20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

"Rəqibimin SSRİ İdman Ustası olduğunu bildikdən sonra udduğum pulu aldım”

Tanınmış jurnalist, hazırda “Qəbələ IK” qəzetində çalışan, son 1 il ərzində futbol adamlarının, jurnalistlərin ad günlərində feysbukda yazdığı təbrik yazıları ilə diqqətçəkən Mehman Süleymanov yeni layihəyə start verib. Süleymanovun “11-lik” rubrikasının ilk qonağı dünən 42 yaşını qeyd edən Ceyhun Əliyev olub. Futbolinfo.az saytında çalışan təcrübəli həmkarımız doğum günündə 11 sualı cavablandırıb. Futbolxeber.az həmin müsahibəni kiçik ixtisarlarla təqdim edir:

- Sənin üçün bir neçə cəhətdən əlamətdar olan bu il 42 yaşın tamam olur. Sözügedən bu rəqəm sənə nəsə deyirmi?

- Bu il idman jurnalistikasına gəlməyimin 15 illik yubileyidir. 2016-nın əsas özəlliyi əlbəttə ki, övladlarımla bağlıdır. Bu il hər ikisi orta məktəb qapısını çırpıb, həyatın yeni səhifəsini açmağa çalışacaq. Təəssüf ki, halal zəhməthaqqı ilə uşaqların ali təhsil ocağına normal hazırlaşmasını təmin etmək qeyri-mümkündür. Bütün ümidim genetik göstəricilərədir. Hər halda, bu ilin həyatımda uğurlu alınıb-alınmamasına yayda aydınlıq gələcək. 42-yə gəlincə, atam atasını bu yaşda itirdi, məni isə atasız daha tez qoyub getdi. Ümid edirəm, oğlumun 42 yaşınadək yanında olacam. Ancaq ona bizim yaşadığımız həyatı arzu etmirəm.

- İdman mətbuatına gəlmək sənə ilk növbədə nə qazandırdı?

- İdman mətbuatı qaynayan qazandır. Əksər dost-həmkarlarım kimi, mən də bu sahəyə çox böyük təsadüf nəticəsində düşmüşəm. Peşman deyiləm. Gənclik illərimdə idmanda olduğumu nəzərə alsaq, doğma sahəmdə çalışıram. Mükəmməl dostlar qazandım, riyakarlıq görüb, həmin dostların qədrini daha da çox bildim. Yadıma 80-ci illərdə “Sovetskiy sport” qəzetindən bir yazı düşdü. Keçmiş şahmatçı, sonralar isə idman jurnalisti kimi fəaliyyət göstərən rus həmkarımız barədə (adını xatırlamıram) belə yazılmışdı: “Şahmatçılar arasında ən yaxşı jurnalist, jurnalistlər arasında ən yaxşı şahmatçı”. Bu sözləri hələlik özümə də şamil edə bilərəm. Deməli, idman jurnalistikası mənə “ən yaxşı şahmatçı” olmağı da nəsib edib.

- Şahmatdan özün söz saldın və bununla bağlı sualımı indi verməli olacağam. Belə qəbul olunub ki, jurnalistlər arasında şahmat turnirlərinin qalibi əvvəldən məlumdur, yəni sən hamıdan bir baş güclüsən. Şahmatı güclü oynamağının sirrini öyrənmək istərdik.

- Şahmatın sirlərini atam öyrətmişdi. 4 yaşımda ikən lövhəni qarşıma qoyub, özüm özümlə oynayardım. Atamın riyaziyyata meylli insan olması yəqin ki, məndə də öz əksini tapdı. Sonralar 6 il məşğul oldum. Unudulmaz qələbələr olub. Ancaq adlarını çəkməklə, həmin məşhurların xətrinə dəyə bilərəm. 1988-də Tiflisdə Zurab Azmayparaşvilini məğlub etmişdim. Amma onda “xod gedən” dövrlərim idi. Peşəkar səviyyədə şahmatla vidalaşdıqdan sonra isə blitsdə bir neçə dünya nəhəngini məğlub etmək mənə nəsib olub. Blits üzrə son Avropa çempionu Rauf Məmmədovla heç-heçəyə qaldığım partiya isə idman mediasının gözü qarşısında olduğu üçün, bunu gizlətməyə ehtiyac duymuram. Hə, bir dəfə də puldan şahmat oynamışam. Heç vaxt böyük sevgi bəslədiyim bu idman növünü pulla ölçməmişəm. Amma 1990-cı ildə Nərimanov parkında toplaşan sabiq ustalığa namizədlərlə blits oynayadığım dövrdə bu hadisə yaşandı. Hər lövhənin ətrafında növbə düzülərdi. Amma onlar lövhə arxasında tək oturmuş bir cavan oğlanı mənə göstərib, “o, pulla oynayır”, dedilər. Yaxınlaşdım, neçəyə oynadığını soruşdum. Dedi, 10 rubldan. Dedim ki, 2 partiya oynayacağıq. Nəticədən asılı olmayaraq, sonra çıxıb gedəcəm. Razılaşdıq. Artıq ilk partiyanın debütündə çox ciddi rəqiblə qarşılaşdığımı hiss etdim. Amma o vaxt doğrudan da əla formada idim. Qərəz, hər iki partiyada qalib gəldikdən sonra, ona ustalığa namizəd olduğumu bildirib, puldan imtina etdim. Ancaq rəqibim cibindən vəsiqə çıxardıqdan sonra fikrimi dəyişib, pulu aldım: “SSRİ İdman Ustası Fətullayev” (adını xatırlamıram).

