşılaşsaq deyir ki, “sən məni olimpiya çempionu məşqçisi adından məhrum elədin”. Hazırda güləş federasiyasında 1-ci vitse-prezident postunu tutan, dəyərli dostumuz Firdovsi Umudov 97 kq-da yarışırdı. Həftənin 5-ci günləri olan “sxvatka” zamanı o və orta ağır çəkidə olan digərləri Yaqub müəllimdən xahiş edirdilər ki, “parter”də Natiqlə işləyəcəyik. Firdovsi hər dəfə zarafata deyirdi ki, nə vaxt Natiqə “qayçı” və “nakat” fəndini etsəm, qızıl qazanacam (gülür). Çünki o, adətən dünya və Avropa çempionatlarında gümüş və bürünc qazanırdı.

- Güləş, armrestlinq və boks - bu 3 idman növündən hansını özünə daha yaxın sayırdın?

- Güləşi daha yaxın sayırdım. Armrestlinq Allah vergisi idi. Yəni fiziki güc var idi və nəticə qazanırdım. Amma yeganə qatıldığım beynəlxalq yarış armrestlinq üzrə olub. Rusiyada Tümen şəhərində beynəlxalq turnir keçirilirdi, mütləq çəki dərəcəsində. Sağ qolda birinci oldum, sol qolda isə üçüncü. Nəticə ümumi hesablanırdı və yekunda gümüş medal qazandım. Halbuki həmin vaxt çəkim 70 kq idi. Sərbəst güləşdə ya 69, ya da 76-da yarışırdım. Armrestlinqdə isə həmin dövrdə çəkilər əvvəl 10, sonra 5 kq-dan bir artırdı. Mən də 70 kiloqrama qədər çəkidə mübarizə aparırdım. Amma dediyim kimi, Tümendəki həmin yarışda çəki söhbəti yox idi. Sol qol yarışında yarımfinalda məğlub olduğum rəqibim 130 kq idi. Yəni çəkisi məndən hardasa 2 dəfə çox idi. Həmin yarışı izləyən azarkeşlər belə özlərini saxlaya bilməyib məni göstərərək kənardan atmaca atırdılar ki, “bu da onlarla yarışacaq?” Ən azı çəki məndə idi. Təsəvür et, məndən sonra ən az çəkisi olan isə yadımdadı, Mixael Qoquaşvili adlı gürcü idi, hansı ki onun çəkisi 94 kq idi. Digər iştirakçıların çəkisi isə 100-dən artıq idi. Həmin yarışda yalnız 1 idmançıya məğlub oldum. Adam adlı dağıstanlı rəqibim dediyim kimi, 130 kq idi. Sol qolda yarımfinalda ona uduzduğum üçün üçüncü olmuşdum, sağ qolda isə bütün rəqiblərimə qalib gəlmişdim.

“HARDAN TAPACAM NATİQİ Kİ, MƏNİ HƏR GÜN POLİS BÖLMƏSİNƏ ÇAĞIRSINLAR” 

- İndiki mühit bir qədər fərqli olsa da, bizim vaxtımızda məktəbin daxilində, eləcə də məktəblərarası davalar tez-tez olurdu. Yəqin ki, bu cür hallarda, sinif və məktəb yoldaşların ilk növbədə səni axtarırdılar...

- Bu sualı başqası versəydi, bəlkə də fərqli cavab verərdim (gülürük). Amma biz səninlə eyni məktəbdə oxumuşuq, sən 5 sinif aşağı oxusan da, hər halda məktəb illərini xatırlayırsan. İndi mənə də o məktəb illərini xatırlatdın. Əlbəttə, məktəb vaxtı belə hallar çox olurdu. Düzdü, mən həmişə təbiətcə sakit olmuşam və çalışırdım hər şey sakit olsun.  

- Sözünü kəsirəm, amma biz oxuduğumuz məktəb elə idi ki, sakit durmaq çətin olurdu. 

- (gülür) Düzdü, elə idi. Həm də məktəb illərində istər-istəməz davalar olur və sən də istəməsən belə, sinifə, məktəbə görə insidentə qoşulmalı olursan. O dövr özü də bir qədər fərqli idi. Ona görə də bu cür hadisələr qaçılmaz olurdu. “Bu məktəbin uşaqları belə dedi”, “O sinfin şagirdləri elə elədi” və s. Ona görə də bu cür insidentlər yaşanırdı. Üstəlik, idmançı olduğumu, respublika yarışlarında mükafatlar qazandığımı məktəb bilirdi. Bir dəfə davaya gedə bilməmişdim deyə, bütün məktəb üstümə gəlmişdi ki, “biz sənə arxayınıq, sən yoxsan”. Ona görə də, nə qədər sakit olsam da, nə qədər bacardığım qədər münaqişədən, mübahisədən qaçmağa çalışsam da, xeyri olmurdu. Məktəblərarası davalarımıza görə böyüklərimiz arxamızca polis bölməsinə çox gəlirdilər. 39-cu bölmənin o vaxtkı rəisi ilə dost olmuşduq artıq, o da köhnə güləşçilərdən idi (gülür). Hətta “Son zəng”imizdə direktorumuz Süsən xanım haqqımda dedi ki, “Hardan tapacam Natiqi ki, məni hər gün polis bölməsinə çağırsınlar”.

- İdmançı olduğun üçün yəqin ki, dərslərə çox vaxt ayıra bilmirdin. Müəllimlər qiymət yazarkən güzəşt edirdilər?

