28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Müharibə təkcə kasıblar üçün deyil...

2016-cı ilin Aprel döyüşləri kimi, İyul döyüşləri də tarixə düşdü. İyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələri 3-4 gün ərzində cavabını artıqlaması ilə aldı. 100 nəfərdən çox itki verən düşmən geri çəkilmək bir yana, aldığı cavabdan yekunda ağ bayraq qaldırmağa məcbur oldu.

Düşmən ölkənin baş naziri Nikol Paşinyan, müdafiə naziri Zöhrab Mnatsakanyan sonda Azərbaycan ordusunun cavab həmlələri qarşısında yalvarmağa başladılar. Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Minskdə keçirilən geniştərkibli iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla son döyüşlərdə məğlub olduqlarını etiraf etdi. Erməni baş nazir bildirdi ki, sülh danışıqlarına alternativ variant yoxdur: "Münaqişənin güc yolu ilə həlli yoxdur və sülh danışıqlarına alternativ mövcud deyil". Bu açıqlama erməni baş nazir tərəfindən Prezident İlham Əliyevin qeyd-şərtsiz qələbəsini qəbul etmək idi.

İyul döyüşləri Azərbaycan ordusunun gücünü növbəti dəfə bütün dünyaya göstərməklə yanaşı, daha bir neçə məqamla yadda qaldı.

Ən təəssüfləndirici məqam Azərbaycan ordusunun zabiti, general-mayor Polad Həşimovu itirməyimiz oldu. Azərbaycan xalqı, Azərbaycan ordusu Polad Həşimovun timsalında böyük bir vətən oğlunu itirdi. Həşimovun şəhid olmasından günlər keçsə də, sosial şəbəkələrdə, mətbuatda mərhum generalla bağlı paylaşımlar, müzakirələr səngimək bilmir. Böyük bir itki versək də, Polad Həşimovun şəhidlik zirvəsinə ucalması göstərdi ki, düşməndən fərqli olaraq, Azərbaycan ordusunun yüksək rütbəli zabitləri də sıravi əsgərlərlə çiyin-çiyinə vuruşurlar.

Uzun illərdir, ATƏT-in Minsk qrupunun apardığı sülh danışıqları kimlərdəsə "Azərbaycan xalqı torpaqlarının itirilməsi ilə barışıb" fikrini formalaşdırmışdı. Lakin 15 iyuldakı orduya dəstək aksiyası göstərdi ki, Azərbaycan xalqı torpaqlarının itirilməsi ilə qətiyyən barışmayıb və bir gün Qarabağa, öz tarixi torpaqlarına qayıdacağına əmindir. On minlərlə insanın koronavirus pandemiyasını belə heçə sayaraq, orduya dəstək üçün küçələrə axışması bütün dünyaya mesaj idi ki, Azərbaycan xalqı torpağının bir qarışını belə düşmənə güzəştə getmək fikrində deyil. Ali Baş Komandan əmr verəcəyi təqdirdə, hər bir azərbaycanlı torpaqlarımızın azad olunması üçün canından belə keçməyə hazırdır. Təkcə Azərbaycandakı deyil, ölkə xaricindəki vətəndaşlarımız da dünyanın müxtəlif şəhərlərində ordumuza dəstək aksiyası keçirməklə Azərbaycanın haqq səsini dünyanın dördbir yanında ucaltdılar.

Ölkə Prezidenti İlham Əliyevin çağırışından sonra on minlərlə insan könüllü olaraq orduya yazıldı. Bu günə kimi orduya könüllü surətdə yazılanlar arasında bəzi adlar var ki, onlara toxunmamaq olmaz. Bu baxımdan ilk növbədə Fövqaladə hallar naziri Kəmaləddin Heydərovun övladları - Tale və Nicat Heydərovların adını qeyd etmək olar. Bu günə qədər ölkə xaricində Azərbaycanın tanınması üçün bir çox işlərə imza atan Tale Heydərov həm də uzun illər "Qəbələ" Futbol Klubunun prezidenti olub. Futbolun, ümumiyyətlə, idmanın içində olanlar Tale Heydərovu yaxşı tanıyır. Bir çox idmançılara dəstək olan Heydərov, həm də xeyriyyəçiliyi, çətin gündə insanlara dəstək olması ilə tanınıb. Məsələ kimisə fərqləndirmək deyil. Sadəcə, bu gün Tale Heydərov və qardaşının orduya yazılması həm də uzun illərdir bəzi insanlarda formalaşan "müharibə ancaq kasıblar üçündür", "nazir balaları hərbiyə getmir" kimi fikirləri alt-üst etdi. "Hər kəs döyüşmək istəyir. Sonsuz gözləmək seçim deyil. Mənim 35 yaşım var. Ömür boyu torpağımın azad olmasını gözləyəsi deyiləm ki. Nə vaxtsa bunun bir sonu olmalıdır. Hər an döyüşməyə hazırıq", - deyə Tale Heydərov bildirdi.

Futboldan söz düşmüşkən, orduya könüllü yazılanlar arasında futbolçular, jurnalistlər, hətta klub prezidenti də oldu. Söhbət "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyevdən gedir.

Bütün bu sadaladığımız məqamlar göstərdi ki, ölkə xaricindəki, daxilimizdəki düşmənlərin bütün səylərinə baxmayaraq, Azərbaycan xalqı birdir, torpağının düşmən tapdağı altında olmasını qəbul etmir və heç zaman da qəbul etməyəcək. Ali Baş Komandan əmr verəcəyi gün hamımız bir nəfər kimi silaha sarılaraq torpaqlarımızı düşmən tapdağından xilas edəcəyik. O gün uzaqda deyil...

İbrahim CƏFƏROV

“525-ci qəzet”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31