26 May 2020, Çərşənbə axşamı
“Qarabağ” rekordçular arasında
Dmitri Nazarovdan növbəti qol
Seydiyev “Qəbələ”dən gedir
Fəriddən 2 məhsuldar ötürmə

Maqazin

"AFFA-nın binasında Azərbaycan futbolunun düşməni olan əcinələr və xortdanlar gəzib-dolaşmır"

FİRUZ ABDULLA: "ELXAN MƏMMƏDOVUN HƏMİN AÇIQLAMASINDA BERTİ FOQTSUN İLİN SONUNDA MİLLİMİZİN BAŞ MƏŞQÇİSİ VƏZİFƏSINDƏN GEDƏCƏYİ DEYİLMƏYİB"

Bir müddət əvvəl Futbolxeber.az saytı yeni rubrikaya start verdi. "Bizimkilər" rubrikasının özəlliyi ondan ibarətdir ki, sualları hansısa məşqçi və ya futbolçu yox, jurnalist həmkarlarımız cavablandırırlar. Rubrikamızın qonaqları arasında sayt, qəzet, televiziyada çalışan həmkarlarımızı, eləcə də klublarda işləyən mətbuat katiblərini, bir sözlə, indi və daha əvvəl idman mətbuatı ilə əlaqəsi olan hər kəsi görə biləcəksiniz. Beləliklə, "Bizimkilər" rubrikasını qaçırmayın, oxumağa dəyər...

Budəfəki qonağımızı seçmək barədə xeyli götür-qoy etdik. Namizədlər yetərincə idi. Əvvəlki müsahiblərimizin televiziya əməkdaşları olduğunu nəzərə alaraq, bu dəfə bir qədər fərqli müsahib seçmək qərarına gəldik. Yekunda seçimi AFFA-nın İnformasiya və İctimaiyyətlə Ələqələr Departamentinin baş mütəxəssisi Firuz Abdullanın xeyrinə etdik. Etiraf edim ki, üstünlüyü Firuz bəyə verməyimizdə baş redaktorumuzun təkidinin də böyük rolu oldu. Lakin müsahibə zamanı söhbətimizin maraqlı alınması seçimdə yanılmadığımızı sübuta yetirdi.

"BİRBAŞA "HET-TRİK" ELƏMİŞƏM"

- "Het-trik"ə qədər hansısa mətbuat orqanında çalışmısan?

- Yox, birbaşa "Het-trik" eləmişəm.

- Yaxşı bəs, "Het-trik"ə gəlişin necə alınıb?

- Adi, sadə qaydada. Sinif yoldaşlarımdan biri "Het-trik"in redaktoru Pərviz Hikmətlə universitetdə eyni qrupda oxumuşdu. Futbola və yazı-pozuya həvəsimi bilirdi. Təklif etdi ki, Pərvizlə tanış olum və alınsa, qəzetə yazılar hazırlayım. Birlikdə getdik redaksiyaya. Pərviz ilk olaraq rus dilində bir neçə xəbəri tərcümə etməyimi istədi. Soruşdum ki, sizə necə tərcümə lazımdı, sözbəsöz, yoxsa xəbərin mahiyyətini dəyişmədən dilimizə uyğunlaşdırmaqla? Sualım Pərvizin xoşuna gəldi və dedi ki, "deyəsən, alınacaq". Elə beləcə də başladıq əməkdaşlığa.

- Harada təhsil almısan?

- Xətai rayonundakı 116 saylı orta məktəbi və Bakı Slavyan Universitetini bitirmişəm.

- İxtisasın nədir?

- Filoloq.

- Bəs, niyə öz ixtisasın üzrə çalışmadın?

- İki il ardıcıl universitetə qəbul ola bilmək üçün sənəd vermişəm. Və hər ikisində də ixtisas seçimində birinci yerdə jurnalistikanı qeyd etmişəm. Yəni hadisələrin bu məcrada inkişafı, mətbuat sahəsinə gəlişimi hanısısa mənada təsadüfi saymıram. Hərçənd müəyyən xoş təsadüflərin də bunda rolu olub. Bir məqam da var ki, uşaqlıqda kiməsə lazım olanda, məni evimizdən soruşmazdan əvvəl meydançalarda soraqlayardılar. Günümün çoxu futbol oynamaqla keçərdi. Niyyətin hara, mənzilin ora.