- Yox, əksinə. Bayaq da qeyd etdiyim kimi, mən təhsilə həmişə daha çox önəm vermişəm. Düşünmüşəm ki, insan özünə istiqamət seçməlidi. Humanitar sahəni özümə daha yaxın bilib seçdiyim üçün digər fənlərdə axsamalar olurdu, bəzən hətta özüm hazırlaşmırdım ki, bu fənn onsuz da mənə lazım deyil. Ümumi götürdükdə, dəsrlərimi yaxşı oxumuşam. Xüsusən də Azərbaycan dili və ədəbiyyatı, tarixi və coğrafiyanı. Respublika üzrə “Nəsirəddin Tusi Klubu” və s. bilik yarışlarında məktəb komandamızın kapitanı idim. Dəqiq elmlərlə aram çox o qədər olmayıb. Müəllimlər artıq istiqamətimi müəyyənləşdirdiyim üçün texniki fənlərlə bağlı ciddi irad bildirmirdilər.

- Bir-iki nəfəri çıxmaq şərti ilə oxuduğumuz 7 nömrəli məktəbin məzunlarının çoxları öz sahələrində tanınıblar. Xatırlayıram ki, sənin sinif yoldaşın Fədayar Tağıyev o vaxtlar yaşıdları arasında ölkənin ən perspektivli futbolçularından biri hesab olunurdu, hətta “Beşiktaş”la da müqavilə imzalamışdı, lakin sonradan bu keçid baş tutmadı. Bu prosesin canlı şahidi kimi yaşananları necə xatırlayırsan?

- Fədayar futbol oynadığı zaman bütün yaş qruplarında milli komandaya dəvət alırdı və lider idi. Səhv etmirəmsə, 1996-cı ildə Fədayar klubu ilə birlikdə Almaniyanın Ştutqart şəhərində beynəlxalq turnirə getmişdi. O turnirdə çox uğurlu çıxış etmişdilər, Fədayar isə turnirin bombardiri olmuşdu. “Barselona”, “Bavariya”, “Nürnberq”, “Ştutqart”, “Milan” və başqa klublardan olan həmyaşıdları ilə oyunlarda turk menecerlər görüb çox bəyənmişdilər. “Beşiktaş” klubundan gəlib Bakıda bütün müqavilə detallarını razılaşdırmışdılar. Növbəti il artıq getməyi planlayırdı. Ölkə çempionatının son turunda adi epizodda arxadan sürüşmə ilə ayağını çox ağır formada sındırdılar. Atası bunun məqsədli edildiyini düşündü və onu bir daha futbola qoymadı və bütün danışıqları ləğv etdirdi. İqor Ponomaryov İsveçdən hər dəfə gələndə nə qədər çalışsa da, Qulam dayını razı sala bilmədi. Ponomaryov Fədayarı İsveçə aparmaq istəyirdi.

“ÇALIŞDIĞIM GƏNC HÜQUQŞUNASLAR BİRLİYİ ARDICIL 3 DƏFƏ İLİN ƏN YAXŞI QEYRİ-HÖKUMƏT TƏŞKİLATI SEÇİLDİ”

- İdmanla vidalaşdıqdan sonra hansı sahə üzrə çalışmağa başladın? Bilirəm ki, idman jurnalistikasına gəlişin dərhal baş verməyib.

- Təhsil aldığım müddətdə Azərbaycan Gənc Hüquqşunaslar Birliyində fəaliyyətə başladım. Uzun müddətdir ictimai-siyasi fəaliyyətlə məşğul oluruq. Ölkə üzrə uğurla layihələr həyata keçirirdik və fəaliyyətimiz mütəmadi olaraq qiymətləndirilirdi. Ardıcıl 3 dəfə ilin ən yaxşı qeyri-hökumət təşkilatı seçilmişdik. Qalibi müəyyən edən səsvermədə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar iştirak edirdilər.

- Bəs idman jurnalistikasına gəlişin necə alındı?

- Jurnalistikaya gəlişim də elə Azərbaycan Gənc Hüquqşunaslar Birliyindən başladı. 2003-cü ildən birliyin nəzdində redaktoru olduğum “Gənc Hüquqşunas” jurnalı dərc olunurdu. Həmin jurnalın ilk buraxılışından etibarən son 2 səhifə idmana ayrılmışdı. Təşəbbüs mənim idi. 1 səhifəsində mütəmadi olaraq həmin vaxt Azərbaycanda məşhur idmançılarla müsahibələr dərc edirdik, digər səhifə isə ümumi idman xəbərlərinə həsr olunurdu. Xüsusən də müsahib kimi jurnalın profilinə uyğun - ixtisasca hüquqşunas olan idmançılarımıza tribuna verirdim, təşkilatın üzvü olan tələbə hüquqşünaslarla onların görüşlərini təşkil edirdim. Xatırlayıram, ilk müsahibim həmin dövrlərdə Azərbaycan cüdosunun 1 nömrəsi olan, 3 qat Avropa çempionu Elçin İsmayılov idi.

- Məhz idmana olan sevgin 5 il əvvəl səni idman jurnalistikasına gətirdi.

- “Gənc hüquqşunas” jurnalı 8 ilə yaxın nəşr olundu və ordan ayrıldıqdan sonra idman sahəsində sayt və ya hansısa media vasitəsi yaratmaq barədə düşünürdüm. Sadəcə digər işlərin çoxluğu imkan vermirdi. Nəhayət, 2015-ci ilin avqustunda estafet.az-ı yaratmaq qərarına gəldik. Düzdür estafet.az-ı yaradandək də fəaliyyət davam edirdi. “Olimpsport” jurnalının çap olunmasında texniki dəstək verirdik. Bilirsən ki, jurnalın baş redaktoru dəyərli həmkarımız Ramin Allahverdiyev (Təyyaroğlu) özü də güləş ailəsinin bir üzvüdü və hazırda da qardaşı Zamin ilə birlikdə yeni güləşçilərin yetişməsi üçün çalışırlar. Bundan başqa, ANS-dən tanıdığımız dəyərli Amil Hacıyevlə qısamüddətli bir media layihəsi olmuşdu.

