16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Futzal

Sloveniya yolunda... LAYİHƏ

Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində yazılarını davam etdirir. Dünən 2018-ci ildə Sloveniyada keçiriləcək futzal üzrə növbəti Avropa çempionatının püşkü atıldı. Qitə birinciliyində mübarizə aparacaq 12 komanda arasında Azərbaycan yığması da var. Tarixində beşinci dəfə Avropa çempionatında oynayacaq millimiz qrupda İspaniya və Fransa ilə qarşılaşacaq. Bu haqda daha sonra...

İSPANİYA İLK ÇEMPİON, YEROMENKO İLK BOMBARDİR

Ötən əsrin 90-cı illərində mini-futbol Avropada böyük populyarlıq qazandı. Məhz buna görə də 1996-cı ildə UEFA ilk dəfə Avropa çempionatını təşkil etmək qərarına gəldi. İspaniyanın Kordova şəhərində keçirilən qitə birinciliyində 6 komanda mübarizə aparırdı. A qrupunda Hollandiya, B qrupundan isə Ukrayna yarımfinaldan kənarda qaldı. Finala gedən yolda İspaniya İtaliyanı 4:1, Rusiya isə Belçikanı 6:2 hesabı ilə məğlub etdi. Yanvarın 14-də keçirilən həlledici qarşılaşmada ispanlar rusları 5:3 hesabı ilə məğlub etməklə ilk Avropa çempionu kimi tarixə düşdülər. Bu qələbədə poker edən Visentinin böyük rolu oldu. Bürünc medal isə Belçikaya qismət odu. “Qırmızı şeytanlar” italyanları əlavə vaxtda vurulan qol sayəsində 3:2 hesabı ilə üstələdilər. Hollandiyanı 4:3 hesabı ilə məğlub etməklə Ukrayna turniri beşinci pillədə başa vurdu. Avropam çempionatının final mərhələsində baş tutan 11 oyunda 62 qol vuruldu ki, bu, hər oyuna orta hesabla 5,64 top deməkdir. Rusiya millisinin üzvü Konstantin Yeromenko 8 qolla qitə birinciliyinin bombardiri oldu.

Spain lead the way for futsal in Europe

İSPANLAR MEDALSIZ QALMIR

1999-cu ildə Avropa çempionatı yenidən İspaniyada, bu dəfə Qranada şəhərində keçirildi. Finala yenə ispanlarla ruslar yüksəldilər. Lakin 3 il öncədən fərqli olaraq, bu dəfə qələbə ruslara qismət oldu. Şimal qonşumuz penaltilər seriyasında İspaniyanı 4:2 hesabı ilə üstələdi.

2001-ci ildə Moskvanın ev sahibliyi etdiyi çempionatın qalibi ispanlar oldu. İspaniya yığması finalda Ukraynanı 2:1 hesablı ilə məğlub etdi.

2003-cü ildə Avropa çempionatına İtaliya ev sahibliyi edirdi. Ukrayna yığması bu dəfə finalda məhz italyanlara uduzdu - 0:1.

Növbəti Avropa çempionatından etibarən İspaniya yığmasının hegemonluğu başladı. Pirineylilər 2005-2012-ci illər aralığında keçirilən 4 çempionatın qalibi oldular. 2 dəfə Rusiya, 1 dəfə İtaliya və 1 dəfə də Portuqaliya həlledici qarşılaşmada yenilgi acısı yaşadı.

2014-cü ildə Belçikada təşkil olunan yarışda İtaliya yığması nəhayət ki, ispanların hegemonluğuna son qoydu. Finalda Rusiyanı 3:1 hesabı ilə məğlub edən İtaliya millisi İspaniyadan sonra birdən artıq Avropa çempionu olmağı bacaran ikinci komanda oldu.

Serbiyada keçirilən sonuncu Avropa çempionatının da qalibi İspaniya oldu.

Ümumilikdə, baş tutan 10 yarışda İspaniya (7 dəfə), İtaliya (2) və Rusiya çempion olub. Rusiya 5 dəfə finalda uduzub. Çempionlarla yanaşı, Ukrayna və Portuqaliya da final həyəcanı yaşayıb. Bu komandadan başqa, Çexiya, Belçika və Qazaxıstan medala sahib çıxıb.

MACARISTANDAKI NƏTİCƏNİ YAXŞILAŞDIRMAQ MÜMKÜN OLACAQ?

