23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

“Qurban Qurbanovun Azərbaycan millisində işləməsini istəmirəm”

Onun xüsusi təqdimata ehtiyacı yoxdu. Müsahibimi Şən və Hazırcavablar Klubunun əfsanəvi “Bakılı oğlanlar” komandasından tanıyanlar çoxdur. Bəziləri doğma Bakı haqqında yazdığı kitablardan, digərləri təşkil etdiyi sərgilərdən, çəkildiyi filmlərdən tanıyır onu. İdman ictimaiyyəti isə ona daha çox çılğın azarkeş kimi rəğbət bəsləyir. Futbol, voleybol, cüdo, şahmat və demək olar ki, əksər yarışlarda Bəhram Bağırzadəni azarkeşlər arasında görmək mümkündür.
 
Bəhram Bağırzadəylə görüşümüz təsadüfən alındı. İçəri Şəhərdə gəzinti zamanı “Bürç Qala” ailəvi restoranında çay süfrəsinə qonaq olduq. Ardınca başlayan söhbətimiz iki saata yaxın davam etdi. Nəticədə maraqlı söhbəti müsahibə şəklində yazmaq qərarına gəldim. “Neftçi” klubunun Müşahidə Şurasından istefa verəndən sonra futbol barədə danışmayan əməkdar artist bütün məqamlara aydınlıq gətirdi. Müsahibəyə isə Londonda izlədiyi Çempionlar Liqasının “Çelsi” - “Qarabağ” matçından başladıq.
 
- Çempionlar Liqasında “Çelsi” - “Qarabağ” matçını izləmək üçün Londonda səfərdə olduğun hamıya məlumdur. Böyük Britaniyada Azərbaycan klubunun oyunu hansı təəssüratlar yaratdı?
 
- Londonda nüfuzlu Çempionlar Liqasının matçını izləyəndən sonra anladım ki, bu vaxta qədər futbol görməmişəm. Klub səviyyəsində komandayla birlikdə ilk səfərim idi. Cari mövsüm Gürcüstanda keçirilən “Samtredia” ilə oyunu da izləmişdim. Amma Londondakı görüş başqadır. Bir çox məqamlara təəccübləndim. Stadiona daxil olarkən polis görmədim. Heç kim alışqan və ya su şüşələrini əlimizdən almadı. Ən maraqlısı odur ki, arena yaxınlığında günəbaxan tumlarını satan insanlar yox idi. İngilislər futbola bayram kimi hazırlaşır. İnsanlar səliqəli geyimlə diqqətimi çəkdi. Kostyum geyinənlər, əlvan şərflər, papaqlardan istifadə edənlər maraqlı mənzərə yaratmışdı. Sanki futbol deyil, moda nümayişinə gəlmişdim. Fikrimcə, hər şey mədəniyyətdən başlayır. Özümü moda gecəsində hiss edirdim. Matç başlayandan sonra isə “cəhənnəm”ə düşdüm.
 
- Niyə? Oyuna görə yoxsa....
 
- Azarkeşlər vahimə yaradırdı. Minlərlə insan futbolun nəbzini hiss edirdi. İngilislər dəqiq ötürmələr, zərbələr zamanı alqış və səsləriylə reaksiya verirdilər. Hamısı birlikdə, ardıcıllıqla. Sanki əvvəldən hazırlanmış ssenaridir. Mən özümü “cəhənnəm”in kənarında hiss edirdimsə, gör indi hadisələrin mərkəzində olan futbolçularımız hansı vəziyyətdə idi. Londondakı oyunda ingilis azarkeşlərinə böyük hörmətim yarandı. Onlar hətta dəqiq ötürmə, fənd işlədən rəqib - “Qarabağ” futbolçularını da alqışlayırdı. Yüksək mədəniyyət göstərirdi. Rəqibi fitə basmaq, qışqırmaq olmadı. Oyunçu dəyişikliyi zamanı futbolçunu ayaqüstə alqışla yola salırdılar. Meydana daxil olanı da ayaqüstə qarşılayırdılar. Oyuna görə təşəkkür edirdilər. Matçdan sonra azarkeşlər təxminən 10 dəqiqə “Çelsi” futbolçularını alqışladı. Bir anlıq Rusiyadakı “Bolşoy Teatr”da Elçin Əzizovun çıxışını xatırladım. Bizim Elçin çıxış etdiyi bütün tamaşalardan sonra ən azı 10 dəqiqə alqışlanır. Londonda sanki futbol tamaşa kimi təqdim olunurdu. Azarkeşlər alqışla təşəkkür edirdi.
 