- İdman saytı yaradarkən bəziləri kimi reklam almaq, pul qazanmaq barədə düşünməmisən, tam fərqli ideyaların olub. Geridə qalan 5 il ərzində bu ideyaların nə qədəri reallaşıb?

- Bütün varlığımla bağlı olduğum idman sahəsində maliyyəni, gəliri heç vaxt düşünmədim. Heç vaxt reklam, səfər və ya hər nə üçünsə heç bir bir kluba, federasiyaya və ya şəxsə müraciət etmək ağlımdan keçmədi. Sözün açığı, müsabiqələrə belə qatılmıram ki, başqa yerə yozarlar. Bir dəfə müsabiqəyə qatıldım - estafet.az yarandığı ildən bir neçə ay sonra. Yelkənli İdman Federasiyasının elan etdiyi “Media Müsabiqəsi 2016”. Seçicilərlə görüşdən sonra ofisə qayıdanda baxdım ki, müəyyən fikirlər yazırlar. Səhəri gün isə yazı qəbulunun son günü idi. Oturdum biraz xarici saytlarda, beynəlxalq federasiyanın saytında araşdırma etdim, yazını hazırlayıb göndərdim. Sonra yadımdan çıxmışdı. Bir müddət sonra zəng vurdular ki, bəs tədbirə dəvət edirik. Gedəndə gördüm qaliblərin mükafatlandırılması mərasimidi. Mənim yazım müsabiqənin qalibi oldu. Orda demək olar ki, mən əksərini tanımırdım, əksəri də məni tanımırdı. Sırf bu işi bildiyim, sevdiyim üçün edirəm. Estafet.az-ı yaradarkən hədəfim ilk növbədə baza tipli sayt ərsəyə gətirmək olub. Məqsəd əksər idman növlərini əhatə etmək, Olimpiya Oyunları, dünya və Avropa çempionatları, Qran-Prilər ilə bağlı statistika, yarışlar, rekordlar və digər məlumatları bir yerə toplamaqdı. Heç kimin xətrinə dəymək istəmirəm, bizdə əksər saytlar şablon olaraq bloq formasında idi. 90 faizdən artıq sayt yalnız demk olar ki, futbolu əhatə edir və xəbər yükünün də ən azı o qədəri futbol haqdadır. Buna görə estafet.az-da çalışırıq hər bir idman növü və idmançı haqda məlumat yerləşdirək və futbol, basketbol kimi aparıcı deyil, digər idman növləri ilə maraqlanan şəxslərin informasiya təlabatını ödəyə bilək. Bunun əlçatan olması üçün saytda xüsusi bölmələr yaradılıb. Saytın əməkdaşları qatı idman həvəskarları olduğu üçün bu bazanın formalaşmasında çətinliyimiz olmur. Düşünürəm ki, ilin sonunadək toplanan materiallar baza kimi saytda bəzi dəyişikliklərlə tam olaraq yerləşdiriləcək.

“BELƏ ÇIXIR KI, NÖVBƏTİ İDMAN NAZİRİNİN DƏ BİR KƏLMƏSİ İLƏ GƏLƏCƏKDƏ BAŞQA BİR QURUM YARADILACAQ?”

- Bu gün idman mətbuatında parçalanma var və bu, açıq-aşkar hiss olunur. Dəfələrlə səninlə söhbətimizdə hiss etmişəm ki, bu xoşagəlməz prosesin qarşısını almaq üçün əlindən gələni etməyə hazırsan. Problemin kökünü nədə görürsən?

- Hal-hazırda ən aktual olan məsələyə toxundun. Təəssüf ki, son zamanlar idman mətbuatında birləşmədən daha çox, parçalanma getdiyinin şahidi oluruq. Buna nümunə kimi, bir neçə ay əvvəl yaradılmış Azərbaycan İdman Jurnalistləri Federasiyasını (AİJF) qeyd edə bilərəm. Həmin qurumun MOK-da təqdimetməsində iştirak etdim, orada da məni narahat edən məsələlərlə bağlı 1-2 sual verdim. Təəssüf ki, istədiyim cavabı ala bilmədim. Daha sonra həmin qurumun ümumrespublika toplantısı keçirildi, orada da müəyyən müzakirələr aparıldı. Lakin həmin müzakirələrin sonunun yaxşılığa doğru getmədiyi hiss olunduğundan hansısa qərar qəbul olunmadan yekunlaşdırıldı. Halbuki belə tədbirlərin öz qaydası var - yekunda bir qərar, proqram və ya hansısa bir sənəd qəbul olunur və növbəti toplantının vaxtı elan edilir. AİJF-də təmsil olunanların peşəkarlığına, şəxsi keyfiyyətlərinə heç bir mənfi fikir bildirə bilmərəm. Hər birinin peşəkarlığına bələdəm. Əksəriyyəti ilə yaxşı münasibətim də var. Amma o qurumun yaradılmasını idman jurnalistikasının parçalanması, haqlı iradların və tənqidin qarşısının alınması kimi qəbul edirəm. Kimsə razılaşmaya bilər. Lakin mən hər bir dəyərli həmkarımla bu məsələni müzakirə etməyə hazıram. Bax, 1995-ci ildən yaradılmış Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) əməkdar jurnalist Eldar İsmayılovun rəhbərliyi altında fəaliyyət göstərir. Bir iradın nəticəsində 1 həftə ərzində yeni və tamamilə eyni adda yeni bir İctimai Birlik yarandı. Bu müddətin özü artıq çox məsələdən xəbər verir. Ən azından adın özü qanunla uyğun deyil. AİJA olduğu halda, AİJF-nin yaranması... Bilirik ki, federsiya, assosiasiya, konfederasiya və ya hər nəsə - bu hamısı ümumi struktur formasıdı, ad deyil. Burada söhbət Azərbaycan İdman Jurnalistlərinin birliyindən gedir ki, bu adda da 25 ildir rəsmi fəaliyyət göstərən qurum mövcuddur.