- "Het-trik"də nə qədər çalışdın?

- Təxminən 1 il. 2006-cı ilin mayında artıq "Futbol dünyası"nda işləməyə başladım.

- Jurnalist kimi formalaşmağında "Het-trik"in nə dərəcədə rolu olub?

- "Jurnalist kimi formalaşmaq" çox gurultulu səslənən ifadədir. O mənada ki, özümü jurnalist kimi sözünü deyən qələm sahibləri ilə eyni sırada görəcək qədər qeyri-təvazökar deyiləm. "Het-trik"də çalışdığım dövrü ən xoş xatirələrlə anıram. Həqiqətən də, yaxşı heyətimiz vardı. Kifayət qədər maraqlı yazıların dərc olunduğu, eksklüziv xəbərlərin verildiyi qəzet idi. Şəxsən öz adıma tam məsuliyyətlə deyə bilərəm ki, bircə cümlə də olsun, sifarişli və qərəzli yazım olmayıb. Ən əsası isə, o dövrdə birgə çalışdığım həmkarlarımla indi də yaxşı münasibətimiz var. Görüşəndə bir-birimizin gözünün içinə baxa bilirik.

- Bəs, o kollektiv niyə dağlldı?

- 2006-cı ildə mənə "Futbol dünyası"nda çalışmaq təklif olundu və qəbul etdim. "Het-trik"dən ayrıldıqdan sonra orada nələrin baş verdiyini təfsilatı ilə bilmirəm.

- Deyirlər ki, həmin vaxt "Het-trik" az qala "Futbol+"u da satış baxımından ötəcəkdi. Həqiqətənmi belə idi?

- Bu suala qəzetin rəhbərliyi daha dəqiq cavab verə bilərdi. Çünki satış və tiraj barədə dəqiq məlumatım olmayıb və sözün açığı, bu məsələyə xüsusi olaraq diqqət yetirməmişəm. Amma bir faktı qeyd edə bilərəm ki, "Het-trik" o dövrdə öz oxucusu olan, digər futbol qəzetləri ilə kifayət qədər ciddi rəqabət aparan qəzet idi.

"FUTBOL DÜNYASI"NDA DA XEYLİ TƏNQİDİ YAZIM DƏRC OLUNUB"

- Həmin vaxt "Het-trik" qəzeti müxalif yönlü idi. Bildiyim qədəri ilə qəzetdə daha çox tənqidə yer verilirdi. Amma "Futbol dünyası" AFFA-nın mətbuat orqanıdı. Nəyə görə, "Het-trik"i məhz federasiyanın mətbuat orqanına dəyişdin?

- Bunu, əslində, peşəkar yanaşma kimi qəbul etmək lazımdır. Yəni daha yaxşı şərtlərlə yeni iş təklif olundu və qəbul etdim. Bununla hansısa prinsiplərimə arxa çevirdiyimi-filan düşünmürəm. Tənqidə qalsa, "Futbol dünyası"nda da xeyli tənqidi yazım dərc olunub.

- "Futbol dünyası"nda tənqid? Bir qədər inandırıcı görünmür...

- Hər halda, qəzetdə gedən yazıların mətnini sonradan dəyişmək olmur. Fakt faktlığında qalır. Bunun sübutu üçün yazılarımdan sitat gətirəsi deyiləm.

- İndi də "Futbol dünyası"nda yazıların çıxır?

- Xeyli vaxtdır ki, qəzet üçün yazmıram. Çünki fiziki olaraq vaxt çatdıra bilmirəm. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi kimi gördüyüm işlər qəzet üçün vaxt ayırmağa, demək olar ki, imkan vermir. affa.az, affavideo.az saytları üçün mətnləri yazıram. AFFA-ya ünvanlanmış müxtəlif məktubları cavablandırıram və s.

"BU, NÜVƏSİNDƏ JURNALİSTİKA DAYANAN MƏMUR İŞİDİR"

- Jurnalistikadan kənarda qalmağın darıxdırıcı gəlmir?

- İndi gördüyüm iş elədir ki, mətbuatdan tam şəkildə təcrid olunmamışam. Amma bütövlükdə jurnalistika ilə də məşğul olmuram. Bu, nüvəsində jurnalistika dayanan məmur işidir.

- Heç yenidən ürəyindən yazmaq keçir? Hansısa mətbuat orqanından aradabir yazı yazmaq təklifi alsan, qəbul edərsən?

