15 Noyabr 2019, Cümə
Emil Balayev: “Tobol”da qalıram”
Türkiyə millisi AVRO-2020-də!
Millimiz Lixtenşteynə qalib gəldi
“Neftçi”də qvineyalı yarımmüdafiəçi

Maqazin

Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində mühüm addimlar

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Bu gün dünya nizamının sürətlə pozulduğu bir vaxtda hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna diqqətin getdikcə artması müşahidə olunmaqdadır. Ən azından o baxımdan ki, dünyanın ən demokratik sayılan ölkələrində belə istər hüquqi dövlət, istərsə də vətəndaş cəmiyyəti ilə bağlı ciddi problem və böhran yaşanır. Sanki həmin demokratik ölkələr bu sahədə mühüm dəyərlərdən imtina ediblər. ABŞ-da, Avropada baş verən hadisələr, dünyanın bir sıra digər demokratik ölkələrində insan hüquqlarına qarşı atılan addımlar da qeyd edilənləri əyani surətdə təsdiqləyir. Məhz bu şəraitdə hüquqi dövlət, real vətəndaş cəmiyyətinin qurulmasına tələb və zərurət daha da artır. İndi bu sahədə mühüm nailiyyətlər əldə etməyi bacaranlar da var, böyük problemlərlə üzləşənlər də.

Birincilər sırasına daxil olmağı bacaran Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra hüquqi dövlət quruculuğu prosesində nümunə sayıla biləcək bir yol keçib. Yaradılan şərait fonunda hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü artıq iştirak da edir. Bu iştirak müxtəlif formalarda özünü göstərir, məsələn, seçkilərdə, idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, ümumilikdə vətəndaşlıq mövqeyində və ictimai dəyərlərin qorunmasında cəmiyyət üzvlərinin iştirakı bunun təsdiqidir. Ən əsası da odur ki, ölkəmizdə davamlı ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb.

Nəticə də ondan ibarətdir ki, bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. Məsələnin bu tərəfinə nəzər salan hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, hüquqi dövlətin prinsipləri ölkəmizdə ilk olaraq müvafiq obyektiv hüquqa uyğun qanunvericilik sisteminin yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada insanların hüquq və azadlıqlarının təmin olunması ilə özünü göstərir. Onun sözlərinə görə, hakimiyyətin qanunvericilik, icra və məhkəmə üzrə bölgüsü də bu sırada yer alıb: “Bu gün ölkəmizdə hakimiyyətin qolları bir-birindən asılı olmadan Konstitusiya səlahiyyətlərindən istifadə etməklə fəaliyyət göstərir. Bütün normativ aktlar, qanunun aliliyi əsasında yaradılır və həyata keçirilir. Elə hüquqi dövlət anlayışı dövlət hakimiyyətinin Konstitusiya normalarına tabe olmaqla, ayrı-ayrı fərdlərin hüquqları dövlətin şəxsində qorunmalıdır. Hüquqi dövlət öz-özünə daimi norma və qaydaların kompleksini müəyyən dərəcədə məhdudlaşdırır. Dövlət ona görə hüquqi olur ki, o, hüququn hakimiyyəti altına düşür, hüquq dövlət qarşısında üstünlüyə malik olur. Ölkəmizdə də məhz bu halın mövcudluğu Azərbaycanda demokratiyanın yüksək inkişafından xəbər verir“.

Bununla yanaşı, o da xüsusi qeyd olunmalıdır ki, hazırda Azərbaycanda vətəndaş cəmiyyətinin böyük inam bəslədiyi hüquqi dövlət quruculuğuna nail olunub. Xüsusən də 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyamız dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri, yəni qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. Hakimiyyətlərin bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparıldı, ölkəmiz insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulmuş, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradıldı.

Amma bunlara nail olunması elə də asan başa gəlməyib. Məsələn, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda bunu aydın görmək olar. Hələ 1990-cı illərin əvvəllərində vətəndaş cəmiyyəti institutları ilə bağlı çox ciddi problemlərin olması üzə çıxdı. Vəziyyətdən xilas üçün ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər sistemi qurulmalı, beynəlxalq təcrübə öyrənilməli və bir sıra digər vacib mərhələlər keçilməli idi. Çünki vətəndaş cəmiyyəti birbaşa hüquqi dövlətin yaranması və inkişafı ilə bağlıdır. Bu istiqamətdə yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müvafiq addımlar atıldı. Ölkədə demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlətin yaradılması ilə bağlı prinsipləri özündə ehtiva edən genişmiqyaslı işlər görüldü. Bunlar onun nəticəsində mümkün oldu ki, xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan düçar olduğu bəlalardan xilas olaraq inkişaf yoluna çıxdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliyin təmin olunmasına və bütün sahələrində uğurlu islahatların aparılmasına şərait yaratdı. Bu dövrdən başlayaraq, hüquqi və demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi Azərbaycan Respublikasının inkişafının əsas istiqamətləri kimi müəyyənləşdirildi.

Ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu. Vətəndaş cəmiyyətinin struktur elementləri sayılan şəxsiyyət, ailə, məktəb, ibadət evləri, sahibkarlıq və təşəbbüskarlıq, sosial qruplar, siniflər, vətəndaşların şəxsi həyatları və onların təminatı, demokratik institutlar, ictimai birliklər, siyasi partiyalar və hərəkatlar, müstəqil məhkəmələr, təhsil sistemi, müstəqil medianın inkişaf dövrü başlandı. Elə vətəndaş cəmiyyəti ilə paralel hüquqi dövlətin formalaşması prosesi də sürətləndi. Dövlətin müstəqilliyinə, demokratiyanın inkişafına, siyasi plüralizmə, siyasətdə və iqtisadiyyatda sərbəstliyə, insan azadlığının qorunmasına xüsusi önəm verildi.

Azərbaycanda hüquqi dövlətin əsas təməl prinsipləri müəyyən edildi və siyasi, iqtisadi, mənəvi əsasları gerçəkləşdi. Qanunların aliliyi, vətəndaşların hüquq və azadlıqlarının reallığı dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi, qanunların yerinə yetirilməsinə səmərəli nəzarətin mövcudluğu prinsipləri həyata keçdi.

Əsası ulu öndər tərəfindən qoyulmuş islahatları uğurla davam etdirən Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın yeni keyfiyyət mərhələsində hüquqi dövlət məsələsinə xüsusi önəm verir. Prezident bu xüsusda liberal islahatların dərinləşdirilməsini son dərəcə vacib sayır. Burada ona diqqət yetrilir ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi sahədə inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Məhz bu reallıqdan çıxış edən Azərbaycan dövləti hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel davam etdirilməsi şərtilə real hesab edir. Onu da qeyd edək ki, bu xüsusda  demokratik inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşıyır və inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır.

Təqdirəlayiq haldır ki, bunlar fonunda  ölkəmizdə açıq cəmiyyətinin dövlət daxilində bir institut kimi formalaşması üçün də çox mühüm addımlar atılıb. Bu xüsusda qeyri-hökumət təşkilatları ilə yanaşı, müstəqil mətbuatın, siyasi partiyaların da dövlət tərəfindən dəstəklənməsi bu sırada dayanan önəmli faktorlardan sayılır. Dövlətin isə güclü vətəndaş cəmiyyətinin formalaşmasına dəstək vermək üçün ilk dəfə yerli qeyri-hökumət təşkilatlarına dövlət büdcəsindən qrantlar verilməsinin əsasını qoyması da bu istiqamətdə önəmli addımlardan sayılır. Bu addım ölkəmizdə açıq cəmiyyət institutlarının inkişafında dönüş mərhələsi sayılır. Qeyd edək ki, 27 iyul 2007-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası“ təsdiqləndi. Bu konsepsiya ölkədə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi. Konsepsiya ilə bağlı ictimai sektorda gedən geniş müzakirələrdən sonra Prezidentin 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müstəqil bir qurum olaraq yaradıldı. Azərbaycanda cəmiyyətdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin artırılması, onların sosial problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsi kimi məsələlər əsas məqsədlər olaraq seçildi.
Hər il dövlət büdcəsindən vətəndaş cəmiyyəti institutlarının layihələrinin reallaşdırılması üçün böyük məbləğdə pul vəsaitləri ayrıldı. Və bu proses davam edir. Qanunvericilik və digər istiqamətlər üzrə atılan addımlar da açıq cəmiyyətin ölkəmizdə daha möhkəm özüllər üzərində bərqərar olmasını şərtləndirir. Bütün bunlar isə onu göstərir ki, bu gün Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində aparılan siyasət ardıcıl şəkildə uğurla davam etdirilir.

İqtisadi cəhətdən güclü Azərbaycanda demokratiyanın inkişafı da çox yüksək zirvədədir. İqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərt sayılır. Ölkəmizin hazırkı sürətli iqtisadi inkişaf tempi demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşdırılmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun genişləndirilməsini uğurla təmin edir.

Bu fonda demək olar ki, hüquqi dövlətin, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Azərbaycan modeli formalaşıb. Azərbaycan dövləti buna müvafiq olaraq özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə xidmət edir. Elə bu da Azərbaycanı daha güclü dövlət halına gətirir.

İbrahim CƏFƏROV

Yazı "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"dür.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30