Yeri gəlmişkən deyim ki, bildiyim qədəri ilə AİJA 1995-ci ildə o vaxtkı Gənclər, İdman və Turizm nazirinin öz təşəbbüsü ilə nazirliyin özündə yaradılıb və təsis konfransının katibi isə nazirin müavini olub. Bugünkü federasiya isə nazirin bir iradı nəticəsində 1 həftəyə yarandı. Bu məqamın özü xoşagəlməz bir tendensiyaya yola açır. Belə çıxır ki, növbəti idman nazirinin də bir kəlməsi ilə gələcəkdə başqa bir qurum - Azərbaycan İdman Jurnalistləri Liqası, Azərbaycan İdman Jurnalistləri Konfederasiyası, Azərbaycan İdman Jurnalistləri Diviziyası və s. yaradılacaq? Halbuki xüsusi vurğulanmalı məqam olduğu üçün bir daha təkrar edirəm - AİJA 1995-ci ildə məhz İdman nazirliyinin inzibati binasında nazirin öz təşəbbüsü və iştirakı, nazir müavinin katibliyi ilə yaradılıb.

AİJA AİPS-in - Avropa  İdman Jurnalistləri Birliyinin üzvüdü, Eldar İsmayılov həmin qurumda büro üzvü olub. Kimsə deyə bilər ki, Eldar İsmayılovun rəhbərlik etdiyi qurum hansısa dövrdə zəif fəaliyyət göstərib. Amma bunun səbəbləri ilə maraqlanıblar? İstənilən halda reallıq budur ki, AİJA bu gün də fəaliyyətini davam etdirir və AİPS-də Azərbaycanı təmsil edən yeganə qurumdu. AİPS-in qanunlarına görə, 1 ölkədən 2 qurumun orada təmsil olunması mümkünsüzdü. Sosial şəbəkələrdə də görürük ki, AİJF-nin bəzi addımları, tələbləri, qərarları sifariş xarakterlidir və bu da xoş qarşılanmır. Bu federasiyanın yaradılmasını mahiyyət etibarı ilə birləşdirici yox, dağıdıcı kimi görürəm. Sanki idman jurnalistikasını sərf edəni yazan və idarə olunan bir formaya salmağa çalışılır. Yenə deyirəm, bu fikrimlə razılaşmayan istənilən həmkarımızla bunu müzakirə edə bilərik. 5 nəfər bir qurumda, 10 nəfər digər qurumda birləşməklə heç nəyə nail olmayacağıq. Üstəlik, bəzən həmin qurumlar haqda elə sözlər eşidirsən ki... Neçə il öncə həmkarlardan biri AFFA Yanında Media Komitəsinin üzvləri tərəfindən ona Feysbukdakı şəxsi səhifəsindəki “Neftçi” ilə bağlı paylaşıma görə irad bildirildiyini dedi: “Sən bizdən layihə udmusan, “Neftçi” ilə bağlı o paylaşımı edə bilməzsən”.

- Söhbət “Neftçi” haqda mənfi paylaşımdan gedir, ya necə?

- Yox, klubun əleyhinə olan hər hansı paylaşımdan getmir. Həmin jurnalist sadəcə “Neftçi” azarkeşi olduğu üçün klubla bağlı bir foto paylaşıb. Media Komitəsindən isə deyiblər ki, sən bizdən maliyyə alırsan, bunu silməlisən. Bu gün 3-5 saytı bir klub maliyyələşdirir, 4-nü başqa klub və s. Bu da sosial şəbəkələrdə xoşagəlməz mübahisələrə yol açır, görürsən ki, reklam aldığı klubun və ya şəxsin mənafeyini qorumaq üçün jurnalistlər arasında bir-birini incidəcək atışmalar olur.

- Bu da kənardan çox pis görünür.

- Əlbəttə. Bəzən jurnalistlər haqda elə sözlər eşidirik ki... Bir futbol adamından “filan qədər jurnalisti yemləyirəm”, başqasından “jurnalistlər üçün mənim sözüm qanundu, haqqımda mənfi nəsə yaza bilməzlər” kimi sözlər eşitmək çox utancvericidi. Bütün bunlara son qoymağın yolu birlikdən keçir. Hər kəs bir araya gəlməli və problemin həlli üçün vəziyyətdən birgə çıxış yolu tapılmalıdır. 

Əslində, bir çox sahələrdə çatışmazlıqlar var. Məsələn, bir neçə il əvvəl yeniyetmə güləşçilərin arasında respublika birinciliyini izləyirdim, orda azərbaycanlı yeniyetmədən çox dağıstanlı gördüm və ondan sonra qərara gəldim ki, bir daha həmin yarışları izləməyəcəm. O vaxta qədər ki azərbaycanlı məşqçilərin yetişdirdiyi azərbaycanlı uşaqlar daha çox olacaqlar.

- Vəziyyətdən çıxış yolunu nədə görürsən?