- Yazan adam üçün bu, əslində, bir ehtiyacdır və vaxtaşırı ürək sözünə baxmır, barmaqlar sövq-təbii klaviatura axtarır. Sözsüz, bəzən hansısa mövzu cəlb edir. Səhv etmirəmsə, dərc olunmuş sonuncu yazım Valeri Hacıyevin SSRİ-nin gənclərdən ibarət yığmasında oynadığı vaxt Yaponiyaya etdiyi səfər, orada bakılı kəşfiyyatçı Rixard Zorgenin vətəndaş nigahında yaşadığı qadınla tanış olması barədə esse idi. Saytların birində və "Futbol dünyası"nda dərc olundu. Etiraf edim, affa.az üçün yazdığm xəbərlər yazı üçün sərf edə biləcəyim enerjini tükəndirir.

- Məsələn Futbolxeber.az-dan təklif gəlsə, bizim üçün yazarsan?

- Bu əməkdaşlığın mənim ucbatımdan xoş sonluqla bitməyəcəyini bildiyim üçün bəribaşdan təklifi geri çevirərdim. Vaxtımın azlığı bəhanə kimi görünə bilər. Amma səmimi etiraf edirəm ki, tənbəlliyim daha ciddi səbəbdir.

"İKİ İMZA VAR Kİ, ONLARIN OLMAMASINI AZƏRBAYCAN İDMAN MƏTBUATI ÜÇÜN İTKİ SAYIRAM"

- Bugünkü idman mətbuatının durumu səni qane edir?

- Mən, sözün əsl mənasında jurnalist olan həmkarlarımın dəfələrlə bildirdiyi və yazdığı məsələləri təkrarlamaq istəmirəm. Problem çoxdur. İdman jurnalistikasında xeyli sayda təsadüfi adamlar var. Məni daha çox narahat edən məsələ həmkarlarımızın ağır maddi durumu, sosial problemlərin məngənəsində sıxılmalarıdır. Elə proseslər var ki, onların qarşısını almaq mümkün deyil və idman jurnalistikasına təsadüfi gələnlər də bir gün nəzərə çarpmadan gözdən itəcəklər. Onların yoxluğu heç kimi təəccübləndirməyəcək. Yerlərinin boşluğu hiss olunmayacaq. Təəssüf ki, zaman itkisinin yerini heç nə ilə doldurmaq mümkün deyil. Şəxsən tanıdığım istedadlı jurnalistlər var ki, imkansızlıq ucbatından neçə-neçə layihələrini həyata keçirə bilmirlər. Əlbəttə, bu çətinliklərin də geridə qalacağına ümid edirəm. Amma həmin o istedadların itirilmiş gəncliyini geri qaytarmaq mümkün olmayacaq. Bir sözlə, idman jurnalistikası ilə bağlı narahat olsam da, çox bədbin deyiləm.

- Bugünkü gündə kimlərin yazılarını oxuyursan?

- Söhbət təkcə idman jurnalistlərindən gedir?

- Hə.

- Ad çəkməyəcəm. Təkcə onu deyə bilərəm ki, oxumadıqlarımın siyahısını tərtib eləmək oxuduqlarımın adını çəkməkdən daha tez başa gələrdi. Hətta bəyənmədiyim yazıları da oxuyuram. Oxumadan nəticə çıxarmaq mümkün deyil.

- Başqalarını deyə bilmərəm, amma mən hesab edirəm ki, hazırda Adil Qaçayoğlu kimi yazar yoxdur...

- Allah Adil müəllimə rəhmət eləsin! Adil Qaçayoğlu örnək göstəriləcək jurnalist olub. Amma bir məsələ də var ki, bu gün idman jurnalistikasında olanların əksəriyyəti Adil Qaçayoğlunun övladı yaşındadır. Yaxşı jurnalist kimi püxtələşmək üçün istedad və intellektlə yanaşı, təcrübə də vacibdir. Qələminə güvəndiyim jurnalistlərimiz var və hesab edirəm ki, zaman hər şeyi öz axarına yönəldəcək, onların da adı ustadlar sırasında çəkiləcək. Bayaq bir məsələni qeyd etmədim, indi bir haşiyə çıxmaq istəyirəm. Hazırda mütəmadi olaraq yazıları dərc olunanlardan heç kimin adını çəkmədim. Amma iki imza var ki, onların olmamasını Azərbaycan idman mətbuatı üçün itki sayıram: Rüstəm Əfsərli və Nail Nurəddinoğlu. Ümid edirəm ki, onlar jurnalistikadan tam uzaqlaşmayacaqlar.

