29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

“Qızıl oğlan”la parlayan

Azərbaycan idman mətbuatında Anarların sayı az deyil. Hər birinə bir insan, bir həmkar kimi hörmətim var. Onlar arasında ən stajlılardan biri isə Şabanoğlu soyadlısıdır. İlk baxışdan adama elə gələ bilər ki, bu adamın yaşı yetərincə çoxdur, heç olmasa 40-a yaxındır. Çünki o, artıq 16 ildir qələm əhlinin nümayəndəsidir. Ancaq bu gün ad günü olan Anar Shabanoglu yalnız indi “3-lər”i qoşalaşdırır. Yəni o, çox tez - 17-18 yaşından jurnalistikaya başlayıb.

Məşhur qolun kadrı

Şabanoğlu da mənim kimi "Futbol-plus Qəzeti"nin yetirməsidir. Mahir Rustamlinin rəhbərliyi altında çalışmaqla bu sahəyə gəlib və tanınıb. Mən Anarla birgə çalışmasam da, onun haqqında çox eşitmişəm. Bunlar isə onunla birgə işləmiş həmkarlarımızdan, dostlarımızdan olub. Onlar isə “Futbol+”in ilk reportyor nəslinin, yəni 1999-ci ildə qəzet həftədə 2 dəfəyə keçən zaman nümayəndələridir. Kimlər yoxdur onlar arasında - İlkin Xəlilov, Elnur Məmmədli, Vaqif Heydərli, Səbuhi Səfiyarli, Eldəniz Yusifov, Elman Himayətoğlu, Elşən Məmmədov və başqaları. Bu insanların söhbətləri əsasında belə qənaətə gəlmişəm ki, Anar sıradan yox, yaddaqalan işçi və yazar olub. Bu səbəbdən demək olar hamı, o cümlədən mən onun xətrini çox istəyirəm.

Heş şübhəsiz ki, Şabanoğlunun ən yaddaqalan işi Zaur Tağızadə ilə möhtəşəm müsahibəsidir. 1999-cu ilin sentyabrıdır və milli komandamız Portuqaliya yığması ilə 2 gün dalbadal 2 dəfə meydanda üzləşir. İkinci gündə Tağızadə möhtəşəm qola imza atır, təkbətək çıxdığı epizodda topu məşhur Vitor Bayanın ayaqları arasından keçirir. Həmin vaxt Anar stadionda, daha doğrusu, qol vurulan qapının arxasında olur. Və o, Zaurun uzun illər qəzet səhifələrini bəzəyən məşhur qolunun kadrını tutur. Təbii ki, həmin vaxtın fotokameraları ilə indikilərin imkanları sadəcə, müqayisə olunmazdır.

Dillər əzbəri olan müsahibə

Zaura “Qızıl oğlan” ləqəbi də məhz həmin vaxt verilib. Həm futbolçunun özü parlayıb, onu da futbol ictimaiyyətinə geniş təqdim edən jurnalistin. Ona görə geniş dedim ki, bu, “Futbol+”də analoqu olmayan müsahibə sayılır. Ondan indiyədək danışırlar, dillər əzbəri olub. Müsahibə o qədər böyük alınıb ki, onu 2 nömrəyə güclə sığışdırıblar. Səhv etmirəmsə, təxminən 40 min işarə olub. Daha orada Zaurdan nələr soruşulmayıb, hansı ətri xoşladığına qədər danışıb. Açığı, məni tanıyanlar yaxşı bilir ki, mənim də müsahibələrim böyük alınır. Bu da yaddaşımın yaxşı olması, məlumat bazamın genişliyi, müsahibimdən daha çox şeyi soruşmaq istəyimlə bağlıdır. Ancaq Anar, qardaş, öz aramızdır, səni məni də keçmisən. Təsadüfi deyil ki, bu “obyom”da olan müsahibən “Futbol+” arxivində liderliyini qoruyur.

Əslində, Şabanoğlu indi də qəzetin ştatda olmasa da, bir üzvü sayılır, ara-sıra yazılarına rast gəlirik. Hələ mən işlədiyim dövrdə Anarın köşə yazıları gedirdi. Onu deyim ki, ən çox bəyəndiyim köşə yazarlarındandır. İnsan vaxtilə məşğul olduğu sahədən uzaqlaşa bilər. Ancaq onu istedadı varsa, hər zaman özünü göstərəcək. Anarın yazı dili, bədii çalarlar xoşuma gəlir. Onun televiziyada danışıqlarını dinləmişəm və şablondan uzaq adam olduğunu özüm üçün müəyyənləşdirmişəm. Hər halda, yaxşı qələmi olmasaydı, Mahir Rüstəmli kimi baş redaktor 18 il öncə yaratdığı, yaşatdığı doğma qəzetində indiyədək ona yer verməzdi.

Okeanın o tayına səfər

Uzun illərdir Rusiyada, Moskvada yaşayan Anarın vətənpərvərliyi də bəyəndiyim xüsusiyyətlərindəndir. Özü də o, bunu hər zaman göstərir. Mənim Şabanoğlu ilə şəxsi tanışlığım də məhz Rusiya paytaxtında, onun, hamımızın uzun illər diqqət mərkəzində olan “Birlik kuboku”nda olub. Postsovet məkanı təmsilçiləri arasında keçirilən bu ənənəvi turnir zamanı Anarın ürəyi iştirakçı komandalarımızla döyünürdü. 9 il öncə “Birlik kuboku”nu Bakıya gətirdiyimiz zamanı Şabanoğlunun Domodedovo hava limanına gedən avtobusun arxasınca avtomobildə Azərbaycan bayrağını havalandıraraq gəlməsini, sevincini necə bölüşməsini yaxşı xatırlayıram.

Vətəndən kənarda bir çox yerlərdə olan Anar Okeanın o tayına da gedib çıxıb, ABŞ-a ayaq basıb. O, ötən yay dünya çempionatını izləmək üçün Braziliyada getməsi ilə də diqqət mərkəzinə düşdü. Özü də məncə, həmin turniri stadiondan izləyən yeganə azərbaycanlı idman jurnalisti olub. Arzu edirəm ki, belə mötəbər yarışları məkan yerindən canlı izləmək bir çoxlarımıza nəsib olsun.

Anar, kaş mən də səninlə birgə çalışaydım və onda xatirələrim daha çox olardı. Ancaq səninlə işləməyə-işləməyə haqqında yetərincə yaza bildim. İnan ki, səninlə işləmiş həmkarlarının heç birindən səninlə bağlı heç nə soruşmamışam. Həyatda insana əsas diqqətdir ki, sənin dünyaya gəldiyin gündə bunu sənə göstərməyi lazım bildim. Təbriklər, qardaşım!

Mehman Süleymanov

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31