- Futboldan uzaqlaşdıq. Gəlin “Çelsi” - “Qarabağ” matçında danışaq. Belə nəticə gözləyirdinmi?
 
- Bu gün hamı həmin oyundan danışır. Futbolu bilən də, bilməyən də Qurban Qurbanovun işinə qiymət verir. Sosial şəbəkədə bəlkə də məndən başqa hamı oyuna şərh verib. Mənim futboldan mütəxəssis səviyyəsində başım çıxmır. Heç vaxt deməmişəm ki, futbolu mütəxəssis kimi bilirəm. Mən azarkeşəm. Taktika, heyəti qurmaq Qurban Qurbanovun işidir. Bu gün o barədə danışmağım ən azı savadsızlıq olar. Heydər Əliyev adına sarayda çıxışım hansısa futbolçu və ya məşqçi tərəfindən təhlil olunarsa, mənim üçün də təəccüblü olar. Axı hər insanın öz işi var. Futbolçu deyə bilməz ki, Bəhram səhnəyə düz çıxmadı, obrazını peşəkarçasına canlandırmadı. Bu, çox qəribə görünər. Bəyənib, bəyənməmək başqadır. Müzakirə etmək tamam başqa.
 
Çoxları deyir ki, “Qarabağ” “Çelsi”yə uduzdu. Bir məşqçimiz fikir bildirib ki, “Çelsi”yə Azərbaycan millisi uduzub (Böyükağa Hacıyev nəzərdə tutulur - müəllif). Mən deyərdim ki, biz Böyük Britaniya Krallığına uduzduq. Bəzi jurnalistlərimizə demək istərdim ki, bu gün “Qarabağ”dan Londonda nəticə tələb etmək nə dərəcədə düzgündür? Hansı idman jurnalistimizin məqaləsi “The Guardian”da nəşr olunub. Gəlin düz danışaq. Azərbaycan Rəssamlar İttifaqının 2500-ə yaxın üzvü var. Bir rəssam mənə deyir ki, bu nə oyun idi? Deyirəm “sənin hansı əsərin Londonda nümayiş etdirilib, hansı əsərini 300 ingilis funtuna satmısan?” Heç birini. Amma bu gün Londonda futbolçularımızın 0:6 hesablı məğlubiyyətinə gülürsən.
 
Bir musiqiçimiz 4 gün əvvəldən sosial şəbəkədə yazır ki, futbolçularımız onsuz da gedib uduzacaq. Matç hələ başlamayıb, amma savadlı hesab etdiyim insanın yazdığına baxın. Soruşan yoxdu ki, bəlkə sən musiqidə “Qremmi” mükafatı almısan? Bəlkə İngiltərədə heç olmasa, bir dəfə bir musiqi səsləndirmisən. Amma “Qarabağ” futbolçularından “Çelsi”yə qol vurmaq tələb edirsən. Mən özümə sual verirəm ki, Bəhram Bağırzadə, sən öz səviyyəni, bacarığını bilirsən. Gedib MDB məkanında çempion ola bilərsən. Amma Bəhram “Kann” festivalında mükafata layiq görüləcək rol ifa edə bilməz. Bu gün Avropa səviyyəsində uğur qazanmamışamsa, mən necə futbolçudan mümkünsüz nəticə tələb edə bilərəm.
 
- Sualdan uzaqlaşdıq. Heç kim “Qarabağ”dan Londonda qələbə tələb etmirdi. Komanda ÇL-ə düşməklə maksimum hədəfə nail olub...
 