"ƏGƏR İKİ NƏFƏR BU BOYDA TƏŞKİLATIN İŞİNİ GÖRƏ BİLİRSƏ, BUNDA PİS NƏ VAR Kİ?"

- Son zamanlar tez-tez belə fikir səslənir ki, qəzet artıq dəbdən düşüb. Bu fikrə münasibətin necədir?

- Bu fikri ciddi saymıram. Əlbəttə, elektron informasiya vasitələri qəzetləri operativlik baxımından xeyli qabaqlayır. Amma bu, qəzetin mövqeyinin tam itirilməsi anlamına gəlməməlidir. Hər şeydən əlavə, qəzet oxumağın öz estetikası var.

- AFFA-da işləmək çətin deyil ki?

- Ümumiyyətlə, işləmək asan deyil.

- 1-2 dəfə bu fikrə mətbuatda da rast gəlmişəm. Hərdən adamda belə təəssürat yaranır ki, sanki AFFA-da Elxan Məmmədov və Mikayıl Nərimanoğludan başqa işləyən yoxdur...

- Əgər iki nəfər bu boyda təşkilatın işini görə bilirsə, bunda pis nə var ki (gülür) ? Təbii ki, belə deyil. AFFA-nın bütün departamentlərində əməkdaşlar üzərlərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışırlar. Sizin dediyiniz təəssüratın yaranmasında da təəccüblü heç nə yoxdur. Elxan Məmmədov baş katib kimi bütün layihələrin icrasına rəhbərlik edir, Mikayıl Nərimanoğlu isə mətbuat katibi olaraq media ilə hər zaman təmasdadır. AFFA ilə bağlı onların adının daha çox çəkilməsi də bu baxımdan təəccüblü deyil.

- AFFA tez-tez tənqid olunur. Tənqidlər arasında qərəzə də rast gəlmək mümkündür. Səncə bu, nədən irəli gəlir?

- Əslində, sağlam tənqidin səmərəsi çoxdur - düzgün nəticə çıxarırsansa. AFFA-nın çox tənqid olunmasını da heyrətlə qarşılamaq ifrat sadəlövhlük olardı. Futbol qəribə oyundu - içi mən qarışıq bu oyunu sevənlərin mütləq əksəriyyətinə çox vaxt elə gəlir ki, futbolu daha dərindən bilirik, səhvləri hamıdan daha yaxşı görürük, biz daha yaxşı nəticə əldə edə bilərdik və s. Məşqçilərin start heyətindən tutmuş federasiyanın strategiyasına qədər - hər şeydən narazı qala bilərik. Əgər bu gün dünya futbolunda çox ciddi, tarixi nəticələr qazanmış ölkələrin futbol federasiyaları vaxtaşırı tənqidə məruz qalırsa, AFFA-nın tənqid olunmasında fövqəladə nəsə axtarmağa dəyməz. Qaldı ki qərəzə, bu çox pis, əksər hallarda müalicəsi mümkün olmayan mərəzdi. Amma hər halda, yoluxanlara şəfa diləyirəm.

- AFFA-nın işçisi kimi yox, bitərəf jurnalist kimi fikrini soruşuram - assosiasiyanın fəaliyyəti səni qane edir?

- Nə qədər bitərəf mövqe nümayiş etdirmək istəsəm də, AFFA-nın əməkdaşıyam və bu təşkilatın işinə müəyyən təfərrüatlara varmaqla qiymət vermək, ən azı, həmkarlarıma münasibət prizmasından etik normalardan kənara çıxmaq kimi görünə bilər. Sözsüz ki, çatışmazlıqlar var. Mədhnamə də söyləyəsi deyiləm, amma sizi əmin edirəm ki, AFFA kifayət qədər çalışqan, yüksək intellektual səviyyəyə malik şəxslərin işlədiyi təşkilatdır. Bir şeydən də əmin ola bilərsiniz ki, AFFA bəzilərinin məqsədli şəkildə təqdim etməyə çalışdığı kimi həyulələr adası-filan deyil, binanın dəhlizlərində də Azərbaycan futbolunun düşməni olan əcinələr və xortdanlar gəzib-dolaşmır.

