29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

68-i geridə qoyan Foqts və onunla bağlı ən yadda qalan xatirəm

2008-ci ildən başlayaraq dekabrın 30-u Azərbaycan idman mətbuatı üçün xüsusi bir gün oldu. Çünki məhz bu tarixdə milli komandamızın baş məşqçisi Berti Foqtsun ad günüdür. Hələ apasport.az saytında çalışdığım zamanı dekabrın 30-da Foqtsun bioqrafiyasına nəzər salıb, ad günü təbriki yazmağımız ənənəyə çevrilmişdi. Almaniyalı mütəxəssis ölkəmizdə işlədiyi müddətdə 6 ad gününü, o cümlədən 65 illik yubileyini qeyd etdi.

İndi isə vəziyyət tam fərqlidir. Foqts iki aydan çoxdur yığmamızın çalışdırıcısı olmadığından, dekabrın 30-u artıq bizim üçün adi tarixlərdən biridir. Ancaq istənilən halda, bu gün ad gününü qeyd edən Foqtsun 68 yaşı tamam olur.

Foqts milli komandamızın 22 illik tarixində özünəməxsus yer tutdu. Əvvəla, yığmamızın heç bir baş məşqçisi bu qədər uzun müddət postunda olmayıb. Foqtsadək yalnız İqor Ponomaryova bir seçmə mərhələdə əvvəldən sona kimi işləmək nəsib olmuşdu. Bunun nəticəsidir ki, Ponomaryov uzun müddət ən çox - 5 xal toplayan baş məşqçimiz kimi rekordçu idi. Foqts isə dalbadal 3 seçmə mərhələ tam iş başında oldu, 4-cünun gedişində istefaya göndərildi. O, əvvəlcə 5 xalla rekordu təkrarladı, sonra isə müvafiq olaraq 7 və 9 xalla yeni rekordçu oldu. Göründüyü kimi, nə qədər ki bu uğurlar ən azı təkrarlanmayacaq, Foqts lider olaraq qalacaq. Cari seçmə mərhələdə xalı olmayan millimizin baş məşqçisi postuna keçən xorvatiyalı Robert Proniseçkinin bu mənada işi çətin olacaq.

Bundan əlavə, Prosineçki nə qədər məşhur futbolçu olsa da, Foqts millimizin çalışdırıcıları arasında ən titullusudur. Düzdür, ilk əcnəbi baş məşqçimiz olan Karlos Alberto Torres 1970-ci ildə dünya çempionu, “Futbol kralı” Pelenin kapitanı olsa da, növbəti mundialda almaniyalı bu titulu qazandı. Ən əsası, Foqts həm futbolçu, həm də baş məşqçi kimi Avropa çempionu olan yeganə şəxsdir.

Mənə almaniyalı mütəxəssislə bir sıra xarici səfərlərdə olmaq nəsib olub. Bunlardan ilk səfərim daha çox yadımda qalıb. Bu, 2009-cu ilin noyabrında Çernooqriya yığması ilə Podqoritsadakı yoldaşlıq görüşü idi. Oyundan bir gün öncə keçirilən ənənəvi mətbuat konfransından sonra Foqtsa xatirə şəkli çəkdirmək üçün yaxınlaşdım. Bu zaman baş məşqçinin mənə baxaraq gülümsəməsi və almanca nəsə deməsi diqqətimi çəkdi. Təbii ki, dediklərini tərcüməsiçi Aydın Rüstəmovdan soruşdum. Məlum oldu ki, Foqts “axır ki Azərbaycanda özüm boyda bir jurnalist gördüm” deyib. Axı onun özü də mənim kimi bəstəboy - 1,68 metrdir. Bu “boy zarafatı” Foqtsla bağlı ən yadda qalan xatirəmdir.

Bəstəboy olması Foqtsa adətən mətbuat konfranslarında problem yaradırdı. Çünki onun qarşısına mikrofonlar düzüləndə, üzü yaxşı görünmürdü. Foqts belə vəziyyətdən heç xoşlanmadığından, mikrofonları hər dəfə aşağı salmağa məcbur olurduq.

Bəli, bu, millimizin sabiq çalışdırıcısının doğum günündə bir qədər fərqli planda yazım olsa da, səbəbkara təbrikim eynidir - ad günün mübarək, cənab Foqts!

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31