- İndi 1, 2 və çox yollar sadalamaq olar. Ancaq hamımız bilirik ki, idman mətbuatının əsas problemi maliyyə dayağının olmamasıdır. Reklam bazarında idman mətbuatı üçün hər hansı bir yer yoxdur. Dünya idman mətbuatına baxsaq görərik ki, istənilən kommersiya şirkətləri, idman sahəsində olan brendlər olsun - bunların hər birində sırf idman reklamları ilə bağlı xüsusi ayırmaları var. Bizdə isə bu, ümumiyyətlə mediada yoxdu. Yalnız şəxsi tanışlıq amili rol oynayır ki, bu da medianın ələbaxan olmasına gətirib çıxarır. Bununla bağlı bir sıra addımlar atmaq olar.

“GƏRƏK İLK NÖVBƏDƏ ÖZÜMÜZDƏKİ NÖQSANI, PASSİVLİYİ GÖRÜB SONRA KİMİSƏ GÜNAHLANDIRAQ”  

- Dediklərin belə aydın olur ki, AİJF-yə üzv deyilsən və olmaq barədə də düşünmürsən.

- Xeyr. Biz hələ 2015-ci ildə estafet.az-ı yaradarkən ölkədə idman jurnalistikasını özündə birləşdirən AİJA-ya üzv olduq, daha sonra Mətbuat Şurasına müraciət etdik və ora da üzvlüyümüz qəbul olundu. Bunun özü absurd olar ki, eyni anda 2 eyni adlı quruma üzv olasan. Gərək AİJA-dan çıxılsın ki digərinə üzv olaq. Belə bir fikir isə bizdə müzakirə olunmayıb.

- Vurğuladığın kimi, AİJF bir irad nəticəsində tez-tələsik yaradılan bir qurumdu. Amma AİJA-nın da fəaliyyəti ilə bağlı iradlar çox olurdu. Bu haqda assosiasiyanın üzvü kimi Eldar İsmayılovla aranızda söhbət olubmu?

- Bəli, olub. Eldar İsmayılov hətta mənə idman jurnalistikasının mövcud durumu ilə bağlı İdman Nazirliyinə, AFFA-ya yazdığı müraciətləri də göstərib. İdman mediasındakı qurumların vəziyyətinin yaxşılaşdırılması, peşkarlıqlarının artırılması ilə bağlı ünvanladığı 20-dən artıq müraciəti şəxsən oxudum. Lakin heç birinə cavab almayıb. Bundan başqa dəfələrlə AFFA, GİN və digər qurumlarda müəyyən şəxslərlə görüşdüyünü, təkliflər etdiyini bildirdi. Burada xüsusi bir məqamı vurğulamaq və bu iradları deyən şəxslərə müəyyən suallar vermək istərdim. AİJF-nin yaradıcısı Qabil Mehdiyevlə şəxsi tanışlığım olmayıb. İlk dəfə Qabillə məni Eldar müəllim Azərbaycan-Macarıstan futbol oyunu öncəsi “Bakcell Arena”da tanış etdi. Bilirdim ki, AİJA-nın saytı yoxdur. Buna görə də, www.aija.az domenini aldım, bizim saytın İT mütəxəssisindən xahiş etdim, dizaynerlə saytı işləyib ərsəyə gətirdilər. Mən orada Eldar müəllimə dedim ki, bəs qarşıdan sizin 25 illik yubileyiniz gəlir və sizə bir sayt hədiyyə etmək istəyirəm. Bu zaman Eldar müəllim Qabili çağırıb dedi ki, neçə ildir bir yerdəyik, cavan oğlansan, dəfələrlə xahiş etmişəm AİJA-ya bir sayt açaq. Heç bir addım atmamısız, amma bizim tanımadığımız və bizi tanımayan biri bu addımı atır. Hətta AİJF-nin bugün istifadə etdiyi saytın adını da orda səsləndirdi. Demək istədiyim odur ki İbrahim, Qabil uzun müddət AİJA-da İdarə Heyətinin üzvü olub. Əgər irad və nöqsanlar varsa, deməli birbaşa o da cavabdeh olub. Bunlar haqda Eldar müəllimlə hansısa müzakirələr edibmi? Yaxud da başqa bir məsələ - AİJA-ya üzv olan hansı həmkarımız Eldar müəllimə zəng edib, gedib görüşüb bir təklif, layihə təqdim edib ki, bəs fəaliyyətsizlik var, inkişaf üçün bunları etmək lazımdı? Bugünədək Eldar müəllimlə cəmi 3 dəfə görüşmüşəm. AİJA-ya üzv olanda, yuxarıda qeyd etdiyim futbol oyunu zamanı və ötən ilin sonunda. Hər görüşüm zamanı etdiyim istənilən təklifi Eldar müəllim ancaq sevinclə qarşılayıb dəstəklədiyini bildirirdi. Gərək ilk növbədə özümüzdəki nöqsanı, passivliyi görüb sonra kimisə günahlandıraq.   