Sloveniyada keçiriləcək Avropa çempionatı millimiz üçün sayca beşinci olacaq. Buna qədər yığmamızın tarixində ən yaxşı nəticə debütdə qazanılan dördüncü yerdir. 2010-cu ildə Macarıstan keçirilən qitə birinciliyində debütant olmasına baxmayaraq, Joze Alessionun komandası yarımfinala kimi irəliləməyi bacarmışdı. 2012-ci ildə Xorvatiyada, 2014-cü ildə Belçikada keçirilən Avropa çempionatı yığmamız üçün uğuruz alındı. Hər iki halda Azərbaycan millisi qrupda qaldı. Ötən il Serbiyada keçirilən Avropa çempionatında Azərbaycan millisi qrupdan çıxmağı bacardı. 1/4 finalda Rusiyaya 2:6 hesabı ilə uduzan Tini Peresin komandası yarımfinaldan kənarda qaldı.

Bu dəfə Azərbaycan millisi Sloveniyaya medal qazanmaq üçün yollanır. Son dünya çempionatında beşinci olan millimiz qitə birinciliyindəki nəticəsini yaxşılaşdırmaq əzmindədir. Bunun üçün isə komandamız ilk növbədə qrup səddini aşmalıdır.

Püşkün nəticəsinə əsasən, yığmamız D qrupunda yer alacaq. İlk səbətdən millimizin bəxtinə İspanjiya yığması çıxdı. Rəqibin gücü barədə nəsə danışmağa ehtiyac yoxdur. Onsuz da ispanların nəyə qadir olduqlarını hər kəs bilir. Sonuncu səbətdən yığmamızın bəxtinə isə Franda çıxdı. Hər halda, Serbiya ilə müqayisədə Fransa daha münasib rəqibdir.

Millimiz turnirdəki ilk oyununu Fransaya qarşı keçirəcək. Fevralın 2-də keçiriləcək görüşdə qələbə qazanmaqla yığmamız 1/4 finala vəsiqəni təmin edə bilər. Çünki yanvarın 31-də Fransa İspaniya ilə qarşılaşacaq ki, həmin matçda sensasiya qeydə alınacağı inandırıcı deyil. Proqnozlar özünü doğrtulsa, fevralın 4-də keçiriləcək Azərbaycan - İspaniya oyunu qrup qalibini müəyyənləşdirəcək.

Onu da qeyd edək ki, millimiz qrup qalici olsa C qrupunun ikincisi, ikinci olacağı halda isə üçüncü qrupun qalibi ilə üz-üzə gələcək. C qrupunda Portuqaliya, Ukrayna və Rumıniya yığmaları yer alıb. Böyük ehtimalla, qrup qalibi ya Portuqaliya, ya da Ukrayna olacaq.

REAKSİYALAR

Joze Alessio: “İspaniya haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu komanda təkcə Avropada deyil, dünyada sayılıb-seçilən millilərdəndir. Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan bir komandanı play-off mərhələsində mübarizədən kənarlaşdırıblar. Mənzərə onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək. Qeyd edim ki, İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla başabaş mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik. Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq”.

Tyaqo Teles Martins: “Əlbəttə, çətin qrupa düşmüşük. İspaniya dəfələrlə dünya və Avropa çempionu olub, bu gün də ən güclü millilərdəndir. Fransanın hazırkı nəsil oyunçuları isə böyük işlər görür. Xorvatiya kimi favorit hesab edilən komandanı play-offda mübarizədən kənarlaşdırdılar. Bizim komanda da hazırlaşır. Hər gün məşqlər edirik, gündən-günə artırdığımızı düşünürəm. Komanda yoldaşlarıma inanıram, onların nəyə qədər olduqlarını bilirəm. Xeyli vaxtdır bir komandada çıxış edirik, üstəlik, köhnə-yeni baş məşqçimiz Alesio çox güclü mütəxəssisdir. Rəqiblərə hörmətlə yanaşırıq. Təbii ki, bu gün İspaniya qrupun faviritidir, amma biz bütün rəqiblərimizə qarşı sona qədər mübarizə aparacağıq”.