- Bağışlayın, bəlkə çox danışdım. Amma bir məqamı qeyd etmək istərdim. Yaşadığım məhəllədə xadimə deyir ki, yenə uduzdular. Deyirəm xanım nə qədər məvacib alırsınız – 250 manat. Londondakı xadimə isə ayına 1600 funt sterlinq qazanır. “Çelsi”nin bir futbolçusu bütün çempionatımızdan bahadır. Onların əldə etdikləri qazancı söyləməyə ehtiyac yoxdur. İngiltərə futbolçularının hazırlıq şəraiti, inkişaf mərhələləri tamam başqadır. Mənim bacarığım MDB məkanında “Əsrin çempionu” olmaqla kifayətləndi. Azərbaycan futbolunun səviyyəsi də “Birlik Kuboku”nda qələbə qazanmaqla ölçülür. Heç kim inciməsin. MDB məkanı bizlikdir. Avropada bu gün maksimum nəticəni göstərdik. Bu uğur Qurban Qurbanov və “Qarabağ” rəhbərliyinin sayəsində mümkün oldu. Qurban Qurbanov mənim üçün keçmişin super futbolçusu deyil, lakin əsl Azərbaycan kişisidir. İntizam, mədəniyyət, peşəkarlıq - hamısı bu şəxsiyyətdə birləşir. Sevinirəm ki, futbolumuzda Qurban Qurbanov kimi böyük hərflə yazılan şəxsiyyət var. Çox istəyərdim, bütün sahələrin öz Qurban Qurbanovu olsun. Həmin insan ən yaxşıları yanına toplayaraq güclü heyət yaratsın.
 
Qurbanova bu gün Hoca deyirlər. Yəni müdrik insan. Dirijorlarımız çoxdur, amma Maestro yalnız Niyazidir. Bu gün futbolçular Qurbanova Hoca deyir, ona hörmət edir və inanır. Ölkədə 100-dən çox məşqçi var. İşləyən də var, işsizi də. Amma Çempionlar Liqasına yüksələn yalnız onun komandası oldu. Allah ona qismət etdi. Görün indi bu insan ÇL-ə düşməyi necə istəyib? Onun imanı necə güclüdür. Bu inanılmaz uğurdur. Mənim üçün yuxu kimidir. Təsəvvür edin: Bəhram nə vaxtsa gedib ABŞ-da çıxış edir və ən yaxşı kişi rolunun ifaçısı kimi mükafata namizəd olur. Bu gün Qurban Qurbanovun 90 dəqiqəlik 6 filmi artıq “Kann” festivalındadır. Çempionlar Liqasının qrup mərhələsindəki hər bir oyun ayrıca filmdir. Ölkənin yüksək səviyyədə təbliğatıdır. Qurbanov artıq Avropanın ən böyük futbol festivalının iştirakçısıdır. Əlində olan heyətdən maksimum nəticəni əldə etdi.
 
- Çempionlar Liqasına vəsiqə qazanmaqla hədəfə nail olduq. İndi əsas məqsədimiz nədən ibarətdir?
 
- Çempionlar Liqasında bütün oyunlar xüsusidir. Bütün matçlar vacib və önəmlidir. Əsas məqsədimiz mübarizə aparmaq olmalıdır. “Çelsi”ylə oyun ilk mübarizə idi. Növbəti oyunlara daha yaxşı hazırlaşacağıq. Bütün xalq olaraq “Qarabağ”ın yanında birləşmək lazımdır. İnanın, “Roma”ya qarşı döyüşəcəyik.
 
- Deyirsiniz futbolda savadsızam. Bəlkə buna “Neftçi” klubunun Müşahidə Şurasının üzvü olanda bəziləri tərəfindən tənqid olunurdunuz...
 
- Məni “Neftçi”yə futbol mütəxəssisi kimi dəvət etməmişdilər. Sənətimə görə dəvət olunmuşdum. Azarkeşlərin oyuna gəlməsinə, daha çox təbliğat aparılması üçün yardımçı olmalıydım. Sıravi azarkeşlər və fan-klubla çalışaraq kluba dəstək olmaq lazım idi.
 
- Bu gün sizi “Qarabağ”ın yanında görənlər təəccüblənir. Deyirlər axı Bəhram “Neftçi” azarkeşidir...
 