O ki qaldı vəziyyətdən çıxış yoluna, bunu ancaq və ancaq bir olmaqda görürəm. Bəli, hamı eyni fikirdə ola bilməz, hansısa məsələdə düşüncələr üst-üstə düşməyə bilər, yanaşmalar fərqli olacaq, amma bütün bu sadaladığım məqamlar həmrəyliyə mane olmamalıdı. Mövcud problemin qabardılmasında hamı bir nəfər kimi iştirak etməlidi. Ancaq bizdə nə baş verir? Bayaq da qeyd etdiyim kimi, hər kəs reklam aldığı klubun və ya şəxsin müdafiəsi üçün sinəsini sipər edir, müdafiəçiyə çevrilir və həmkarlar arasında heç də xoş olmayan atmacalara şahidlik edirik. Son görüşümüzdə Eldar müəllimlə görüş zamanı bildirmişdim ki, ən azı həftədə 1 dəfə futboldan və ya hansısa bir idman növüdən yazan jurnalistləri bir araya gətirək, müzakirələr edək və sonda bir bəyanat və ya təklif formasında müvafiq quruma yönləndirək. Bunun üçün “Estafet”in ofisini də təklif etmişdim ki, mən hazıram. Eldar müəllim çox bəyəndi və dəstəklədiyini bildirdi. Bütün strateji plan və proqramı hazırladım. Lakin təəssüf ki, pandemiya imkan vermədi. Əslində, bu təkliflə dəyərli həmkarlarımızın bəziləri ilə də danışmışdım, hansılar ki eyni zamanda, idman federasiyasında mətbuat katibi funksiyasını yerinə yetirirlər. Çünki bəzən elə idman jurnalistləri ilə rastlaşırıq ki, dopinqin A və B testlərinin nə olduğunu bilmirlər, cüdo yarışlarını izləyən zaman eşitmişəm deyir ki, 100:0 hesabı ilə udur və s.  

- İdman saytları klublar tərəfindən maliyyələşir ki, bu da müəyyən qədər asılılığa gətirib çıxarır. Bayaq vurğuladın ki, Eldar İsmayılov nazirliyə, AFFA-ya müraciət edib. Həmin müraciətlərə baxılsa, hətta maliyyə ayrılsa belə, bu da yenə asılılığa gətirib çıxarmayacaq?

- Başa düşdüm nəyi demək istəyirsən. Amma gəl beynəlxalq yarışlar zamanı olduğumuz ölkələri - Ukraynanı, Macarıstanı, Polşanı, Türkiyəni və digərlərini götürək. Həmin ölkələrdə də nazirlik, futbol və digər idman federasiyaları mətbuata, ölkədəki AİPS-in üzvü olan assosiasiyaya pul ayırırlar. Amma bu o demək deyil ki, jurnalist həmin pul ayıran qurumlarla bağlı möqsanlara göz yummalıdır, çatışmazlıqları, problemləri qabartmamalıdır. Həmin ökələrdə idman mediasında birlik olduğu üçün maddi vəsait ayıran federasiya heç bir jurnalistə deyə bilməz ki, “mən sənin üzvü olduğun quruma pul ayırıram və sən məni tənqid edə bilməzsən”. Bu, mümkün deyil. Biz də ilk növbədə məhz həmin birliyə nail olmalıyıq.

 “ƏKSƏR BÖLGƏLƏRDƏ OLİMPİYA KOMPLEKSLƏRİ ƏHALİNİN SIX MƏSKUNLAŞDIĞI ƏRAZİDƏN ÇOX UZAQDA İNŞA OLUNUB”

- Yeniyetmlərin güləş yarışından, dağıstanlıların millimizə cəlb olunmasına toxundun. Bu gün ölkəmizin hər bir şəhər və rayonunda Olimpiya İdman Kompleksləri var. Halbuki 20-30 il əvvəl həmin şərait yox idi. İndi şərait olsa da, idmançı çıxmır. Bunun səbəbi nədi? Bilirik ki, milliləşdirmə əksər idman növlərində və demək olar dünyanın bir çox ölkələrində mövcuddur. Amma güləş axı bizim loru dildə desək, dədə-baba idman növümüzdü...

- Ən yaralı yerlərdən birinə toxundun. Bu, çox geniş mövzudu. Qısaca deyim ki, həqiqətən də bizim dövrümüzdə idman zallarının sayı az və keyfiyyəti aşağı idi. Bəzən elə olurdu ki, yağış yağanda hamı bir döşəyin ətrafına toplaşırdıq ki, suya, palçığa batmayaq. O şəraitdə idmançılar yetişirdi. Amma son illər həqiqətən də işğal altında olan ərazilərimizi çıxsaq, hər bölgədə olimpiya kompleksləri tikilib. Bunun özü ilə bağlı bir dəfə nazirlikdə keçirilən tədbirdə fikrimi bildirmişdim. Olimpiya Kompleksləri ilə bağlı əsas problem odur ki, əksər bölgələrdə yer seçimi düzgün deyil. Komplekslər əhalinin sıx məskunlaşdığı ərazidən çox uzaqda inşa olunur və əlçatan olmur. Bu da bir çoxlarında haqlı olaraq belə bir fikir formalaşdırır ki, olimpiya idman kompleksləri bəzi məmur, oliqarx uşaqlarının istirahət məkanıdı. Yalnız çox az sayda olimpiya komplekslərinin yeri insanlar üçün uyğun seçilib.

Digər tərəfdən də seleksiyaçı məşqçilərimizin həvəssizliyini qeyd etmək olar. Yaxud hansısa hazır idmançını gətirib maddi qazanc güdənlər də olur.

- Hazırkı işinlə bağlı tez-tez xaricdə olursan. Yaşadığı ölkənin adından yarışan azərbaycanlı idmançılarla tez-tez qarşılaşırsanmı? Ümumiyyətlə, o cür idmançılarımızın vətənə qayıtması ilə bağlı hər hansı işlər görməyə cəhd olunubmu?

- Bununla bağlı xüsusi bir layihəm var. Azərbaycan İdman Diasporu adlı bir hərəkatdı. Ölkələr seçilib, idmançılar da müəyyənləşdirilib. Bu ilin martından sonra planda var idi ki, bir neçə ölkəyə gedib oradakı əsasən yeniyetmə azərbaycanlı idmançıları təbliğ və təqdim edək. Belə ölkələrin, idmançıların sayı kifayət qədərdi. Başlanğıc olaraq Moldova, Macarıstan, Ukrayna, Belarus, Latviyanı seçmişik. Orada azərbaycanlı idmançıların sayı çoxdur. Bu layihəmiz bir növ seleksiya xarakteri daşıyacaq. İnanıram ki, yeniyetmə idmançıları Azərbaycan adından çıxış etməyə sövq edə bilərik.