- Futzalçı-futbolçu Ceyhun Əliyevlə jurnalist Ceyhun Əliyev arasında oxşar cəhətləri soruşmaq istərdim. Ümumiyyətlə, peşəkar oyunçu olmağın yazarlıq karyeranda sənə nə dərəcədə kömək olub?

- Səhv etmirəmsə, 2000-ci ildə ölkə çempionatının bütün mükafatçılarının - “Azərneftyanacaq”, “Turan AİR” və “Tribut”un - qapısından top keçirmişdim. Maraqlıdı ki, hər klubun qapısını milli üzləri qoruyurdular. Oxşarlıqlara gəlincə, insanın bir sifəti olmalıdı. Zənnimcə, dəyişmə ancaq yaşa dolmaqla əlaqədardı. Məcazi mənada güzgüyə tez-tez baxıram. Ki, yolumu azmayım. Futbol və futzalın yaradıcılıq baxımından mənə çox xeyri dəyib. Böyük ehtimalla elə bu səbəbdən analitik yazılara daha çox meyl etmişəm. Hər halda, qapıya qol vurularkən, ilk olaraq, topun itirildiyi nöqtədən araşdırmağa başlayıram. Veteran futbolçularla jurnalistlər arasında yoldaşlıq görüşlərini birinin təşkilatçısı olmuşam. “Neftçi”nin köhnə bazasında təşkil olunan həmin qarşılaşma Vaqif Sadıqovun 50 illik yubileyinə həsr olunmuşdu. Doğrudu, Vaqif müəllimi bizdən oynatdım, amma “adamyeyənlər”in hamısı əks tərəfdə cəmləşmişdi. Udmuşduq həmin oyunu. Elə “Həftə içi” qəzetiylə futzal üzrə 1-ci divizionda çempion olmağımız da o tip sensasiyalar sırasındadı.

- Jurnalist fəaliyyətində ən unikal müsahibən hansı olub?

- "Unikal” sözünün hərfi mənası ağır mövzudur. Bu barədə heç nə deyə bilmərəm. Amma 1 aprel zarafatına bənzər janrda işıq üzü görən müsahibəm olub. "Futbol-plus Qəzeti”nin xüsusi buraxılışını hazırlayırdıq. Mənə də Ələkbər Məmmədovdan müsahibə götürmək həvalə olunmuşdu. Bu, 2001-ci ildə DÇ-2002-yə həsr olunmuş buraxılışda dərc olunmalı müsahibə idi. Rəhmətlik yaman danışmağı sevən idi. Həmin vaxt hələ futzal çempionatının güclülər dəstəsində oynayırdım. Qərəz, müsahibə 3 saat davam etdiyindən, məşqə çatmadım. Sən demə “Oğuz elinin qara günləri qabaqdaymış”. Başıbəlalı müsahibə texniki problem üzündən çıxmadı, bir də 4 ildən sonra işıq üzü gördü. Səhv etmirəmsə, elə sən özün mənə zəng vuraraq, “muştuluğumu ver, 4 il sonra Ələkbər Məmmədovla müsahibən çıxdı, get, Mahir (Mahir Rustamli– baş redaktor) müəllimdən qonorarını istə”, deyərək, zarafatından qalmadın.

- Məlumdur ki, səni idman mətbuatında daha çox “Batenka” kimi çağırırlar. Bu adın tarixçəsindən danışardın. Sənə “Batenka” kimi müraciət etmək necə təsir göstərir?

- “Batenka” mövzusu jurnalistikada yaranmayıb. Daha erkən baş vermiş söhbətdir. Amma müraciət edərkən, həmkarlarımı “Batenka” deyə də çağırırdım. Nəticədə, elə özümə nəsib oldu. Hisslərə gəlincə, bu ad artıq mənim üçün doğmalaşıb. Hər halda, idman KİV-ində yeganə “Batenka”yam.