"MİLLİYƏ İNDİKİ DÖVRDƏ YERLİ MÜTƏXƏSSİSİN RƏHBƏRLİK ETMƏSİ DAHA MƏQSƏDƏUYĞUN OLARDI"

- Bir neçə gün əvvəl baş katib Elxan Məmmədov Berti Foqtsun ilin sonunda millimizdən gedəcəyini açıqladı. Səncə bu, gecikmiş qərar deyil?

- Həmin açıqlamada Berti Foqtsun ilin sonunda millimizin baş məşqçisi vəzifəsindən gedəcəyi deyilməyib. Sadəcə, həmin vaxtda Berti Foqtsun müqavilə müddəti başa çatır. Onun fəaliyyətini davam etdirib-etdirməməsi isə AFFA-nın İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdir.

- Yaxşı, onda sualı belə qoyum - səncə millimiz Foqtsla yollarını ayırmalıdır, ya yox?

- Mənim şəxsi fikrim belədir ki, Azərbaycan milli komandasına indiki dövrdə yerli mütəxəssisin rəhbərlik etməsi daha məqsədəuyğun olardı. Fikrimi əsaslandırmaq üçün xeyli arqumentim var. Amma söhbətimizin ehtimallar üzərində davam etməsini istəmirəm. Çünki ortada hələ ki başqa fakt var - Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsdur.

- 5 ildə millimizdə inkişaf görürsən?

- İnkişafın olub-olmaması ilə bağlı hərənin bir, yaxud bir neçə subyektiv fikri ola bilər. Eyni zamanda, mənim də səsləndirəcəyim fikir subyektivliyin sərhəddini aşa bilməyəcək. Bircə onu deyə bilərəm ki, bu, mənim arzularımda olan Azərbaycan milli komandası deyil. İstər nümayiş etdirdiyi oyun, istərsə də nəticə baxımından.

"AZƏRBAYCAN MƏTBUATININ TARİXİNDƏ BU DƏRƏCƏDƏ BƏRBAD BAŞQA OYUN REPORTAJI YAZILMAYIB"

- Yerli komandalardan hansına azarkeşlik edirsən?

- "Neftçi"yə.

- Yazılarında bu sevgi obyektivliyini üstələməyib?

- Mən bilən, yox. Belə şey olmayıb.

- Yazdığın yazılara görə daha çox tərif eşitmisən, yoxsa tənqid?

- Bu suala konkret cavab vermək çətindi. Amma bir faktı deyim ki, ilk reportajımı "Bakı" klubunun UEFA Kubokunda Slovakiyanın "Jilina" komandasına qarşı keçirdiyi qarşılaşmadan hazırlamışdım. Tam səmimiyyətlə və qətiyyətlə deyə bilərəm ki, Azərbaycan mətbuatının tarixində bu dərəcədə bərbad başqa oyun reportajı yazılmayıb. Ən azı, mən rast gəlməmişəm.

- İndiyə qədər rüşvət təklif edən olub?

- Rüşvət təklif edən olmayıb. Görünür, kəskin yazıb heç kimi qorxuda bilməmişəm (gülür). Zarafat bir yana, heç kimdən belə təklif almamışam. Bu illər ərzində cəmi 1 dəfə xahiş əsasında yazı yazmışam. Və buna görə də peşman deyiləm. Çünki konkret hansısa şəxsin yox, uşaqlar arasında yenicə təşkil olunmuş bir turnirin - hansı ki, bu günə qədər də davam edir - belə demək mümkünsə, reklamı məqsədilə yazmışam.

"BU SEVDA O QƏDƏR ÇOXDAN BAŞLAYIB Kİ, DƏQİQ TARİXİ YADIMA GƏLMİR"

- Nə vaxtdan "Yuventus"a azarkeşlik edirsən?

- Bu sevda o qədər çoxdan başlayıb ki, dəqiq tarixi yadıma gəlmir. "Yuventus"un və İtaliya milli komandasının, sözün əsl mənasında, çılğın azarkeşiyəm. Avrokuboklarda istənilən İtaliya klubuna azarkeşlik edirəm. Ümumiyyətlə, futbol azarkeşliyi mənim nəzərimdə bir sevda, bir ruh məsələsidi, könül verməkdir. Ruhuna yaxın klubun neçənci yeri tutması, neçə qol buraxması, hansı divizionda oynaması bir o qədər əhəmiyyət kəsb eləmir. Bu gün "Barselona" güclüdür deyə katalonlara, sabah "Bavariya" çempion olacaq deyə münhenlilərə azarkeşlik edənlərin məntiqini - əgər varsa - anlaya bilmirəm. Bu, futbol azarkeşliyi deyil, güclünün tərəfini tutmaqdır. Futbolda isə həmişə hamıdan güclü olmaq mümkün deyil.