Elə idman növləri var ki, mən ora legionerlərin cəlb olunmasının tərəfdarıyam. Götürək qadın güləşini. Mariya Stadniklə Yuliya Ratkeviçin gəlişinə qədər heç bir azərbaycanlı ata öz qızını güləşə yazdırmazdı. Belə bir təklif irəli sürsəydin, hətta səni təhqir belə edərdilər ki, “mənim qızım güləşə gedəcək?” Amma Stadniklə Ratkeviçin gəlişindən və qazandıqları uğurlardan sonra yanaşma dəyişdi. Artıq qadın güləşində bu gün öz idmançılarımız sözlərini deyə bilirlər. Leyla Qurbanova, Türkan Nəsirova, Sona Əhmədli, Elmira Qəmbərova və digərlərinin adını çəkmək olar ki, artıq beynəlxalq turnirlərdə kifayət qədər uğurlu nəticələrə imza atıblar. Ona görə deyirəm ki, bəzi idman növlərinin inkişafı üçün legionerin gətirilməsi mütləqdi.

Amma elə idman növləri də var ki, ora legionerin gətirilməsini heç cür qəbul edə bilmirəm. Kişi güləşindən başqa bu baxımdan şahmatı deyə bilərəm ki, bununla bağlı silsilə yazılarım da olub. Arkadi Naydiçin Azərbaycan millisinə cəlb olunmasınə indiyə kimi qəbul edə bilmirəm.  

“RAUF MƏMMƏDOV KİMİ ŞAHMATÇININ YARIŞA GETMƏK ÜÇÜN HARASA MÜRACİƏT ETMƏSİ UTANCVERİCİDİ”

- Bu yerdə futbol üzrə milli komandamızın keçmiş baş məşqçisi Berti Foqtsun bir fikri yadıma düşdü. Alman məşqçi bir neçə dəfə vurğulamışdı ki, Azərbaycan futbol yox, güləş, şahmat ölkəsidi. Amma bu gün güləşlə yanaşı, şahmat millimizə də legioner cəlb olunur.

- Bu gün şahmata legionerin cəlb olunması qəbulolunmazdı. Axı şahmatda kifayət qədər güclü zəka sahiblərimiz var. Böyüklərdə məlumdu ki, Şəhriyar, Teymur, Rauf, Eltac, Qədir, Nicat, Vasif və başqaları. Onlardan sonra gələn gənc istedadlarımızın da sayı çoxdu: Vüqar Əsədli, Aydın Süleymanlı, Xəzər Babazadə, Abdulla Qədimbəyli və digərləri. Perspektivli şahmatçılarımız çoxdu.

Yaxud götürək qadın şahmatını. Bir ara şahmatçılar tərəfindən Bakıdakı Şahmat Olimpiadasından sonra olan narazılıqlarla bağlı Milli Məclis üzvünə müraciət daxil olmuşdu. Adam istər-istəməz özlüyündə çox pis olurdu. Rauf Məmmədov kimi şahmatçının nüfuzlu bir yarışa getmək üçün harasa və kiməsə müraciət etməsi utancvericidi. Yaxud Nərmin Xələfovanın və başqalarının. Bunlar bildiyim faktlardı. Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva sözünü demiş şahmatçılardı. Yığmamızın da əsas üzvləridi. Bəs digərləri? Günay Məmmədzadə, Xanım Balacayeva, Nərmin Xələfova, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və adını çəkmədiyim nə qədər istedadlar var. Günay Məmmədzadə və Xanım Balacayeva dünya çempionluğu üçün mübarizə aparacaq və qalib gələcək potensiala malik istedadlardır. İndiyədək Naydiçə verilən 1 aylıq maaşla bu 2 şahmatçı üçün elə bir ən azı 3 aylıq təlim proqramı qurmaq olardı ki, bütün Qran-Prilərin daimi iştirakçılarına çevrilə bilərdilər.

- Arkadi Naydiçin əmək haqqısı nə qədərdi, bilirsənmi?

- O vaxt yazımda da qeyd eləmişdim ki, Naydiçə ayda 10 min avro əmək haqqı verilir. Halbuki yenə təkrar edirəm, həmin 10 min avronu Günayla Xanımın hazırlığına sərf etsəydik, əminəm ki, hər ikisi qadın şahmat elitasının ilk onluğunda olardılar. Elementar bir misal deyim: Bakıda keçirilən Şahmat Olimpiadasında yəqin ki, xanım şahmatçılarımızın çıxışını xatırlayırsan. Olimpiada öncəsi rusiyalı mütəxəssi Konstantin Landanı qısamüddətli millimizin hazırlığına cəlb etdilər və nəticə özünü göstərdi. Qadın yığmamız kifayət qədər uğurlu çıxış etdi və hətta Gülnar Məmmədova yarışdığı lövhədə qızıl medal qazandı.

“AZƏRBAYCAN DİASPORU ERMƏNİLƏRƏ LAYİQLİ CAVAB VERİR”

- Müsahibəmizin son hissəsində istərdim bir qədər də hazırkı işlərin barədə danışaq. Həmişə bu haqda söhbətlərdən qaçsan da, məlumdu ki, hələ millət vəkili olduğu vaxtdan Fuad Muradovun yanındasan. Artıq 2 ildən çoxdu Fuad Muradov Diasporla iş üzrə Dövlət Komitəsinə rəhbərlik edir. Ümumiyyətlə, hansı təqdimat sənə daha uyğundu: keçmiş idmançı, jurnalist, yoxsa ...?