- Məni “Qəbələ”, “Zirə”, ”İnter”in oyunlarında görmürlər? Axı avrokuboklarda bütün oyunlarda stadionda olmuşam. Azərbaycanlıyam, bütün idmançılarımıza dəstək olmaqdan ləzzət alıram. Bu gün “Qəbələ” Avroliqada çıxış etsəydi, yenə də stadionda dəstək olacaqdım. Sentyabrın 27-də “Qarabağ” “Roma”nı qəbul edir, həmin gün həm də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda Avropa Çempionatında mübarizəyə başlayır. İndidən fikirləşirəm ki, voleyboldan sonra stadionda neçə dəqiqəyə çata bilərəm. İdmançılarımızın hər bir yarışı önəmlidir. Sabah millimiz beysbolda, poloda çıxış etsə, yenə də komandamızın yanında olacam. Gimnastika, güləş, cüdoda da yarış olanda idmançılara dəstək oluram. Mənim azərbaycanlım mübarizə aparır, kənarda qala bilmərəm. Üstəlik, “Qarabağ” kimi adı olan kluba dəstək olmaya bilmərik. Qlobal düşünürəm, dar düşəncəli insan deyiləm. Ölkə çempionatında 1978-ci ildən indiyə qədər “Neftçi”yə azarkeşlik edirəm. Bundan sonra da belə olacaq. Rəhmətlik atam 1938-ci ildə anadan olmuşdu. “Neftçi”ylə bir yaş fərqi var idi, o da bu komandanın azarkeşi olub. Babam 1908-ci ildə anadan olub. 29 yaşı olanda “Neftçi” yarandı, o da ömrünün sonuna qədər bu komandanın uğurlarına sevinib. Amma belə getsə, daha “Neftçi” azarkeşi olmayacağıq. 
 
Yeni baş məşqçi Tərlan Əhmədova uğurlar arzu edirəm. Çox istərdim ki, Əhmədov yaxşı nəticə göstərsin. Heç kim inciməsin, üzə danışmağı xoşlayıram. “Neftçi” klubuna məşhur sehrbaz Devid Koperfild gəlsə belə, nəticə olmayacaq. “Çelsi”nin baş məşqçisi Antonio Konte dəvət olunsa da, xeyri yoxdu.
 
- “Qarabağ” klubundan təklif olarsa, orada işləmək istəyərdiniz?
 
- Xeyr, hər kəs öz işiylə məşğul olmalıdır. Bu gün “Qarabağ”ın çox güclü məşqçisiylə yanaşı, həm də ağıllı rəhbərləri var. Onlara dəstək olaraq klubun inkişafının davam etməsinə yardımçı olmaq lazımdır. Çox istərdim ki, “Bakı”, “Xəzər Lənkəran” yenidən çempionata qayıtsın. Çempionatda yüksək rəqabət olsun. Ancaq bu halda klublarımız inkişaf edəcək. 
 
- Qurban Qurbanovun adı milliyə namizəd olaraq çəkilir. İlin sonunda hazırkı baş məşqçi Robert Prosineçkiylə müqavilə başa çatacaq. Sizcə, “Qarabağ”ın baş məşqçisi yığmada da uğur qazana bilərmi?
 
- Bu məsələlərə münasibət bildirmək düzgün olmazdı. Bəlkə Qurban müəllim də məndən inciyəcək. Amma onun Azərbaycan millisində işləməsini istəmirəm. Millidə onun üçün “Qarabağ”da olan şərait yaradılmayacaq. Klub olaraq böyük inkişaf yolu keçib. Belə davam edərsə, superkluba çevrilə bilər. Lakin ölkə çempionatında rəqabət aparacaq rəqib azdı. Kiminlə mübarizə aparsın?
 
“Roma” ilə oyunda azarkeşlərin dəstəyi çox vacibdir. Biz Bakı Olimpiya Stadionunu Romadakı Kolizeyə çevirməliyik. Amma bu dəfə “Roma” futbolçuları özlərini həmin Kolizeydə doğma hiss etməyəcək. Çempionlar Liqasında iştirakımız tarixi nəticədir, gəlin möhtəşəm oyunlardan zövq alaraq “Qarabağ”ın yanında olaq.
 
Sənan Şəfizadə, xüsusi olaraq Dsport.az üçün



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30