29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Azərbaycanda qumar, yoxsa idman himayə olunur?

“TOPAZ” FUTBOL QUMARINI ÖLKƏDƏ EPİDEMİYA SƏVİYYƏSİNƏ ÇATDIRIB

Futbol başda olmaqla idmanın əksər növləri tarix boyu cəmiyyətin sosial problemlərinin həllində mühüm rol oynamaqdadı. Ağıllı hökümətlərin idmana qayğısı əsasən bu amillə izah oluna bilər. Daha dəqiqi cəmiyyətdə bir sıra sosial fəsadların qarşısını almaq üçün idmanın kütləviləşməsi qədər effektli vasitə tapmaq çətindir. Azərbaycanda da dövlət səviyyəsində idmana yetərli qədər qayğı göstərilir. Maraqlıdır ki, dövlət səviyyəsində futbol qumarı olan “Topaz”a “yaşıl işıq” yandırılmasını məntiqlə izah etmək çətindir. Çünki dünyanın məşhur totalizatorları ilə müqayisədə “Topaz” heç bir qayda tanımır. Dünyada ən aşağı əmsalları ilə diqqət çəkən və şərtləri ilə vətəndaşları soymağı qarşısına hədəf qoyan “Topaz” sosial məsuliyyət istiqamətində heç bir tədbir görmür. “Halbuki Avropanın ən aşağı reytinqli bukmeker kontorları müştərilərinin nəzərinə ilk növbədə qumara aludəçiliyin təhlükəli olduğunu xatırladırlar. “Topaz” isə reklamları ilə insanları bu təhlükəli xəstəliyə yoluxdurur. Bəli məhz xəstəliyə!

Tibb elmində qumara qurşanan insanlar xəstə sayılır. Psixiatriyada “ludomaniya” adlanan bu ruhi xəstəliyin Azərbaycanda minlərlə daşıyıcılarının olması heç kimdə şübhə doğurmur. “Topaz”ın reklamlarının telekanallara ayaq açması isə xəstəliyi epidemiya vəziyyətinə gətirib. Belə xəstələr daimi olaraq müxtəlif uduşlu oyunlarda iştirak edir, böyük uduş əldə edəndə də, mütəmadi olaraq uduzanda da oyundan çıxa bilmir, getdikcə daha çox vaxtını, vəsaitini və düşüncəsini buna həsr edir və bütün hallarda nəhayət, iflasa uğrayır. Xəstəlik yüksək dərəcədə psixoloji yoluxma potensialına malikdir. Belə xəstələrlə yoldaşlıq edənlər də dərhal bu xəstəliyə yoluxurlar. Həmçinin uduşlu oyunların reklamı və kütləviləşməsi də insanların bu xəstəliyə yoluxmasında böyük rol oynayır. Xəstəliyin sosial fəsadlarına gəlincə, bunların sırasına, başlıca olaraq, müflisləşmə, ailədaxili münasibətlərin pozulması, ailələrin və şəxsi həyatın dağılması, oynamaq üçün pul əldə etmək naminə cinayət yollarına baş vurulması və intihar kimi rəngarəng nəticələr daxildir.

Yeri gəlmişkən, öz vətəndaşının qeydinə qalan hökümətlər vaxtaşırı cəmiyyətdə müəyyən araşdırmalar aparır və nəticələrini ictimaiyyətə bildirirlər. Belə təhqiqatlara ABŞ, Rusiya və s. ölkələrdə rast gəlmək olar.

Məsələn, 2009-cu il noyabrın 3-də Moskva merinin müavini Sergey Baydakov maraqlı statistika təqdim etmişdi: “Moskva əhalisinin bir faizindən çoxu “ludomaniya” xəstəliyindən əziyyət çəkir. İyulun 1-dən etibarən Moskvada bütün kazino və oyun zallarını bağlasaq da, bu xəstəlikdən əziyyət çəkənlərin faiz göstəricisi yüksək olaraq qalır”. Səbəbi isə çox sadədir. Kazinodan əli çıxan qumar xəstələri mərc totalizatorlarına üz tuturlar. Son sosioloji sorğular isə göstərir ki, Rusiya əhalisinin nə az, nə çox, düz 5 faizi müxtəlif kəskinlik dərəcələri altında bu ruhi xəstəlik növündən əziyyət çəkir”.

Avstraliyada bu sahə üzrə işləyən dövlət komissiyası fəaliyyət göstərir. Və komissiyanın hesabatlarında bildirilir ki, ölkədə intihar hallarının 2 faizi qumarla əlaqəlidir. Təbii ki, burada əsas pay futbol qumarına aiddir.

ABŞ-ın “Amerikan İllinios İnstitutu”na (Illinois Institute for Addiction Recovery) görə, patoloji olaraq qumara yoluxmaq narkomaniya ilə müqayisə oluna bilər. Daha dəqiqi həm narkomanlar, həm də qumara qurşananların zərərli vərdişdən uzaqlaşması çox çətin bir prosesdir. Çox vaxt bu prosesə dövlət müdaxilə etməsə, pis fəsadları üzə çıxa bilər.

İnstitutun araşdırmalarına görə, qumar insanları oğurluq və bu cür qeyri-leqal yollarla pul qazanmağa məcbur edir. İnstitutun professoru Henry Lesieur adı gizli saxlanılan 184 qumarbaz üzərində apardığı araşdırma nəticəsində müəyyən edib ki, patoloji qumarbazların 56 faizi qumar oynamaq üçün lazım olan pulu qeyri-leqal yollarla əldə edir. Bunlar arasında işlədiyi yerdən pul oğurlamaq, saxta bank çeki yazmaq, dələduzluq və s. kimi cinayət əməlləri var.