- İdman adamı (gülür). İlk növbədə idmansız qala bilmərəm. Ümumi götürdükdə, hər bir azərbaycanlı kimi ölkədə baş verən ictimai-siyasi proseslərə hər zaman yaxın olmuşam. Son illər ölkə xaricində yaşayan azərbaycanlıların şəbəkələşməsi, birlik göstərməsi sevindirici haldır. Təəssüf ki, erməni təxribatçılarının Tovuz rayonunda azğınlaşmış addımlarının qarşısını alan zaman ordumuzda itkilər oldu, şəhidlər verdik. Allah onların hər birinə rəhmət eləsin, ailələrinə səbr versin. Erməni təxribatına qarşı dünyanın müxtəlif ölkələrində olan həmyerlilərimizin göstərdikləri çevik reaksiya, düşmənin xarici ölkələrdə törətmək istədiyi təxribatların qarşısının zamanında alınması - bütün bunlar bizə təskinlik verir ki, bir olmağı bacaran millətik. Son 2-3 gündə Polşa, Macarıstan, Hollandiya, Fransa və digər ölkələrdəki səfirliklərimiz önündə ermənilərin keçirmək istədikləri təxribat xarakterli aksiyaların qarşısı həmin ölkədə yaşayan diasporumuzun üzvləri, gənclərimiz tərəfindən alındı. Prezidentin “Qarabağ Azərbaycandır!” ifadəsinə həsr olunan həştəq trenddə ilk “3-lüy”ə daxil oldu. Bütün bu sadaladığım məqamlar göstərir ki, xaricdə yaşasalar belə, gənclərimiz vətənə çox bağlıdırlar.

- Daha öncə də bu cür erməni təxtibarları ilə qarşılaşmışdıq. 2016-cı ilin Aprel döyüşləri, Naxçıvandakı hadisələr və s. Amma sanki bu dəfə xaricdə yaşayan həmvətənlərimiz daha fəallıq nümayiş etdirdilər. Demək olar ki, bu dəfə biz düşmənə təkcə sərhəddə deyil, ölkədən kənarda da qalib gəldik?

- Birmənalı olaraq, bəli. Tovuzda baş verən təxribata qarşı atılan addımlarla Azərbaycan diasporu ermənilərə layiqli cavab verir - daha savadlı, təmkinli, hazırlıqlı. Hazırda sərhəddə nisbi sakitlik olsa da, xaricdəki həmyerlilərimizlə daim əlaqə saxlanılır. Artıq ermənilər elə vəziyyətdədilər ki, hansı addımı atacaqlarını bilmirlər və çox aqressivləşiblər. Çünki 20 nəfər yığışıb hansısa ölkədəki səfirliyimiz önünə gəlmək istəyəndə ora artıq yüzlərlə azərbaycanlı gəncin yığışdığını görüb, geri qayıdırlar. Xaricdəki həmvətənlərimiz, diasporumuzun üzvləri günün 24 saatı bizimlə, bir-birləri ilə əlaqədədilər və düşmən təxribatına anında, çevik cavab verirlər. Ən əsası isə, bütün bunları kimdənsə göstəriş alaraq yox, öz təşəbbüsləri ilə edirlər ki, bu da adamı çox sevindirir.

- Ən sonda bir məqama toxunmaq istərdim. Adətən heç vaxt müsahiblərimə şəxsi həyatları ilə bağlı sual vermirəm. Lakin səninlə bir-birimizi uzun illərdi tanıyırıq, hətta müsahibə boyu bir-birimizə “siz” yox, “sən” deyə müraciət etdik. Ona görə aramızdakı səmimiyyəti nəzərə alaraq, bu sualı verirəm. Əslində, sualın cavabını bilirəm, sadəcə istərdim müsahibəni oxuyanlar da səndə olan vətən sevgisini bir daha görsünlər. Gələn il 40 yaşın tamam olacaq, lakin hələ də ailə həyatı qurmamısan və bunun səbəbi illər öncə verdiyin sözdü...

- Bu barədə danışmaq istəmirəm (uzun təkiddən sonra sualı cavablandırır - İ.C.). Qısaca deyim ki, 11 yaşımda Xocalı faciəsi baş verdi. Televizor vasitəsi ilə orada yaşananları izləyərkən, uşaq da olsam, ermənilərin törətdiyi vəhşilik hər kəs kimi mənə də çox pis təsir etmişdi. Həmin vaxtdan yalnız bir arzum olub ki, inşAllah Qarabağ müharibəsi başlasın və bu müharibədə iştirak etmək qismətimdə olsun. Qarabağ Azərbaycanın qəlbidir. Əgər Azərbaycanın qəlbi zəncirlənibsə, biz də qəlbimiz zəncirləyək. Qarabağsız Azərbaycanda ailə olmasa da olar.

- Allah tezliklə hər birimizə Qarabağın azad olunduğu günü görməyi qismət eləsin. Yekunda səni Milli Mətbuatımızın yaradılmasının 145 illiyi münasibəti ilə təbrik edirəm. Qoy mətbuatla bağlı gerçəkləşməyən arzularımızın böyük bir qismi 146 illiyə kimi həyata keçsin.

- Amin. Çox sağol İbrahim, minnətdaram. İnşAllah tezliklə bu koronavirus bəlasından qurtulaq və sevimli idmanımızın içində olaq. Ləyaqətli, ədalətli mühitimiz olsun. İdman jurnalistikasında olan dəyərli, peşəkar həmkarlarımızı təbrik edirəm.

Söhbətləşdi: İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30