-.Səni tanıyandan, gənc yaşlarından saçın tökülüb. Ancaq keçəl olmaq kompleksinin olmadığının şahidi olmuşam. Sənə Novruz bayramında Keçəl olmağı təklif etsələr, razılaşarsanmı? Əgər olarsansa, idman mətbuatından özünə Kosanı kimi götürərdin?

- Yəqin ki, erkən ailə qurmağım saç kompleksindən əziyyət çəkməməyimi şərtləndirib. Çünki bir neçə qadınla rəsmi nigaha girməyə icazə olsa da, bu hüquqdan istifadə etmək arzum heç vaxt olmayıb. “Keçəl–Kosa” məsələsinə gəlincə, sual gözlənilməz oldu. Yəqin ki, razılıq versəm, Kosa kimi Rüstəm Piriyev seçərdim. Bəstəboy olduğu üçün. Təbii ki, bunlar bir zarafatdır.

- Əmək kitabçan dolub. Hələ 90-cı illərdə Türkiyədə, Polşada alver eləmisən. Sonralar isə hətta “Denqi” qəzetinin baş redaktoru olsusan. Bu, universallığının sirri nədədir?

- Yaxşı ki, tam siyahını bilmirsən. Artıq 3-cü “trudovoy” dolmaq üzrədi. Körpə yaşlarımda “pul sayacam, bankir olacam” deyirdim. Yəqin ki, ticarətə meyllilik bundan irəli gəlib. “Denqi” maliyyə-analitik qəzet idi, bu da ixtisasımdan savayı, böyük maraq göstərdiyim sahədir. Ümumi toplasan, 20 ildən artıq idmanla məşğul olmuşam. Bu da “bəraətimin 3-cü bəndi”. Yəqin “Naparnik” filminə baxmısan. Ordakı qəhrəman da universal olur. Buna görə “myasokombinat”da da işləməyə hazıram.

- Uzun illər qəzetçilikdə çalışdıqdan sonra tam fərqli iş rejimi olan saytda çalışmalı, buna uyğunlaşmalı oldun. Həm də yenidən Vusal Mahmudovun rəhbərliyi altında çalışırsan. “Futbol+” qəzetində və Futbolinfo.az saytında işbirliyiniz arasında fərqi söyləyərdin...

- Fərqlidi, çox fərqli. Amma bir fakt var ki, bu gün də xəbərçilik bacarığım olduqca aşağıdı. Bunu Vüsal da bilir və maksimum dərəcədə məni bu sahədən uzaq tutmağa çalışır. O ki qaldı “Futbol+” və Futbolinfo.az məsələsinə, burda da ciddi fərqlər var. Əvvəllər, “qısa-qısa” deyən Vüsal indi “bir az, bir az tez” deyir. İkincisi, həyat və yaradıcılıq baxımından zəngin təcrübə toplamışıq. Ancaq ilk və yəqin ki, sonuncu dəfədi ki, bunu deyəcəm: həqiqətən də burda çalışmaq mənə çox rahatdı. Çünki fikirlər üst-üstə düşəndə, bir-birini mimikadan oxuyanda, bu, yaradıcılıq baxımından normal fəaliyyət üçün bəlkə də həlledici məqama çevrilir.

- Bəlkə bir çoxları bilmir ki, qardaşın Vüsal Əliyev də mətbuatdadır. Bu sahədə bir-birinizə nə dərəcədə kömək ola bilmisiniz? Doğrudanmı, "Futbol+"də 1 il birgə işlədiyiniz müddətdə hətta Vüsal Mahmudov da adaşının sənin qardaşın olduğunu bilmədi?

- Bəli, bu, həqiqətdi. Uzun illər sonra, hansısa həmkarımızın toyunda Mahmudov məndən soruşmuşdu ki, doğrudan qardaşsınız? Bunu sirr kimi saxlamırdıq. Sadəcə, vəziyyət elə alınmışdı ki, bilməmişdi. “Simsiz teleqraf” olmayandan sonra, necə bilə bilərdi? Qardaşım Vüsal indi də mətbuatdadır, sadəcə, artıq idman sahəsində çalışmır. Mənim ona hansısa şəkildə köməyim dəyibsə belə, bunu kiçik qardaş kimi, özümə borc bilmişəm. Onun mənə jurnalistikadakı köməyinə gəlincə, dəfələrlə olub ki, hansısa materialların rus dilinə və rus dilindən tərcüməsində məhz onun məsləhətlərinə ehtiyac duymuşam. Həqiqətən də onun rus dili biliyi fantastikdi! Həm də qardaş olsaq da, xasiyyətçə fərqliyik. O, ağırtəbiətli, təmkinli, mən isə çılğınam. Yaxşı ki, belə bir qardaşım var. Məhz onun soyuqqanlı olması, gənclik illərimdə xeyli problemlərdən qurtulmağımda müstəsna rol oynayıb.

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30