2010-cu ildə Avstraliyada Monaş Alfredin adına Psixatriya Mərkəzinin direktoru professor Jayaşiri Kulkarni bəyan edib ki, il ərzində özünə qəsd etmiş xəstələrin 17 faizi ifadələrində buna səbəb kimi patoloji qumarbazlığı yazıb.

ABŞ-ın Patoloji Qumarbazlıqla Mübarizə üzrə Milli Şurasının 2010-cu ildə açıqladığı məlumatda bildirilir ki, qumara qurşanan insanlar arasında intihara meyl yüksək səviyyədədir. Şuranın açıqladığı rəqəmlərə görə, qumarbazların 20 faizi özünə qəsd edir və ABŞ üzrə patoloji qumarbazların özünə qəsd etmə halları başqa bu kimi hallardan daha çoxdur. Və ilbəil qumarbazların özünə qəsd etməsi halları artır. Kaliforniya Universitetinin doktoru Devid Felips bildirir ki, qumarxanaların ve hər cur qumar-şans oyunlarının başlamasından sonra ABŞ-ın əsasən Las Veqas ve Atlantik Siti ərazilərində özünə qəsd hallarının sayı ölkə üzrə ən yüksək səviyyəyə çatıb.

Böyük Britaniyanın Qumar ve Şans Oyunları Komissiyasının hesabatında isə bildirilir ki, Avropa üzrə patoloji qumarbazlıq umumi qumara qurşananların sayında 3 faiz təşkil edir. ABŞ-da isə bu göstərici 2.3 faizdir. Sadəcə, ABŞ-ın Nevada ştatında bu göstərici 3.6 faizdir, bunun da səbəbi ştatda qumar və qumarxana barədə qanunların başqa ştatlardan fərqli olmasıdır. ABŞ ve Kanadada patoloji qumarbaz olma ehtimalı olan insanlar əvvəlcədən xəstəxanalarda və xüsusi psixiatriya mərkəzlərində müayinədən keçirilir. Nyu-York şəhərində yerləşən “South Oaks Hospital”ı bu sahədə ən yaxşı xəstəxana sayılır. ABŞ höküməti və QHT-lər xalq arasında qumara ciddi nəzarət edir, patoloji qumarbazlara psixoloji kömək etməklə onları ictimaiyyətə geri qazandırırlar.

Təəssüf ki, Azərbaycanda bu sahədə hər hansı bir araşdırma aparılmır. Cəmiyyət hələ “Topaz”ın hansı təhlükələr yaratdığının fərqində deyil. Xüsusən də “Topaz”ın böyük məbləğdə pullar hesabına mediada qumar cinayətləri ilə bağlı informasiyalara məhdudiyyət qoyması öz sözünü deyir. Bəlkə bu səbəbdən də, çoxları “Topaz”ın fəsadlarından düz əməlli xəbər tuta bilmir.

Ancaq bu faktdır ki, Azərbaycanda onlarla adam “Topaz” səbəbindən intihar edib. Və yeniyetmə yaşlı uşaqlar evdən və ya başqa yerlərdə pul oğurlayıb futbol oyunlarına proqnoz verməklə gələcəyin cinayətkarları olaraq yetişməkdədir...

Üstəlik, “Topaz” dünyada fəaliyyət göstərən yeganə totalizatordur ki, şərtləri qumara qurşanan insanlar üçün qətiyyən əlverişli deyil. “Topaz” şərtlərin ağır olması səbəbindən heç bir qumarxana ilə müqayisə oluna bilməz. Xüsusən də, “Topaz”ın oyunlara verdiyi əmsallar dünya üzrə ən aşağı əmsallardır. Məsələn “Topaz” 2 əmsalını o oyunlara təklif edir ki, Avropa bukmekerləri həmin oyunlara 2,4 və daha böyük əmsal verməklə qazanc da götürürlər. Yəni, Avropa bukmekerləri ilə müqayisədə “Topaz” əhəmiyyətli dərəcədə böyük iflas təhlükəsi törədir. Üstəlik, “Topaz” yalnız ən azı üç oyundan ibarət ekspress-kuponları qəbul edir. Oyunlardan biri baş tutmasa, butun pulunuzu uduzursunuz. Dünyanın qalan bütün bukmekerlərində isə ən böyük dövriyyə məhz “sinql” adlanan bir nəticədən ibarət qoyuluşların payına düşür. Avropanın peşəkar mərc oyunçularının forumlarına daxil olsanız, tez-tez belə bir deyimə rast gələcərsiniz: “Ekspress-kupon bukmekerə hədiyyədir”. Əsl həqiqət də isə “Topaz” vətəndaşlardan hədiyyə toplamaqla məşğuldur.

Qeyd edək ki, Azərbaycanda qumarxanaların fəaliyyətinə mərhum prezident Heydər Əliyev tərəfindən qadağa qoyulmuşdu. Sabiq prezident qumarın cəmiyyətdə hansı fəsadlara yol açdığının fərqində olaraq rəsmi səviyyədə qumarxanaları bağlatdırdı. Ancaq nədənsə dövlət rəsmiləri mərc adı altında fəaliyyət göstərən “Topaz”ın daha qorxulu qumarxana olduğunun fərqində deyillər, əksinə, “Topaz”ın daha geniş fəaliyyəti üçün “yaşıl işıq” yandırırlar...

Elmidar ƏLİYEV, “Het-trik news”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31