Rizvan Fərzəliyev: “Düzdü, İspaniya çətin rəqibdi, amma Azərbaycan millisi də asan yeniləcək komanda deyil. Artıq 5-ci dəfədir ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışıq. Deməli, kifayət qədər təcrübəmiz var. Oyunlara qədər qalan vaxtı düzgün dəyərləndirməli, ciddi hazırlaşmalıyıq. Mübarizəni qrup mərhələsi ilə məhdudlaşdırmaq haqda düşünmürük.

Razıyam, bu gün İspaniya dünyada ən güclü yığmalardan biridir. Sonuncu dünya çempionatında büdrəsələr də, zəif rəqib deyillər. İndi qrupumuzun favoriti onlar hesab edilir, amma biz sona qədər mübarizə aparacağıq. Fransaya gəldikdə, onlar ilk mərhələdən bura qədər uzun yol qət ediblər. Üstəlik, play-offda Xorvatiya kimi komandanı yarışdan kənarlaşdırıblar. Halbuki onlar da son illərdə final mərhələsinin iştirakçıları sırasında görməyə alışdığımız rəqiblərdəndir. Deməli, Fransa komandası hazırda yüksəlişdədir.

Bir faktı da vurğulayım ki, yığmamıza indi bütün komandalar hörmətlə yanaşır. Bu da əbəs yerə deyil. Dünya çempionatında nümayiş etdirdiyimiz oyunlar, eləcə də ardıcıl Avropa çempionatının final mərhələsində iştirakımız və qazandığımız nəticələr onları buna vadar edir”.

Rövşən Hüseynli: “Çətin qrupa düşmüşük. İspaniyanın gücü məlumdur. Fransa da Xorvatiya kimi rəqibi geridə qoyub. Aydın məsələdir ki, Avropa çempionatında zəif komanda olmur. Dünya çemionatında digər qitələrdən nisbətən zəif kollektivlərin mundiala yüksəlməsi mümkündür. Lakin Avropa çempionatında hər kollektiv iddialıdır. Məqsədimiz Avropa çempionatında uğurla çıxış etməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. İlk məqsədimiz 1/4 finala yüksəlməkdir. İnanıram ki, bu tapşırığın öhdəsindən gələcəyik”.

PÜŞKATMANIN CANLI ŞAHİDİ DANIŞIR

Ölkəmizi Sloveniyada keçirilən püşkatma mərasimində AFFA-nın futzal üzrə kuratoru Asim Xudiyev təmsil edib. Xudiyev təəssüratlarını bizimlə bölüşdü:

“Püşkatma mərasimi yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirə UEFA-nın prezidenti Aleksandr Çeferin də qatılmışdı. Püşkdən öncə 12 komanda reytinqinə görə 3 səbətə bölünmüşdü. Sloveniya millisi ev sahibi kimi A qrupunun birincisi idi. Bizim bəxtimizə birinci səbətdən İspaniya çıxdı. İkinci səbətdə yığmamız yer alırdı və püşkün nəticəsinə əsasən ispanlarla qonşu olduq. Üçüncü səbətdən isə bəxtimizə Fransa çıxdı. Təbii ki, sonuncu səbətdən Serbiyanın çıxmasını istəməzdik.

Püşkdən sonra mətbuat konfransı oldu. Hər bir ölkənin təmsilçisi təəssüratlarını bölüşdü. Azərbaycan təmsilçisi kimi mən də çıxış etdim. Ümumi fikir belə oldu ki, qruplar eyni səviyyədədir. Hansısa qrupu digərlərindən fərqləndirmək olmaz”.

Asim Xudiyev yığmamızın qrupdakı şanslarını da dəyərləndirdi:

“Millimizin hədəfi qrupdan çıxmaqdır. Düşünürəm ki, komandamız buna qadirdir. İspanların qrupun favoriti olduğu aydındır. Biz ən pis halda, qrup ikinci kimi 1/4 finala adlamalıyıq. Bu halda C qrupundan Portuqaliya, yaxud Ukrayna ilə üz-üzə gələcəyik ki, bu komandalar da dişimizə görədir. Tarix göstərir ki, millimiz İtaliya və Rusiya kimi komandalarla oyunlarda çətinlik çəkir. Ona görə də yarımfinala qədər bu komandalarla üz-üzə gəlməməyimiz müsbət haldır. İnanıram ki, yığmamız inamlı oyunu ilə azarkeşləri, bizləri seviondirəcək”.

Hazırladı: İBRAHİM

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30