- Bir neçə il əvvəl baş tutan İtaliya - Azərbaycan matçında hansısa komandaya azarkeşlik edirdin?

- Azərbaycan millisinə. Hətta bu, Del Pyeronu söydüyüm ilk və son oyun olub.

- İtaliya futbolunun tarixində ən böyük futbolçu kimi hesab edirsən?

- Çətin sualdı. İtaliya dünya futboluna bir yox, bir çox dahilər bəxş etmiş ölkədir. Roberto Bacconun adını çəkə bilərəm, amma Paolo Rossiyə qarşı haqsızlıq etmiş olmarammı? Franko Barezini xatırlayıb Paolo Maldinini yaddan çıxarmaq mümkünsüzdür. Hazırda karyerasını davam etdirənlərlə bağlı Marçello Lippidən sitat gətirmək olar: "Buffon "Yuventus"un və ümumilikdə İtaliya futbolunun simasıdır". Düşünürəm ki, bu simaya həsəd aparmağa dəyər!

- Deməli, sən də "Buffon hələ qocalmayib" fikrini dəstəkləyənlərdənsən?

- İllər dahiləri qocaltmır, əzəmətini artırır!

- Əla fikirdi. Son bir neçə ildə İtaliya klubları Çempionlar Liqasında uğura imza ata bilmirlər. Bunun səbəbini nədə görürsən?

- Təəssüf ki, dünya futbolunda bu gün maliyyə məsələləri daha ön plana çıxır. İtaliya klublarının Çempionlar Liqasındakı uğursuzluqları maddi problemlərdən qaynaqlanır. Səhv etmirəmsə, İtaliyada özünün stadionu olan yeganə klub "Yuventus"dur. Digər klublar bələdiyyə stadionlarından icarə əsasında istifadə edirlər. Müasir futbolda klubun stadionunun olması son dərəcə vacib məsələlərdən biridir. Bunu təfərrüatı ilə danışmaq istəmirəm. Bundan əlavə, İtaliya futbolunda müəyyən fasilələrlə üzə çıxan oyun alqı-satqısı qalmaqalları da öz təsirini göstərir. Hətta bəzən elə təəssürat yaranır ki, dünyanın heç yerində "oyun alveri"-filan yoxdur, bu, yalnız İtaliyada baş verir. Hər halda, özünütənqid pis deyil, amma əndazəni aşmamaq şərtilə.

- İtaliya gələn il Braziliyada dünya çempionu ola biləcək?

- Futbolda proqnoz verməyi ciddi iş saymıram. Futbol bütün proqnozların əksini sübut etmək gözəlliyinə malik oyundur. İtaliya 2006-cı ildə dünya çempionu adını qazananda heç kim bu komandanı favoritlər sırasında görmürdü. İndi də analoji fikirlərə rast gəlməmişəm. Təki tarix elə-beləcə də təkrarlansın. İtalyanların Konfederasiyalar Kubokundakı oyunlarını izlədim. Bu komanda məğlub olduğu oyunlarda belə, rəqiblərindən zəif təsir bağışlamadı.

- Sonda istərdim jurnalist fəaliyyəti dövründə şahidi olduğun 1-2 maraqlı hadisəni danışasan.

- Maraqlı hadisələr az olmayıb, amma bu dəqiqə xatırlamıram. Yadıma düşənlər də, ola bilər, çoxları üçün maraqlı olmasın.

Elman MƏHƏRRƏMOV




Ad: Gazi;   E-mail: ---

25.07.2013 15:38

Bir oxucu olaraq en son oxudugum gozel musahibelerden biri.

Ad: Nail;   E-mail: ---

25.07.2013 13:24

Danishan yaxshi danishib - hemishe yaxshi danishir. burda ferq odu ki, yazan da yaxshi yazib. en azindan herf ve mena sehvleri adami esebilesdirmir, axira qeder oxumaga imkan verir...
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2020
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31